İqtisadi sahədə əməkdaşlığın
genişləndirilməsi üçün
yaxşı potensial var
İyunun 27-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və
Polşa Respublikasının Prezidenti Andjey Dudanın nümayəndə
heyətlərinin iştirakı ilə geniş tərkibdə
görüşü olub.
AZƏRTAC-ın xüsusi
müxbiri xəbər verir ki, görüşdə Polşa
Prezidenti ölkələrimiz arasında siyasi sahədə əlaqələrin
uğurla inkişaf etdiyini bildirdi, qarşılıqlı
ticarət dövriyyəsinin daha da artırılmasının
vacibliyini qeyd etdi. İqtisadi sahədə əməkdaşlığın
genişləndirilməsi üçün yaxşı
potensialın olduğunu bildirən Prezident Andjey Duda bu sahədə
imkanların araşdırılması baxımından Azərbaycan-Polşa
biznes forumunun və imzalanan sənədlərin əhəmiyyətini
vurğuladı.
Prezident İlham Əliyevin
Polşaya rəsmi səfərinin ölkələrimiz
arasında münasibətlərin inkişafında yeni mərhələnin
başlanmasına təkan verəcəyini qeyd edən Prezident
Andjey Duda bildirdi ki, Polşa Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində,
BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi
əsasında həll olunmasını dəstəkləyir.
Prezident İlham Əliyev Azərbaycan-Polşa
siyasi əlaqələrinin yüksək səviyyədə
olduğunu bildirdi, bu səfərin ikitərəfli münasibətlərin
perspektivlərinin müzakirəsi üçün
yaxşı imkan yaratdığını dedi. Dövlətimizin
başçısı ölkələrimiz arasında iqtisadi
sahədə əlaqələrin genişləndirilməsi
üçün yaxşı imkanların olduğunu
vurğuladı, bu baxımdan Azərbaycan-Polşa biznes
forumunun əhəmiyyətini qeyd etdi.
Söhbət zamanı, həmçinin
nəqliyyat, dəmir yolu, energetika, infrastruktur, kənd təsərrüfatı,
maşınqayırma, turizm, ərzaq, tikinti, əczaçılıq
sahələrində əməkdaşlığın
perspektivləri ətrafında fikir mübadiləsi
aparıldı.
Azərbaycan.-
2017.-30 iyun.- S.2.