Mehriban Əliyeva: "Bütün fəaliyyətimdə,
bugünkü çox məsuliyyətli vəzifəmdə mənim
güc mənbəyim xalqdır"
Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban Əliyeva mərasimdə iştirak
etdi
Qəzalı vəziyyətdə
olan binalarda məskunlaşmış məcburi
köçkün ailələrinin yeni mənzillərlə təmin
olunması layihəsinin icrası çərçivəsində
iyunun 27-də Abşeron rayonunun Masazır qəsəbəsində
yeni mənzillərin verilməsi mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva mərasimdə iştirak edib.
Xanım Mehriban Əliyeva mərasimdə çıxış etdi.
Birinci
vitse-prezident Mehriban Əliyevanın çıxışı
-Hörmətli mərasim
iştirakçıları, əziz dostlar.
İlk növbədə, sizin hər
birinizi müqəddəs Ramazan bayramı münasibətilə
ürəkdən təbrik edirəm. Bütün Azərbaycan
xalqına əmin-amanlıq, yeni-yeni uğurlar və möhkəm
cansağlığı arzulayıram.
Ramazan ayı dünya müsəlmanlarını
sülh və birlik yoluna, xeyirxah əməllərə, saf
niyyətlərə, mərhəmətə və mənəvi
kamilliyə dəvət edir. Ramazan ayı bizim hər birimizi
ehtiyacı olan, çətinliklərlə üzləşən
insanlara yardım etməyə dəvət edir. Bugünkü
görüşümüz bu baxımdan rəmzi məna
daşıyır. Ermənistanın işğalçı
siyasətindən əziyyət çəkən
soydaşlarımızın bir qismi bu gün yeni mənzillərlə
təmin olunur, onların yaşayış şəraiti
yaxşılaşır. Sizin həyatınızda yeni dövr
başlayır. Sizin həyat tərziniz yaxşılaşacaq.
Mən bu münasibətlə sizi ürəkdən təbrik
edirəm, yeni mənzillərinizdə sizə xoşbəxt
ömür arzulayıram.
Ermənistanın artıq 20 ildən
çoxdur ki, davam edən işğalçı siyasəti nəticəsində
ölkəmizdə bir milyon qaçqın və məcburi
köçkün mövcuddur. Bu insanların problemlərinin
həlli, onların yaşayış şəraitinin
yaxşılaşdırılması, iş, təhsil, tibb və
digər xidmətlərlə təmin edilməsi Azərbaycan
dövlətinin daim diqqət mərkəzindədir. İyirmi
ildən çoxdur ki, bu sahədə ardıcıl olaraq
bütün lazımi tədbirlər həyata keçirilir,
addımlar atılır. Bildiyiniz kimi, - baxmayaraq ki, müstəqilliyimizin
ilk illərində dövlətimiz böyük çətinliklərlə
üzləşmişdir, - Azərbaycan Hökuməti ölkəmizdə
mövcud olan bütün çadır şəhərciklərini
qısa bir zamanda ləğv etdirmişdir. Azərbaycanda məcburi
köçkün ailələri üçün 100-dək
müasir yaşayış kompleksi inşa olunmuşdur. Bu qəsəbələrdə
bütün lazımi infrastruktur yaradılmışdır. Qəsəbələr
məktəb və bağçalarla təmin olunmuşdur.
Dörd yüz mindən çox məcburi köçkün
iş yeri ilə təmin edilmişdir. Bu gün də
soydaşlarımızın işlə təmin olunması sahəsində
dövlət proqramları həyata keçirilir. Bir daha qeyd
etmək istəyirəm ki, bu, Azərbaycan dövləti
üçün ən ağır, ən vacib problemdir. Azərbaycan
dövləti bu problemin həlli üçün bütün
lazımi tədbirləri görür və bu siyasət bundan
sonra da davam etdiriləcəkdir.
