Azərbaycan İslam həmrəyliyinin
möhkəmlənməsinə layiqli
töhfə verir
Hazırda İslam dünyası son dərəcə mürəkkəb tarixi mərhələdən keçir. Uzun illərdir davam edən qanlı müharibələr, yüz minlərlə günahsız insanın ölümü, ayrı-ayrı müsəlman ölkələrinin gələcək taleyinin böyük sual altında qalması bütövlükdə bəşər tarixinin ən dramatik səhifələrindən birini təşkil edir.
Bütün bunlar azmış kimi, müsəlman dünyasını ucsuz-bucaqsız qan gölünə çevirənlər İslam dinini terrorla əlaqələndirmək, bu dinin sülh, mərhəmət, insanpərvərlik missiyasına kölgə salmaq cəhdlərindən əl çəkmirlər. Belə bir ağır şəraitdə müsəlman xalqlarının həmrəyliyi yaranmış vəziyyətdən çıxmaq üçün ilkin şərtdir. Bu baxımdan İslam dünyasının ayrılmaz tərkib hissəsi olan Azərbaycan nümunə göstərir.
Azərbaycan milli müstəqilliyini bərpa etdikdən sonra İslam Əməkdaşlıq Təşkilatı, ISESCO, eləcə də müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı əlaqələr qurmuş, bir sıra mühüm mədəni tədbirlərin təşkilatçısı kimi çıxış etmişdir. Diqqətəlayiq haldır ki, Azərbaycan Respublikası gənc dövlət olsa da, qısa müddətdə beynəlxalq aləmdə, eləcə də İslam dünyasında kifayət qədər nüfuz qazanmış, müsəlman ölkələri ilə dostluq və əməkdaşlıq əlaqələrini ən yüksək səviyyəyə yüksəltmək üçün əlindən gələni etmişdir. Rəsmi Bakının yürütdüyü xarici siyasətin prioritet istiqamətlərindən biri İslam aləmi ilə daha sıx münasibətlər yaratmaq, zülmə məruz qalan yüz milyonlarla müsəlmanın dərdinə şərik çıxmaqdır.
Azərbaycan Ermənistanın ölkəmizə hərbi təcavüzünün ağır fəsadlarına baxmayaraq, imkan daxilində müsəlman xalqlarına yardım əli uzadır, onların qarşılaşdığı çətinlikləri aradan qaldırmaqda köməyini əsirgəmir, hətta bu sahədə təşəbbüslər irəli sürür. Məsələn, ölkəmiz 2013-cü ildə “Qüds şəhərinin inkişafına dair strateji planın maliyyələşdirilməsi üçün donor konfransı”na, eləcə də “Fələstin dövlətinin dəstəklənməsi üçün İslam maliyyə təhlükəsizlik şəbəkəsinin yaradılması” konfransına evsahibliyi etmiş və bu məqsədlər üçün ciddi məbləğdə maliyyə vəsaiti ayırmışdır. Azərbaycan İslam həmrəyliyinin möhkəmlənməsinə töhfə verən İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi, İƏT-ə üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası kimi yeni qurumların yaradılmasının təşəbbüskarı olmuşdur. Eləcə də ölkəmiz müsəlman dünyası ilə əlaqələrin genişləndirilməsinə xidmət edən ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatları yaratmış, bu çərçivədə həyata keçirilən bir çox layihələr qarşılıqlı münasibətlərin möhkəmlənməsinə xidmət etmişdir.
İslam dünyasının həmrəyliyi naminə belə əhəmiyyətli təşəbbüslər davam edir. 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərləri İslam mədəniyyətinin paytaxtı seçilmişdir. Prezident
İlham Əliyevin sərəncamı ilə 2017-ci il ölkəmizdə “İslam həmrəyliyi ili” elan edilmişdir. Bu çərçivədə ölkə daxilində və xaricdə silsilə tədbirlər davam edir. IV İslam Həmrəyliyi Oyunlarının bu il Bakı şəhərində keçirilməsi isə Azərbaycanın İslam həmrəyliyinin möhkəmləndirilməsi işinə növbəti töhfə verməsi üçün əlverişli şərait yaratmışdı. Artıq Oyunlar başa çatmış və Azərbaycan paytaxtının evsahibliyi etdiyi İslam dünyasının ən böyük idman tədbiri 54 müsəlman ölkəsinin idmançılarının həmrəylik və birlik nümayiş etdirdiyi məkana çevrilmişdi.
