Bakı “Formula-1”in ən
mükəmməl təşkilatçılıq
modelini yaradır
Bakıda sürət,
adrenalin və həyəcan
yarışı olan
“Formula-1” üzrə dünya
çempionatının 8-ci mərhələsi - Azərbaycan
Qran-prisi başlayıb.
Paytaxtımızda on minlərlə
tamaşaçı bu
yarışların keçiriləcəyi
günü səbirsizliklə
gözləyirdi.
“Formula 1”in ötən
mövsümdəki birinci
Bakı mərhələsi
göstərdi ki, bu yarışlara təkcə dünyada deyil, Azərbaycanda da böyük maraq yaranıb. Həmin vaxt yalnız bolidlərin şütüdüyü Bakı
şəhər trekində
deyil, bütün tamaşaçı tribunalarında
izləyicilər üçün
hər cür şərait yaradılmışdı.
Dünyanın ən nüfuzlu idman turnirlərindən olan
“Formula-1” eyni zamanda, televiziya vasitəsilə ən çox izlənilən yarışlardandır.
Bu yarışlar tamaşaçı
auditoriyasına görə,
Olimpiya Oyunlarından və futbol üzrə dünya çempionatlarından sonra
üçüncü yeri
tutur. Təkcə bunu demək kifayətdir ki, Bakıda keçirilən
“Formula-1” Avropa Qran-prisi
yarışlarının yüksək
səviyyədə keçirildiyini
dünyanın 187 ölkəsindən
500 milyondan çox azarkeş televiziya vasitəsilə izləyib.
Bu il də yarışların uğurla
keçəcəyi şübhəsizdir.
Çünki Bakı
Şəhər Halqasında
hər şey xırdalığına qədər
hesablanıb və burada ən müasir texniki vasitələrdən istifadə
edilib. Bakı Şəhər Halqasında
təkcə “Formula-1” iştirakçılarının
deyil, tamaşaçıların
da təhlükəsizliyi
nəzərə alınıb.
Təbii ki, hər bir idman
növünün öz
auditoriyası olur. Azərbaycanda bu oyunlara olan maraq
nəzərə alınaraq
Bakı Şəhər
Halqasında 30 minə
yaxın tamaşaçının
yarışı canlı
və təhlükəsiz
izləməsinə imkan
yaradılıb. Bunun üçün ötən
il olduğu kimi, bu il
də Bakı Şəhər Halqasının
müxtəlif yerlərində
tamaşaçı tribunaları
quraşdırılıb. Bu tribunalar elə yüksək keyfiyyətlə
hazırlanıb ki, daimi istifadədə olsa belə, dağılıb sıradan
çıxmaz.
Bu gün Azərbaycan Qran-prisinin son
yarış günüdür.
Marşrut üzrə
bütün tribunalarda
son vəziyyətlə növbəti
dəfə tanış
olaq. Tribunalarda hər bir oturacaq
açılıb-yığıldığı
üçün insanlar
rahat və maneəsiz hərəkət
edə bilirlər. Tamaşaçılar yarışı
daha müfəssəl
izləsin deyə hər bir tribunanın
qarşısında böyükölçülü
monitorlar quraşdırılıb.
Sözügedən tribunalar
yarış məkanının
müxtəlif strateji
məkanlarında yerləşdirilib
və azarkeşlərə
həm şəhərin
füsunkar mənzərəsini,
həm də nəfəsçəkən yarış
anlarını yaxından
izləməyə şərait
yaradır. Bu tribunalara
bilet alanlar yarışı şəhərin
tarixi ruhu, onun keçmişdən günümüzədək gəlib
çatan irsi və Xəzərin təravətləndirici mehi
fonunda izləyə bilirlər.
