Bakıda xaotik tikinti dövrü başa çatdı

 

Dövlətin dəstəyi və zəmanəti ilə icra olunan “pilot layihələr” sırf şəhərsalma prinsipləri, memarlıq tələbləri çərçivəsində həyata keçirilir

 

Azərbaycanın artan maliyyə imkanlarının və sahibkarlıq fəaliyyəti üçün yaradılan əlverişli mühitin nəticəsi olaraq son illər dinamik inkişaf edən sahələrdən biri də tikinti sektorudur. Xüsusən son onillikdə ölkənin şəhər və rayonlarında həm dövlət vəsaiti hesabına, həm də iş adamları tərəfindən minlərlə tikinti layihələri icra edilib, yeni binalar, müxtəlif təyinatlı obyektlər inşa olunub. Bütün bunların nəticəsi kimi həm genişmiqyaslı quruculuq işləri görülüb, zəruri infrastruktur yaradılıb, həm yeni zavod və fabriklər fəaliyyətə başlayıb, həm də ölkədə mənzil fondu əhəmiyyətli dərəcədə artıb.

Tarixiliyi ilə yanaşı, müasirliyi və gözəlliyi ilə də diqqəti cəlb edən Bakı şəhərində son illər tikinti və şəhərsalma sahəsində nəhəng layihələr reallaşdırılıb, dünya memarlığının inciləri sayılan binalar inşa edilib. Paytaxtımız müasirliyin və klassikliyin vəhdətini özündə birləşdirən gözəl şəhərə çevrilib. Gözəllik embleminə çevrilmiş Dənizkənarı bulvarda, qədim İçərişəhərdə, eləcə də şəhərimizin müxtəlif ərazilərində Şərq-Qərb memarlıq ənənələrini özündə yaşadan binalarda aparılan bərpa və yenidənqurma işləri göz oxşayır.

 

Normalara cavab verməyən yeni tikililər

 

Bu gün tikinti sektorundan danışarkən yada düşən ilk məsələlərdən birinin yaşayış binalarının olması təbiidir. Çünki yeni yaşayış binaları son illər tikinti sektorunda əsas paya malikdir. Təbii ki, həm paytaxt, həm də böyük şəhər olması səbəbindən Bakıda yaşayış binalarının tikintisi daha geniş vüsət almışdır. Xüsusən əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsi nəticəsində bu sahəyə yönələn investisiyaların həcmi kəskin surətdə artmışdır.

Çoxmərtəbəli yeni yaşayış binalarının əksəriyyəti özəl sektor tərəfindən inşa olunur. Bu, əhalinin mənzil təminatında və yeni infrastruktur sahələrinin yaradılmasında mühüm rol oynamaqla yanaşı, ciddi narahatlıq doğuran problemlər də yaratmışdır. Əsas problemlərdən biri kimi isə şəhərsalma prinsiplərinin pozulması idi. Bir sıra hallarda binaların tikintisi inşaat işləri üçün nəzərdə tutulmayan ərazilərdə aparılıb. Şəhərin bir çox ərazilərində dövlət fondunda və ümumi istifadədə olan ərazilər tikinti üçün ayrılıb. Məktəblərin, uşaq bağçalarının, xəstəxanaların ərazisində yaşayış binalarının inşası ilə bağlı kifayət qədər fakt göstərmək olar. Bəzən isə binalar yaşayış məhəllələrində məsafə gözlənilmədən tikilib. Təbii ki, bu da həmin məhəllədə darısqallığa səbəb olmaqla orada yaşayan sakinlərin rahatlığını pozub. Həm də hər dəfə bu binalar tikiləndə məhəllədə olan ağaclar kəsilib, uşaqların əyləncəsi üçün nəzərdə tutulan ərazilər ləğv edilib.

