190 ölkədən 500 milyondan çox tamaşaçı...
Dünyanın diqqəti yenə Azərbaycana yönəlib
İdman ölkəsinə çevrilən Azərbaycanda son onillikdə onlarla dünya və Avropa miqyaslı yarış keçirilib. Beynəlxalq idman federasiyalarının qərarları ilə turnirləri, idman müsabiqələrini layiqincə təşkil edən ölkəmiz hər dəfə tarixini möhtəşəm nailiyyətlə zənginləşdirib. Respublikamız təkcə yüksək evsahibliyi nümunəsi ortaya qoymayıb, həm də sübut edib ki, iradə, qətiyyət olan yerdə hər şey mümkündür.
Dünyanın idman nəbzi Bakı
ilə döyünür
Bu günlər dünyanın diqqəti yenidən Azərbaycana yönəlib. Uğurla başa çatan IV İslam Həmrəyliyi Oyunlarından sonra Bakı növbəti dəfə “Formula-1” yarışlarının Azərbaycan Qran-prisinə evsahibliyi edir. Dünəndən etibarən yarışa start verilib və qarşıdakı iki gündə dünyadakı bütün avtomobil idmanı həvəskarlarının nəbzi Bakı ilə döyünəcək. Beləliklə, dünyada avtomobil həvəskarlarının əsas bayramı hesab edilən “Formula-1” Avropa Qran-prisinə ölkəmizin evsahibliyi etməsinin qürur və sevincini yaşamaqdayıq. Belə bir möhtəşəm yarışın Bakıda keçirilməsi dünyaya növbəti dəfə azərbaycanlıların mehribanlığı, qonaqpərvərliyi, qədim tarixi, füsunkar təbiəti, mentaliteti, sürətlə inkişaf edən müasir ölkə ilə tanışlıq fürsəti verib.
“Formula-1” dairəvi və sürətli avtoyürüş üzrə dünya çempionatıdır. Hər il keçirilən bu yarışın müxtəlif şəhərlərdə qran-pri mərhələləri təşkil olunur. Bu mərhələlərdə toplanan xallara əsasən pilotlar və komandalar ilin sonunda çempionluq titulu qazanırlar. Onu da qeyd edək ki, bolid adlandırılan müasir “Formula-1” avtomobilləri bir sıra özəllikləri ilə fərqlənir. Onlar təkadamlıq olur, üstəlik, sürücü yeri və təkərləri açıqdadır. Komandalar avtomobilləri özləri istehsal etsələr də, hər biri tanınmış avtomobil markalarının motorlarını, yağını və ya istehsal etdiyi digər detalları istifadə edirlər.
Builki “Formula-1” Qran-pri
yarışlarına mart ayında
Melburn şəhərində
start verilib. Pilotlar və komandalar
noyabr ayına qədər 21 yarış
mərhələsi keçməlidirlər.
Son yarış noyabrda Abu-Dabidə baş tutacaq. Hazırda isə yüz milyonlarla izləyici auditoriyasına malik olan “Formula-1” yarışlarının
həyəcanı Azərbaycanda
yaşanır. Artıq
dünəndən etibarən
Bakıda dünyanın
bir nömrəli avtomobil yarışı çempionatının növbəti
qran-pri mərhələsinə
start verilib. Bakı Şəhər Halqasında
dünyanın ən məşhur pilotları -
Luis Hamilton, Fernando Alonso, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar. Bu günlər planetimizdə
avtomobil idmanına maraq göstərən hər kəsin diqqəti paytaxtımıza
yönəlib.
Ümumiyyətlə, Bakı “Formula-1” yarışlarının
yeni ünvanıdır. Çünki ötən ilədək Bakıda bu yarış keçirilməmişdi.
Bu mənada xüsusi
olaraq inşa olunmuş Bakı Şəhər Halqası
“Formula-1” təqviminə ən
yeni əlavədir.
Bakı Şəhər Halqasının,
trekin uzunluğu 6 kilometrdən bir qədər artıq idi.
Bu, uzunluğuna
görə dünyada
ikincidir. Bakı Şəhər Halqası
paytaxımızın tam mərkəzindən
və gözəl məkanlarından keçirdi.
Təşkilatçılar trekin marşrutunu
seçərkən məhz
bu məqamı qarşıya məqsəd
qoymuşdular.
