Güclü ordu, qüdrətli Sərkərdə
Azərbaycanın Silahlı Qüvvələri
Qarabağı azad etmək iqtidarında olduğunu tam təsdiqləyib
Azərbaycan xalqının məşhur məsəli var: ordum varsa, yurdum var!
Biz bu deyimin nə qədər real olduğunu tarixi təcrübəmizdə dəfələrlə görmüşük. Sovet imperiyasının süqutundan sonra Azərbaycan müstəqillik əldə etsə də, ölkəmizi daim əsarət altında saxlamaq istəyənlər, onun milli sərvətlərindən bəhrələnmək arzusunda olanlar istiqlaliyyətimiz ilə barışmaq istəmirdilər. Buna görə hələ ötən əsrin 80-ci illərinin sonlarında tarixdə “sınaqdan çıxmış” köhnə metoda əl atıldı - ermənilərin hər zaman alət millət olması nəzərə alınaraq süni şəkildə “Qarabağ problemi” yaradıldı, ərazilərimizin ələ keçirilməsi üçün məkrli planlar işə salındı. Sovet imperiyasının rəhbərliyinin, Moskvanın məqsədli və ikibaşlı oyunları, müxtəlif addımları nəticəsində Azərbaycan ədalətsiz hərbi münaqişəyə cəlb edildi.
Savaşın ilk dövrlərindən etibarən Ermənistan müxtəlif üsullarla silahlandırılırdı. Guya onlar hərbi hissələrə “hücum edib” silahlar ələ keçirirdilər. Amma bunların hamısının oyun olduğunu hadisələrin sonrakı inkişafı da təsdiqlədi. Digər tərəfdən, SSRİ-nin “Zaman” televiziya xəbərləri proqramı sistemli şəkildə Ermənistan ordusunun yaranması haqqında reportajlar verir, erməni hərbçilərinin fikirlərini tirajlayırdı. Hətta əsgərlərin hərbi biletlərini ekranda göstərirdilər. Bunun fonunda isə o dövrki Azərbaycan rəhbərliyində qəribə arxayınçılıq, “vəzifəni itirmək qorxusu” var idi. Azərbaycana rəhbərlik edənlər, xüsusən də Mütəllibov iqtidarı Azərbaycanın müstəqil dövlət olacağına inanmaq istəmirdilər. Ona görə də bu proseslərə laqeyd yanaşır, əks tədbirlər görmürdülər. Əksinə, dinc azərbaycanlı əhalinin ov tüfənglərini belə əllərindən aldılar. Bununla da həmin vaxtdan “tarazsızlaşdırma siyasəti”nə başlanıldı. Yəni, hərbi cəhətdən Ermənistana kömək edilərək onları daim Azərbaycandan daha çox təchiz etməyə çalışırdılar. Ermənilər odlu silahlarla silahlanırdı, avtomatları, topları vardı, Azərbaycan tərəfi isə əliyalın qalmışdı.
Kəndlərimiz qarət olunur, azərbaycanlılar girov götürülür, pul müqabilində azad edilirdilər. Bütün bunlara isə SSRİ-nin rəhbərliyi “növbətçi açıqlamalar” verməklə kifayətlənirdi. Azərbaycan əhalisi çaş-baş qalmışdı ki, bu necə olan işdir, bir dövlətin tərkibində yaşayırıq, amma bizim əl-qolumuzu bağlayıblar, ermənilər isə istədiklərini edirlər. Nə səsimizi eşidən var idi, nə də bizə silah verən! Dövlət rəhbərləri isə Ermənistandakı soydaşlarımızın zorla, fiziki təzyiqlərlə, hətta qəsdlərlə dədə-baba torpaqlarından çıxarılaraq Azərbaycana qovulmasına şərait yaradırdılar. Qarabağda yaşayan azərbaycanlılar məcbur olurdular ki, kəndlərini, ev-eşiklərini, torpaqlarını özləri qorusunlar. Gecə səhərə qədər kəndlərdə tonqal qalayırdılar. Çomaqla, baltayla, dəhrəylə keşik çəkirdilər. Əlbəttə, əliyalın insanların silahlı “saqqallılar” qarşısında dayanması uzun çəkə bilməzdi.
Bir qədər keçəndən sonra Azərbaycanda xalqın təzyiqi, təhdidi qarşısında xüsusi təyinatlı milis dəstələri yaradıldı. Hər 2-3 əməkdaşa bir tapança, hərdən isə “təlim avtomatı” verirdilər. Bu strukturun formalaşması da əslində, simvolik idi. Hər kənddən bir neçə nəfəri seçib bu dəstəyə üzv edirdilər.