Mən öz fəaliyyətimdə
sosial problemlərin, xüsusilə də qaçqın və
məcburi köçkün ailələrinin problemlərinin,
çətinliklərinin həllinə xüsusi diqqətlə
yanaşıram. Birinci vitse-prezident vəzifəmdə ilk
müşavirəm məhz bu problemlərin həllinə
yönəlmişdir. Bizim qarşımızda duran məqsəd
ilkin mərhələdə Bakı və Sumqayıt şəhərlərində
yararsız, qəzalı, yarımçıq tikilmiş
binalarda məskunlaşmış dörd min məcburi
köçkün ailəsini yeni mənzillərlə təmin
etməkdir. Bunun üçün bütün lazımi
göstərişlər verilib, artıq tədbirlər
görülür və əminəm ki, biz bu məqsədimizə
nail olacağıq. Bu ilin may ayında Qaradağ rayonunun
Lökbatan qəsəbəsinin yaxınlığında 1026
ailəlik yeni yaşayış qəsəbəsinin təməli
qoyuldu. Bu qəsəbədə bütün lazımi
infrastruktur - tibb məntəqəsi, 600 şagird yerlik məktəb,
uşaq bağçası inşa olunacaq. Burada artıq
inşaat işləri başlayıb. Əminəm ki, işlər
qısa bir zamanda başa çatdırılacaq və bu
gün çox ağır vəziyyətdə yaşayan daha
1026 məcburi köçkün ailəsi yeni mənzillərlə
təmin olunacaq.
Azərbaycan dövləti tərəfindən
bu tədbirlərin icrası üçün, ümumilikdə,
6 milyard manatdan çox vəsait ayrılmışdır. Bu gün
Azərbaycanda qaçqın və məcburi
köçkünlərə dövlət tərəfindən
ayrılmış vəsait nisbət etibarilə
dünyanın ən yuxarı göstəriciləri
arasındadır. Azərbaycan dövlətinin bu sahədə
əldə etdiyi nailiyyətlər, bizim təcrübəmiz
artıq dünyada bir model kimi qəbul olunur.
Bir daha qeyd etmək istəyirəm
ki, bu gün Azərbaycan qüdrətli, güclü dövlətdir
və qarşıda duran məsələlərin həlli
üçün bütün lazımi addımlar
atılır, bütün lazımi tədbirlər həyata
keçirilir. Çox xoşdur ki, dövlətlə
yanaşı, biznes strukturları da, iş adamları da
bütün cəmiyyətimiz üçün vacib olan bu
problemə biganə qalmayıb və onlar da bu ağır
problemin həllinə öz töhfələrini verməkdədirlər.
Bu gün Xəzər rayonunun
Şüvəlan qəsəbəsində yararsız binada və
Xətai rayonunda yarımçıq tikilmiş binada məskunlaşmış
214 ailə Masazır və Mehdiabad qəsəbələrində
yeni inşa olunmuş və tam təmirli mənzillərə
köçürülür. Məhz iş adamlarının
yardımı ilə bu gün 214 ailənin yaşayış
şəraiti yaxşılaşacaq. Fürsətdən istifadə
edərək, həmin şirkətlərə dərin minnətdarlığımı
bildirirəm. Hesab edirəm ki, bu, çox təqdirəlayiq
bir haldır. Ümidvaram ki, digər iş adamları, ölkəmizdə
fəaliyyət göstərən digər biznes strukturları
da gələcəkdə bu təşəbbüsə
qoşulacaqlar. Bu, bizim cəmiyyətimizin birliyinin göstəricisidir,
eyni zamanda, Azərbaycanın ən gözəl ənənələrindən
biri olan xeyriyyəçilik ənənəsinin
davamıdır.
Mən hesab edirəm ki, ölkəmizdə
fəaliyyət göstərən biznes strukturları, iş
adamları, özəl sektor sosial məsuliyyət haqqında
ciddi düşünməli və cəmiyyətimizi narahat edən
problemlərin həllində fəal iştirak etməlidirlər.
Xüsusilə də onlar bizim hər birimiz üçün ən
ağır problem olan qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitini
yaxşılaşdırmaq işində iştirak etməlidirlər.
