Bələdiyyə üzvlərinin etik davranış
qaydaları haqqında
Azərbaycan Respublikasının Qanunu
Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, bələdiyyə üzvləri üçün etik davranış qaydalarını, prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir.
1-ci fəsil
ÜMUMİ
MÜDDƏALAR
Maddə 1. Qanunun əhatə dairəsi
1.1. Bu qanun bələdiyyə
üzvü olan bütün şəxslərə şamil
edilir.
1.2. Hər bir bələdiyyə
üzvü qanunun aliliyini, insan hüquqlarını, demokratik
prinsipləri və etik davranış qaydalarını rəhbər
tutaraq, bu qanunun müddəalarına əməl etməyə
borcludur.
Maddə 2. Qanunun məqsədləri
2.0. Bu qanunun məqsədləri
aşağıdakılardan ibarətdir:
2.0.1. yerli
özünüidarə orqanlarının və bələdiyyə
üzvlərinin nüfuzunun artırılması, vətəndaşların
yerli özünüidarə orqanlarına və bələdiyyə
üzvlərinə etimadının yüksəldilməsi;
2.0.2. yerli
özünüidarə orqanlarının və bələdiyyə
üzvlərinin fəaliyyətində səmərəliliyin
və şəffaflığın artırılması;
2.0.3. yerli
özünüidarə orqanlarında korrupsiyanın və bələdiyyə
üzvlərinin fəaliyyətində maraqlar toqquşmasının
qarşısının alınması;
2.0.4. bələdiyyə
üzvləri tərəfindən etik davranış
qaydalarına əməl olunmasının təmin edilməsi;
2.0.5. bələdiyyə
üzvlərindən gözlənilən davranış barədə
vətəndaşların məlumatlandırılması;
2.0.6. yerli
özünüidarə orqanlarının və bələdiyyə
üzvlərinin fəaliyyətinin qiymətləndirilməsinə
vətəndaşların təsir imkanlarının genişləndirilməsi.
2-ci fəsil
ETİK
DAVRANIŞ QAYDALARI
Maddə 3. Peşəkarlıq və fərdi
məsuliyyətin artırılması
3.1. Bələdiyyə üzvü
etik davranışı və peşəkar fəaliyyəti ilə
yerli özünüidarə orqanlarına inamı
artırmalı və möhkəmləndirməlidir.
3.2. Bələdiyyə üzvü
öz fəaliyyətini qanunla müəyyən olunmuş səlahiyyətlər
çərçivəsində peşəkarlıqla həyata
keçirməyə və yerli özünüidarə
orqanının fəaliyyətində fəal iştirak etməyə
borcludur.
3.3. Şəxsin, cəmiyyətin, bələdiyyənin
və dövlətin maraqları uğrunda bələdiyyə
üzvü öz vəzifələrini səmərəli
yerinə yetirməyə borcludur.
Maddə 4. Loyallıq
4.1. Bələdiyyə üzvü vəzifəsinə
aid olmadığı hallarda, yerli özünüidarə
orqanlarının, onların rəhbərlərinin və digər
bələdiyyə üzvlərinin fəaliyyəti ilə əlaqədar
(qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai
mülahizələrdən, çıxışlardan və
onların fəaliyyətinə ictimai qiymət verilməsindən
çəkinməlidir. Bu, bələdiyyə
üzvünün elmi-pedaqoji fəaliyyəti ilə
bağlı çıxışlarına və ya elmi
yazılarına şamil edilmir.
4.2. Bələdiyyə üzvü vəzifələrin
icrasına uyğun olmayan və onun adına
xələl gətirə biləcək, habelə yerli
özünüidarə orqanının nüfuzunu
aşağı sala biləcək hərəkətlərə
yol verməməlidir.
Maddə 5. İnsan hüquq və
azadlıqlarına, şəxslərin qanuni maraqlarına,
şərəf və ləyaqətinə, işgüzar
nüfuzuna hörmət
5.1. Bələdiyyə
üzvünün fəaliyyəti insan hüquq və
azadlıqlarının, şəxslərin qanuni
maraqlarının təmin olunmasına (qorunmasına) xidmət
etməlidir.