Lakin bu zaman artıq ermənilər pulemyotlar, zirehli texnika ilə silahlanmışdılar. Xalq gördü ki, özü öz başına çarə qılmasa, dövlət heç nə etməyəcək! Beləliklə, yavaş-yavaş insanlar müxtəlif ov tüfəngləri və digər silahlar, məktəblərdən təlim avtomatları əldə etməyə başladılar. Beləliklə, ilk könüllü özünümüdafiə batalyonları yaradıldı. Yəni, artıq ermənilərin silahlandırılması tam başa çatandan sonra biz silahlanmağa başladıq.
***
Ə.Vəzirovun, ardınca isə A.Mütəllibovun “ov tüfənglərini yığmaq” tapşırığından sonra AXC-Müsavat cütlüyünün Azərbaycan ordusunu “yaratmaq” addımları da özünəməxsus və qəribə idi. Onlar səriştəsizliklərini bu sahədə də göstərdilər. Təsadüfi deyil ki, təyin etdikləri ilk müdafiə naziri vətən xaini çıxdı!
Orduda xidmət edən əsgərlər kimlər idi? Küçə ilə gedənlər, dayanacaqda duranlar. Reydlər zamanı əllərinə kim keçirdi təlimsiz-hazırlıqsız birbaşa cəbhəyə göndərirdilər. İnsanları həbsxanalardan buraxırdılar ki, gedin vətəni müdafiə edin! Bu adamların da bir qismi cəbhəyə gedib silah əldə edəndən sonra Bakıya qayıdaraq yeni cinayətlər törətdilər. Ondan sonra isə cinayətkarlığın sayı artmağa başladı. Əslində, elə ordu quruculuğunun nəticəsi belə olmalı idi!
Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da möhtəşəm nailiyyətlərə imza atdı. O, uzun müddət dövlət təhlükəsizliyi orqanlarında işləmiş, SSRİ-nin rəhbərlərindən biri olmuşdu. Həm dünyada gedən siyasi proseslərdən, həm də hərbi sahədən kifayət qədər xəbəri vardı.
Ulu öndər hələ Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olan vaxtdan ölkəmizdə ordu quruculuğuna başlamışdı. Hansı formada? Ordu ilk növbədə milli zabit kadrların olması deməkdir və Heydər Əliyev öz nüfuzu və hörməti ilə mərkəzə müəyyən təsirlər edərək Cəmşid Naxçıvanski adına hərbi təmayüllü internat məktəbini yaratmışdı. Bu, o dövr üçün çox mühüm addım idi.
Həmin vaxt Azərbaycanda bir neçə ali hərbi məktəb olsa da, kursantların çoxu digər millətlərin nümayəndələri idilər. Həmin məktəblərdə azərbaycanlılar demək olar ki, yox idi. Ulu öndər öz nüfuzundan istifadə edərək kvota müəyyənləşdirdi ki, məktəblər Azərbaycanda yerləşdiyi üçün qəbul olunanların müəyyən faizi azərbaycanlılar olmalıdır. Bu da o dövr üçün çox mühüm hadisə idi!
Beləliklə, o dövrdə daha çox inşaat batalyonlarında xidmət edən, hərbi hissələrdə mətbəxlərdə qeyri-hərbi sahələrə yönəldilən Azərbaycan gəncləri hərbi təhsil almağa başladılar. Müstəqillik dövründə Azərbaycan ordusu yarananda zabit heyətinin özəyini həmin insanlar təşkil etdi. SSRİ-nin başqa yerlərində xidmətdə olanlar öz vətənlərinə qayıtmaq arzularını bildirdilər.
***
Həmin dövrdə gec də olsa, Müdafiə Nazirliyinin tərkibində müxtəlif batalyonlar yaradılmışdı. Düzdür, o batalyonların hamısı vətənin müdafiəsinə xidmət etmirdi. Bir çoxu müxtəlif siyasi partiyaların maraqlarını güdürdü. Həmin silahlı dəstələr ulu öndər tərəfindən ləğv olundu və əvəzində vahid komandanlığa tabe olan nizami Azərbaycan Ordusu yaradıldı. Bu, bütün ictimaiyyətdə böyük ruh yüksəkliyi doğurdu! Tezliklə Horadiz əməliyyatı keçirildi, indiki Çocuq Mərcanlı kəndi də daxil olmaqla 22 yaşayış məntəqəsi işğaldan azad edildi.
