Moldova Prezidenti İqor Dodon Heydər Əliyev Mərkəzində olub
Azərbaycanda rəsmi səfərdə olan Moldova Prezidenti İqor Dodon iyunun 23-də Heydər Əliyev Mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Moldova Prezidenti İqor Dodona müasir Bakının rəmzinə çevrilən Mərkəzin fəaliyyəti haqqında məlumat verdi.
Bildirildi ki,
Mərkəz Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyev irsinin
tədqiqi və təbliği, Azərbaycanın tarixi və mədəniyyətinin, milli-mənəvi
sərvətlərinin beynəlxalq aləmdə
tanıdılması, eləcə də dünya
mədəniyyəti nümunələrinin ölkəmizdə
tanıdılması istiqamətində fəaliyyət
göstərir. Mərkəzdəki Heydər Əliyev Muzeyində
toplanan məlumatlar ziyarətçilərə
interaktiv formada
çatdırılır. Ümummilli Liderin həyat yolu
haqqında maraqlı faktlar foto və videomateriallar vasitəsilə
təqdim olunur. Hər bir mövzuya aid materiallar səsli formada həm Azərbaycan, həm də ingilis dilində verilir. Mərkəzdə müxtəlif mövzuları
əhatə edən sərgilər açılıb.
Ali qonaq "Azərbaycan inciləri"
sərgisi ilə tanış oldu. Azərbaycan tarixini və
mədəniyyətini əks
etdirən bu ekspozisiyada ölkənin tükənməz təbii
sərvətlərinə, çoxəsrlik
tarixinə, mədəni
irsinə dair nadir eksponatlar nümayiş olunur. Bu sərgi
Azərbaycan tarixi və mədəniyyətini
öyrənmək üçün
interaktiv və müasir vasitə kimi diqqəti çəkir.
Moldova Prezidenti
"Mini Azərbaycan" sərgisinə
də baxdı. Bu sərgidə
ali qonaq
Azərbaycanın tarixi
və memarlıq binalarının maketi vasitəsilə ölkəmizin
zəngin memarlıq nümunələrini görmək
imkanı əldə etdi.
Dövlət başçısı, həmçinin
müxtəlif tədbirlərin
keçirildiyi "Auditorium" zalında oldu.
Sonra İqor Dodon Heydər Əliyev Mərkəzində
“Klassik avtomobil sərgisi” ilə tanış oldu. Azərbaycan Avtomobil Federasiyasının
prezidenti Anar Ələkbərov diqqətə
çatdırdı ki,
sərgidə avtomobilin
yarandığı ilk dövrlərdən
– XIX əsrin sonlarından
başlayaraq Almaniya,
ABŞ, İtaliya, Fransa,
Böyük Britaniya və keçmiş
SSRİ-də istehsal olunmuş avtomobillər nümayiş etdirilir.
Ali qonaq Mərkəzin xatirə kitabına ürək sözlərini yazdı.
Azərbaycan.- 2017.- 24 iyun.- S.7.