Bakıda “Formula-1”in növbəti möhtəşəm
yarışı keçiriləcək
İdman sahəsində aparılan dövlət siyasəti, olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, tikilmiş müasir idman kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz son illərdə mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana, dünyanın idman mərkəzlərindən birinə çevrilib. Xüsusən, son on ildə Bakıda və Azərbaycanın regionlarında ən nüfuzlu dünya və Avropa yarışları təşkil olunub.
Hazırlıq işləri başa çatıb
Ötən ay IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə təşkil edən və başa vuran Azərbaycan indi növbəti beynəlxalq idman hadisəsi ərəfəsindədir. İyunun 23-25-də Bakı növbəti dəfə dünyanın ən populyar idman tədbirlərindən biri olan “Formula-1” yarışlarına evsahibliyi edəcək. Bunun üçün Bakının mərkəzi küçələrində həyata keçirilən hazırlıq işləri başa çatıb.
Xatırladaq ki, “Formula-1” dairəvi və sürətli avtoyürüş üzrə dünya çempionatıdır. 1950-ci ildən başlayaraq hər il keçirilən bu yarışın müxtəlif şəhərlərdə Qran-pri mərhələləri təşkil olunur. Bu mərhələlərdə toplanan xallara əsasən pilotlar və komandalar ilin sonunda çempionluq titulu qazanırlar. Onu da qeyd edək ki, bolid adlandırılan müasir “Formula-1” avtomobilləri bir sıra özəllikləri ilə fərqlənir. Onlar tək adamlıq olur, üstəlik, sürücü yeri və təkərləri açıqdadır. Komandalar avtomobilləri özləri istehsal etsələr də, hər biri tanınmış avtomobil markalarının motorlarını, yağını və istehsal etdikləri digər detalları istifadə edirlər.
Builki “Formula-1” Qran-pri
yarışlarına mart ayında Melburn şəhərində
start verilib. Pilotlar və komandalar noyabr ayına
qədər 21 yarış mərhələsi keçməlidirlər.
Son yarış Abu-Dabidə baş tutacaq. Sayca 7-ci Qran-pri iyunun 9-11-də Kanadanın Montreal
şəhərində keçirilib. Son
günlər isə diqqətlər Bakıya yönəlib.
Bakı həmişə olduğu kimi, bu
yarışa hazırdır. Amma burada
bolidlər avtodromda deyil, məhz şəhərin
küçələrində yarışacaqlar.
“Formula-1”in rəsmi saytında bu il yarışın mərhələlərinin
keçiriləcəyi bütün ölkələr
sadalanıb və Bakı mərhələsi Azərbaycan
Qran-prisi adlandırılıb. Bu isə o deməkdir
ki, Bakı bu günlərdə Avropanın paytaxtı olacaq.
Ümumiyyətlə isə Bakı “Formula-1”
yarışlarının yeni ünvanıdır. Çünki ötən ilədək Bakıda bu
yarış keçirilməmişdi. Bu mənada
xüsusi olaraq inşa olunmuş Bakı Şəhər
Halqası “Formula-1” təqviminə yeni əlavədir. Bakı Şəhər Halqasının, trekin
uzunluğu 6 km-dən bir qədər artıqdır. Bu, uzunluğuna görə dünyada ikincidir.
Şübhəsiz ki, Azərbaycan
Qran-prisi ötən il olduğu kimi, 2017-ci
il “Formula-1” mövsümünün də ən maraqlı tədbirlərindən
olacaq. Həftənin sonuna düşən
yarış günlərində peşəkar avtopilotların
idarə etdiyi bolidlər Bakının gözoxşayan mərkəzi
küçələrindən keçəcəklər.
Unikal xüsusiyyətlərə sahib Bakı
Şəhər Halqası İçərişəhərin
qala divarları ətrafında tam yeni bir macəranın
enişli-yoxuşlu dar keçidləri ilə yanaşı
sahilboyu müasir göydələnlərə və Xəzər
dənizinə möcüzəvi mənzərənin
açıldığı geniş sürət
zolağını özündə birləşdirir.
Burada bütövlükdə Bakının ecazkar siması
unikal bir trek kimi nəzərdə tutulub. Beləliklə,
Bakının düz mərkəzində sürət və həyəcan
bir araya gələrək “Formula-1” yarışının
mahiyyətini tam simvolizə edəcək.
Bu dəfə daha
həyəcanlı anlar yaşanacaq
Qeyd edildiyi kimi, Bakı Şəhər
Halqası şəhərin tam mərkəzindən və ən
gözəl məkanlarından keçir. Təşkilatçılar
trekin marşrutunu seçərkən məhz bu məqamı
qarşıya məqsəd qoyublar. “Formula-1” Bakı Qran-prisi
“Azadlıq” meydanından start götürəcək və
burada da başa çatacaq. Trekdə
yarış avtomobillərinin hərəkəti saat əqrəbinin
əks istiqamətində olacaq.