Bu əməliyyatdan sonra ermənilər atəşkəs müqaviləsini imzalamağa məcbur oldular. Çünki gördülər ki, yeni yaradılmış bu orduyla Azərbaycan onlara üstün gəlir. Ona görə məcburiyyət qarşısında qalaraq atəşkəsə də razı oldular. Bundan sonra isə Heydər Əliyev ordu quruculuğu prosesini tam miqyasda həyata keçirməyə başladı.
O illər çox çətin və ağır dövr idi. Çünki dövlət büdcəsi boş idi, 1 milyondan çox qaçqın və məcburi köçkün çöllərdə qalmışdı. Dövlət onlara da qayğı göstərməli idi. Amma necə? İqtisadiyyat tənəzzül etmiş, güclü inflyasiya, anarxiya və xaos davam etməkdə idi. Lakin Heydər Əliyev sutkanın 18 saatını işləməyi və problemlərin həllinə nail olmağı bacaran dövlət rəhbərlərindən idi. Ona görə də bütün bu istiqamətlərdə çox qısa müddətdə böyük işlər görüldü. Atəşkəs elan olunandan sonra qeyri-qanuni silahlı dəstələr ləğv edildi, əhalidə olan külli miqdarda silah-sursat toplanıldı. Ölkədə möhkəm və dönməz sabitlik yarandı. Nəhayət, iqtisadi islahatlara start verildi, bazar iqtisadiyyatı münasibətlərinə keçid üçün addımlar atıldı, özəlləşdirmə proqramları həyata keçirildi. Ən mühüm tarixi hadisə “Əsrin müqaviləsi” neft kontraktının imzalanması oldu! Beləliklə, həm də dünyanın aparıcı dövlətlərinin maraqları müstəqil Azərbaycanın maraqları ilə uzlaşdırıldı.
Bütün bu proseslərlə paralel ordu quruculuğu durmadan davam etdirildi, qısa müddətdə Azərbaycan Ordusu lazımi səviyyədə formalaşdırıldı.
***
Ulu öndərin ordu ilə bağlı müəyyən etdiyi strategiya bu gün onun layiqli siyasi davamçısı olan Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirilir. Cənab İlham Əliyevin bəyan etdiyi kimi, ordunun gücləndirilməsi daim prioritet məsələdir. Məlum olduğu kimi, Heydər Əliyevin müəllifi olduğu neft strategiyası 2005-ci ildən öz bəhrəsini verməyə başladı, Azərbaycanın iqtisadi imkanları daha da artdı. Məhz bundan səmərəli istifadə edərək ölkəmizin dinamik və davamlı inkişafına nail olan Prezident İlham Əliyevin diqqət yetirdiyi əsas məsələlərdən biri də ordudur. 2007-ci ildən etibarən Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsini ötdü. Ordumuzun arsenalına ən yeni silahlar daxil edildi. Hərbi hissələr ən müasir texnologiyaya əsaslanan silahlarla təchiz olunmağa başladı.
Beləliklə, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü iqtisadiyyatına və modern ordusuna sahibdir.
Ordunun digər vacib şərtlərindən biri onun idarə olunmasıdır. Texnika da var, əsgərlər də! Amma bunlar komandirlərin hazırladığı planlar, keçirilən təlimlər zamanı toplanan təcrübə əsasında idarə olunmalıdır. Artıq ordunun mükəmməl idarə olunması, döyüşlər zamanı müxtəlif qoşun növləri arasında əlaqələrin koordinasiya edilməsi üçün müasir, intellektual komanda-idarəetmə mərkəzimiz var.
***
Ordu quruculuğu tam
başa çatsa da, ordu təchizatı başa
çatmayıb. Çünki
bu, davamlı bir prosesdir. Daim sistemli şəkildə
yeni silahlar alınır. Artıq müasir
texnologiyalar əsasında istehsal aparan Müdafiə Sənayesi
Nazirliyi də yaradılıb. Minə qədər
adda müxtəlif təyinatlı silah-sursatlar istehsal edilir.
Azərbaycanın snayper silahları,
avtomatları, tapançaları var. Azərbaycan
özünün zirehli texnikasını yaradıb. Azərbaycan artıq silah ixracına başlayıb.
Yəni, sabah müharibə başlasa,
bizim heç bir dövlətdən
asılılığımız olmayacaq.
