Azərbaycan ilə Fransa arasında
ikitərəfli əlaqələr gələcəkdə də
uğurla davam etdiriləcəkdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Fransa Respublikası Milli Assambleyasının keçmiş üzvü, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Manselin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev Jan-Fransua Manselin ölkəmizə səfərinin Fransa-Azərbaycan əlaqələri haqqında bir daha danışmaq üçün yaxşı fürsət yaratdığını dedi. Prezident İlham Əliyev Azərbaycan həqiqətlərini Fransa ictimaiyyətinə, o cümlədən Fransanın siyasi dairələrinə çatdırdığına və Fransa-Azərbaycan əlaqələrinin inkişafında oynadığı çox böyük rola görə Jan-Fransua Manselə təşəkkür etdi. Dövlətimizin başçısı Fransa parlamentini təmsil edən nümayəndə heyətlərinin ölkəmizə müntəzəm səfərlərinin önəmini qeyd etdi. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafında özünün Fransaya builki rəsmi səfərinin xüsusi yer tutduğunu vurğulayan Prezident İlham Əliyev səfərin yüksək səviyyədə keçdiyini və çox uğurlu olduğunu, Fransa-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı çox səmimi söhbət aparıldığını dedi. Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin gələcəkdə də uğurlu olacağına əminliyini ifadə etdi.
Fransa
Respublikası Milli Assambleyasının keçmiş üzvü,
Fransada Azərbaycanın Dostları
Assosiasiyasının prezidenti Jan-Fransua Mansel ölkəmizə
səfər etməsindən və Prezident
İlham Əliyev ilə yenidən
görüşündən şərəf duyduğunu
bildirdi. Jan-Fransua Mansel Fransa
Senatı nümayəndələrinin ölkələrimiz
arasında əlaqələrin inkişafına öz töhfələrini vermələri
istiqamətində səylərini əsirgəməyəcəyini
dedi və bu məqsədlə
həyata keçirəcəkləri layihələr və fəaliyyət
planları barədə dövlətimizin
başçısına məlumat verdi.
Azərbaycan.-
2017.- 25 iyun.- S.1.