Topçu Mirzə

 

Aprel döyüşlərinin qəhrəmanları

 

“Dəfələrlə olub ki, ictimai nəqliyyatda, küçədə gördüyümheç vaxt tanımadığım hərbi geyimli zabiti oğluma oxşadıb ona yaxınlaşmaq istəmişəm. Elə bil onların hər birinin çöhrəsində oğlumun üz cizgilərini, onun davranışını, igidliyini görürəm”. Bu sözləri zabitləri oğluna bənzədən, onları da övladı kimi sevən aprel müharibəsində şəhid olmuş baş-leytenant Mirzə Novruzovun anası Rüxsarə xanım bizimlə söhbətində dedi.

Sən demə, müharibələr təkcə itkilərdən, faciələrdən və Vətən uğrunda canını fəda etməkdən ibarət deyilmiş. Heç qalibya məğlub olmaqla da bitmirmiş müharibələr. İtkilər bahasına olsa belə, milli kimliyi, hərbi gücü düşmənə göstərmək imkanı verir müharibələr. Həmçinin bir qarış torpağa görə canını qurban verməyə hazır olan igid oğullar, onların qəhrəman valideynləri də bu savaşlarda yaxından tanınır. Ötən ilin aprelində baş verən dördgünlük müharibədə bunun bir daha şahidi olduq.

Ordu günü ərəfəsində aprel şəhidimiz Mirzə Novruzovun valideynlərinin evinə baş çəkdik. Yasamal rayonu, ikinci Alatavada Mirzənin yaşayıb boya-başa çatdığı evi soruşan kimi dərhal göstərdilər. Onun böyüdüyü ünvanı lap dəqiqliyi ilə hamı tanıyır. O dəqiqə hiss olunur ki, burada uşaqdan böyüyə hər bir sakin Mirzənin igidliyindən xəbərdardır. Şəhidin evində bizi qardaşı Ramil və anası Rüxsarə xanım qarışladı. Haradan, niyə gəldiyimizi soruşdular. Mirzə haqqında yazmaq istəyimizi bildirdik.

Mirzə 1984-cü il avqustun 6-da Bakıda dünyaya göz açıb. Burada orta məktəbin 9-cu sinfini bitirdikdən sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olub, 3 il oxuduqdan sonra ali hərbi məktəbdə təhsilini davam etdirib. Oranı da başa vurduqdan sonra 2006-cı ildə zabit kimi Azərbaycan Milli Ordusunda xidmətə başlayıb. Elə həmin il Naftalanda yerləşən “N” saylı hərbi hissəyə təyinat alıb və axıra qədər də orada topçu kimi xidmət edib. Leytenant, sonra da baş-leytenant rütbəsi daşıyan Mirzə Novruzov düşmənlə üzbəüz yerləşən mövqelərdə dəfələrlə ciddi sınaqlardan çıxıb. Ağır artilleriyada olması onun məsuliyyətini daha da artırıb. Çox çəkməyir ki, o, peşəkar topçu - ağır döyüşlərdə düşmənin qənimi olub.

 

Oğlum gözümün qabağında əsl Azərbaycan zabiti kimi yetişdi

 

Öyrəndik ki, Mirzə hərb sənətini öz istəyi ilə seçib. Valideynləri də övladının arzusuna qarşı olmayıb. “Bala, hansı peşəni istəyirsən seç, Allah xeyrini versin” - deyiblər. Hərb sənətinin riskli, ciddi bir sahə olduğunu bilsələr də, övladlarına güvəniblər. O həm savadlı, həm də fiziki cəhətdən hazırlıqlı olub.

Rüxsarə ana oğlu haqqında danışar-danışmaz göz yaşını saxlaya bilmədi: “Mən elə bilirdim Mirzə qayıdacaq, o, bizi müvəqqəti tərk edib. Yeganə təsəllim övladımın Vətən uğrunda şəhid olması, bir də yadigarlarıdır”. Bu an digər oğlu Ramil anasına təsəlli verdi. Amma ananın ürəyi şəhid balasının yanında idi. Buna baxmayaraq, ana bir az sakitləşib yenidən söhbətə başladı. Oğlu haqqında danışmaq nə qədər çətin olsa da, qürurla, qəhrəman anası kimi başını dik tutmağı da bacardı:

- Açığı, əvvəllər ailəmizdə hərbçi olmamışdı. Ancaq Mirzə yeniyetmə olanda dayım oğlu Adil Türkiyədə hərbi məktəbdə oxuyurdu, o bizə tez-tez gəlirdi. Onu çox istəyirdim, istiqanlı uşaq idi, həm də əlaçı idi. Mirzə yaşca xeyli kiçik olsa da, onunla dostluq edirdi. Öz aralarında həmişə söhbətləşərdilər, ən şirin, ən maraqlı söhbətləri hərb peşəsi haqqında olardı. Torpaqlarımızın bir hissəsinin düşmən tapdağında olması, özündən böyük hərbçi ilə dostluq etməsi oğlumda bu peşəyə maraq yaratdı və yəqin qəti qərarını da o vaxt verib. Akademiyanı bitirib çox böyük həvəslə xidmətə başladı. Gündən-günə inkişaf edirdi. Beləcə, oğlum gözümün qabağında əsl Azərbaycan zabiti kimi yetişdi. Çox qüvvətli idi, elə bilirdim onu heç kim əlimdən ala bilməz. Açığı, övladım hərb sənətini seçəndə heç vaxt düşünməmişdim ki, o, şəhid ola bilər, bu peşədən ona hər hansı bir zərər gələ bilər. O, çox ağılı və istiqanlı idi, mənə elə gəlirdi ki, istənilən ağır döyüşdən sağ çıxmağı bacarar. Deyirdim, dünya bir olsa da, bu həvəs, bu enerji tükənməz. İndi oğlumun qoxusunu nəvəm Nihaddan alıram. Mirzədə olan bir çox xüsusiyyətlər onda var. O da atası kimi məni diqqətdən qoymur.

Mirzənin iki övladı var - NihadNuray. Nihad bu il üçüncü sinfi bitirib. Bacısı Nuray isə 7 yaşındadır, o da birinci sinfi yenicə başa vurub. Nihadın da atası kimi hərbə marağı böyükdür. İsrarla deyir ki, hərbçi olacağam, özü hərbi həkim. Niyə məhz hərbi həkim olmaq istədiyini soruşanda: “Atamı sağaltmaq üçün” - deyir. Düzdür, o, atasının şəhid olduğunu bilir. Amma yenə balaca ürəyində həkim olub atasını həyata qaytara biləcəyini düşünür. Nuray da böyüyəndə həkim olub atasına şəfa vermək istəyir: “Atam sağalacaq, təzə evimizə köçəndə o da gələcək” - deyir...

 

Şəhidimizin 10 yaşlı oğlu atasının öyrətdiklərini olduğu kimi xatırlayır

 

Nihadla söhbətləşmək sanki böyük bir hərbçi ilə danışmaq qədər məsuliyyətli gəlir adama. Hərbi terminləri, sözləri, ünvanları dəqiqliyi ilə ifadə edir: “Atam Tap Qaraqoyunluda xidmət edəndə biz hər gün top, atəş səsləri eşidirdik. Ancaq heç vaxt qorxmurduq, gecə düşmənlər evimizə atəş açmasın deyə, işığı söndürüb yatırdıq. Çünki atam bizə belə tapşırmışdı. Onun sözündən çıxmaq olmazdı. O, komandir idi, güclü əsgərləri var idi, həm onlar atamı çox istəyirdilər”.

Arada balaca Nuray da qardaşına qoşulmaq istəyir. Hiss edirsən ki, böyüklər kimi, uşaqlar da silah səsinə, mərmi gurultusuna öyrəşiblər. Amma bu səslər onları qorxutmur. Həqiqətən Mirzə zabit kimi xidmətə başlayandan bəri ancaq döyüş bölgəsində olmuşdu. Hara getmişdisə, ailəsi yanında olmuşdu. Bu səbəbdən balaca Nihadın belə hazırlıqlı olması heç təsadüfi deyildi. Onunla söhbət etdikcə adamın qarşısında əsl əsgər canlanır. Uşaq atasından az şey öyrənməyib. Əyninə geyindiyi hərbi forması isə onu daha böyük, daha cəsarətli göstərirdi. Ancaq bu körpələr haradan bilsinlər ki, qorxmadıqları, yaşından tez öyrəşdikləri silah səsləri bir gün onların atasını çox-çox uzaqlara aparacaq...