Azərbaycan dövləti öz vətəndaşlarına,
xüsusən də sizlərə - böyük çətinliklərlə
üzləşən qaçqın və məcburi
köçkün ailələrinə hər zaman diqqətlə
yanaşır, öz qayğısını göstərir. Hər
bir azərbaycanlının ən böyük arzusu
torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycanın
ərazi bütövlüyünün bərpa
olunmasıdır. Hamımızın arzusu budur ki, hər bir
qaçqın və məcburi köçkün doğma
yurduna, doğma torpağına qayıtsın. Arzumuz budur ki,
işğaldan azad olunan kəndlərimiz, şəhərlərimiz
bərpa edilsin, yeni qəsəbələr salınsın və
insanlar normal həyat tərzinə qayıtsınlar. Dövlətimiz
bunun üçün əlindən gələni edir. Biz isə
bu yolda birlik nümayiş etdirməliyik və
inanmalıyıq ki, qarşımızda duran bütün məqsədlərə
mütləq çatacağıq.
Mən bir daha sizin hər birinizi
ürəkdən təbrik edirəm, sizə
cansağlığı və yeni uğurlar arzulayıram.
Çox sağ olun.
***
Füzuli rayonundan məcburi
köçkün Rafiz
KƏRİMOV çıxış edərək dedi:
-Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, hörmətli mərasim
iştirakçıları. İcazə verin,
hamınızı Ramazan bayramı münasibətilə təbrik
edim, sizə cansağlığı, xoşbəxtlik
arzulayım.
Hörmətli Mehriban xanım, icazə
verin bu fürsətdən istifadə edib Birinci vitse-prezident təyin
edilməyiniz münasibətilə Sizi səmimi qəlbdən
təbrik edim və Azərbaycan Prezidenti İlham Əliyevə
bu təyinatına görə təşəkkürümü
və minnətdarlığımı çatdırım.
Hörmətli Mehriban xanım, Sizin həm
ölkə daxilindəki, həm də xaricdəki əməli
fəaliyyətiniz Azərbaycan xalqının gözü
qabağındadır. Müstəsna hal olaraq qeyd edim ki, xarici
ölkələrdə Azərbaycan tarixinin, mədəniyyətinin,
incəsənətinin təqdim edilməsində şəxsən
Sizin Azərbaycan vətəndaşı kimi böyük xidmətləriniz
olmuşdur və bunun sayəsində Azərbaycan bu gün
sülhsevər bir ölkə kimi, idman, mədəniyyət mərkəzi
kimi tanınır.
Mehriban xanım, biz 20 ildən
çoxdur Xəzər rayonunun ərazisində məskunlaşmışıq.
Çətinliklərlə də rastlaşmışıq,
problemlərimiz də olub. Lakin Sizin deputat olarkən də
gördüyünüz işlər məhz bizim
gözümüzün qabağında olub. İstər səhiyyə,
istər elm sahəsində, istər ərazidə olan yeni
quruculuq işlərində, - mən hamısını bir-bir
sadalayıb vaxtınızı almaq istəmirəm, - məktəbindən,
bağçasından, yolundan tutmuş hamısında Sizin əməyiniz
var və fəaliyyətiniz olub. Buna görə də bir daha
Sizə minnətdarlığımızı bildiririk.
Qarabağ müharibəsi veteranı
Rafiz Kərimov ulu öndər Heydər Əliyevin rəhbərliyi
ilə Horadiz əməliyyatında, Füzuli rayonunun 20 kəndinin
və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin
azad olunmasında şəxsən iştirak etməsindən fəxr
hissi keçirdiyini bildirdi. Bu siyasətin bu gün də davam
etdirildiyini deyən Rafiz Kərimov bu bayram günlərində
ikiqat sevinc yaşadıqlarına görə bir daha məcburi
köçkünlər adından Mehriban Əliyevaya minnətdarlıq
etdi. “Bizim arzumuz vətənə, yurdumuza qayıtmaqdır”, -
deyən Rafiz Kərimov Prezident İlham Əliyevin rəhbərliyi
altında Cocuq Mərcanlı ətrafında, Lələtəpədə
və digər ərazilərdə olan qələbələrin
tezliklə təkrarlanacağına ümid etdiyini, bu gün Lələtəpədə
ucalan üçrəngli bayrağımızın tezliklə
Qarabağın bütün şəhərlərində, o
cümlədən doğulduğu Fizuli rayonunda
dalğalanacağına əminliyini ifadə etdi.