Trekin birinci və
üçüncü döngəsi pilotlara ötmə
üçün əla şərait yaradacaq. Şəhər
treklərində çox nadir hallarda iki uzun sürətlənmə
xətti görmək olar. Üçüncü
döngədən sonra pilotlar sol tərəfə -
Bülbül prospektinə doğru yol alacaqlar. Onlar təxminən 240 metrlik məsafəni düz
keçdikdən sonra 90 dərəcəli sağ döngə
ilə qarşılaşacaqlar. Burada
pilotlar Zərifə Əliyeva küçəsinə dönəcək
və kiçik bucaqlı döngədən sonra 350 metr
uzunluğunda məsafə qət edəcəklər. 5-ci və 6-cı döngələr pilotları
Neftçilər prospektinin əks istiqamətindəki yola
yönəldəcək. Bura trekin iki fərqli
hissəsinin yan-yana olduğu bölmədir. Təxminən 300 metr məsafədə “Formula - 1”
bolidləri eyni küçədə əks istiqamətlərdə
hərəkət edəcəklər, onları yalnız
baryerlər ayıracaq.
Yeddinci döngədən
sonra pilotlar Əziz Əliyev küçəsi ilə
İçərişəhərin qala divarlarına tərəf
yönələcəklər. Bu yolda trek qismən səki
hesabına genişləndirilib. Burada bolidlər
500 metrə yaxın məsafəni ensiz küçələrdə
qət edəcəklər. Trekin 8-ci
döngəsindən 12-ci döngəsinədək olan hissəsində
yarış çox maraqlı anlarla yadda qalacaq. Çünki burada yol daralıb və yalnız ən
sürətlə hərəkət edən bolid birinci
keçəcək. 12-dən 15-ci döngəyə
qədər olan hissədə, İstiqlaliyyət küçəsində
bolidlər yüksək sürətlə hərəkət edəcəklər.
13 və 14-cü döngələr kiçik
bucaqlı olduğundan buradan pilotlar, demək olar ki, əyləc
sistemindən istifadə etmədən keçəcəklər.
Bu küçədə pilotları Milli Elmlər
Akademiyasının binası, sonra isə onları 15-ci
döngədə Müslüm Maqomayev adına
Azərbaycan Dövlət Filarmoniyası qarşılayacaq. 12-ci döngədən 15-ci döngəyədək
olan məsafə 850 metrdir. 15-ci döngəyə
yaxınlaşdıqca yarışın həyəcanı
daha da artacaq. Çünki bu döngədən
sonra pilotları kəskin eniş gözləyir. Bu enişdə Xəzər dənizinin sahil boyu ərazilərinə
tərəf gözəl mənzərə açılır.
Burada 300 metr uzunluğunda ikinci xüsusi asfalt
örtüyü salınıb. Trekin
16-cı döngədən düz xətt boyunca davam edən
hissəsində yarışın möhtəşəm
keçəcəyi gözlənilir, çünki burada
sürət maksimal həddə çatacaq. Bu döngə pilotları yenidən Neftçilər
prospektinə yönəldəcək. Pilotlar yalnız 17
və 18-ci döngələrdə sürəti bir az azaldacaqlar. Qız
Qalasının yanındakı 19-cu döngədən sonra
pilotlar 1500 metr məsafə qət edərək 20-ci və
daha sonra yenidən 1-ci döngəyə gəlib
çatacaqlar. Trekin məhz bu hissələrində
bolidlərin sürətinin ən yüksək həddə -
340 km/saata çatacağı gözlənilir.
İdman mütəxəssislərinin
fikrincə, Bakı trekini yalnız Sinqapur treki ilə
müqayisə etmək olar, lakin burada bolidlərin sürəti
Sinqapurdakından daha yüksək olacaq. Əlavə edək ki,
Bakıda trekin ən geniş yeri 13 metrdir, ən dar hissəsi
İçərişəhər ətrafında, 7-ci və
8-ci döngələrdə 7,6 metr təşkil
edəcək.
“Azadlıq” meydanı
yarışın başlayıb bitdiyi yer olduğu
üçün trekin əsas hissəsini təşkil edəcək. Burada inşa olunan Paddok
arenasında yarışa nəzarət binası, Beynəlxalq
Avtomobil Federasiyasının, “Formula-1” rəhbərliyinin ofisləri,
eləcə də 21 iştirakçının hər biri
üçün dayanacaq tikilib. İkinci mərtəbə
Paddok klubun üzvləri üçün nəzərdə
tutulub. Onlar yarışı 2500-dək izləyici
tutumuna malik məkandan izləyəcəklər. Paddok klubun üzvləri burada pit-stop əməliyyatlarını
da rahatlıqla izləyə biləcəklər. Məhz bu ərazidə yarışın startı və
finişi olacaq. Qaliblər isə pit binasının
podium hissəsində mükafatlandırılacaqlar.
“Formula-1” bütün
dünyada maraqla izlənən əsas idman
yarışlarından biridir. Bu idman
növünün dünyada milyonlarla azarkeşi var. Elə
ölkəmizdə də bu avtomobil yarışmasına maraq
kifayət qədərdir. Digər tərəfdən
“Formula-1” Bakı mərhələsini izləmək
üçün xarici ölkələrdən xeyli sayda
turistin gələcəyi gözlənilir. Bu baxımdan yarışın təşkilat komitəsi
tamaşaçıların avtoyürüşü rahat və
təhlükəsiz izləmələri üçün
mühüm işlər görüb. Trekin
9 yerində tamaşaçı tribunaları
quraşdırılıb.
