“Azər-İlmə” Xalçaçılıq Mərkəzi
ilə tanışlıq
İyunun 23-də Moldova Respublikasının Prezidenti İqor Dodon Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində “Azər-İlmə” Xalçaçılıq Mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, ali qonaq burada xalçaçılıq emalatxanası, tədris mərkəzi, “Sehrli ilmələr” qalereyası ilə tanış olub. Moldova Prezidentinə məlumat verilib ki, respublikanın müstəqilliyinin ilk illərində yaranmış “Azər-İlmə”nin əsas məqsədi Azərbaycanın dərin tarixi köklərə malik xalçaçılıq sənətinin ənənələrini yaşatmaq və beynəlxalq miqyasda təbliğ etməkdir. Burada peşəkar xalçaçı-rəssamlar, toxucular, bərpaçı və boyaqçılardan ibarət yaradıcı kollektiv çalışır. Azərbaycan xalçalarının Bakı, Qazax-Borçalı, İrəvan, Naxçıvan, Qarabağ, Gəncə, Quba, Təbriz, Şirvan xalça qruplarının çeşniləri əsasında toxunan yüksək sıxlıqlı, orijinal tərtibatlı, şux koloritli yun və ipək xalçalar ABŞ, Almaniya, Rusiya, Fransa, Türkiyə, Avstraliya, Yaponiya, İsveçrə, İtaliya, Norveç, Cənubi Afrika və s. kimi ölkələrdə milli xalçaçılıq sənətimizi layiqincə təmsil edib, yüksək mükafatlara layiq görülüb. Mərkəzdə xalçaçılıq tarixinə dair elmi-fundamental tədqiqatların nəticəsi olaraq müxtəlif kitablar, broşürlər, “Azərbaycan xalçaları” elmi-publisistik jurnalı nəşr olunur, televiziya filmləri istehsal edilir. Azərbaycan Milli Elmlər Akademiyasının “Xalçaşünaslıq” sektoru da məhz “Azər-İlmə” Xalçaçılıq Mərkəzinin bazası əsasında fəaliyyət göstərir.
Ali qonaq “Sehrli ilmələr” qalereyasında saxlanılan Azərbaycanın qədim xovlu və xovsuz xalça nümunələri ilə tanış olub. Ona Azərbaycan və Moldova xalçaçılıq əlaqələrinin tarixi köklərindən, müasir vəziyyətindən, ortaq naxışlar və ornamentlər haqqında məlumat verilib. Bu əlaqələrin xalqlarımızın tarixən mövcud olmuş dostluq və qardaşlıq münasibətləri zəminində yarandığı və inkişaf etdiyi vurğulanıb.
Prezident İqor Dodon xalça emalatxanasında Azərbaycan xalçalarının toxunma prosesi ilə tanış olub.
Azərbaycan.- 2017.- 24 iyun.- S.7.