***
Şuşadan olan məcburi
köçkün Vüsalə
FƏTƏLİYEVA paytaxtın Xəzər və Xətai
rayonlarında qəzalı binalarda yaşayan insanların mənzil
şəraitini yaxşılaşdırdığına
görə Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq
edərək dedi:
-Hörmətli birinci xanım, Siz bu
missiyanı Heydər Əliyev Fondunun, Mədəniyyət
Fondunun rəhbəri olandan və Qarabağ həqiqətlərini
dünyaya çatdırandan başlamısınız. Siz bir
rəhbər kimi Qarabağın mədəniyyətini,
musiqisini, idmanını, xalçalarını, rəsm əsərlərini,
Qarabağa aid olan hər şeyi öz dili ilə dünyaya
çatdırdınız ki, bütün dünya
Qarabağın keçmişini tanısın, onun sahib
olduğu torpaqların yiyəsi olduğunu bir daha bilsin. Bu,
böyük, çətin məsələ idi. Bu missiyanı
davam etdirərək Siz bütün Azərbaycanda, o cümlədən
məcburi köçkünlərin həyatında çox
vacib olan “Yeniləşən Azərbaycana yeni məktəb”
layihəsini reallaşdırdınız ki, bu, insanların
bilikli və savadlı olmaları, dünya həqiqətlərini
həm dərk etmələri, həm yaymaları
üçün önəmli şərt idi.
Sizin Birinci vitse-prezident kimi ilk
müşavirənizdə dediyiniz bir fikri xatırlatmaq istəyirəm.
Siz dediniz ki, insanların rifah halını
yaxşılaşdırmaq çox vacib şərtdir.
İnsanların rifah halının yaxşılaşması
üçün onların mənzillə təmin olunması
vacib şərtdir. Ancaq bu, onların torpaqlarına
qayıtmaları üçün əsas vasitə deyil. Hər
kəs öz doğma yurduna qayıdacaq və bunlar müvəqqəti
ünvanlar olacaq. Siz yekun nitqinizdə söylədiniz ki,
insanların həyatı üçün iki amil vacib şərtdir.
Birincisi mənzil, ikincisi isə iş. Bu böyük bir
reallıq idi və bu reallığı hamıya qismət
etdiyiniz üçün Sizə dərin təşəkkür
edirik.
Vüsalə Fətəliyeva qeyd etdi
ki, Mehriban Əliyeva hər zaman Qarabağ mövzusuna
böyük önəm verib, bu mövzunun ölkəmizdə
keçirilən bütün tədbirlərdə, həmçinin
Qarabağ atlarının timsalında İslam Həmrəyliyi
Oyunlarında qabardılmasına diqqətlə yanaşıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə yenidən bərpa
olunan Cocuq Mərcanlıda tikilən Şuşa Məscidinin bənzərinin
bütün qaçqın və məcburi
köçkünlərdə öz doğma yurdlarına
qayıdacaqlarına inam yaratdığını deyən
Vüsalə Fətəliyeva çıxışında Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi
ilə həyata keçirilən “Xocalıya ədalət!”
kampaniyasının uğurlarından danışdı.
***
Sonra Laçın rayonundan məcburi
köçkün Zabilə
CƏFƏROVA çıxış edərək dedi:
-Hörmətli Mehriban xanım, Azərbaycanın
Birinci vitse-prezidenti kimi qaçqın və məcburi
köçkünlərə göstərdiyiniz xüsusi
qayğıya görə onların adından Sizə dərin
minnətdarlığımı bildirirəm. Sizin bizə
göstərdiyiniz qayğının nəticəsidir ki, bu
yaxınlarda - 2017-ci il mayın 30-da Qaradağ rayonu ərazisində
köçkünlərin yaşayışının
yaxşılaşdırılması üçün 1026 nəfərlik
ailənin yaşayış kompleksinin təməli qoyulub. Bu
gün də bu tədbirin təşkili biz məcburi
köçkünlərin hədsiz sevincinə səbəb
oldu. Bizi o ağır, şəraitsiz vəziyyətdən bu
yeni rahat mənzillərə köçürməklə hər
birimizin ailəsinə sevinc bəxş etdiniz. Əlbəttə,
öz doğma yurd-yuvalarından didərgin
düşmüş insanlar üçün tikilən evlər,
salınan qəsəbələr yaşayış şəraitinin
yaxşılaşdırılması üçün
lazımdır. Biz bilirik ki, bu ünvanlarda müvəqqəti
məskunlaşırıq. Əminik ki, cənab Prezidentin və
Sizin yürütdüyünüz siyasət nəticəsində
biz tezliklə Qarabağa, öz doğma yurdlarımıza
qayıdacağıq. Dünyanın heç bir yerində
qaçqın və köçkünlərə bizdəki qədər
qayğı göstərilmir. Biz qaçqın və məcburi
köçkünlər hər zaman Sizin və Prezidentimizin
diqqət və qayğısını görürük.
