Azərbaycan Polşanın Şərq siyasətində
mühüm yer tuturlar
İyunun 28-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Varşavada
Polşa Respublikasının Baş naziri xanım Beata
Şidlo ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Baş nazir Beata Şidlo Prezident İlham Əliyevin Polşaya rəsmi səfərinin ikitərəfli münasibətlərin genişləndirilməsi baxımından önəmini qeyd etdi, Azərbaycan-Polşa biznes forumunun iqtisadi əməkdaşlığın dərinləşdirilməsində əhəmiyyətini vurğuladı. Azərbaycan-Polşa diplomatik əlaqələrinin qurulmasının 25 illiyinin qeyd olunduğunu bildirən Baş nazir ölkələrimiz arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğuladı.
Beata Şidlo Polşanın Azərbaycanın regionda rolunu yüksək qiymətləndirdiyini, ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsi istiqamətində səylərini dəstəklədiyini və bu dəstəyin gələcəkdə də davam etdiriləcəyini söylədi. Polşanın Baş naziri səfər çərçivəsində imzalanan sənədlərin əməkdaşlığın daha da genişləndirilməsi üçün möhkəm hüquqi baza yaratdığını dedi.
Ölkələrimiz arasında qarşılıqlı ticarət dövriyyəsinin həcminin artırılmasında maraqlı olduqlarını deyən Baş nazir bildirdi ki, Polşa Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi istiqamətində səylərini dəstəkləyir və yüksək qiymətləndirir. Polşa şirkətləri də bu istiqamətdə fəal iştirak etməyə hazırdırlar. Baş nazir hökumətlərarası komissiyanın işinin daha da fəallaşdırılmasının əlaqələrimizin inkişafında önəmini qeyd etdi. Beata Şidlo bildirdi ki, regionda böyük rol oynayan Azərbaycan Polşanın Şərq siyasətində mühüm yer tutur. Baş nazir Azərbaycanın balanslı siyasət həyata keçirdiyini bildirərək, ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını xüsusi vurğuladı, bu baxımdan Cənub Qaz Dəhlizinin önəmini qeyd etdi.
Baş nazir Beata Şidlo ilə əvvəlki görüşünü xatırlayan Prezident İlham Əliyev Polşaya rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi, qarşıda duran məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirdi. İkitərəfli əməkdaşlığın uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev Polşanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə təbriklərini çatdırdı. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan və Polşa beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də və Avropa strukturlarında uğurla əməkdaşlıq edirlər. İkitərəfli münasibətlərimizin Azərbaycan-Avropa İttifaqı əlaqələri baxımından önəmini vurğulayan Prezident İlham Əliyev Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın uğurla inkişaf etdiyini, bu istiqamətdə yeni saziş üzərində iş aparıldığını dedi. Prezident İlham Əliyev beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasında Azərbaycanın fəal iştirak etdiyini dedi və bu istiqamətdə Polşa ilə əməkdaşlığın yaxşı perspektivlərə malik olduğunu vurğuladı.
Dövlətimizin başçısı ikitərəfli siyasi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq, qarşılıqlı ticarət dövriyyəsinin ölkələrimizin mövcud potensialını tam əks etdirmədiyini, onun artırılması üçün əsas istiqamətlərin müəyyənləşdirilməsində Azərbaycanın maraqlı olduğunu bildirdi.
Görüşdə Azərbaycan ilə Polşa arasında nəqliyyat, energetika, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
***
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Polşa
Respublikasına rəsmi səfəri iyunun
28-də başa çatıb.
Azərbaycan.-
2017.- 30 iyun.- S.5.