Heydər Əliyev Fondu tərəfindən
Ramazan bayramı ərəfəsində
aztəminatlı ailələrə yardım edildi
Heydər Əliyev Fondunun dəstəyi və Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ramazan bayramı ərəfəsində yardıma ehtiyacı olan şəhid, əlil, müharibə veteranlarına, rayonda məskunlaşmış məcburi köçkünlərə, tənha və kimsəsiz ailələrə ərzaq bağlamaları paylanılıb.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov mübarək Ramazan ayı münasibəti ilə təşkil edilən tədbirdə iştirak edənləri salamlayaraq qeyd etdi ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, mərhəmət və ruzi ayıdır. A.Əsgərov ölkəmizdə sabitliyin, inkişafın, birliyin və tolerantlığın hökm sürməsinin ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı. Ölkə rəhbərinin apardığı siyasət sayəsində Azərbaycanda tolerantlıq ənənələri daha da möhkəmlənmişdir.
A.Əsgərov qeyd etdi ki, bu il “İslam həmrəyliyi ili” çərçivəsində mötəbər idman bayramı - IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi, 54 müsəlman ölkəsini bir araya gətirən həmrəylik bayramı və Azərbaycan idmançılarının zəfəri Prezident İlham Əliyevin fəaliyyətinin bəhrəsidir. Birinci vitse-prezident Mehriban Əliyevanın azərbaycançılıq naminə, milli-mənəvi irsimizin qorunması istiqamətində gördüyü işlər, eyni zamanda, ölkə xaricində uğurlu fəaliyyəti göz qarşısındadır. Məscidlər, ziyarətgahlar və sinaqoqlar tikilərək və ya bərpa olunaraq dindarların istifadəsinə verilir. Ümummilli lider Heydər Əliyevin adını daşıyan fond yarandığı vaxtdan bu günə kimi milli-mənəvi dəyərlərimizin qorunmasına xüsusi önəm verir.
Heydər Əliyev Fondunun nümayəndəsi Ceyhun Aslanov müqəddəs Ramazan bayramı münasibətilə mərasim iştirakçılarını təbrik edərək fondun həyata keçirdiyi layihələr və tədbirlər haqqında məlumat verdi. Qeyd etdi ki, fond tərəfindən ölkə və dünya əhəmiyyətli tarixi abidələrin bərpası, Azərbaycan mədəniyyətinin xaricdə tanıdılması istiqamətində mühim tədbirlər həyata keçirilir. Fond xarici ölkələrdə müstəqil Azərbaycanın təqdimatını mədəniyyət günləri, sərgilər, habelə əlamətdar tarixi hadisələrə, tanınmış elm və mədəniyyət xadimlərinə həsr olunmuş tədbirlər təşkil etməklə yerinə yetirir. Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarının təşkilində fondun müstəsna xidmətləri var. Bütün bu tədbirlər Azərbaycan mədəniyyətinin təbliğində, milli-mənəvi dəyərlərimizin tanıdılmasında böyük əhəmiyyət kəsb edir.
Tədbirdə iştirak edənlər Ramazan bayramı münasibətilə göstərilən yardımlara görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
E.HACALIYEV,
Azərbaycan.- 2017.- 24 iyun.- S.8.