İslam dünyasının həmrəylik bayramı
Bu gün mübarək orucluq ayı başa çatır. Sabah müsəlmanlar Ramazan bayramını qeyd edəcəklər. Hicri-qəməri təqvimlə şəvval ayının 1-də başlayan və bir neçə gün davam edən bayram Ramazan ayının qurtarması ilə əlamətdardır. Bu bayram Allah-təalanın mömin bəndələrinə bir ay boyunca tutduqları oruc müqabilində mükafatıdır.
Ramazan bayramında oruc tutmaq haramdır. Müsəlmanlar bayram günü çimib təmizlənir,
təzə və ya təmiz paltar
geyirlər. Hamı bir-birini
bayram münasibətilə
təbrik edir, bir-biri üçün Tanrıya dua edir.
Hər bir müsəlman üçün bir ay oruc tutmaq fərz
olduğu kimi, Ramazan bayramında fitrə zəkatı vermək də vacibdir. Hədisi-şərifdə deyilir ki,
Allah bəndəsindən tələb
olunan fitrə verilməyənədək Ramazan
ayında tutulmuş oruc Yerlə göy arasında asılı qalır.
Müsəlman fitrə zəkatını
bəxş etdiyi nemətlərə görə
uca Yaradana şükür etmək, bayram günü kasıbları sevindirmək,
oruc vaxtı buraxdığı səhvlərdən
təmizlənmək üçün
verir. Fitrəni yalnız imkanlı
şəxslər çıxarmalıdırlar.
Ailə sahibi ailənin hər bir üzvünün
adından fitrə verməlidir.
Vaxtilə fitrə
buğda, arpa, xurma, düyü, kişmiş və s. ərzaq məhsullarından
adambaşına təxminən
3 kiloqram həcmində
ödənilirdi. Zaman keçdikcə
kasıblara və ehtiyacı olanlara münasibətdə göstərilən
bu xeyirxahlıq başqa formalar da almışdır.
İndi fitrəni pul şəklində də verirlər. Əslində, bu, daha münasibdir. Belə ki,
fitrəni pul kimi qəbul edən şəxs onu öz ehtiyaclarına
uyğun şəkildə
xərcləmək imkanı
əldə edir.
Özü də fitrə
yalnız halal maldan verilməlidir.
Fitrə bayram namazı başlayanadək çıxarılmalıdır. Əks təqdirdə,
bu, fitrə hesab olunmur, adi sədəqə sayılır. Fitrəni bayramdan
bir-iki gün əvvəl də çıxarmaq olar.
Çıxarılan fitrə ilk növbədə
ehtiyacı olan qohumlara, qonşulara, tanışlara, eləcə
də digər insanlara verilir. Fitrə bir
kasıbın azı bir günlük qida ehtiyacını ödəməlidir. İmkanlı müsəlmanlar daha çox fitrə çıxarıb savab qazanırlar. Özü də
bir şəxsin fitrəsi bir kasıba da verilə, bir neçə kasıb arasında da bölünə bilər.
Ramazan bayramının fəzilətləri
təkcə fitrə çıxarmaqla məhdudlaşmır. Bayram günlərində
müsəlman ailələrində
şənlik əhvali-ruhiyyəsi
hökm sürür.
Uşaqlara hədiyyələr verilir, qonşular, dostlar bir-birinə qonaq gedir, bayram
sovqatları aparırlar.
Qohum-əqrəba bir yerə toplaşır, bayramı birlikdə qeyd edirlər. İncikliklər aradan qalxır,
küsülülər barışırlar.
Ramazan bayramı həm də müsəlmanların
həmrəyliyini, birliyini,
onların arasında qarşılıqlı anlaşmanı
möhkəmlədən mühüm
hadisədir. Bayramın davam etdiyi günlərdə insanlar bir-birinə qəlbən daha yaxın olur, bayram sevincini
bölüşürlər.
Bütün müsəlman dünyasında olduğu kimi, ölkəmizdə də Ramazan bayramı yüksək səviyyədə qeyd edilir. İnsanları şənlik, fərəh duyğuları bürüyür. Bayram münasibətilə iki gün qeyri-iş günü elan edilir. Halbuki sovet dövründə xalqımız belə bir imkandan məhrum idi. Milli müstəqilliyin bərpasından sonra ölkəmizdə dövlət-din münasibətləri nizama salınmış, etiqad azadlığı təmin edilmişdir. Ateist sovet rejiminin möminlərə dözümsüz münasibətini, cəmiyyətə aşıladığı mənəviyyatsızlığı müasir tələblərə cavab verən dövlət siyasəti əvəz etmişdir. Bu siyasətin əsas istiqamətlərindən biri də yeni məscidlərin inşası, mövcud məscidlərin təmir və bərpa olunub möminlərin ixtiyarına verilməsidir. Sovet dövründə ölkədə cəmi 17 məscid fəaliyyət göstərirdi. Milli müstəqilliyin bərpasından bəri isə 2 mindən çox məscid inşa olunmuşdur. Vaxtilə bolşeviklərin dağıtdığı Bibiheybət məscidi yenidən inşa olunmuş və paytaxtın memarlıq inciləri arasında layiqli yerini almışdır. Ölkənin ən qədim məscidi - 734-cü ildə tikilmiş Şamaxı Cümə məscidi tamamilə yenidən qurulmuşdur. Eyni zamanda, paytaxt Bakıda Cənubi Qafqazın ən möhtəşəm məscidi - Heydər məscidi inşa edilmişdir. Bu istiqamətdə tədbirlər davam edir.
Digər tərəfdən, islam dünyasında birliyin və həmrəyliyin möhkəmləndirilməsi dövlət siyasətinin üstün istiqamətlərindəndir. Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının, ISESCO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü olaraq müsəlman aləmi ilə qarşılıqlı faydalı əlaqələr yaratmış, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı olmuşdur. Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfə vermişdir. Dövlətimizin müsəlman dünyasında qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapmışdır. Ötən ay möhtəşəm idman tədbirinin - IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində keçirilməsi isə ölkəmizin İslam həmrəylinin möhkəmləndirilməsi naminə növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır.
Prezident İlham Əliyevin orucluq ayında Qafqaz Müsəlmanları İdarəsinin təşkil etdiyi iftar mərasimində iştirakı artıq ənənəvi hal almışdır. Dövlət başçısı on dördüncü dəfə həmin mərasimdə möminlərlə bir araya gəlmişdir. Həmçinin dövlət başçısı orucluq ayında müntəzəm olaraq müsəlman ölkələrinin Bakıdakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edir.
Ramazan bayramı qeyd olunarkən şəriət qaydaları hər bir müsəlman xalqının milli adət-ənənələri ilə çulğalaşır. Bu, ölkəmizdə də belədir. Bayram ərəfəsində müsəlman vətəndaşlarımız qəbiristanlıqları ziyarət edib dünyadan köçmüş əzizlərini anır, torpaqlarımızın müdafiəsinə qalxıb şəhid olmuş vətən övladlarını yad edir, onların ruhuna Quran ayələri oxutdururlar.
Bayramınız mübarək olsun! Allah çıxardığınız fitrənin əvəzini versin!
Allahverdi MEHDİYEV,
Azərbaycan.- 2017.- 25 iyun.- S.7.