Tikinti şirkətləri yaşayış binalarını daha çox birmərtəbəli yaşayış evlərinin yerində inşa ediblər. Bu zaman da şəhərsalma prinsipləri kobud şəkildə pozulub. Məsələn, birmərtəbəli evlərdən ibarət hansısa böyük ərazidə bir neçə şirkət tərəfindən binalar inşa olunub. Bu zaman kim harada gəldi sakinlərlə anlaşıb və bir neçə evi satın alıb. Beləliklə, ərazidə ara məsafələrinə riayət edilmədən xaotik şəkildə binalar tikilib. Bu binalar həm bir-birinə son dərəcə yaxın inşa edilib, həm də yersiz şəkildə aralı. Həmin aralı binaların arasında qalan birmərtəbəli evlər isə artıq heç kimə lazım deyil. Çünki onları söküb yerində hündürmərtəbəli binalar inşa etmək mümkün deyil. Beləliklə, bir-biri ilə yanaşı olan hündürmərtəbəli binalar və birmərtəbəli evlər indi Bakının görkəminə xələl gətirən ciddi problemlərdən biri kimi qalmaqdadır. Bu həm də ekoloji və sanitar problemlərin yaranmasına səbəb olan amillərdəndir.

Digər bir problem isə tikinti şirkətlərinin həyata keçirdiyi layihələrin bir-birindən fərqli olması nəticəsində yaranan acınacaqlı mənzərədir. Belə ki, eyni ərazidə bir şirkət 16 mərtəbəli bina, digəri isə onun yanında 12 mərtəbəli bina tikib. Digər şirkət isə iki 10 mərtəbəli bina inşa edib. Bu binalardan biri 3 bloklu, biri 1 bloklu, digərləri 6 blokludur. Hər biri də binanı fərqli şəkildə boyayıb. Beləliklə, arxitektur tələblərin pozulması nəticəsində şəhərin görünüşü korlanır.

Tikintinin vüsət almasından sonra yaranan problemlər isə bununla bitmirdi. Belə ki, tikinti üçün torpaq sahələri ayrılarkən mühəndis-axtarış işlərinin lazımi səviyyədə aparılmaması, tikinti işlərinin mövcud kommunikasiya xətlərinin təhlükəsizlik zolaqlarında həyata keçirilməsi, layihələndirmə sənədlərinin düzgün hazırlanmaması, tikintidə keyfiyyətsiz, standartlara cavab verməyən materiallardan istifadə olunması, tikinti norma və qaydalarının kobud pozulması son dövrlər bu sahədə ortaya çıxan problemlər kimi diqqəti çəkmişdir. Bir sıra hallarda isə tikinti şirkətləri tərəfindən müəyyən olunmuş tələblərə və təhlükəsizlik qaydalarına əməl olunmaması bu tikintilərdə qəza halları, yanğınlar və orada çalışan insanların həyatlarını itirmələrinə gətirib çıxaran bədbəxt hadisələrlə nəticələnmişdir.

 

Xaotik inşaat işləri geridə qaldı

 

Ötən il Prezident İlham Əliyevin tapşırığı və göstərişləri ilə bu sahədə vəziyyət müsbətə doğru dəyişməyə başlamışdır. Belə ki, Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli sərəncamı ilə beş il ərzində sözügedən rayonlarda 1094 yaşayış binasının (893 min kvadratmetr yaşayış sahəsinin, 15857 mənzilin) söküntüsünün aparılması və 49 min 614 nəfər sakinə daha çox yaşayış sahəsi və daha rahat həyat şəraiti təklif etməklə onların yeni inşa ediləcək binalara köçürülməsi nəzərdə tutulur.

Qərara əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail və Pirallahı rayon icra hakimiyyətləri mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən, uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş yaşayış binalarının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan planlaşdırılma sənədlərinin hazırlanmasını Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırırlar.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi rayon icra hakimiyyətlərinin müraciətləri əsasında tikiləcək binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırma sənədlərinə uyğunluğu və hazırlanan layihələrin memarlıq hissələri barədə rəylərin verilməsini müraciət alındıqdan sonra bir həftə ərzində təmin edir.