5.2. Bələdiyyə üzvü
insan hüquq və azadlıqlarını, şəxslərin
qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini,
işgüzar nüfuzunu ləkələyə biləcək
qərarlara və hərəkətlərə (hərəkətsizliyə)
yol verməməlidir.
5.3. Bələdiyyə üzvü vəzifələrinin
icrası ilə bağlı insanların, habelə digər bələdiyyə
üzvlərinin şəxsi həyatı, şərəf və
ləyaqəti barədə ona məlum olan məlumatların
konfidensiallığını təmin etməlidir.
5.4. Bələdiyyə üzvü
hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə
yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyə
biləcək hərəkətlərə (hərəkətsizliyə)
yol verməməlidir.
Maddə 6. Mədəni davranış
6.1. Bələdiyyə üzvü
bütün şəxslərlə, o cümlədən bələdiyyə
qulluqçuları və vətəndaşlarla münasibətdə
nəzakətli, xeyirxah, diqqətli, səbirli və qərəzsiz
olmalı, haqsız irad tutmamalı, kobudluq etməməlidir.
6.2. Bələdiyyə üzvü bələdiyyə
iclaslarının keçirilməsinə və gedişinə
mane olan davranış və hərəkətlərdən
çəkinməli, iclasın anlaşıqlı və
işgüzar şəraitdə keçirilməsinə
çalışmalıdır.
Maddə 7. Qərəzsizlik
7.1. Bələdiyyə üzvü vəzifəsini
yerinə yetirərkən və ya qərar qəbul edərkən
qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə,
dininə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak
vəziyyətinə, qulluq mövqeyinə, əqidəsinə,
ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə
görə hər hansı şəxsin və ya şəxslər
qrupunun üstünlüyünə və ya belə
üstünlüyün əldə edilməsi
üçün şərait yaradılmasına yol verməməlidir.
7.2. Bələdiyyə üzvü
özünün və ya maraqlı şəxslərin mənafelərinin
onun vəzifələrinin yerinə yetirilməsinə təsir
göstərməsinə yol verməməli və belə təsir
üçün şərait yaratmamalıdır.
Maddə 8. Maddi və qeyri-maddi nemətlərin,
imtiyazların və ya güzəştlərin əldə
edilməsinə yol verilməməsi
8.1. Bələdiyyə
üzvünün qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər,
imtiyazlar və ya güzəştlər əldə etməyə
yönəlmiş hərəkətlər (hərəkətsizlik)
etməsi qadağandır.
8.2. Bələdiyyə üzvü
onun hərəkətlərinin (hərəkətsizliyinin)
maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər
əldə etməyə gətirib çıxarmasını
istisna edən tədbirlər görməlidir.
Maddə 9. Korrupsiyanın
qarşısının alınması
Bələdiyyə
üzvünə qanunsuz maddi və qeyri-maddi nemətlər,
imtiyazlar və ya güzəştlər təklif olunduğu
hallarda o, belə təkliflərdən imtina etməlidir. Maddi və
qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər
bələdiyyə üzvündən asılı olmayan səbəblərdən
verilərsə, o, bu barədə növbəti bələdiyyə
iclasında bələdiyyə üzvlərinə məlumat
verməli, maddi nemətlər akt üzrə bələdiyyəyə
təhvil verilməlidir.
Maddə 10. Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər
10.1. Bələdiyyə üzvü vəzifələrinin
qərəzsiz icrasına təsir edə bilən və ya belə
təsir təəssüratı yaradan, yaxud onun vəzifələrinin
icrası qarşılığında mükafat qismində
verilən və ya belə mükafat təəssüratı
yaradan hədiyyələri özü və digər şəxslər
üçün tələb edə və ya qəbul edə bilməz.
Bu qayda qonaqpərvərliklə bağlı və
dəyəri “Korrupsiyaya qarşı mübarizə
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin
təqdim olunduğu hallara şamil edilmir.