Trekdə tribunalardan
əlavə, “ayaqüstü
zonalar” da var. Yarışı müxtəlif
nöqtələrdən izləmək
istəyən tamaşaçılar
üçün ümumi
giriş bileti yaradılıb. Bu bilet tamaşaçılara yarışı
trek boyunca müxtəlif
yerlərdə izləmək
fürsəti verir. Azarkeşlər yarışa
trekin fərqli hissələrində yerləşən
tamaşaçı podiumlarından
və ya çəmənliklərdə salınmış izləmək
yerlərindən tamaşa
edə bilirlər.
Ümumilikdə isə Bakı Şəhər Halqasında 9 yerdə tribuna quraşdırılıb.
Hər bir tribuna barədə növbəti dəfə qısa məlumat verək:
Abşeron - əsas
tribuna
Abşeron tribunası
yarışı dəqiq
və yaxından izləyə bilmək baxımından ən üstün mövqedə
yerləşib. Komandaların
avtoqarajları ilə
üzbəüz yerləşən
Abşeron tribunasına
bilet alanlar yarışın yüksək
adrenalin dolu başlanğıcına
şahid olmaq və həyəcanverici
pit-stop əməliyyatlarını izləmək üçün
ən yaxşı mövqeyə sahibdirlər.
Bu tribunada olan yarış həvəskarları
pit yolu, start düzülüşü
və finiş xəttini yaxından izləyə bilirlər.
Bu tribuna ən böyük olmaqla 5 sektordan ibarətdir.
Xəzər tribunası
Muzey Mərkəzinin
qarşısında və
Bulvar tribunası ilə üzbəüz yerləşən Xəzər
tribunasından bolidlərin
START/FİNİŞ xəttinə doğru saatda 300 km-i aşan sürətlə
hərəkətini yaxından
müşahidə etmək
mümkündür.
Bulvar tribunası
Dənizkənarı Milli Parkın Muzey Mərkəzi və Xəzər tribunası ilə üzbəüz hissəsində yerləşən
Bulvar tribunasında da bolidlərin
START/FİNİŞ xəttinə doğru saatda 300 km-i aşan sürətlə
hərəkətini izləmək
imkanı var.
Sahil tribunası
Bulvar boyunca davam edən sürət xətti üzərində 20-ci döngədə
yerləşən Sahil
tribunasında tamaşaçılar
yolun iki müxtəlif hissəsini
eyni anda izləmək imkanına malikdirlər. Trekin bu tribunadan görünən
hissəsində bolidlər
həm soldan sağa doğru
START/FİNİŞ istiqamətində
tam sürətlə, həm
də trekin digər tərəfində
5-ci və 6-cı döngələri
asan keçmək üçün aşağı
sürətlə hərəkət
edirlər. Bu da, öz növbəsində,
tamaşaçılara avtomobil
və sürücüləri
yaxından izləmək
üstünlüyü verir.
Muğam tribunası
Dənizkənarı Milli Parkda, Kukla Teatrının
qarşısındakı Muğam
tribunasından insanlar
yolun çarpaz hissəsində görüşən
bolidləri eyni anda müşahidə edə bilirlər. Trekin Muğam tribunasının düz qarşısında yerləşən
hissədə bolidlər
həm soldan sağa doğru
START/FİNİŞ istiqamətində, həm də buna əks istiqamətdə,
sağdan sola doğru
7-ci döngəyə tərəf,
İçərişəhərə dönənədək tam sürətlə
hərəkət edir.
İçərişəhər tribunası
Qala qapılarının
yanında yerləşən
İçərişəhər tribunası yarışı
izləməklə yanaşı,
qədim şəhərin
gözəlliklərinə də tamaşa etmək baxımından unikal mövqeyə malikdir. Bu tribunada tamaşaçılar yarışı
trekin İçərişəhər
divarları boyu uzanan yoxuş yolunun ən hündür nöqtəsindən
izləyir.
Qız qalası
tribunası
Qız qalası
ilə üzbəüz
yerləşən bu tribunada UNESCO-nun mədəni
irsinə daxil edilmiş bu tarixi abidənin nadir mənzərəsi fonunda
“F1” bolidlərinin yürüşünü
seyr etmək imkanı yaranacaq. Bu tribunada olan yarış həvəskarları
bolidlərin buradan
18-ci döngəyə tərəf
son sürətlə hərəkətini
və onların Qız qalasının tam qarşısından keçməklə
sürət zolağı
boyunca davam edəcək gərgin mübarizəsini izləyə
bilirlər.
