Cinayət qanunvericiliyinin humanistləşirilməsi
ilə bağlı qanun layihəsi Azərbaycan
Prezidenti tərəfindən Milli Məclisə təqdim edilib
Cinayət qanunvericiliyinin humanistləşdirilməsi ilə bağlı qanun layihəsi Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə təqdim edilib.
AZƏRTAC xəbər verir ki, Cinayət Məcəlləsinə kompleks dəyişiklikləri əhatə edən, konseptuallığına və tənzimləmə sahəsinə görə son dövrlərdə hazırlanan ən geniş təkliflər paketi aşağıdakı istiqamətlərdə yeniliklərdən ibarətdir:
Cinayət Məcəlləsində
nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən, ehtiyatsızlıqdan törədilən və bir sıra digər cinayətlər, ümumilikdə 10-dan artıq cinayət tərkibi
dekriminallaşdırılıb. Bununla yanaşı,
ölkədə gedən
iqtisadi-sosial proseslər
nəzərə alınaraq
mülkiyyət əleyhinə
olan cinayətlərin
törədilməsi zamanı
cinayət məsuliyyəti
yaradan məbləğin
beş dəfə,
yəni, 100 manatdan 500
manatadək artırılması
nəzərdə tutulub.
Nəticədə bir çox
əməllər cinayət
kateqoriyasından inzibati
xəta kateqoriyasına
keçmiş olacaq.
Azadlıqdan məhrumetmə cəzasının
tətbiqi hallarının
azaldılması və
sanksiyalara alternativ cəzaların daxil edilməsi məqsədilə
Cinayət Məcəlləsinə
yeni növ cəza daxil edilib. Bu, məhkumun cəmiyyətdən tam təcrid
olunmadan yaşayış
yeri üzrə nəzarət altında saxlanılmasından ibarət
olan azadlığın
məhdudlaşdırılması cəzasıdır.
Cinayət Məcəlləsinin ümumilikdə
140-dan artıq maddəsində
azadlığın məhdudlaşdırılması
alternativ cəza növü kimi sanksiyalara daxil edilib. Bundan əlavə, daha
80 cinayətin sanksiyasına
azadlıqdan məhrumetməyə
alternativ olan cərimə və digər cəzalar daxil edilib.
Bundan əlavə, qanun layihəsinə əsasən
Cinayət Məcəlləsində
nəzərdə tutulmuş
sanksiyalar təftiş
edilərək 80-dən artıq
cinayətə görə
müəyyən edilmiş
azadlıqdan məhrumetmə
cəzasının hədləri
azaldılıb. Nəticədə
35 cinayət əməli
az ağır
cinayət kateqoriyasından
böyük ictimai təhlükə törətməyən
cinayətlər kateqoriyasına,
6 cinayət əməli
isə ağır cinayətdən az ağır cinayətlər
kateqoriyasına keçirilib.
Qanun layihəsində mülkiyyət
əleyhinə və iqtisadi fəaliyyət sahəsində törədilən
bir sıra cinayətlərə münasibətdə
qanunvericilik liberallaşdırılıb.
Eyni zamanda, Cinayət Məcəlləsində nəzərdə
tutulmuş zərərçəkmiş
şəxslə barışma
institutu daha da təkmilləşdirilib,
20-dən artıq cinayət
üçün zərərçəkmiş
şəxslə barışmaqla
və ziyanın ödənilməsi şərti
ilə cinayət məsuliyyətindən azadetmə
imkanı müəyyən
olunub.
Qanun layihəsində nəzərdə
tutulmuş konseptual məsələlərdən biri
də cinayət qanunvericiliyində narkotik vasitələrin əldə
edilməsi və saxlanılması cinayəti
törətmiş şəxslərə
qarşı münasibətin
dəyişdirilməsidir. Bu şəxslər ilk növbədə
narkomanlıq xəstəliyinə
düçar olmuş
insanlar kimi qəbul edilirlər.
Satış məqsədi olmadan
narkotik vasitə əldəetmə cinayəti
törətmiş, əməlində
başqa cinayət tərkibi olmayan narkomanlıq xəstəliyinə
düçar olmuş
şəxsə stasionar
qaydada tibbi xarakterli məcburi müalicə tədbirləri
tətbiq edilir. Şəxs sağaldıqda isə cinayət məsuliyyətindən
azad edilir. Bu qaydada məsuliyyətdən
azad edilmək imkanı şəxsə yalnız bir dəfə verilir. Müalicədən yayınan şəxslər
cinayət məsuliyyətinə
cəlb edilir.
Sözügedən qanun layihəsi prezidentin müvafiq sərəncamı ilə
verilmiş tapşırıqların
icrası çərçivəsində
hazırlanmış ilk aktdır. Bundan əlavə,
Cinayət-Prosessual Məcəlləsinə
və Cəzaların
İcrası Məcəlləsinə
də dəyişikliklərin
edilməsi nəzərdə
tutulur.
Azərbaycan.- 2017.- 30 iyun.- S.11.