Paytaxtda “Formula-1” günləri
Azərbaycan Qran-prisində pilotları gərgin və
maraqlı mübarizə gözləyir
Bütün dünyanın diqqəti Bakıdadır. Yüz milyonlarla izləyici kütləsinə malik olan “Formula-1” yarışlarının həyəcanı bu dəfə Azərbaycanda yaşanır. Bu gün Bakıda “F-1” Azərbaycan Qran-prisinin əsas yarış günüdür.
Planetin bir nömrəli avtomobil yarışında dünyanın ən məşhur pilotları Luis Hamiltonu, Fernando Alonsonu, Sebastian Vetteli, Valtteri Bottası, Maks Ferstappeni və digərlərini Bakı Şəhər Halqasında gərgin və maraqlı mübarizə gözləyir.
Azarkeşlərin pilotlarla
tanışlığı
Bakı indiyədək bir sıra nüfuzlu idman yarışlarına evsahibliyi edib. Ölkəmiz ötən il ilk dəfə “Formula-1” yarışlarını keçirməklə nümunəvi təşkilatçılıqla və qonaqpərvərliklə dünyanı heyran etmişdi. Sayca ikinci dəfə ölkəmizdə keçirilən “Formula-1” Azərbaycan üçün yenilik olsa da, bu idman yarışı Bakı sakinləri tərəfindən böyük maraqla qarşılanır. Bunu bilet alışında yerli azarkeşlərin daha çox üstünlük təşkil etməsi də göstərir. Ümumiyyətlə isə “Formula-1” Azərbaycan Qran-prisinə dünyanın 57 ölkəsindən bilet alınıb.
Bakıda keçirilən Avropa Qran-prisinin digər maraqlı tərəfi tamaşaçıların əyləncəsi və mənalı istirahəti üçün təşkil edilən tədbirlərdir. Bunlardan biri “Formula-1” pilotları ilə tanışlıqdır. İyunun 23-dən etibarən “Formula-1” azarkeşləri sevdikləri pilotlarla görüşərək onlardan avtoqraf almaq imkanına malikdirlər.
Azarkeşlər avtoqraf sessiyasının ilk günündə “McLaren”, “Haas” və “Williams” komandalarının pilotları ilə görüşüblər. Dünən isə “Red Bull Racing”, “Ferrari”, “Mercedes” və “Renault” komandalarının ən məşhur pilotları ilə görüşüb, onlardan avtoqraflar alıblar.
Salam, Bakı
İyunun 22-dən etibarən Azneft meydanından Dəniz Vağzalına qədər bütün Dənizkənarı Milli Park ərazisində əyləncə zonaları fəaliyyətə başlayıb. Həmçinin azarkeşlər üçün pit yolu gəzintisi təşkil olunub. Bununla da onlar “Formula-1” aləminə daha da yaxınlaşırlar. Gəzinti zamanı azarkeşlər pit yolunu keçərək komandaların yarışa hazırlığına şahidlik edib, pit-stop əməliyyatlarını öz gözləri ilə görə biliblər. İzləyicilər komandaların qarajlarında dünyanın ən innovativ yarış avtomobillərinin mühəndis və mexaniklər tərəfindən necə sazlanması prosesinin şahidi olublar.
Tamaşaçılar üçün ən maraqlı oyun zonası “Formula-1 Şəhərciyi”ndə qurulub. Bayram ab-havasına bürünmüş Bakıda sürət və adrenalin həvəskarları məhz bu məkana toplaşırlar. Çünki burada sürət sevən fanatlar simulyatorlarda test edərək özlərini əsl “F-1” sürücüsü kimi hiss edə bilirlər. Azarkeşlər bu oyunlarda sanki Azərbaycan Qran-prisinin bir hissəsinə çevrilərək bu mötəbər yarışın həyəcanını yaşayır, onun adrenalinini hiss edirlər. Uşaqlar üçün əyləncəli yarışların təşkili də unudulmayıb. Burada uşaqlar üçün əyləncəli və təhlükəsiz mühitdə yol hərəkəti qaydalarını öyrədən sürücülük məktəbi yaradılıb. Bundan əlavə, uşaqlar müvəqqəti kartinq halqasında dövrələri daha tez başa vurmaq üçün yarışırlar.
Gələn mövsüm Bakı
trekində yeniliklər olacaq
“Formula-1”in idman direktoru Ross Braun bildirib ki, Bakıda yarışların təşkili ilə bağlı yaradılan şərait onu valeh edib. Yarışın yeni təşkilatçıları “Formula-1”də yeniliklər etməyi planlaşdırırlar: “Növbəti mövsüm Bakı Şəhər Halqasında bəzi texniki dəyişikliklər edəcəyik. Ekspertlər qrupu ilə birgə komandalar arasında fərqi aradan qaldırmağı, yarışın formatında dəyişikliklər etməyi nəzərdə tuturuq. Bütün bunlar tamaşaçıların bu yarışa marağının artırılmasına hesablanıb. Biz qısa zamanda böyük nailiyyətlərə imza ata bilmişik. Çalışırıq ki, yarışı daha az xərclə keçirmək mümkün olsun. Bunun üzərində işləyirik. Bu, ciddi araşdırmalar tələb edir. Gəlirimizin böyük hissəsini isə büdcəsi az olan komandaların inkişafına yönəldəcəyik. Belə olan halda rəqabət və baxımlılıq artacaq. Komandaların sayını da 12-13-ə qaldırmaq istəyirik”.
Təqvimin ən çətin və maraqlı mərhələsi
“Renault Sport” komandasının məsləhətçisi, dördqat dünya çempionu Alen Prost isə deyib ki, Azərbaycan Qran-prisində iştirak etmək böyük şərəfdir: “Qeyd etmək istəyirəm ki, hər şey ən yüksək səviyyədə təşkil edilib və texniki baxımdan şəhər yarışa hazırdır. Eyni zamanda sevindiricidir ki, “Formula-1”in coğrafiyası genişlənir. Trek uzun birbaşa və mürəkkəb dar döngələrlə çox maraqlıdır. Hesab edirəm ki, bu, təqvimdə ən çətin və ən maraqlı mərhələlərdən biridir. Trasın mürəkkəbliyi sərbəst yürüşlərdə baş verən qəzalarda da özünü göstərdi. Ümid edirəm ki, bu gün keçiriləcək əsas yarış günündə pilotlar səhvlərdən qaça biləcəklər”.
Dünya ulduzlarının ifasında möhtəşəm konsert
“Formula-1” Azərbaycan Qran-prisinin ikinci gününün həyəcanlı və maraqlı yarışlarından sonra azarkeşlər axşam saatlarında yenidən “Formula-1 Şəhərciyi”nə toplaşıblar. Dünya ulduzlarından Nikol Şerzinger və “The Black Eyed Peas” musiqi qrupu Bakıda avtoidman azarkeşlərinin qarşısında səhnəyə çıxıblar. Onlar Dənizkənarı Milli Parkda “Formula-1” həvəskarları üçün ən məşhur ifalarını səsləndiriblər. Enerjili və coşqulu ifalar konserti dinləməyə gələnlərə unudulmaz gecə yaşadıb.
Beləliklə, Bakıda bu gün yekunlaşacaq Azərbaycan Qran-prisi göstərir ki, “Formula-1” təkcə yarış deyil, həm də unudulmaz istirahət üçün möhtəşəm bir tədbirdir.
Elçin CƏFƏROV,
Azərbaycan.- 2017.-25 iyun.- S.5.