Azneft tribunası
Azneft tribunası
Azneft dairəsi ətrafında yarışı
yaxından izləməyə
imkan verən strateji mövqedə yerləşir. Buraya bilet alan tamaşaçılar
Dənizkənarı parkın
Bakı tennis və Yaxt kluba yaxın
olan hissəsində qərarlaşmış nəfəsçəkici
16-cı döngəni ən
yaxşı yerdən
müşahidə etmək
imkanına malikdirlər.
Trekin eniş hissəsinin düz qurtaracağında yerləşən
Azneft tribunasında tamaşaçılar bolidlərin
16-cı döngəyə qədər
amansız rəqabətini,
kəskin dönüşlərini
və döngənin ardınca sahil boyu uzanan sürət
zolağında ötüşməsini
əvəzolunmaz mövqedə
izləyirlər. Tribuna
aşağı və
yuxarı hissələrdən
ibarətdir.
Filarmoniya tribunası
Filarmoniya tribunasında
tamaşaçılar Filarmoniya
bağının qarşısında,
trekdəki kəskin enişin 16-cı döngəyə
keçdiyi hissədə
davam edən gərgin mübarizəni izləmək imkanına sahibdirlər.
Xatırladaq ki,
“Formula-1” Azərbaycan Qran-prisində
tamaşaçıların trekə, Dənizkənarı
Milli Parkda yerləşəcək “F-1 Şəhərciyi”nə
və bilet aldıqları tribunalara rahatlıqla yaxınlaşmasını
təmin edəcək
ictimai nəqliyyat vasitələrinin adları
da artıq açıqlanıb. Yarış
günlərində Bakının
mərkəzi küçələrində
nəqliyyatın fasiləsiz
hərəkətini təmin
etmək məqsədilə
hazırlanan Nəqliyyatın
İdarə Olunması
Planına əsasən,
trekin yaxınlığından
keçən avtobuslar
və metronun müəyyən stansiyaları
səhər saat
06:00-dan gecə saat
02:00-dək gün ərzində
20 saat xidmət göstərir. Yarış
həftəsi ərzində
65, 5 və 53 nömrəli
avtobuslar müvafiq olaraq 5, 3 və 6 dəqiqəlik intervalla hərəkət edib. Trekə gəlmək üçün 65 nömrəli
avtobusun xidmətindən
yararlanmaq istəyən
tamaşaçılar Azərbaycan
prospektində Mərkəzi
Univermağın yaxınlığında
yerləşən dayanacaqda
enərək bilet aldıqları tribunayadək
piyada hərəkət
etməlidirlər. Trekə
5 nömrəli avtobusla
gəlmək istəyən
tamaşaçılar Rəşid
Behbudov ilə Nizami küçələrinin
kəsişməsində yerləşən
dayanacaqda enərək
bilet aldıqları tribunaya piyada yaxınlaşmalıdırlar. Trekə
53 nömrəli avtobus
vasitəsilə gəlmək
istəyən bilet sahibləri Bakı İdman Sarayının qarşısında yerləşən
dayanacaqda enərək
bilet aldıqları tribunaya tərəf piyada getməlidirlər. Yarışın keçiriləcəyi
məkana metro vasitəsilə
gəlmək istəyən
bilet sahibləri metronun 28 May, Sahil və “İçərişəhər”
metro stansiyalarında düşərək
trekə yaxınlaşa
bilərlər.
Qeyd edək ki, iyunun 22-si saat 14:00-dan etibarən yalnız bilet sahiblərinin Dənizkənarı
Milli Parka çıxışı
təmin edilib.
Elgün MƏNSİMOV,
Azərbaycan.- 2017.-25 iyun.- S.1; 5.