İsmayıllının yolları turizm mövsümünə hazırdır

 

Hər bir ölkənin abadlığı, iqtisadi gücünün səviyyəsi bir sıra meyarlarla ölçülür. Onların arasında yol infrastrukturunun əhəmiyyəti daha çoxdur. Xüsusən də həmin  yol turizm bölgəsindən keçirsə... Bu baxımdan “Azəravtoyol” ASC-nin İsmayıllıdakı  “9 ¹-li Yol İstismarı” MMC-nin üzərinə çox düşür.

86 kilometr respublika əhəmiyyətli, 279 kilometr yerli əhəmiyyətli avtomobil yollarına, 23 körpüyə və digər yol qurğularına xidmət edən MMC-nin direktoru Məhəmməd Musayev bildirdi ki, bu ilin ötən dövründə avtomobil yollarında bir sıra təmir işləri yerinə yetiriblər. Təmir işləri əsasən Muğanlı-İsmayıllı, Qaraməryəm-İsmayıllı-Şəki və yerli əhəmiyyətli yollarda aparılıb: “Muğanlı-İsmayıllı avtomobil yolunun 0-12, 24-25, 27-29-cu kilometrlərində torpaq sürüşməsi nəticəsində yolun çiyinlərinə tökülmüş qrunt kütlələri yoldan kənarlaşdırılıb, yolun hərəkət hissəsində əmələ gəlmiş qabarmalar, çökmələr aradan qaldırılıb. Həmçinin yolun daralmış hissələri genişləndirilib, Muğanlı-İsmayıllı, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yollarının asfalt-beton örtüyündə  çalalar təmir olunub. Eyni zamanda, yolun çiyinləri hamarlanıb, sınmış siqnal dirəkləri yeniləri ilə əvəz olunub, körpü keçidlərindəki çayların məcraları, suötürücü boruların giriş-çıxışları təmizlənib. Muğanlı-İsmayıllı avtomobil yolunun 0-40, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 30-46-cı kilometr hissəsində xətləmə işləri aparılıb. İstismar müddətini ötmüş yol nişanları yeniləri ilə əvəz olunub”.

Müsahibimiz onu da dedi ki, son vaxtlar yağıntıların çox olması və bu səbəbdən sürüşmələrin aktivləşməsi xidməti ərazidə yerləşən yollara ciddi ziyan vurub: “Basqal-Sulut avtomobil yolunda baş verən sürüşmə ətraf kəndlərin rayon mərkəzi ilə əlaqəsinin  kəsilməsinə səbəb olmuşdu. Kürdüvan-Mücü, Basqal-Tağlabiyan-Kəlfərəc, Basqal-Qıçatan avtomobil yollarının çınqıl örtüyüyuyulmuşdu. Gördüyümüz tədbirlər nəticəsində yolların çınqıl örtüyü bərpa olundu, Basqal-Sulut avtomobil yolunun sürüşmə baş vermiş ərazisindən yan keçməklə yeni alternativ yol çəkildi. Ümumiyyətlə, qışın sərt keçməsi işimizi xeyli artırmışdı. Buna baxmayaraq, sərt döngələrə, eniş-yoxuşlu hissələrə qumduz səpərək yollarda nəqliyyatın təhlükəsiz hərəkətini təmin etdik. Fevral ayında güclü küləyin qarı sovuraraq İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yoluna toplaması nəticəsində orada nəqliyyatın hərəkəti mümkünsüz olmuşdu. Problemi qısa müddətdə aradan qaldırdıq. Bundan əlavə, magistral yoldan Yenikəndə qədər olan yola çınqıl töküb təmir işləri apadıq.

Bir neçə gün əvvəl  sel-suları Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 35-46-cı kilometrliyində  hərəkət hissəsinə lil, qum, daş, çınqıl topladığından orada nəqliyyatın hərəkəti dayanmışdı. Sel yollardakı suötürücü boruların giriş-çıxışlarına, körpülərin sunizamlayıcı bəndlərinə də ziyan vurmuşdu.  Görülən təxirəsalınmaz tədbirlər nəticəsində yollarda nəqliyyatın hərəkəti bərpa olunub. Bir sözlə, yollarımız mövsümə hazır vəziyyətə gətirilib”.

 

Əli SƏLİMOV,

 

Azərbaycan. - 2017.-25 iyun.- S.9.