Dünyanın idman mərkəzində “Formula-1” coşqusu

 

Son illər beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün Bakı şəhərinin seçilməsi ölkəmizin nüfuzunun yüksəldiyini sübut edir. Çoxsaylı idman tədbirləri, sərgilər, konfranslar, Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təqdimatı artıq dünya ictimaiyyətinə ölkəmiz haqqında kifayət qədər dolğun məlumatın çatdırılması üçün şərait yaradır. Azərbaycan Avropa ilə Asiyanı, sivilizasiyaları birləşdirir, qarşılıqlı anlaşmanın bərqərar olması üçün səylərini gücləndirir.

Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan mötəbər tədbirlərin keçirilməsi üçün ideal məkandır. Azərbaycan qədimliklə müasirliyin qovuşduğu coğrafi areal olaraq bu məqsədlərə yönəlmiş mühüm təşəbbüslərlə çıxış edir. Cənubi Qafqazın lider ölkəsinə çevrilən Azərbaycan hazırda dünyanın aparıcı idman ölkələrindən biri kimi tanınır. Bu müsbət imicin əsasında ölkəmizdə gənclərin dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunması, həmçinin gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsi üçün atılan addımlar dayanır. Əlbəttə ki, bu məqamda Azərbaycanın təşkilatçılığının beynəlxalq miqyasda yüksək dəyərləndirildiyi faktını da xüsusi qeyd etmək lazımdır.

 

I Avropa Oyunlarından başlanan uğur estafeti

 

Azərbaycan hələ 2012-ci ildə “Eurovision” musiqi yarışmasını yüksək səviyyədə keçirməklə müəyyən yanlış tərəddüdləri olan ölkələri heyrətləndirmiş, qərəzli, ölkəmizə düşmən mövqeyi bəsləyən şəbəkəni fakt qarşısında qoymuşdur. Sonrakı mərhələdə - 2015-ci ildə I Avropa Oyunları, həmin ildə şahmat üzrə dünya kuboku, 2016-cı ildə Şahmat Olimpiadası və “Formula-1” yarışları zamanı respublikamız nümayiş etdirdiyi yüksək təşkilatçılıq və qonaqpərvərliklə Avropanın təkcə iqtisadi deyil, mənəvi-intellektual, mədəni baxımdan zəngin, multikultural ölkəsi olduğunu sübuta yetirmişdir. Ən başlıcası isə xalqımıza xas milli koloriti, mətbəxi, adət-ənənələri və incəsənət nümunələrini Avropaya təqdim etmişdir. Bu tədbirlərin hər birinin yüksək səviyyədə keçirilməsi ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı ilə yanaşı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığının, kreativ idarəetmə üslubunun, Azərbaycanı dünyaya sivil, müasir, inkişaf edən dövlət kimi təqdim etmək məramının nəticəsi olmuşdur.

I Avropa Oyunlarında Azərbaycan 21-i qızıl, 15-i gümüş və 20-si bürünc olmaqla bütövlükdə 56 medala sahib çıxdı.

Oyunlar dünyanın 145 ölkəsində işıqlandırılmışdı. Təkcə möhtəşəm açılış mərasimi 120 ölkədə canlı yayımlanmışdı. Bütün dünyaya 1100 saatdan çox yayım vaxtı verilmişdi, ümumilikdə bu Oyunları 823 milyona yaxın tamaşaçı izləmişdi. Hər gün təqribən 5-6 milyon adam yarışlara Oyunların rəsmi internet səhifəsindən tamaşa etmişdi.