Belə bir məqamı xüsusi olaraq vurğulamaq lazımdır ki, müsəlman aləminin indiki acınacaqlı vəziyyətə düşməsinə islamofobiyaya rəvac verən xarici dairələrin fəaliyyəti ilə yanaşı, ayrı-ayrı müsəlman dövlətlərinin yeritdiyi yanlış siyasət də səbəb olmuşdur. Aydındır ki, sosial ədalətin, qanunçuluğun, firavanlığın hökm sürdüyü cəmiyyət xaricdən təhdidlərə, təzyiqlərə duruş gətirib həyatını davam etdirməyə qadirdir. Bu baxımdan Azərbaycanın milli müstəqilliyini bərpa etdikdən sonra tarixən kiçik zaman kəsiyində - 25 ildə keçdiyi inkişaf yolu ibrətamizdir. Xalqımız çoxmillətli və çoxkonfessiyalı olsa da, tarix boyu ölkəmiz həmişə tolerant mühiti ilə fərqlənmişdir. Azərbaycan cəmiyyəti milli dəyərlər üzərində qurulsa da, daim multikultural dəyərlərə sadiq qalmış, radikal meyilləri qətiyyətlə rədd etmişdir. Ona görə də Asiya ilə Avropanın qovşağında yerləşən Azərbaycan dünyanın multikulturalizm və tolerantlıq mərkəzi kimi tanınır. Təsadüfi deyil ki, Mədəniyyətlərarası Dialoq, Qlobal, Humanitar forumlar, Dünya Dini Liderlərinin Sammiti kimi bəşəriyyətin gələcək taleyi ilə bağlı olan mötəbər tədbirlər məhz Bakıda keçirilir. Təqdirəlayiq haldır ki, rəsmi Bakının irəli sürdüyü bir sıra təşəbbüslər beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir və davam etdirilir. Buna misal olaraq 2008-ci ildə Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə başlamış “Bakı prosesi”ni göstərmək olar. Hazırda “Bakı prosesi” dünya miqyasında aparıcı istiqamət olmuşdur. Dinlərarası, sivilizasiyalararası məsələlər bu proses çərçivəsində həllini tapır. Halbuki on il əvvəl dünya bugünkü qədər çalxalanmamışdı. Rəsmi Bakının sivilizasiyalararası dialoq platforması yaratmaq ideyası vaxtında atılmış addım idi və indi Azərbaycan bu sahədə də nümunəvi ölkə kimi tanınır.
Prezident İlham Əliyev srağagün Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında açdığı iftar süfrəsində çıxış edərkən bu məsələnin üstündə xüsusi dayanmışdır. Dövlət başçısının qeyd etdiyi kimi, “Azərbaycan dünyəvi, müasir, dünyaya açıq olan dövlətdir. Azərbaycanda radikalizm, fundamentalizm yoxdur, daxildə hər hansı təhlükə mənbəyi yoxdur. Bunun səbəbi təkcə bizim hansısa inzibati addımlarımız deyil. Bunun səbəbi cəmiyyətdə mövcud olan ab-havadır. Radikalizm, terrorizm harada canlanır, harada baş qaldırır?! O ölkələrdə ki, savadlılıq yoxdur. O ölkələrdə ki, sosial ədalət pozulur. O ölkələrdə ki, ədalətsizlik mövcuddur və səfalət yaşanır. Ona görə radikalizmə qarşı ən gözəl sığorta sosial ədalətdir, maddi rifahdır, savadlılıqdır, düzgün siyasətdir. Bu amillər olan yerdə radikalizm üçün heç bir əsas yoxdur. Düzdür, kənardan ölkəmizə müdaxilə oluna bilər. Ancaq Azərbaycan bu müdaxiləyə qarşı öz tədbirlərini görən, Azərbaycan xalqının rahat həyatını təmin edən kifayət qədər güclü dövlətdir”.
Beləcə gənc Azərbaycan dövləti İslam həmrəylinin möhkəmləndirilməsi naminə nümunə göstərir. Belə bir nümunə digər müsəlman ölkələri üçün faydalı olar.
Allahverdi MEHDİYEV
Azərbaycan.- 2017.-22 iyun.- S.5.