Zabilə Cəfərova Birinci
vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında
həyata keçirilən çoxşaxəli fəaliyyətdən
danışdı, onun Azərbaycan mədəniyyətinin
inkişafı və digər sahələrdə
gördüyü işlərin ölkəmizin
tanıdılmasına xidmət etdiyini vurğulayaraq dedi:
- Biz Azərbaycan xanımları
Sizinlə fəxr edirik və Sizi özümüzə
nümunə götürürük. Siz savadınızla,
zövqünüzlə, davranışınızla, sadəliyinizlə
və təşkilatçılıq qabiliyyətinizlə
nümunəsiniz. Bir daha məcburi köçkünlər
adından Sizə təşəkkür edir və bundan
sonrakı fəaliyyətinizdə yeni-yeni uğurlar, möhkəm
cansağlığı, xoşbəxtlik arzu edirəm.
Laçın rayonundan məcburi
köçkün Əmirxan
ZEYNALOV da çıxışında Mehriban
Əliyevanın rəhbərliyi ilə həyata keçirilən
işlərin ölkəmizə uğurlar gətirdiyini
bildirdi. Mehriban xanımın mədəniyyətin, nsane sahənin
inkişafı ilə bağlı gördüyü işlərin,
xüsusilə valideyn himayəsindən məhrum olmuş
uşaqlar üçün evlər tikdirməsinin
böyük mənəvi əhəmiyyətinin olduğunu deyən
Əmirxan Zeynalov onun deputat olduğu dövrdə Xəzər
rayonunda gördüyü böyükmiqyaslı quruculuq
işlərindən danışdı. O, Mehriban
Əliyevanın xalqa bağlılığının təsadüfi
olmadığını, bunun xalqımızın ümummilli
lideri Heydər Əliyevin siyasətindən
qaynaqlandığını vurğuladı.
Əmirxan Zeynalov son illərdə
Prezident İlham Əliyevin və birinci xanım Mehriban
Əliyevanın rəhbərliyi ilə ölkəmizin mötəbər
beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini, Azərbaycanın
dünyada tanındığını, ölkəmizdə əsrlərdir
mövcud olan xeyriyyəçilik ənənələrinin bu
gün də yaşadıldığını bildirdi,
işğal olunmuş torpaqlarımıza
qayıdacağımıza əminliyini ifadə edərək
dedi:
-Aprel döyüşlərində
şəhid verdik. Heç vaxt torpağı şəhidsiz
azad etmək mümkün deyil. Bu, müharibənin qanunudur.
Döyüşün qızğın vaxtında Siz
Prezidentimiz İlham Əliyevlə birlikdə döyüş
bölgəsinə getdiniz, Ordumuza ilham, güc, qürur
verdiniz. Onlar daha da qüdrətləndilər, ermənilərə
ağır zərbə endirdilər. Nəhayət, ən
kövrəldici bir hadisəni də deməliyəm. Siz qəhrəman
şəhidlərimizin ailələri ilə
görüşdünüz. O görüş heç vaxt nsane
xəyalından silinməz. Dövlət o şəhid ailələrinə
hər cür diqqət və qayğı göstərdi,
onları hər cür şəraitlə təmin etdi. Amma
bunlar Sizin göz yaşlarınız qədər onlara təmkin,
qüvvət vermədi. Siz onların yaralarına su səpdiniz.
O göz yaşlarınız məni də kövrəltdi.