Rüxsarə ana deyir ki, Mirzəni hərbçi dostları çox istəyirdilər. Onun telefon nömrəsi dəfnindən sonra bir gün açıq oldu, oğlu Nihadda idi. Zənglər dayanmırdı, onun əsgərləri, zabit dostları, kursant yoldaşları zəng edib... ağlayırdılar.

Mirzənin qardaşı Ramil Novruzov yeganə qardaşının yoxluğu ilə barışa bilmir. Qəhər boğur onu. Anası kimi o da qardaşının Vətən uğrunda şəhid olmasından təsəlli tapır. Başa düşür ki, Mirzə müqəddəs borcunu yerinə yetirərkən canından keçib. Həm onun yadigarları olan iki balası bütün ailə üzvləri kimi Ramil üçün mənəvi dayaqdır. Ramil qardaşının vəfatından 4-5 gün öncə bayramda bir yerdə olduqlarını xatırlayır, onun son döyüşündən saat yarım əvvəl telefonla əlaqə saxladığını deyir: “Artıq 3 gün idi cəbhədə qızğın döyüşlər gedirdi. Zəng edirdik, deyirdi, narahat olmayın, salamatlıqdır, məni yığmayın, özüm zəng edəcəm sizə. Ancaq heç vaxt zəng etmirdi. Sən demə, ağır döyüş gedirmiş, danışmağa macalı yox imiş. Nəhayət, zəng gəldi, ancaq qara zəng”.

 

Cocuq Mərcanlıda yeni-yeni Mirzə Novruzovlar yetişəcək

 

Bəzən qəhrəmanları həyat elə yeniyetmə çağından, gənclik illərindən başlayaraq sınağa çəkir. Tale elə gətirir ki, 2006-cı ilə Mirzənin toyu günü atası Sərvər kişi qəfil rəhmətə gedir. Mirzəyə bu, çox pis təsir edir. Buna baxmayaraq o həm anasına, həm özündən kiçik qardaşı Ramilə mənəvi dəstək olur. Zabitlik vərdişinə yiyələnməsi ona taleyin bu sınağına sinə gərməsinə kömək edir. Amma sən demə, daha ağır bir sınaq 10 il sonra - 2016-cı ildə Mirzəgilin qapısını döyəcəkmiş. Bu dəfə sınağa çəkilənlər arasında ailənin yeni üzvləri - Mirzənin ömür-gün yoldaşı, iki azyaşlı övladları da olacaqmış...

Aprelin 4-ü təxminən günorta saatlarında gedən döyüşlər zamanı Mirzə qəhrəmancasına həlak olur, şəhidlik zirvəsinə ucalır. O, II Fəxri xiyabanda dəfn edilib. Ölümündən sonra ölkə başçısının sərəncamı iləVətən uğrundamedalı ilə təltif olunub. Medal şəhidin övladı Nihada təqdim edilib. Bundan əlavə, xidmət etdiyi müddət ərzində Mirzə çoxlu medal mükafatlara layiq görülmüşdü.

Bəli, bu gün Mirzə şəhid olmuş digər qəhrəmanlarımızın qanı yerdə qalmayıb. Onların uğrunda canlarından keçdiyi düşmən tapdağından azad etdikləri torpaqlarımızda Azərbaycan bayrağı dalğalanır. Orada yenidən həyat başlayıb. Strateji zirvə olan Lələtəpənin azad olunmasından bir ildən bir az artıq vaxt keçməsinə baxmayaraq, bu gün Cocuq Mərcanlı tam abad təhlükəsiz kəndə çevrilib. Artıq o kəndə böyük qayıdış var.

Söz yox ki, bu kənddə Mübariz kimi, Mirzə kimi, Murad kimi igidlər yetişəcək. Onlar Azərbaycan oğullarının, Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın adını şərəflə qoruyacaqlar. O gün gələcək ki, müasir Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin əmri ilə düşmən tapdağında olan bütün torpaqlarımızı azad edəcək, Cocuq Mərcanlıdan doğan günəş bütün əzəli Azərbaycan torpaqlarında parlayacaq...

 

Elnur HADIYEV,

 

Azərbaycan.- 2017.- 23 iyun.- S.6.