Azərbaycan-Moldova əlaqələri möhkəmlənir

 

Azərbaycan və Moldova arasında diplomatik münasibətlərin qurulması dövlət müstəqilliyi əldə etdiyimiz ilk dövrlərə təsadüf edir. Moldova ölkəmizin müstəqilliyini 8 may 1992-ci ildə tanımış və iki ölkə arasında əlaqələr inkişaf etməyə başlamışdır. Həmin vaxtdan etibarən sabit inkişaf xətti götürərək tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlər bir çox mühüm hadisələrlə əlamətdar olmuşdur. Azərbaycanın Moldovada səfirliyi 5 oktyabr 2005-ci ildə fəaliyyətə başlamışdır. Ötən müddətdə hər iki dövlət beynəlxalq hüququn ümumi qəbul edilmiş norma və prinsiplərini rəhbər tutaraq əlaqələrini uğurla inkişaf etdirməkdədir.

Dövlət başçılarının qarşılıqlı səfərləri ikitərəfli münasibətlərə əlavə impulslar vermişmühüm nəticələrlə yadda qalmışdır. Bu gün ölkələrimiz arasında mövcud olan siyasiiqtisadi münasibətlərin xarakteri deməyə əsas verir ki, Moldova Azərbaycanla əlaqələrin daha da genişləndirilməsində maraqlıdır. Bu maraq ilk növbədə, Azərbaycanın Qərblə Şərqi qovuşduran geostrateji tranzit xətlərinin təmas məkanında yerləşməsi, qlobal enerjikommunikasiya layihələrinin reallaşdırılmasında aparıcı rol oynaması, habelə zəngin intellektual resurslara malik olması ilə şərtlənir.

Moldova Respublikası iqtisadiyyatın bütün sahələrində ölkəmizlə əməkdaşlığı dərinləşdirməyə maraq göstərir. Bu, Azərbaycan və Moldova respublikalarının prezidentləri arasında aparılmış danışıqlarda, həmçinin iki dövlətin yüksək vəzifəli rəsmilərinin və adamlarının keçirdikləri görüşlərdə bir daha təsdiqlənmişdir.

Moldova Respublikasının Prezidenti İqor Dodonun bu günlərdə Azərbaycana rəsmi səfəri də əlamətdar oldu. Prezident İlham Əliyev Moldova Respublikasının Prezidenti İqor Dodon ilə keçirdiyi görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, humanitar və digər sahələrdə inkişaf etdirilməsi məsələsini müzakirə etdilər. Dövlət başçıları ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu qeyd edərək əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğuladılar. Sosialhumanitar layihələr, eləcə də regionlararası əməkdaşlıq məsələləri də müzakirə predmeti oldu. Məlumat üçün qeyd edək ki, 2016-cı ildə ölkələrimiz arasında qarşılıqlı ticarətin həcmi 30 faiz artıb. Ümumilikdə isə ticarət dövriyyəsi 5 milyon dollar səviyyəsindədir. Ölkə başçıları iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün adamlarının görüşlərinin müntəzəm keçirilməsini də vacib saydılar.

Dövlət başçıları geniş tərkibdə keçirilən görüşdə siyasi əlaqələrin yüksək səviyyədə olduğunuMoldova Prezidentinin Azərbaycana rəsmi səfərinin iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərinin müzakirə edilməsi üçün önəm kəsb etdiyini vurğuladılar. Görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Moldova Prezidenti İqor Dodonun mətbuat konfransı keçirildi. Prezident İlham Əliyev iki ölkə arasında əlaqələri belə xarakterizə edib: “Bu gün biz həmçinin ticari-iqtisadi əməkdaşlıqla bağlı məsələləri də çox geniş müzakirə etdik. Bu sahədə yaxşı potensial var. Artıq bizim orqanlara müvafiq təlimatlar verilib ki, əmtəə dövriyyəsinin artırılması ilə əlaqədar məsələlərin razılaşdırılması prosesi sürətləndirilsin. Əlbəttə, bunun üçün ümid edirik ki, lap yaxın vaxtda hökumətlərarası birgə komissiya toplaşacaq. Çoxdan bəri toplaşmayan komissiyanın bu iclasında qarşılıqlı ticarətin necə artırılması, investisiyalar üzrə hansı imkanların olması, bizim şirkətlərin birgə iştirak edə biləcəkləri hansı infrastruktur layihələrinin mövcud olması kimi mühüm məsələlər müzakirə ediləcək. Yəni, bu məsələlər bloku da böyük əhəmiyyət kəsb edir, çünki ticari-iqtisadi münasibətlərin bugünkü səviyyəsi, əlbəttə, bizi qane edə bilməz. Biz bilirik ki, qat-qat artıq potensial var. Energetika və nəqliyyat sahələrində əməkdaşlığın da böyük perspektivləri var. Biz Azərbaycanda çoxlu nəqliyyat və enerji layihələri həyata keçiririk. Bu layihələr artıq çoxdan ölkəmizin hüdudlarından kənara çıxıb. Bu istiqamətdə moldovalı tərəfdaşlarımızla əməkdaşlıq etmək maraqlı olardı.