“Bakı-2015” Azərbaycan xalqının tarixinə çox parlaq səhifə kimi daxil oldu. Bu Oyunların standartlarının müəyyənləşdirilməsi kimi bir vəzifənin yerinə yetirilməsi ilə Azərbaycan dünya idmanına çox böyük töhfə verdi. Avropa Oyunlarının keçirilməsi məsuliyyətini öz üzərinə götürən ölkələr yəqin ki, bu standartlar əsasında öz işlərini quracaqlar. I Avropa Oyunları Azərbaycanın təbliği baxımından da mühüm hadisə oldu. Bununla nəyə qadir olduğumuzu sübut etdik. Xalqımız özünü dünyaya göstərdi və bununla da verdiyimiz sözün arxasında dayandığımızı təsdiqlədik.

 

Azərbaycan İslamiada tarixinə möhürünü vurdu

 

2017-ci ilin 12-22 may tarixlərində IV İslam Həmrəyliyi Oyunlarının da yüksək səviyyədə keçirilməsi bu baxımdan müsbət məqam kimi qeyd olunmalıdır. Azərbaycan idmançıları 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanaraq komanda hesabında birinci oldular. 50-dən çox ölkənin iştirak etdiyi mötəbər idman tədbirində belə yüksək nəticənin əldə edilməsi idmançılarımızın güclülər içərisində ən güclü olduqlarını nümayiş etdirdi. Çünki idmançılarımız müxtəlif beynəlxalq yarışlarda, dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında artıq öz güclərini göstərmişlər.

Prezident İlham Əliyev “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirmişdi: “Əlbəttə, bu Oyunlar, eyni zamanda İslam həmrəyliyini gücləndirəcək. Mən Oyunlar ərəfəsində demişdim, bizim əsas məqsədimiz ondan ibarətdir ki, müsəlman ölkələrini təmsil edən idmançılar, qonaqlar Bakıda bir yerdə olsunlar, bir-biri ilə tanış olsunlar, bir-birinin əlini sıxsınlar və dostluq, əməkdaşlıq güclənsin. Belə də oldu. Biz bunu yarışlarda gördük ki, bəzi hallarda siyasi cəhətdən bir-biri ilə o qədər də yaxın münasibətləri olmayan ölkələrin nümayəndələri bir-birini təbrik edir, bir-birinin uğuruna sevinir, bir-birinin əlini sıxırlar.

Bax, bu Oyunların tarixi əhəmiyyəti məhz bundadır. Azərbaycan apardığı siyasətə idman vasitəsilə əlavə töhfə verdi. Çünki bizim müsəlman aləmində siyasətimiz ondan ibarətdir ki, birlik, həmrəylik güclənsin, müsəlman ölkələri arasındakı bəzi ixtilaflara, müharibələrə son qoyulsun. Müsəlman aləmi birlik nümayiş etdirməlidir. Ancaq bu təqdirdə xalqlarımız gələcəkdə rahat və firavan yaşaya bilərlər. Ona görə, bizim apardığımız siyasət və bu Oyunlarda verdiyimiz töhfə əminəm ki, müsəlman aləminin birləşməsinə gətirib çıxaracaq. Eyni zamanda Azərbaycan müsəlman aləmini Qərb aləmi ilə birləşdirən ölkədir. Təsəvvür edin, iki il ərzində bir ölkədə, bir şəhərdə Avropa və İslam Oyunları keçirilir. Bu Oyunlarda 100-dən çox ölkə iştirak edir. Heç bir başqa ölkə bax, bu nailiyyətlə öyünə bilməz. Haqlı olaraq fəxr edirik ki, biz bunu edə bilmişik. Ölkəmiz həm Qərb dünyasında, həm müsəlman aləmində etibarlı tərəfdaş, dost və qüdrətli dövlət kimi tanınır”.

