Azərbaycan ilə Çexiya dost və tərəfdaş ölkələrdir
Azərbaycan ilə Çexiya dost
və tərəfdaş ölkələrdir, münasibətlərimiz
qarşılıqlı hörmət və bərabərhüquqlu
əməkdaşlıq prinsipləri əsasında inkişaf
edir.
AZƏRTAC xəbər verir ki, bu
fikri Seulda Avrasiya Ölkələri Parlament Sədrlərinin
II Müşavirəsində iştirak edən Azərbaycan
Milli Məclisinin sədri Oqtay Əsədov Çexiya
Parlamenti Deputatlar Palatasının sədri Yan Hamaçek ilə
görüşdə deyib.
Yüksək səviyyəli qarşılıqlı səfərlərin və aparılan danışıqların münasibətlərimizin daha da dərinləşməsinə xidmət etdiyini bildirən Milli Məclisin sədri ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli formatda da uğurlu əməkdaşlığını sevindirici hal kimi qiymətləndirib. O.Əsədov ölkələrimizin parlamentləri arasında mövcud olan yaxşı əməkdaşlığın ikitərəfli əlaqələrə müsbət təsir göstərdiyini diqqətə çatdırıb. O, iqtisadi sahədə münasibətlərimizin daha da genişlənməsi üçün hər iki tərəfin böyük potensialı olduğunu bildirib, hökumətlərarası komissiyanın iclaslarının, biznes-forumların bu əməkdaşlığın inkişafındakı rolunu yüksək qiymətləndirib.
Azərbaycan parlamentinin sədri ilə növbəti dəfə görüşməkdən məmnunluğunu bildirən Yan Hamaçek deyib ki, həm qarşılıqlı səfərlər zamanı, həm də beynəlxalq tədbirlər çərçivəsində keçirdiyimiz mütəmadi səmərəli görüşlər ölkələrimiz arasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafına, habelə parlamentlərarası əlaqələrin dərinləşməsinə müsbət təsir göstərir.
Çexiyanın Azərbaycana
böyük maraq
göstərdiyini bildirən Y.Hamaçek
münasibətlərimizin bundan sonra da davamlı
inkişafına əminliyini ifadə edib,
iki ölkə arasında əlaqələrin
dərinləşməsinə daim səy
göstərəcəyini bildirib.
Azərbaycan.-
2017.- 30 iyun.- S.12.