Azərbaycan Respublikasının Şəhərsalma və
Tikinti Məcəlləsində dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 20-ci bəndlərini rəhbər tutaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 9, maddə 838; 2014, ¹ 7, maddələr 766, 787, ¹ 10, maddə 1165; 2015, ¹ 5, maddə 503; 2016, ¹ 11, maddə 1773, ¹ 12, maddə 2010) aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 15.1.3-1-ci maddə əlavə edilsin:
“15.1.3-1. tikinti fəaliyyətinin mühəndis-axtarış, layihələndirmə, tikinti-quraşdırma, mexanikləşdirmə və nəqletmə, tikinti materiallarının istehsalı və tikinti layihələrinin ekspertizası kimi peşə sahələri üzrə fəaliyyət göstərən şəxslərin peşəkarlıq səviyyəsi ilə bağlı texniki normativ hüquqi aktlar;”.
2. 51-ci maddədə “fəsildə” sözü “Məcəllənin 15.1.3-1-ci maddəsində nəzərdə tutulmuş şəhərsalma və tikintiyə dair texniki normativ hüquqi aktlar əsasında” sözləri ilə əvəz edilsin.
3. 52.1-ci maddə ləğv edilsin.
4. 52.3-cü maddədə “sertifikatlarının verilməsi və ya ləğv edilməsi qaydaları, habelə sertifikatlaşdırılmalı peşələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir” sözləri “sertifikatları “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, uyğunluğu qiymətləndirən qurumlar tərəfindən verilir” sözləri ilə əvəz edilsin.
5. 60.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“60.1. Bina və qurğuların layihələndirilməsi və tikintisi zamanı tikinti ərazisinin baş planı, memarlıq-planlaşdırma və konstruksiya bölmələri, mühəndis-kommunikasiya təminatı və inşaat materialları ilə bağlı yanğın təhlükəsizliyinə dair ümumi tələblər bu Məcəllənin 15.1.4-cü maddəsində nəzərdə tutulmuş şəhərsalma və tikintiyə dair texniki normativ hüquqi aktlar əsasında müəyyən edilir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
16 may 2017-ci il
Azərbaycan.- 2017.-30 iyun.-
S.10.