IV İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış və bağlanış mərasimləri dünyanın aparıcı KİV-i tərəfindən geniş işıqlandırıldı. 65 min tamaşaçı yeri olan Bakı Olimpiya Stadionunda İslamiadanın gözəl açılış və bağlanış mərasimi oldu. Xarici KİV-də Azərbaycanın Birinci vitse-prezidenti, “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq fəaliyyətindən geniş bəhs olundu və dörd qitənin nümayəndələrini birləşdirməyə xidmət edən İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsinin əhəmiyyəti qeyd edildi. Xüsusilə o da vurğulandı ki, Təşkilat Komitəsi tərəfindən yüksək səviyyədə hazırlıq işlərinin aparılması və uğurla həyata keçirilməsi bundan sonra da Azərbaycanın beynəlxalq səviyyəli tədbirlərə uğurla evsahibliyi edə biləcəyini göstərir. Azərbaycan İslamiada keçirməklə İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələr arasında və bütün planetimizdə birlik, harmoniya, qarşılıqlı anlaşma, sülh və həmrəylik çağırışı ilə dünyaya ismarıc göndərdi.

Bunun əsas səbəblərindən biri xalqımızın tolerantlıq düşüncəsinin yüksək inkişaf səviyyəsidir. Xalqlararası və mədəniyyətlərarası dialoqu müasir qloballaşma dövründə daha da inkişaf etdirmək, ona dəstək vermək, insanların gələcəyi naminə mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail olmaq dövlət siyasətinin mühüm tərkib hissəsi kimi qalır. Dövlət başçısı İlham Əliyevin tolerantlıq və milli münasibətlərə baxışları onun siyasi portretinin əsas cizgilərini təcəssüm etdirir. Dövlət başçısının 14 il müddətində bununla bağlı irəli sürdüyü prinsiplər, müəyyənləşdirdiyi strateji xətt, atdığı konkret addımlar onun Azərbaycanı həm də sivilizasiyalararası dialoq, mədəni-intellektual konsolidasiya və əməkdaşlıq mərkəzinə çevirmək məqsədindən irəli gəlir.

 

“Formula-1” dünya çempionatının 8-ci mərhələsi olacaq Azərbaycan Qran-prisi öz möhtəşəmliyi ilə bu dəfə də yaddaşlarda qalacaq

 

Mötəbər idman tədbirlərinin Azərbaycanda keçirilməsi ölkəmizin son illər idmanın və bədən tərbiyəsinin, Olimpiya hərəkatının geniş vüsət aldığı ölkə olması ilə bağlıdır. Belə sanballı idman tədbirinin Azərbaycana həvalə edilməsi onu göstərir ki, respublikamız bütün sahələrdə, o cümlədən idmanda tərəqqi dövrünü yaşayır. Ölkəmizdə təşkil olunan Avropa, dünya çempionatları silsilə xarakter daşıyır. Bu tədbirlərin yüksək səviyyədə hazırlığı həm idmançılar, həm də idman ictimaiyyəti tərəfindən qeyd olunur. İdmançılarımızın mötəbər yarışlarda əldə etdiyi yüksək nailiyyətlər, dövlətin idmanın inkişafına dəstəyi, müasir idman infrastrukturunun mövcudluğu beynəlxalq miqyaslı tədbirlərin ölkəmizdə keçirilməsinə zəmin yaradan səbəblər sırasındadır.

İyunun 23-25-dək dünyanın diqqəti yenidən Azərbaycana yönələcək. Bu müddətdə həm pilotlar, həm də komandalar arasından qaliblər müəyyən edilir. “Formula-1” dünya çempionatının 8-ci mərhələsi olacaq Azərbaycan Qran-prisində ən məşhur 21 pilot 10 komandanın tərkibində 6 kilometr məsafədən ibarət 51 dövrəlik mərhələnin qalibiyyəti uğrunda yarışacaq. Bu mübarizə isə, sözsüz ki, sürət həvəskarlarının böyük marağına səbəb olacaq. 500 milyondan artıq tamaşaçının izləyəcəyi yarışa 57 ölkədən çoxlu sayda azarkeş baxa biləcək.