İdeal evsahibliyi
nümunəsi
Yarışa dünəndən
start verilsə də,
Bakıda uzun müddətdən bəridir
ki, bu idman
hadisəsinin ab-havası
yaşanır. Çünki hazırlıq işlərinə
aylar öncədən
başlanılıb. Məqsəd
2017-ci il üçün 8-ci olan və Azərbaycan Qran-prisi adlanan Bakı mərhələsini
layiqincə təşkil
etmək, ideal evsahibliyi
nümunəsini növbəti
dəfə nümayiş
etdirməkdir. Fərəhli haldır ki, aparılan hazırlıq işlərini Beynəlxalq
Avtomobil Federasiyasının
rəsmiləri, o cümlədən
yarışda iştirak
edən pilotlar təqdir ediblər. Beləliklə, bu günlərdə
bir daha bütün dünya və ölkəmizə təşrif buyuran xarici qonaqlar Azərbaycanın yüksək
evsahibliyinin şahidi olmaqdadır.
Bakıya gələn hər kəs Azərbaycanın inkişafını, xalqımızın
qonaqpərvərliyini, zəngin
mədəniyyətini gözləri
ilə görür, bunları təqdir edir. Bütövlükdə bu mötəbər
tədbir ölkəmizi
növbəti dəfə
beynəlxalq aləmə
daha yaxından tanıdır. Hər kəs
Azərbaycanda keçirilən
sürət yarışına
hazırlıq işlərinin
yüksək səviyyədə
aparıldığının şahidinə çevrilir.
Bunu dünən start verilən ilk yarış günündə aydın
şəkildə görmək
olurdu. İlk növbədə, Azneft dairəsindən Dəniz vağzalına kimi qurulan əyləncə
zonaları bilet sahiblərinin üzünə
qapılarını açıb.
Dünəndən etibarən tamaşaçılar
onlar üçün
qurulmuş möhtəşəm
əyləncə məkanlarından
istifadə edirlər.
Tədbirlər isə hər
kəs üçün
inanılmaz dərəcədə
maraqlı və unudulmayacaq məqamlarla yadda qalır.
“Formula-1”in dünyada
kifayət qədər
azarkeşi var. Bakı
Şəhər Halqasında
da tamaşaçıların
yarışı canlı
və təhlükəsiz
izləmələrinə hər
cür imkan yaradılıb. Bunun üçün Bakı Şəhər Halqasının müxtəlif
yerlərində tamaşaçı
tribunaları quraşdırılıb.
Həmin
tribunalar elə yüksək səviyyədə
quraşdırılıb ki,
daim istifadədə olsa belə, dağılıb sıradan
çıxmaz. Bütün dünyada
isə “Formula-1” Azərbaycan
mərhələsini 190 ölkədən
500 milyondan artıq tamaşaçı izləyir.
Bu göstərici ilə “Formula-1” azarkeş
sayının çoxluğuna
görə futboldan sonra ikinci idman
növü sayılır.
Bu mötəbər
yarışın yüksək
səviyyədə işıqlandırılmasına
müxtəlif ölkələrdən
təcrübəli müxbir
və fotoqraflar cəlb edilib. Hazırda
dünyanın ən böyük kütləvi
informasiya vasitələri,
eləcə də
100-dən çox ölkənin
xəbər agentlikləri
Bakıda keçiriləcək
“Formula-1” yarışı barədə
xəbərləri dünyaya
yayırlar.
Tək yarışın keçirilməsi
deyil, qonaqların, tamaşaçıların ölkəmizlə,
milli dəyərlərimizlə
tanışlığı, şəhərimizdə olduğu
günlərdə vaxtlarını
səmərəli keçirmələri
üçün yaradılan
şərait, dünyada
sevilən populyar müğənnilərin iştirakı
ilə konsert proqramlarının təşkili
Azərbaycanın mükəmməl
evsahibliyi nümunəsinin
ayrı-ayrı detallarıdır. Beləliklə, Azərbaycan yüksək təşkilatçılıq ənənəsinə bu dəfə də sadiqdir.
Beləliklə, yenidən Azərbaycan dünya idmansevərlərinin
diqqət mərkəzində
olacaq. Ölkəmizə bu münasibətlə
gələn qonaqlar, habelə paytaxt sakinləri yarışları
canlı şəkildə
izləyə bilirlər.
Şübhə yoxdur ki, “Odlar ölkəsində, sürət zirvəsində”
devizi ilə keçirilən bu yarışlar da insanlara uzun müddət xatırlanacaq
həyəcanlı və
sevincli dəqiqələr
bəxş edəcək.
Başqa cür ola da bilməz. Çünki bu yarışların təşkilatçısı dünyanın
idman mərkəzi olan Azərbaycan dövlətidir!
Rəşad CƏFƏRLİ,
Azərbaycan.- 2017.- 24 iyun.- S.1; 11