Bakı “Formula-1” üçün
unikal yerdir
Planetin ən güclü pilotları Azərbaycan Qran-prisini səbirsizliklə gözləyirlər
Dünyanın sürət həvəskarları
Bakıdakı “Formula-1” yarışının
həyəcanı ilə
yaşayır. Növbəti dəfə Bakıda
dünyanın bir nömrəli avtomobil yarışının Qran-pri
mərhələsi keçirilir.
Bu günlərdə planetimizdə avtomobil idmanına maraq göstərən hər kəsin diqqəti paytaxtımıza yönəlib.
Bakı Şəhər
Halqasında dünyanın
ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Sebastian Fettel, Valteri Bottas, Roman Qrojan, Karlos Saynz və
digərləri yarışırlar.
Onlardan bir neçəsi ümumilikdə cari mövsüm və Azərbaycan Qran-prisi haqqında fikirlərini bölüşüblər.
“Daha
böyük əzmlə
yarışacağıq”
“McLaren Honda” komandasının
sürücüsü Fernando Alonso qeyd edib ki,
keçən il Bakıdakı debüt yarışı uğurla keçdi. Azərbaycanda yarışacağım
günü səbirsizliklə
gözləyirəm: “Mən
ötən il yarışın səfiri
olduğum üçün,
həmkarlarımla müqayisədə,
Bakıda daha çox vaxt keçirmişəm. Bakı “Formula-1” üçün əla yerdir. Biz tarixi
şəhərin mərkəzində
yarışırıq. Qədim qala divarları unikal atmosfer yaradır. Kanadada komanda olaraq
xala yaxın idik, lakin son anda əldən verdik. Bakıda daha böyük
əzmlə yarışacağıq.
Amma başa düşürük
ki, komanda üçün çətin
həftəsonu olacaq.
Mən güc qurğusuna görə startda xeyli yer itirməli
olacağam. Nəzərə alsaq ki, tras
dar və sürətlidir, döngələr
çox çətindir,
mənim üçün
heç də asan olmayacaq. Amma mümkün olmayan heç nə yoxdur. Mübarizə aparmaq lazımdır.
Buna görə də biz cümə günündən etibarən
yaxşı işləyəcəyik
ki, sıralanmada qənaətbəxş nəticə
əldə edək”.
“Bəxt
amili çox vacibdir”
“Haas” komandasının
sürücüsü Roman Qrojan bildirib ki, orta qrupdakı
komandalar bir-birlərinə
çox yaxındırlar
və buna görə də hər xal dəyərlidir:
“Bu mübarizə həyəcanvericidir.
Əgər öndəki 3 komanda
olmasaydı, hər yarışda fərqli komandalar qalib gələrdi. Hər komandanın
güclü olduğu
traslar var və sabit olan
komanda 5-ci yeri tutacaq. Xal almaq üçün
hər yarışda maksimum performansla çıxış etməliyik.
Ancaq belə olanda rəqabətədavamlı
ola bilərik.
Bəzən bu da bizə kömək etməyəcək. Bəxt amili
çox vacibdir.
Keçən ilə nisbətən
tərəqqimiz davam edir. Keçən ildən daha
çox xal toplamışıq və
bu bizə motivasiya verir. Ümid edirəm ki, Bakıda uğurla çıxış edərək
daha yaxşı xallar qazanarıq”.
“Bakıda
yarışmaq çox
çətindir”
“Scuderia Toro Rosso” komandasının sürücüsü Karlos
Saynz isə bildirib ki, dünyada
yeganə iki tras var ki,
onlar arasında müqayisə aparmaq düzgün deyil: “Bakı və Monako şəhər traslarıdır, lakin onları müqayisə etmək olmaz. Məsələ onların birinin
yaxşı, digərinin
pis olmasında deyil - sadəcə çox fərqlidirlər.
Bakıda sürmək çətindir.
Monakodan çətin olduğunu deyə bilmərəm, amma buna yaxındır.
Kiçik bir səhv baha başa gələ bilər və bir an belə
olsun, diqqətsizlik etmək olmaz. 2016-cı ildəki yarışdan zövq almışdım. Hər şey
xoşuma gəlmişdi,
lakin təəssüf
ki, yarışı başa vura bilməmişdik. 300 km/saat sürətlə gedərkən çox da zövq ala bilmirsən, amma orta əsrlərə aid qala divarlarının yanından keçmək insanı valeh edir. Orada çəkilən şəkillər də unikallığı ilə
seçilir”.
“Ancaq
çalışmaq lazımdır”
“Sauber F1 Team” komandasının sürücüsü
Markus Eriksson isə yenidən
Bakıda yarışacaqları
üçün səbirlərinin
tükəndiyini bildirib:
“Biz ikinci dəfə çox maraqlı bir şəhərdə- Bakıda yarışacağıq.
Bakı Şəhər Halqası
maraqlı döngələrlə
bir-birinə bağlanmış
uzun düzlüklərdən
ibarət unikal trasdır. Keçən
il asfaltın
yüksək temperaturu
təkərlərə təsir
etmişdi, bu il də oxşar
şərait gözləyirəm.
Komandamızın məqsədi dəyişməyib.
Uğurlu nəticə qazanmaq
üçün ancaq
çalışmaq lazımdır”.
“Maksimal
sürət həyəcanlı
olacaq”
“Sauber F1 Team” komandasının sürücüsü
Paskal Verlayn isə Bakıdan yalnız uğurlu nəticə ilə ayrılmağı qarşısına
məqsəd qoyub: “Mən səbirsizliklə Bakıya qayıtmağı
və orada sükan arxasına keçməyi gözləyirəm.
Azərbaycanda keçənilki həftəsonu maraqlı alınmışdı. Çünki yarış ilk dəfə
keçirilirdi. Yolun konfiqurasiyasını
nəzərə alsaq,
effektiv sürətlənmə
və maksimal sürət mühüm rol oynayacaq”.
Elçin CƏFƏROV,
Azərbaycan.- 2017.-22 iyun.- S. 7.