Bu gün biz regionlararası əlaqələr məsələlərini də müzakirə etdik. Bu sahədə ölkələrimizin müxtəlif regionları arasında münasibətlərin strukturlaşdırılması və ya formalaşdırılması üzrə konkret addımlar nəzərdə tutmuşuq. Əlbəttə, humanitar əməkdaşlıqla bağlı məsələlər də müzakirə edilib. Moldova Prezidenti mənə dedi ki, dünən o, Azərbaycandakı moldav icmasının nümayəndələri ilə görüşüb. Moldovadakı Azərbaycan diasporu da çox fəal işləyir və Prezidentin onlara göstərdiyi diqqətə görə ona təşəkkür edirəm. Bu da ikitərəfli münasibətlərdə mühüm amildir”.

Moldova əlverişli coğrafi mövqeyinə, zəngin təbii resurslarına və demokratik inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilmiş Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə, respublikamızın avrostrukturlara daha dinamik inteqrasiyasına maraq göstərir. Moldova Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin gerçəkləşməsində əsas söz sahibi kimi çıxış edən Azərbaycanın bütövlükdə Avropanın enerji təhlükəsizliyindəki mühüm rolunu yüksək qiymətləndirir, respublikamızla enerji sektorunda fəal əməkdaşlıq niyyətini izhar edir.

Moldova Respublikasının Prezidenti İqor Dodon bildirib: “Sosialhumanitar layihələrə gəldikdə, bizim ölkədə - Moldovada bəzi sosial layihələrin mümkünlüyünü müzakirə etdik. Biz Moldovanın regionlarında, xüsusən Qaqauziyada bəzi layihələri müzakirə etdik. Mənimlə bərabər Qaqauziyanın rəhbəri - başqanı da nümayəndə heyətinin tərkibindədir. Çox ümid edirəm ki, biz Moldova Respublikasının regionlarında, xüsusən Qaqauziyadagüman edirəm ki, başqa regionlarda da bəzi konkret sosial layihələrin icrasına başlayacağıq.

Çox ümid edirəm ki, ən yaxın vaxtda siyasi sahədə yeni konkret addımlar atacağıq. Ola bilsin ki, lap yaxın vaxtlarda bizim təkcə prezidentlər, hökumətlərarası komissiya səviyyəsində deyil, həm də siyasi partiyalar səviyyəsində əməkdaşlığımız üçün müəyyən partiyalararası razılaşmalar da imzalanacaq. Qoy siyasi partiyalar da öz aralarında əməkdaşlıq etsinlər.

Mən Prezident İlham Əliyevi Moldova Respublikasına rəsmi səfərə dəvət etdim. Onun Moldovaya sonuncu rəsmi səfəri 2005-ci ildə olub. Çox ümid edirəm ki, Azərbaycan Prezidentinin gələn il Moldova Respublikasına səfər etməyə imkanı olacaqo vaxta qədər hansı konkret işlər görüldüyünü həmin səfər çərçivəsində nəzərdən keçirəcəyik. Buna görə də bizim nazirlərə tövsiyə edirəm ki, bugünkü görüşümüzdən sonra gələn il üçün konkret nəticələr əldə olunsun”.

Azərbaycan-Moldova münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur. Beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsiplərindən biri kimi sərhədlərin toxunulmazlığını rəhbər tutan Moldova Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə dəstək verdiyini dəfələrlə təsdiqləmiş, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirmiş, Azərbaycanın, habelə beynəlxalq ictimaiyyətin bu istiqamətdə göstərdiyi səyləri dəstəkləmiş və bu dəstəyi davam etdirməkdədir.

Moldova Prezidentinin ölkəmizə rəsmi səfərinin yekunları iki dövlət arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminlik yaratdı. Bu səfər xalqlarımız arasında mövcud əlaqələrin bundan sonra da genişlənəcəyinə imkan yaradacaqdır.

 

Elnur HACALIYEV

 

Azərbaycan.- 2017.- 25 iyun.- S.2.