Ordunun ən mühüm
şərtlərindən biri Ali Baş Komandanın
özünün Silahlı Qüvvələrə
bağlı olması, hərbi işi dərindən bilməyi
və daim ordunun problemləri ilə yaşayıb, onları
uğurla həll etməyi bacarmasıdır. Bu sahədə
də Azərbaycan Ordusunun bəxti gətirib. Cənab İlham Əliyev sistemli şəkildə təmas
xəttində, səngərlərdə olur, əsgərlərlə
görüşür, onları təltif edir, durumları ilə
maraqlanır, onlarla birgə əsgər yeməyi yeyir. Bunlar həm orduda böyük ruh yüksəkliyi
doğurur, həm də onun daxilində olan məsələləri
öyrənib problemlərin dərhal həll olunmasına
şərait yaradır. Bütövlükdə, ordu-rəhbər
birliyi, ordu-xalq vəhdəti özünün yüksək səviyyədə
həllini tapmışdır!
Bu vəhdətin təsdiqini biz
ötən il Lələtəpə
uğrunda döyüşlərdə gördük. Həmin vaxt həyata keçirilən hərbi əməliyyatar
Azərbaycan Ordusunun nəyə qadir olduğunu göstərdi.
Gördük ki, bu ordu çox qısa müddətdə
qarşısına qoyulan vəzifələri yüksək səviyyədə
həyata keçirmək iqtidarındadır. Ermənilər uzun müddət kimlərinsə sayəsində
“keçilməz sədd”, “aşılmaz maneələr”, “dəf
edilməz səngərlər” yaratmışdı.
Amma Lələtəpə əməliyyatı
göstərdi ki, bütün bunlar mifdir, Azərbaycan əsgəri
üçün asan hədəfdir! Həm də
o əməliyyatlarda bizim malik olduğumuz silah-sursatın
cüzi qismi işlədildi. Çünki
əvvəlcədən hazırlanmış hücum əməliyyatı
deyildi ki, bütün texnika oraya yığılsın.
Uğurlu əməliyyat nəticəsində həm də Azərbaycan
xalqının orduya olan məhəbbəti, inamı qat-qat
artdı! Təmas xəttində yaşayan əhali
uzun illər idi ki, ordumuza inanaraq orada yaşayır. Lələtəpə
əməliyyatı zamanı onlar inamlarını əməli
işdə sınadılar, evlərini tərk etmədilər
və əmin oldular ki, Azərbaycan Ordusuna güvənmək
mümkündür!
Əməliyyatda plana
uyğun olaraq güclü müdafiə təşkil
edilmişdi. Ermənilər görəndə ki orduya gücləri
çatmır, murdar xislətlərinə sadiq qalaraq dinc əhalini
hədəf seçdilər. Yaşayış
evlərini gülləyə, mərmiyə tutdular. Bu zaman insanlar o qədər mütəşəkkil
və peşəkar hərəkət etdilər ki,
çoxsaylı evlər, tikililər dağıdılsa da, əhali
arasında böyük tələfat olmadı. Deməli, cəbhə bölgəsində yaşayan
Azərbaycan vətəndaşları da hərbi əməliyyatlar
zamanı necə hərəkət etməyi öyrənib.
Əhali arasında təfriqə, qorxu,
köç-filan yaranmadı. Bunun
özü də müharibə zamanı çox vacib amillərdəndir.
***
Aprel döyüşləri
başlayanda yüzlərlə Azərbaycan gənci hərbi xidmətə
çağırış vərəqəsini gözləmədən
döyüşmək istəyi ilə səfərbərlik
orqanlarına müraciət etdilər. Əməliyyat
gedən əraziyə bu gəncləri buraxmamaq
üçün bir sədd yaratmışdılar. Ermənistan
tərəfdə isə Azərbaycan əsgərindən, Azərbaycan
silahından qorxub qaçan erməni əsgərlərini
saxlamaq üçün sədd çəkmişdilər, hətta
onları geriyə qaytarmaq üçün güllə ilə
vururdular da! Bərkə düşən kimi erməni
hərbçiləri qaçmağa başlayırlar.
Çünki bilirlər ki, Qarabağ onların deyil və
müvəqqəti bu ərazidədirlər!