10.2. Bələdiyyə üzvü hədiyyənin
qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə
ilə bağlı qərara gələ bilmədiyi hallarda bu
məsələ barədə bələdiyyə
iclasının rəyini öyrənməlidir.
Maddə 11. Maraqlar
toqquşmasının qarşısının alınması
11.1. Bələdiyyə üzvü fəaliyyəti
dövründə maraqların toqquşmasına yol verməməli
və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən
şəxsi maraqları üçün istifadə etməməlidir.
11.2. Bələdiyyə üzvü
başqa vəzifəyə keçməklə əlaqədar
ona verilən təkliflərin maraqların toqquşmasına səbəb
ola biləcəyi hallarda bu barədə bələdiyyə
iclasına məlumat verməlidir.
11.3. Bələdiyyə üzvü
etik davranış qaydaları, korrupsiyaya qarşı
mübarizə və maraqlar toqquşmasının
qarşısının alınması ilə bağlı
normativ hüquqi və normativ xarakterli aktları bilməlidir.
Maddə 12. Əmlakdan istifadə
12.1. Bələdiyyə üzvü
istifadəsində olan bələdiyyə əmlakından və
maliyyə vəsaitlərindən qənaətlə və səmərəli
istifadə etməlidir.
12.2. Bələdiyyə üzvünə
bələdiyyə əmlakından, maliyyə vəsaitlərindən
şəxsi maraqları naminə, habelə vəzifələrinin
icrası ilə əlaqədar olmayan digər məqsədlər
üçün istifadə etməsi qadağandır.
Maddə 13. Məlumatlardan istifadə
13.1. Bələdiyyə üzvü
yerli özünüidarə orqanında xidməti
informasiyanın təqdim edilməsi qaydalarına əməl
etməlidir.
13.2. Bələdiyyə üzvü fəaliyyəti
zamanı əldə etdiyi məlumatlardan şəxsi
maraqları üçün istifadə etməməlidir.
Maddə 14. İctimai və siyasi fəaliyyət
14.1. Bələdiyyə
üzvünün ictimai və siyasi fəaliyyəti, yaxud
ictimai birliklərə və ya siyasi partiyalara mənsubiyyəti
onun xidməti vəzifələrini qərəzsiz və
obyektiv yerinə yetirdiyinə ictimai şübhə
doğurmamalıdır.
14.2. Bələdiyyə üzvü səlahiyyətlərindən
istifadə edərək, digər bələdiyyə üzvlərini
və ya qulluqçularını ictimai birliklərin və ya
siyasi partiyaların, yaxud dini təşkilatların fəaliyyətində
iştiraka təhrik etməməlidir.
14.3. Bələdiyyə üzvünə
bələdiyyə orqanlarında ictimai birliklərin və
siyasi partiyaların (həmkarlar ittifaqları istisna olmaqla),
yaxud dini təşkilatların struktur bölmələrini
yaratmaq və ya həmin orqanlarda göstərilən struktur
bölmələrin yaradılmasına yardım etmək
qadağandır.
14.4. Bələdiyyə üzvünə
seçkilər zamanı öz vəzifə mövqeyindən
və səlahiyyətlərindən özünün və ya
digər namizədlərin, siyasi partiyaların, siyasi
partiyaların bloklarının xeyrinə istifadə etməsi
qadağandır.
3-cü fəsil
ETİK
DAVRANIŞ QAYDALARININ HƏYATA
KEÇİRİLMƏSİNİN
TƏMİN EDİLMƏSİ
Maddə 15. Etik davranış
qaydalarına əməl olunmasına nəzarət
15.1. Etik davranış qaydalarına əməl
olunmasına bələdiyyənin sədri nəzarət edir.