Əhsən Sizə. Siz doğrudan da xalqın qədrini bilən,
dərdinə şərik olan, anaları, bacıları, kimsəsizləri
qiymətləndirən qeyrətli, vüqarlı, təşkilatçı,
iradəli, tədbirli bir xanımsınız. Arzum odur ki,
Prezident İlham Əliyevlə çiyin-çiyinə
yeni-yeni uğurlara, yeni-yeni qələbələrə
doğru gedəsiniz. Qarabağın azad olunmasını və
Sizin orada Prezident İlham Əliyevlə, bizlərlə birlikdə
qələbə bayrağını
ucaltmağınızı diləyirəm.
***
Onun fəaliyyətinə verilən
yüksək qiymətə görə minnətdarlığını
bildirən Birinci vitse-prezident Mehriban
ƏLİYEVA dedi:
-Əziz bacılarım, əziz
qardaşlarım.
Mənim barəmdə və fəaliyyətim
haqqında dediyiniz bu xoş sözlərə görə sizə
dərin minnətdarlığımı bildirirəm. Qeyd etmək
istəyirəm ki, istər Heydər Əliyev Fondunda, istər
Azərbaycan Mədəniyyət Fondunda mənim fəaliyyətimdə,
istər bugünkü çox məsuliyyətli vəzifəmdə
məhz sizlər mənim güc mənbəyimsiniz.
Çünki mən atdığım hər addımda, hər
bir insanla, çox sevdiyim Azərbaycan xalqı ilə
ünsiyyətdə olanda doğrudan da sizin sevginizi, dəstəyinizi,
inamınızı hiss edirəm. Mənim üçün bu,
çox vacibdir.
Azərbaycanın müstəqilliyi bərpa
olunandan bəri tarix baxımından çox da uzun bir müddət
keçməyib. Amma Azərbaycan bütün sahələrdə
- iqtisadiyyatda, siyasətdə, sosial, idman, mədəniyyət
sahələrində əldə etdiyi nailiyyətlərlə
bu gün dünya xəritəsində öz layiqli
sözünü deyir. Əminəm ki, bütün bu
uğurların təməlində Azərbaycan xalqı durur.
Siz bu gün xatırlatdınız
ki, son illər ölkəmizdə çox böyük beynəlxalq
tədbirlər keçirilib. Təbii ki, ölkəmizə
dünyadan gələn qonaqların, turistlərin sayı
artır. Biz bu insanlarla görüşürük, ünsiyyətdə
oluruq. Əlbəttə, onların hamısı Bakının
gözəlliyindən, ölkəmizin inkişafından, Azərbaycanın
mətbəxindən danışırlar. Amma xüsusi
vurğulayırlar ki, burada çox gözəl, ürəyiaçıq,
istiqanlı, qonaqpərvər insanlar yaşayırlar.
Düzdür, gözəllik, abadlıq çox vacibdir. Amma əgər
gözəl bir yerə gəlirsən və insanların simasında,
necə deyərlər, nifrət, hirs görürsənsə,
heç vaxt insan orada özünü rahat hiss etmir.
Bütün qonaqlar məhz bunu deyirlər ki, siz xoşbəxtsiniz,
sizin insanlarınız nə qədər gözəl və mərhəmətlidirlər.
Mən buna çox inanıram və bununla fəxr edirəm. Fəxr
edirəm ki, bizim xalqımız doğrudan da belə
böyük ürəyə malikdir. Mən inanıram ki,
qarşımızda duran məsələlərin, problemlərin,
- onlar var və çoxdur, biz çox çətin bir
dünyada yaşayırıq, - həlli üçün
insanın xoş niyyəti, mərhəməti,
insanlığı çox vacibdir və bunlar bizim xalqda var.
Ona görə də biz mütləq bütün
arzularımıza çatacağıq, ədalət bərpa
olunacaq, Qarabağ problemi həllini tapacaq, siz hamınız
öz doğma yurdlarınıza qayıdacaqsınız və
biz bunu orada bir yerdə qeyd edəcəyik.
Mən bir daha sizə öz dərin
hörmətimi və məhəbbətimi
çatdırıram. Çox sağ olun.
***
Sonra Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban Əliyeva Masazır qəsəbəsində
məcburi köçkün ailələri üçün
yeni mənzillərdə yaradılan şəraitlə
tanış oldu.