Ordu quruculuğunun mərkəzində,
özəyində insan amili dayanır. Yəni, ilk
olaraq, insan vətənini sevməli, fiziki cəhətdən
güclü, sağlam, mənən zəngin,
döyüşkən olmalı, qorxmadan düşmən
üzərinə getməyi bacarmalıdır və nəhayət,
hərbi vərdişlərə yiyələnməklə
silahlardan məharətlə istifadə etməlidir. Əgər orduda vətənpərvər, sağlam,
güclü, torpağını sevən insanlar olmasa,
müasir texnologiyaya əsaslanan silahlardan, texnikadan da səmərəli
istifadə etmək çətindir.
Bu mənada ordumuzun
gücü həm də şəxsi heyətin yüksək mənəvi
durumu ilə ölçülür. Azərbaycan Ordusu bu
sahədə əsl nümunə ortaya qoyur. Bizim
Mübariz İbrahimov, Fərid Əhmədov, Çingiz
Qurbanov, Raquf Orucov kimi qəhrəmanlarımız var. Onlar Azərbaycan
əsgərinin mərdlik, cəsarət, qorxmazlıq, igidlik
simvoluna çevriliblər. Bunun səbəblərindən
biri vətən sevgisidirsə, digər mühüm səbəb
Ali Baş Komandanın nümayiş etdirdiyi vətənpərvərlik
örnəyidir. Azərbaycan Prezidenti
davamlı şəkildə əsgər kazarmalarında olur,
mövcud şəraitlə maraqlanır. Xidmətini
başa çatdıran zabitlərə mənzillər verilir.
Ermənistanda isə gördüyümüz
odur ki, erməni anaları öldürülmüş
uşaqlarının şəkilləri əllərində
öz rəhbərlərindən haqq-hesab sorurlar. Bu cür hallar getdikcə daha da kütləviləşir.
9-cu sinifdən sonra erməni valideynlər
uşaqlarını orta məktəbdən çıxarıb
müxtəlif “səmərəli üsullarla” - rüşvət
verməklə xaricə qaçırırlar. Ermənistanda
hərbi çağırış zamanı hərbi hissələri
komplektləşdirmək mümkün olmur!
Qürurverici məsələlərdən
biri odur ki, bu gün hərbi təhsil alanlar arasında xeyli
sayda məcburi köçkün övladları var. Onlar hərbi
peşəyə yiyələnməklə bəyan edirlər
ki, müharibə başlayanda öndə olacaqlar,
çünki öz torpaqlarını özləri azad etmək
istəyirlər! Bu, orduya məhəbbətdir, dövlətə
inamdır!
Azərbaycan gənci
çağırış vərəqəsi gəlmədən
könüllü olaraq orduya getmək istəyir. Erməni tərəfi isə
təklif edir ki, kim Qarabağda üç
il xidmət etsə, ona 10 min dollar veriləcək. Vətən sevgisinin nəticəsidir ki, Azərbaycan
gənci torpaq uğrunda canından keçir, şəhid
olur. Ermənistan gəncini isə orduya gətirmək
üçün ona rüşvət təklif edirlər.
Bu, üstünlükdür,
dönüşdür, dəyişiklikdir. Bu dəyişikliyin nümunəsini bir neçə
gün əvvəl də gördük. İyunun
14-də Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin
açılışında iştirak etdi. İlkin olaraq 50 mənzil tikilib. Amma
250 ailə kəndə qayıtmaq arzusundadır. İnsanlarda nə qədər dövlətə
güvən, torpağa sevgi var ki, hər kəs kəndə
qayıtmaq, orada yaşamaq istəyir. Bu,
Orduya və Ali Baş Komandana olan inam və etibardır.
***
Ordunun arxalandığı bir
neçə digər məqam da var. Birincisi, onun tərkibi
daim təzələnməlidir, köhnə əsgər, zabit
heyətini yeniləri əvəz etməlidir və say tərkibi çoxalmalıdır. Bu cəhətdən
bizdə heç bir problem yoxdur! Azərbaycan Ordusunda fərarilik
daha yoxdur! Fərarilik Ermənistana xas olan
faktdır. İkincisi, silah-sursat təminatı
sahəsində də vəziyyət ürəkaçandır.
Çünki həm xaricdən silah-sursat və
ya texnika alırıq, həm də özümüz istehsal
edirik. Digər mühüm məsələ
isə ordunun idarə olunmasıdır. Sistemli
şəkildə Azərbaycanda döyüş vəziyyətinə
uyğun, atışlı hərbi təlimlərin
keçirilməsi ordunun döyüş qabiliyyətinin və
təcrübəsinin artırılmasında, qoşun növlərinin
koordinasiyalı idarə olunmasında mühüm əhəmiyyət
kəsb edir.