15.2. Bələdiyyənin sədri:
15.2.1. öz
davranışı ilə etik davranış qaydalarına əməl
olunmasına nümunə göstərməlidir;
15.2.2. bələdiyyə
üzvlərini hüquqa və hamılıqla qəbul
edilmiş etik normalara zidd olan hərəkətə və qərarlar
qəbul etməyə sövq etməməlidir;
15.2.3. etik
davranış qaydalarının pozulmasının
qarşısının alınması və profilaktikası
üzrə tədbirlər görməlidir;
15.2.4. bələdiyyə
üzvlərinə etik davranış qaydalarını izah etməli
və müraciət olunduğu təqdirdə etik
davranış qaydalarına əməl edilməsinə dair
onlara tövsiyələr verməlidir;
15.2.5. etik
davranış qaydalarını pozan bələdiyyə
üzvlərinin intizam məsuliyyətinə cəlb edilməsi
məqsədi ilə müvafiq məsələnin bələdiyyə
iclasında müzakirəyə çıxarılması
üçün tədbirlər görməlidir;
15.2.6. vətəndaşları
və hüquqi şəxsləri etik davranış
qaydaları, eləcə də bələdiyyə üzvlərinin
həmin qaydalara əməl etməsini tələb etmək
hüququna malik olduqları barədə məlumatlandırmaq
üçün tədbirlər görməlidir;
15.2.7. etik
davranış qaydalarının pozulması halları ilə
bağlı həyata keçirilmiş tədbirlər barədə
vətəndaşları, hüquqi şəxsləri və bələdiyyə
üzvlərini məlumatlandırmalıdır;
15.2.8. etik
davranış qaydalarının pozulmasının nəticələrinin
aradan qaldırılması, habelə bələdiyyəyə
ictimai etimadın artırılması üçün tədbirlər
görməlidir.
15.3. Bələdiyyə üzvü tərəfindən
etik davranış qaydalarına əməl olunmasını təmin
etmək üçün bələdiyyə üzvlərinin
davranışının etik normalara uyğunluğu ildə
bir dəfədən az olmayaraq, bələdiyyə
iclasında müzakirə edilməli və nəticəsi
üzrə tədbirlər görülməlidir.
Maddə 16. Etik davranış
qaydalarının pozulmasına görə məsuliyyət
16.1. Etik davranış
qaydalarının pozulması bələdiyyə
üzvünün intizam məsuliyyətinə cəlb edilməsi
üçün əsasdır.
16.2. Aşağıdakı hallarda
intizam icraatına başlanıla bilər:
16.2.1. bu qanunun
müddəalarının bələdiyyə üzvü tərəfindən
pozulması barədə hüquqi və ya fiziki şəxslərdən
şikayət, yaxud digər məlumatın daxil olması;
16.2.2. kütləvi informasiya vasitələrində bələdiyyə üzvü tərəfindən bu qanunun müddəalarının pozulmasına və maraqların toqquşmasına yol verildiyi barədə məlumatın dərc edilməsi.
16.3. İntizam icraatı zamanı bələdiyyə üzvü tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə, bu barədə cinayət təqibi orqanına məlumat verilməlidir.
Maddə 17. İntizam məsuliyyətinin növləri
17.1. Bələdiyyə iclasının qərarı əsasında etik davranış qaydalarının pozulmasına görə aşağıdakı intizam məsuliyyəti tədbirlərindən biri tətbiq edilə bilər:
17.1.1. xəbərdarlıq;
17.1.2. töhmət.
17.2. İntizam tənbehi tətbiq edilərkən bələdiyyə üzvünün şəxsiyyəti, kollektivdə nüfuzu, peşəkarlıq səviyyəsi, onun törətdiyi xətanın xarakteri nəzərə alınmalıdır.
17.3. Etik davranış qaydalarını pozmuş bələdiyyə üzvü barəsində intizam məsuliyyəti tədbiri pozuntunun aşkar edildiyi gündən etibarən 30 gün ərzində tətbiq edilir.
17.4. Etik davranış qaydalarını pozmuş bələdiyyə üzvü üzvlükdən çıxmaq barədə bələdiyyə iclasına ərizə verdikdə və bunun əsasında üzvlüyünə xitam verildikdə, ona qarşı intizam məsuliyyəti tədbirləri tətbiq edilmir.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
31 may 2017-ci il
Azərbaycan.- 2017.-21 iyun.- S.4.