Yarışın əsas
tribunası Abşeron adlanır. “Azadlıq”
meydanına yaxın quraşdırılan bu tribunadan
yarışın ən həlledici məqamlarını izləmək
mümkündür. Çünki buraya bilet alanlar start
düzülüşü və finiş xəttini yaxından
izləyə biləcəklər.
Xəzər tribunası Muzey
Mərkəzinin yanında yerləşir. Xəzər
tribunasında olan izləyicilər bolidlərin start-finiş xəttinə
doğru saatda 300 kilometri aşan sürətlə hərəkətini
yaxından müşahidə etmək imkanı əldə edəcəklər.
Bulvar tribunası da Xəzər
tribunası ilə eyni səmtdədir. Buradan da bolidlərin
start-finiş xəttinə doğru saatda 300 km-i aşan
sürətlə hərəkətini izləmək imkanı
olacaq.
Ən sürətli
şəhər treki
Dənizkənarı park
boyunca davam edən sürət xətti üzərində
20-ci döngədə yerləşən Sahil tribunasında
tamaşaçılar yolun iki müxtəlif hissəsini eyni
anda izləmək imkanına malik olacaqlar. Trekin bu
tribunadan görünən hissəsində bolidlər həm
soldan sağa doğru start-finiş istiqamətində tam
sürətlə, həm də trekin digər tərəfində
5-ci və 6-cı döngələri asan keçmək
üçün aşağı sürətlə hərəkət
edəcəklər. Bu da, öz növbəsində,
tamaşaçılara avtomobil və sürücüləri
yaxından izləmək üstünlüyü verəcək.
Muğam tribunası Kukla
Teatrının qarşısında quraşdırılıb. Azarkeşlər
bu tribunadan yolun çarpaz hissəsində görüşən
bolidləri eyni anda müşahidə edə biləcəklər.
Muğam tribunasının düz
qarşısında bolidlər həm soldan sağa doğru
start-finiş istiqamətində, həm də buna əks
istiqamətdə, sağdan sola doğru 7-ci döngəyə
tərəf, şəhərin tarixi hissəsinə dönənədək
tam sürətlə hərəkət edəcəklər.
İçərişəhər tribunası Qala qapılarının yanında yerləşir. Bu tribuna yarışı izləməklə yanaşı, qədim şəhərin gözəlliklərinə də tamaşa etmək baxımından unikal mövqeyə malikdir. Burada tamaşaçılar yarışın ən həyəcanlı anlarından birini izləyəcəklər.
Filarmoniya tribunasında isə tamaşaçılar Filarmoniya bağının qarşısında, trekdəki kəskin enişin 16-cı döngəyə keçdiyi hissədə baş verəcək gərgin mübarizəni izləmək imkanına malik olacaqlar.
Azneft tribunası “Azneft” dairəsi ətrafında yarışı yaxından izləməyə imkan verən mükəmməl mövqedə yerləşir. Buraya bilet alan tamaşaçılar Dənizkənarı parkın Bakı tennis və yaxt klublarına yaxın olan hissəsindəki 16-cı döngəni ən yaxşı yerdən müşahidə etmək imkanına malik olacaqlar. Trekin eniş hissəsinin düz qurtaracağında yerləşən Azneft tribunasında tamaşaçılar bolidlərin 16-cı döngəyə qədər amansız rəqabətini, kəskin dönüşlərini və döngənin ardınca sahil boyu uzanan sürət zolağında ötüşməsini izləyəcəklər. Bu tribuna aşağı və yuxarı hissələrdən ibarətdir.
Qız qalası tribunasında isə bu tarixi abidənin mənzərəsi fonunda bolidlərin ən sürətli hərəkətini seyr etmək imkanı yaranacaq. Bu tribunada olan yarış həvəskarları bolidlərin buradan 18-ci döngəyə tərəf son sürətlə hərəkətini və onların Qız qalasının tam qarşısından keçməklə sürət zolağı boyunca davam edəcək gərgin mübarizəsini izləyə biləcəklər.
Ümumilikdə 30 minə yaxın tamaşaçı eyni anda yarışı tribunalardan canlı izləyə biləcək. Reallıq da ondan ibarətdir ki, Bakı Şəhər Halqası möhtəşəm trekdir. Yaradılan infrastruktur Qran-prinin yeni mərhələsini qəbul etməyə hazırdır. 20 müxtəlif çətinlikli döngələri, dar keçidləri və ən maraqlısı - 2,2 km sahilboyu hissədə 340 km/saat sürətə çatmağa imkan verən sürət hissəsi ilə Bakı Şəhər Halqası “Formula-1” təqvimində yenə də ən sürətli şəhər treki fenomeninə imza atacaq.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-
2017.-20 iyun.- S.6.