Həmin qərarın icrası birbaşa Azərbaycan Prezidentinin diqqətindədir. Bu mənada qarşıya qoyulan əsas məsələ şirkətlər tərəfindən tikinti işləri aparılarkən mütləq şəkildə şəhərsalma normalarına riayət olunmasıdır. Şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əsasən, tikinti işlərinə başlamazdan əvvəl hazırlıq işləri aparılmalı, meydança daxili və meydançadan kənar əlavə təhlükəsizlik tədbirləri yerinə yetirilməlidir. Tikintinin və həmin ərazidəki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ilk növbədə, 1 hektar söküntü ərazisinin nəzərdə tutulması, həmin ərazidəki əhalini kirayə edilmiş mənzillərdə yerləşdirməklə yararsız tikililərin söküntüsü başa çatdıqdan sonra yeni binaların tikintisi işlərinə başlanması tövsiyə olunur. Yerli icra hakimiyyətlərinin tövsiyələri əsasında hazırlanan planlaşdırma sənədləri isə 1 hektardan 5 hektara qədər ərazini əhatə etməlidir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 13 yanvar 2017-ci il tarixli qərarı ilə ərazidən istifadə intensivliyini xarakterizə edən tikinti sıxlığı və tikinti faizinin tövsiyə olunan göstəriciləri təsdiq olunmuşdur. Tikinti sıxlığı - yaşayış binasının xarici divar konturları ilə yerüstü mərtəbələrinin ümumi sahəsinin planlaşdırılan ərazinin sahəsinə olan nisbətidir və 1 hektar ərazi vahidinə 25000 kvadratmetr ümumi sahə kimi normallaşdırılır. Bu göstəriciyə əsasən, 1 hektar ərazidə təxmini 14-17 mərtəbəli üç yaşayış binası və ya 3 girişli bir bina, 10-13 mərtəbəli 2 girişli iki yaşayış binası, 8-10 mərtəbəli 2 girişli üç yaşayış binasının yerləşdirilməsi anlamına gəlir.

 

Bu layihəyə kölgə salmaq istəyənlər niyyətlərinə çatmayacaqlar

 

Ötən ildən başlayaraq Prezident İlham Əliyevin azmərtəbəli, qəzalı vəziyyətdə olan və yaşayış üçün yararsız tikililər sökülərək onların yerində yeni yaşayış binalarının tikilməsi barədə tapşırığı müvəffəqiyyətlə həyata keçirilməkdədir. Nərimanov, Səbail, Nəsimi, Xətai, Nizami, Suraxanı və Yasamal rayonlarında planlaşdırma layihələri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırılmış və “pilot layihə”lər adlandılıran 254 yüksəkmərtəbəli yaşayış və qeyri-yaşayış tikililərindən artıq 45-nin tikintisinə başlanılmışdır.

Hazırda tikinti şirkətlərinin bu “pilot layihə”lərə cəlb olunması yerli icra hakimiyyətlərinin maraq dairəsindədir. Çünki yerli icra hakimiyyəti rəhbərliyi üçün əsas vəzifələrdən biri rayonun abadlaşdırılmasıdır. Buna görə iş adamları, tikinti şirkətləri bu sahədə fəaliyyətə dəvət olunur, onlara söküntü işlərinin aparılaraq yeni binaların tikiləcəyi ərazilər təklif edilir və qısa müddətdə tikinti üçün bütün sənədlər elə icra hakimiyyəti orqanları tərəfindən Dövlət Komitəsinə müraciət edilməklə hazırlanır. Birmərtəbəli evlərin sakinləri ilə də danışıqları icra hakimiyyətinin mütəxəssisləri aparır, onların həmin ərazidə inşa olunacaq binada mənzillə təmin olunması və ya başqa yerə köçürülməsi kimi məsələləri həll edirlər.

Bu “pilot layihələr” tək binaların tikintisi ilə yekunlaşmır. Bu layihələr kompleks şəkildə özündə bütün infrastrukturun yaradılmasını nəzərdə tutur. Tikintisi başa çatdıqdan sonra ərazidə yaşıllıq sahələri, istirahət və idman meydançaları, avtomobil dayanacaqları və piyada yolları yaradılmalıdır. Bir sözlə, “pilot layihə” abadlaşdırılmış həyəti olan yaşayış kompleksinin yaradılması deməkdir.

