Azərbaycan və Moldova prezidentlərinin
geniş tərkibdə görüşü
olub
İyunun 22-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Moldova Respublikasının Prezidenti İqor Dodonun geniş tərkibdə görüşü olub.
AZƏRTAC xəbər verir ki, ali qonağı salamlayan Prezident İlham ƏLİYEV dedi:
-Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar.
Sizi Azərbaycanda bir daha səmimi qəlbdən salamlayıram. Sizin gəlişinizə çox şadam. Biz artıq ikitərəfli münasibətlərin mühüm məsələlərinə, regional problemlərə dair fikir mübadiləsi aparmışıq. Bu gün biz artıq işimizi geniş tərkibdə davam etdiririk. Əminəm ki, bu səfər əməkdaşlığımızın möhkəmləndirilməsində çox mühüm addım olacaq, biz bunda maraqlıyıq. Bunun üçün çox böyük potensial var. Bugünkü fikir mübadiləsi onu göstərir ki, baş verən hadisələrə bizim yanaşmalarımız və qiymətləndirmələrimiz arasında ümumi cəhətlər çoxdur.
Əlbəttə, bu gün biz münasibətlərimizin dinamik inkişafı üçün yaxşı təməl qoyuruq. Həm siyasi dialoq sahəsində, həm də ticari-iqtisadi sahədə bizim münasibətlərimizə dinamizm vermək lazımdır. Potensial var, hansı məsələlərə diqqət yetirməyin lazım olduğunu bilirik. Düşünürəm ki, səfərin yekunlarına əsasən müvafiq dövlət qurumlarına bütün zəruri tapşırıqlar veriləcəkdir ki, hər istiqamət üzrə təbirlər planı müəyyən edilsin və reallaşdırılsın.
Beləliklə, mən çox şadam. Sizi bir daha salamlayıram və səfərinizin xoş keçməsini arzu edirəm.
***
Prezident İqor
DODON dedi:
-Hörmətli İlham Heydər oğlu, çox sağ olun.
Hörmətli dostlar.
Çox şadam ki, biz – Moldova Prezidenti və Azərbaycan Prezidenti, nəhayət, yüksək
səviyyədə görüşdük. İndicə biz xatırladıq ki, son 8-10
ildə görüşməmişik.
Buna görə bu görüşümüzü
çox vacib hesab edirəm. Bu gün biz ali
siyasi səviyyədə
ikitərəfli münasibətlərimizə
yeni təkan verəcəyik. Hökumətlərarası komissiyanın işində
də çox böyük fasilə olub. Mənim hökumətlərarası komissiyaya
rəhbərlik etmək
təcrübəm var. Mən
bir neçə il ərzində
Moldova-Azərbaycan Hökumətlərarası
Komissiyasının Moldova tərəfdən
rəhbəri olmuşam.
Bizim çox böyük potensialımız
var və mən çox ümid edirəm ki, ali səviyyədə görüşün
nəticələrinə əsasən
ən yaxın vaxtda hökumətlərarası
komissiyanın işinə
də yeni təkan verəcəyik.
Ümidvarıq ki, bu il
hər iki tərəfdən nazirlərimizin
də görüşü olacaq. Hər halda daha fəal əməkdaşlıq etmək üçün bilavasitə konkret
layihələr, konkret addımlar nəzərdən
keçiriləcək. Əlbəttə, bizim
ticarət sahəsində müsbət dinamika
var. Keçən il bu sahədə artım 30 faizdən çox olub. Lakin ticarətin həcminin 5 milyon dollara yaxın olması çox kiçik göstəricidir. Ümidvaram, hökumətlərarası komissiya çərçivəsində
bizim biznesmenlərin də buraya, Bakıya səfərini təşkil edə biləcəyik ki, onlar özlərinin potensial tərəfdaşları
ilə görüşsünlər.
Azərbaycan.- 2017.- 23 iyun.- S.2.