“Formula-1” üzrə ilk rəsmi dünya çempionatı 1950-ci il mayın 13-də İngiltərənin Silverstoun trekində təşkil olunub. Britaniya kral ailəsinin də maraqla izlədiyi turnirdə 21 bolid qələbə uğrunda mübarizə aparıb. Həm təsnifat, həm də əsas mərhələdə finiş xəttinə birinci gələn “Alfa Romeo”nun italiyalı pilotu Cüzeppe Nino Farina “F1” yarışının ilk qalibi kimi tarixə düşüb. Birincilik uğrunda mübarizədə onun əsas rəqibi komanda yoldaşı, argentinalı Xuan Manuel Fanxio olub. Lakin sonralar X.M.Fanxio bu məğlubiyyətin əvəzini yetərincə çıxıb. Belə ki, o, karyerası ərzində 5 dəfə (1951-ci, 1954-cü, 1955-ci, 1956-cı və 1957-ci illərdə) dünya çempionu adını qazanmaqla rəqiblərinə aman verməyib.

Məlumat üçün bildirək ki, ötən il dünya çempionatında “F1” Bakı mərhələsində yenilik tətbiq edilmişdi. Bu, sıralama turları ilə bağlıdır. Əvvəlki qaydalara görə 18 dəqiqə davam edən birinci və 15 dəqiqəlik ikinci seansların nəticələrinə əsasən ən pis nəticə göstərən 6 pilot mübarizədən kənarlaşdırıldı. 10 pilot isə 12 dəqiqəlik üçüncü seansdakı göstəricilərə görə yarışa start verirdi. Yeni qaydalarda isə seansın sonunda yox, 90 saniyədən bir ən yavaş pilotun mübarizəni dayandırması nəzərdə tutulub. “Formula-1” mütəxəssislərinin rəylərinə görə, bu yenilik həyəcanı bir qədər də artırıb.

“Formula-1”in dünyada kifayət qədər azarkeşləri olduğunu nəzərə alsaq, Bakı Şəhər Halqasında da tamaşaçıların yarışı canlı və təhlükəsiz izləmələrinə hər cür imkan yaradılıb. Bunun üçün Bakı Şəhər Halqasının müxtəlif yerlərində tamaşaçı tribunaları quraşdırılıb. Bu tribunalar elə yüksək səviyyədə quraşdırılıb ki, daim istifadədə olsa belə, dağılıb sıradan çıxmaz. Bu mötəbər yarışın yüksək səviyyədə işıqlandırılmasına təcrübəli müxbir və fotomüxbirlər cəlb edilib. Beləliklə, dünyanın ən böyük informasiya alyansları, eləcə də ölkəmizin xəbər agentlikləri Bakıda keçiriləcək “Formula-1” yarışı barədə xəbərləri dünyada yayacaqlar.

Bakıda sadəcə möhtəşəm yarış keçirilməyəcək, həmçinin bu yarış vasitəsilə paytaxtımızı, ümumilikdə milli mədəniyyətimizi dünya ictimaiyyətinə təbliğ edəcəyik. Azərbaycanın dünyada daha geniş səviyyədə tanıdılmasında bu tədbirin əhəmiyyəti çox böyükdür. “Formula-1” dünya çempionatının 8-ci mərhələsi olacaq Azərbaycan Qran-prisi öz möhtəşəmliyi ilə bu dəfə də yaddaşlarda qalacaq.

Təkcə Cənubi Qafqazın deyil, Avropanın tolerantlıq, sülh və inkişaf mərkəzlərindən biri kimi tanınan Azərbaycan “Fomula-1” ilə uğur estafetini davam etdirəcək. Ölkəmizin bu mötəbər idman tədbirini yüksək səviyyədə keçirmək iddiası ilə imkanlarının üst-üstə düşdüyünü isə xüsusi vurğulamağa ehtiyac yoxdur. İyunun 23-də start götürəcək möhtəşəm idman tədbirində beynəlxalq ictimaiyyət bunun bir daha əyani şahidi olacaq.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2017.-22 iyun.- S.1; 7.