Baş nazirin müavini,
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin sədri
Əli Həsənov məlumat verdi ki, Masazır qəsəbəsində
“Yeni Bakı” yaşayış kompleksində 164 məcburi
köçkün ailəsi yeni mənzillərlə təmin
olunub. Bundan başqa, Mehdiabad qəsəbəsindəki Binəqədi
Gənclər şəhərciyində 50 məcburi
köçkün ailəsi yeni mənzillərlə təmin
edilib. Mənzillər təmirlidir və mətbəx mebelləri
ilə təchiz olunub. Ümumilikdə sözügedən 214
mənzil Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki
“Energetika” pansionatında yararsız binada və Xətai
rayonunun Gəncə prospektindəki qəzalı vəziyyətdə
olan binada məskunlaşan məcburi köçkünlər
üçün nəzərdə tutulub.
Xatırladaq ki, 2017-ci il martın 9-da
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi
ilə Bakı və Sumqayıt şəhərlərinin
yataqxanalarında müvəqqəti məskunlaşmış
qaçqın və məcburi köçkün ailələrinin
köçürülməsinə həsr edilən
müşavirə keçirilmişdi. Müşavirədə
bu günədək qaçqın və məcburi
köçkünlərin həyat şəraitinin
yaxşılaşdırılması üçün
görülən işlərlə yanaşı, hələ
də ağır vəziyyətdə, qəzalı və
yararsız binalarda kifayət qədər çox məcburi
köçkün ailəsinin yaşadığı və bu
istiqamətdə işlərin sürətləndirilməsi
üçün təxirəsalınmaz addımların
atılmalı olduğu bildirilmişdi. Bunun üçün
Bakı və Sumqayıt şəhərlərində
yararsız, qəzalı binalarda yaşayan bütün
köçkün ailələrinin tezliklə yeni mənzillərə
köçürülməsi barədə tapşırıq
verilmişdi. Bu gün isə Ramazan bayramı günlərində
214 məcburi köçkün ailəsi yeni mənzillərlə
təmin edilib.
***
Birinci vitse-prezident Mehriban Əliyeva
Xocalıdan şəhid ailəsi Ulduzə Xocayevanın mənzilində
oldu, onları yeni mənzilə köçməsi münasibətilə
təbrik edərək dedi:
-Sizi təbrik edirəm. Çox
sevinirəm ki, siz indi belə bir şəraitdə
yaşayırsınız.
Ulduzə XOCAYEVA: Çox sağ olun.
Sizin bizə etdiyiniz bu köməyə görə mən
bilmirəm necə minnətdarlıq edim. Siz çox gözəl
işlər görürsünüz. Mən əvvəlki
yaşayış yeri ilə indiki mənzili müqayisə edə
bilmərəm.
Mehriban ƏLİYEVA: Bizim indi məqsədimiz
ən çətin vəziyyətdə yaşayan dörd min
ailənin iki il ərzində köçürülməsidir.
Mən əminəm ki, biz birlikdə bu məqsədə nail
olacağıq. Artıq dövlət tərəfindən də
binalar tikilir. Tikilmiş binalarda mənzillər ayrılır,
təmir olunur. Çox yaxşıdır ki, biznes
strukturları da bu işə qoşulub. Onlar da yardım edirlər.
Ulduzə XOCAYEVA: Biz Sizin yaxşı
işləriniz barədə xəbərləri televizorda
görür, sevinirik. Bu gün bizə bu cür şəraiti
yaratdığınıza görə ürəyim sözlə
doludur, hansını deyim ki, qəlbim rahatlaşsın.
Mehriban ƏLİYEVA: Mənim
üçün əsas odur ki, sizin artıq yaxşı
şəraitiniz var, normal şəraitdə yaşayırsınız,
o əzablardan canınız qurtarıb.
Ulduzə XOCAYEVA: Sizin sayənizdə
mən də, övladlarım da bu gündən sonra belə
bir şəraiti olan mənzildə yaşayacağıq. Ona
görə də bilmirəm Sizə necə dua edim ki, ürəyim
rahatlaşsın. Çox gözəl şəraitimiz, rahat
yollarımız var. Hamısı göz
qabağındadır. Mehriban xanım, çox sağ olun, təşəkkür
edirik, Allah Sizə cansağlığı versin. Prezidentimizin
də, Sizin də bizə - məcburi köçkünlərə,
şəhid ailələrinə çox böyük hörmətiniz
var.