Lakin təəssüflə qeyd etməliyik ki, Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə həyata keçilməsinə başlanılan “pilot layihə”lərə kölgə salmaq cəhdləri də edilir. Görünür, kimlərsə bu layihələrin yalnız yerli icra hakimiyyəti orqanları ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçirilməsini həzm edə bilmirlər. Amma unudurlar ki, dövlət başçısının təşəbbüsü ilə görülən işlər ən ali və etibarlı zəmanət deməkdir.

 

Nərimanov rayonu yenə öndədir

 

“Pilot layihələr”in icra vəziyyəti ilə bağlı yerindəcə tanış olmaq üçün Nərimanov rayonunda olduq. Nərimanov Rayon İcra Hakimiyyətinin Rayon təsərrüfatı şöbəsinin müdiri Rəşid Ağayev bildirdi ki, Nazirlər Kabinetinin qərarına əsasən, Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 ədəd mənzillərdən ibarət olan 219 yaşayış binasının sökülməsi və yenidən qurulması qərara alınmışdır. Qərarın imzalanmasından dərhal sonra rayonda onun icrasından irəli gələn vəzifələrin həll edilməsi istiqamətində işlərə başlanılmışdır. Belə ki, rayon ərazisində qəzalı vəziyyətdə olan yaşayış binaları siyahıya alınmış, bərpası mümkün olmayan binaların sökülərək yerində müasir memarlıq üslubunda yeni yaşayış binalarının inşa edilməsi ilə bağlı işlərə başlanılmışdır. Tikinti sahəsində çalışan iş adamları və sahibkarlarla keçirilən görüşlərdə onları maraqlandıran bütün məsələlər müzakirə olunmuş, konkret təkliflər irəli sürülmüşdür.

Rəşid Ağayev qeyd etdi ki, Nazirlər Kabinetinin müvafiq sərəncamından sonra 33 tikinti şirkəti Nərimanov ərazisində istismar müddətini başa vurmuş, qəzalı, şəhərin müasir görüntüsü ilə uzlaşmayan evlərin tikintisi üçün müraciət edib. Bu müraciətlərin 25-nə tikinti fəaliyyətinə başlamaq üçün sərəncam verilib, 12 müraciət üzrə isə söküntü və tikinti işləri artıq başlayıb.

Hazırda “Araz-2011A” MMC tərəfindən Qarabağ küçəsi 47-79 və T.Şıxəliyev küçəsində 10 nömrəli yaşayış binalarının yerində bir ədəd çoxmənzilli yaşayış binasının, Əhməd bəy Ağaoğlu, Aşıq Alı və Dəmirçizadə küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binasının və Qarabağ, Əhməd bəy Ağaoğlu, Ə.Dəmirçizadə küçələrində, Xətai prospektinin əhatə etdiyi ərazidə binaların yerində bir ədəd çoxmənzilli yaşayış binasının, “Bakı Mexanikləşdirmə-1” ASC tərəfindən A.Heydərov küçəsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının yerində bir ədəd çoxmənzilli yaşayış binasının və Ə.Orucəliyev-Arif Heydərov küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının yerində bir ədəd çoxmənzilli yaşayış binasının, “Çinar-Z” MMC tərəfindən Ə.Əliyev küçəsində bir ədəd çoxmənzilli yaşayış binasının inşası davam edir.

Bundan başqa, Səməd Vurğun və Sabit Rəhman küçələrinin, Mirəli Qaşqay və Mövsüm Sənani küçələrinin, Təbriz və Firdovsi Məmmədov küçələrinin, Təbriz, Ə.Dəmirçizadə və F.Əsədov küçələrinin kəsişməsində, Mövsüm Sənani küçəsi ilə Xan Şuşinski küçəsinin kəsişməsində, Ə.Dəmirçizadə, Ə.Əlizadə, Qarabağ və Əhməd bəy Ağaoğlu küçələrinin əhatə etdiyi ərazidə, Xətai prospekti, Qarabağ küçəsi, Tələt Şıxəliyev və Əhməd bəy Ağaoğlu küçələrinin əhatə etdiyi ərazidə yerləşən binaların yerində çoxmənzilli yaşayış evləri tikilir.