Ermənilər hərdən
Ağdamın Uzundərə adlanan yerində bir neçə
sınıq-salxaq texnika ilə atəş açıb səs-küy
çıxarırlar ki, guya hərbi təlim keçirirlər. Amma Azərbaycanın
keçirdiyi hərbi təlimlərdə yüzlərlə
zirehli texnika, canlı qüvvə, artilleriya qurğusu,
döyüş aviasiyası atəş meydanına
çıxır. Təlimlərə
uzaqvuran toplar, vertolyotlar, təyyarələr cəlb edilir.
Azərbaycan artıq Türkiyə ordusuyla birgə
təlimlər keçirir. Bunlar sıradan hadisələr
deyil! Özü də real atışlı təlimlər
ordunun hərbi əməliyyatlara hazırlığı
üçün çox vacib şərtdir. Əsgərlərimiz hər təlimdən sonra
müharibə şəraitinə uyğun təcrübə
toplayırlar. Bundan başqa, texnikanı
necə idarə etmək lazım olduğunu öyrənirlər.
Təhlillərin aparılması, ani qərarlar və s. barədə
təcrübələrini artırırlar. Hər
bir təlim həm də böyük vəsait deməkdir.
Məhz vəsaitin yoxluğu imkan vermir ki, ermənilər
çoxsaylı texnikanın cəlb edildiyi güclü təlimlər
keçirsinlər.
Bunlar Qarabağ müharibəsində böyük qələbənin hazırlıq məşqidir. Azərbaycan öz torpaqlarını işğaldan azad etmək qətiyyətindədir! Cənab İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan bir qarış torpağını belə heç kəsə güzəştə getməyəcək, torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcək! Təəssüf ki, ATƏT-in Minsk qrupu və digər beynəlxalq təşkilatlar BMT-nin məlum dörd qətnaməsinin icrasını təmin etmirlər. Dünyada ikili standartlar var! Daim deyirlər ki, məsələ sülh yolu ilə həll olunsun! Sülh yolunda isə Ermənistan danışıqlara gəlmir, yaxud onu danışıqlara gətirmirlər. Bu mənada sülh danışıqları məhz erməni tərəfinin destruktivliyi səbəbindən baş tutmur. Lakin bir dəfə də olsun, Ermənistan rəhbərliyinə sual etmirlər ki, sənin qoşunların niyə Azərbaycan torpaqlarındadır?! Ali Baş Komandan İlham Əliyev də bəyan etdi ki, əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpaqlarından rədd olub getsin!
Azərbaycan hələ
ki, sülh danışıqlarına sadiqdir. Lakin hərb variantı da istisna deyil!
Ordunun modernləşdirilməsi, yeni
silahların alınması, keçirilən təlimlər Azərbaycanın
ərazi bütövlüyünün bərpasına xidmət
edir. Əgər beynəlxalq qurumlar istəmirlərsə
müharibə baş versin, birinci növbədə problemin
sülh yolu ilə həllinə nail olmalıdırlar.
Onlar işğalçını öz adı ilə
çağırmalıdırlar! BMT-nin qətnamələrini
yerinə yetirməlidirlər!
Bunların heç biri yoxdursa, onda hərbi
əməliyyatdan çəkindirməyin, snayperləri təmas
xəttindən geri çəkmək, atəşkəsə əməl
etmək barədə çağırışların
heç bir effekti olmayacaq! Çünki Azərbaycan öz
torpağını, işğal edilmiş ərazilərini
azad etmək istəyir! Bunu hər bir Azərbaycan vətəndaşı,
hər bir zabit və əsgər istəyir!
Bu məsələ nə qədər
tez sülh yolu ilə həllini tapsa, o qədər
yaxşıdır! Çünki artıq Azərbaycanın
qüdrətli ordusu və qətiyyətli, prinsipial mövqeyi
var! Bunu hamı bilməlidir: tək ermənilər yox,
onların havadarları da! İndiyədək erməniləri
sülh danışıqlarına vadar etməyən, yaxud
danışıqlar masasına gətirmək istəməyən
beynəlxalq təşkilatlar və dövlətlər də
dərk etməlidirlər ki, Azərbaycanın səbri tükənməz
deyil!
Gücü isə kifayət qədərdir!
Bəxtiyar SADIQOV
//Azərbaycan. -
2017.-25 iyun.- S.1; 3.