Mehriban ƏLİYEVA: Çox sağ
olun. Prezidentin də böyük salamları var.
Tapşırdı ki, mən salamlarını, hörmətini
sizə çatdırım. Mən sizi əmin edirəm ki,
Prezidentin bütün fəaliyyəti yalnız və
yalnız Azərbaycan xalqının rifah halının
yaxşılaşdırılmasına, ölkəmizin
güclənməsinə, insanların daha yaxşı şəraitdə
yaşamasına yönəlib. Əlbəttə ki, əhalimizin
qaçqınlar və məcburi köçkünlər təbəqəsi
ən böyük diqqətə layiqdir. Həm Azərbaycan
Prezidenti, həm də dövlət qurumları onların
üzləşdiyi çətinlikləri aradan qaldırmaq
üçün əllərindən gələni edir və
edəcəklər. Mən çox şadam ki, cəmiyyətimizdə
birlik var. Azərbaycan xalqı elə xalqdır ki, hər zaman
qonşusuna, yaxınına, dostuna, heç
tanımadığı insana da yardım etməyə
hazırdır. Bu, xalqımızın çox gözəl adətidir,
xasiyyətidir. Bu birliyimiz, bu gözəl xüsusiyyətlərimiz
olduğuna görə biz qarşımızda duran
bütün məqsədlərə nail olacağıq. Biz bir
olmalıyıq və hər kəs öz vəzifəsinə
çox böyük məsuliyyətlə
yanaşmalıdır. Ali məqsəd ancaq və ancaq Azərbaycan
insanına, Azərbaycan vətəndaşına xidmətdir.
Bugünkü nailiyyətlər, Azərbaycanın
bugünkü qüdrəti, gücü, inkişafı məhz
buna görədir. Sizin neçə övladınız var?
Ulduzə XOCAYEVA: Altı
uşağım, 27 nəvə-nəticəm var.
Mehriban ƏLİYEVA: Maşallah,
Allah saxlasın.
Ulduzə XOCAYEVA: Şadam ki,
övladlarımızı, özümüzü yada
salırsınız, qayğımızı çəkirsiniz.
Çox razıyam, Allah Sizə həmişə kömək
olsun. Əvvəllər Azərbaycanı o qədər də
tanımırdılar. Ulu Öndərimizin, Prezidentimizin və
Sizin sayənizdə indi hamı Azərbaycanı
tanıyır. Çox sağ olun, dərin minnətdarlığımızı
bildirirəm. Sizə cansağlığı, bütün
işlərinizdə yüksək nailiyyətlər
arzulayıram.
Mehriban ƏLİYEVA: Çox sağ
olun. Bilirsiniz ki, mən son illər Qarabağ şəhidlərinin
anaları ilə, bacıları ilə, məcburi
köçkün ailələri ilə tez-tez ünsiyyətdə
oluram, onların qarşısında baş əyirəm. Onlar
çox böyük hörmətə layiqdirlər.
Çünki siz çox çətin vəziyyətdən,
çox çətin anlardan keçmisiniz,
yaşamısınız, əzizlərinizi itirmisiniz, şəhid
vermisiniz və sonra da çox çətin həyat
sürmüsünüz. Ona görə də sizdə olan bu
dözümlülük, güc, qüvvət, Vətənə
bağlılıq, geniş ürək - bunlar hamısı
böyük hörmətə və ehtirama layiqdir.
Ulduzə XOCAYEVA: Sizin belə işlərinizi
görəndə fəxr edirik, inanırıq ki, inşallah,
tezliklə doğma torpaqlarımıza, yurd-yuvamıza
qayıdacağıq.
Mehriban ƏLİYEVA: İnşallah.
Mən də, Azərbaycan Prezidenti də sizə
cansağlığı arzulayırıq. Biz
qarşımızda duran bütün məqsədlərə
birlikdə nail olacağıq. Çox sağ olun. Sizə
xoşbəxtik, uğurlar, uzun ömür arzu edirəm.
***
Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan. -
2017.- 30 iyun.- S.1, 8.