Bunlar göstərir ki, Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən, ən çox belə layihə hazırda Nərimanov rayonunda həyata keçirilir. Bu barədə danışan Rəşid Ağayev dedi ki, Bakı şəhərində tikintinin kütləviləşdiyi 6-7 il öncəki dövrdə Nərimanov rayonunda orta hesabla il ərzində 8-10 bina inşa edilib. Hansı ki, onların əksəriyyəti birbloklu olub. Hazırda həyata keçirilən “pilot layihələr” üzrə isə inşa edilən binalar azı ikiblokludur. Ümumilikdə, layihələr üzrə blokların sayı 100-dən çoxdur.

 

Mənzillərin qiyməti ucuzlaşır, keyfiyyət yüksəlir, iş yerləri açılır

 

Nərimanov RİH rəsmisi “pilot layihələr”in müsbət iqtisadi tərəfləri barədə də geniş məlumat verdi. Onun sözlərinə görə, yeni yaşayış binalarının inşası ümumən mənzillərin qiymətlərinin ucuzlaşmasına, beləliklə, vətəndaşlar üçün daha əlçatan olmasına müsbət təsir göstərib. Hazırda reallıq ondan ibarətdir ki, vaxtilə bir kvadratmetri 3 min manata olan mənzil indi 1500 manata təklif olunur. Bunun da əsas səbəbi təklifin tələbi üstələməsidir. Real vəziyyət isə tikinti şirkətlərini tam qane edir.

Məsələnin digər iqtisadi və daha çox sosial tərəfi yeni iş yerlərinin açılmasıdır. Bir neçə il öncə tikinti sektoru zəiflədiyindən inşaatçılar arasında işsizlik də artmışdı. Bu gün isə yeni tikilən binaların inşasına minlərlə işçi cəlb edilib. Bu, vətəndaşların məşğulluğunun təmin olunması ilə yanaşı, həm də yüzlərlə ailənin sosial rifahının, maddi imkanlarının yaxşılaşması deməkdir.

Yeni yaşayış binalarının inşası həm də inşaat sektorunun canlanmasına səbəb olur. Tikinti elə bir sektordur ki, zəncirvari şəkildə özündə yüzlərlə elementi birləşdirir. Daş, qum, sement, çınqıl, armatur, taxta, elektrik naqilləri, boyalar və s. bu kimi inşaat elementləri ayrı-ayrı istehsal sahələrinin məhsullarıdır. Bu mənada yenidən vüsət alan yaşayış binalarının inşası bütün tikinti məhsulları bazarını hərəkətə gətirir. Nərimanov rayonunda həyata keçirilən layihələrlə tanışlıq zamanı onu da öyrəndik ki, köhnə və qəzalı evlərin söküntüsü nəticəsində orada yaşayan sakinlər, əvvəlki mənzillərinin sahəsindən 20-30 faiz artıq olmaqla tam təmirli mənzillərlə təmin olunacaq, tikintinin aparıldığı müddətdə şirkətlər tərəfindən sakinlərə kirayə haqqı ödəniləcək. Təbii ki, yaşayış sahəsinin digər hissəsi və qeyri-yaşayış sahələri sahibkarlar tərəfindən satılacaq.

Bakının tikinti sektorunda yeni mərhələ başlayıb. Dövlətin dəstəyi və zəmanəti ilə istismar müddətini başa vurmuş və qəzalı evlərin söküntüsünü və yeni binaların inşasını əhatə edən mərhələlərdə tikinti işləri sırf şəhərsalma prinsipləri, arxitektur tələblər çərçivəsində, Bakının ümumi görünüşünə uyğun şəkildə aparılır. Artıq əvvəlki xaotik tikinti bumu, bəzi dövlət qurumlarının yarıtmaz fəaliyyət dövrü geridə qalıb. Dövlət başçısının birbaşa nəzarətində olan “pilot layihələr”in uğurlu icrası isə Bakının gözəlliyinə yeni rəng qatacaq, onun dünyanın ən gözəl şəhərləri sırasında şöhrətini daha da artıracaq.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2017.- 30 iyun.- S.14.