Xalq və
dövlət naminə şərəfli missiya
Mehriban
xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsinə
təyinatı ölkə vətəndaşlarının
obyektiv sosial sifarişidir
İstisnasız olaraq bütün
dövrlərdə cəmiyyətin mütərəqqi yolla
inkişafı məhz sağlam əqidəli, xalqa, dövlətə
təmənnasız xidməti başlıca həyat
amalına çevirən nəcib insanların fəaliyyəti
ilə bağlı olmuşdur. Belə insanlar qısa zamanda cəmiyyətin
sayılıb-seçilən şəxsiyyətlərinə
çevrilmiş, üzərlərinə düşən
sosial məsuliyyəti düzgün dəyərləndirmiş,
xoş məram və məqsədləri ilə milyonların
rəğbətini qazanmışlar.
Bütün dövrlərin belə
parlaq simaları üçün səciyyəvi keyfiyyətlərdən
biri də onların qlobal miqyasda insanlığın
nicatına xidmət edən ictimai təşəbbüslərlə
çıxış etmələri olmuşdur. Bu baxımdan
qürur hissi ilə deyə bilirik ki, narahat dünyamızda nəcib
və ali məqsədlər, bəşəri ideyalar naminə
əzmlə çalışan, insan amilini daim uca tutan
sülh elçiləri sırasında Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və
ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım
Əliyevanın adı xüsusi çəkilir.
Azərbaycanın birinci
xanımının çoxşaxəli fəaliyyətinin nəinki
Azərbaycanda, ölkə hüdudlarından kənarda da rəğbətlə
qarşılanmasının səbəbləri kifayət qədər
sadədir: O, əzmkar fəaliyyəti ilə təkcə
milli-mənəvi dəyərlərin, mənəvi və
qeyri-maddi irsin dünya miqyasında təbliğini deyil, həm
də sivil dünyada sülhü, sabitliyi,
sivilizasiyalararası dialoqu, multikulturalizmi, bir sözlə,
insanlığın tərəqqisinə yönələn ali
ideyaların reallaşdırılmasını, bu sahələrdə
səylərin birləşdirilməsini hədəfə
almışdır.
Yaradılarkən
çoxlarının yalnız xeyriyyəçilik
yönümündə fəaliyyət göstərəcəyini
zənn etdiyi Fond zaman baxımından qısa müddətdə
reallaşdırdığı çoxşaxəli layihələrin
miqyası ilə gözlənildiyindən xeyli böyük
amalları uğurla gerçəkləşdirmişdir.
Ümummilli liderin ideallarını yaşadaraq, qısamüddətli
fəaliyyəti dövründə elm, təhsil, mədəniyyət,
incəsənət, səhiyyə və idmanın inkişafına
xidmət edən layihələrin
reallaşdırılması, milli-mənəvi ideallara,
humanist, insanpərvər dəyərlərə sadiq gənc nəslin
formalaşdırılması, gender bərabərliyinin təmini,
sivilizasiyalararası dialoqun təşviqi, nüfuzlu beynəlxalq
qurumlarla əməkdaşlığın dərinləşdirilməsi,
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması - xüsusilə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı ölkəmizin haqlı mövqeyinin beynəlxalq
aləmdə dəstəklənməsi istiqamətində son
dərəcə uğurlu nəticələrə imza atmış,
dərin ictimai rəğbət qazanmışdır.
Çoxşaxəli vətənpərvər
fəaliyyəti ilə xalqa və dövlətə
böyük faydalar vermiş nəcib bir şəxsiyyətin
bu günlərdə yüksək dövlət idarəçiliyinə
təyinatı da ölkəmizin ən yeni tarixinə əlahiddə
hadisələrdən biri kimi düşmüşdür.
Dövlət başçısı cənab İlham
Əliyevin 21 fevral 2016-cı il tarixli sərəncamı ilə
Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci
vitse-prezidenti vəzifəsinə təyin olunması ölkənin
modernləşməsi prosesinin keyfiyyətcə yeni mərhələyə
qədəm qoyduğunu əminliklə söyləməyə
ciddi əsaslar verir. İctimai həyatın bütün sahələri
üzrə mühüm yeniliklərə, qlobal böhranın
tələblərindən irəli gələn səmərəli
iqtisadi islahatlara müəlliflik edən müstəqil
respublikamızın bundan sonrakı inkişaf
strategiyasının reallaşdırılmasında Azərbaycanın
birinci xanımının da müstəsna rolu və xidmətləri
olacaqdır.
Azərbaycan gəncliyinin də
inam və etimad ünvanına çevrilmiş Mehriban
xanım Əliyevanın əlahiddə və yüksək məsuliyyət
tələb edən dövlət vəzifəsinə təyinatı
bir tərəfdən onun indiyə qədərki fəaliyyətinin
yüksək dəyərləndirilməsidirsə, digər tərəfdən
cəmiyyətin səmimi istək və gözləntilərinin
nəzərə alınmasıdır. 26 sentyabr 2016-cı il
tarixli ümumxalq referendumunun nəticəsi olaraq təsis
edilmiş Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
vəzifəsinə yüksək mənəvi dəyərlərə
sadiqliyi, idarəçilik keyfiyyətləri ilə seçilən,
ölkə daxilində və hüdudlarından kənarda
böyük nüfuza malik olan bir şəxsin irəli çəkilməsi
ümumən cəmiyyətin mənafeyinə xidmət edən
obyektiv qərardır. Yalnız bu səbəbdən ki, Azərbaycanın
birinci xanımı son 15 illik fəaliyyəti ilə ictimai həyatın
bütün sahələri üzrə mövcud
çatışmazlıqlara, problemlərə yaxından bələd
olduğunu sübuta yetirmişdir. Ötən illərdə
Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı,
YAP sədrinin müavini kimi yüksək vəzifələrdə
uğurla reallaşdırdığı layihələri ilə
cəmiyyətdə milyonlarla insanın rəğbətini
qazanmışdır.
Azərbaycan Prezidenti cənab
İlham Əliyev Təhlükəsizlik Şurasının
iclasında Mehriban xanım Əliyevanın idarəçilik keyfiyyətlərini
yüksək dəyərləndirərək demişdir:
“Mehriban Əliyeva 2005-ci ildən Azərbaycan Respublikası
Milli Məclisinin deputatıdır. O, deputat kimi çox
böyük işlər görüb, təmsil etdiyi dairənin
sosial-iqtisadi problemlərinin həlli istiqamətində
çox böyük addımlar atıb. Seçicilərlə
daim təmasdadır və onun deputat kimi əsas fəaliyyəti
seçicilərin problemlərinin həlli ilə
bağlıdır. Eyni zamanda, Mehribanın deputat kimi çox
geniş beynəlxalq fəaliyyəti də var. Bu fəaliyyət
nəticəsində müxtəlif ölkələrdə
qazandığımız dostların sayı artıb.
2004-cü ildən bu günə qədər
Mehriban Əliyeva ulu öndərin adını daşıyan
Heydər Əliyev Fondunun prezidentidir. Heydər Əliyev Fondu
onun rəhbərliyi ilə nəinki Azərbaycanın, hesab
edirəm ki, regionun ən böyük və nüfuzlu ictimai təşkilatına
çevrilmişdir. Heydər Əliyev Fondunun çoxşaxəli
fəaliyyəti Azərbaycan xalqı tərəfindən
yüksək qiymətləndirilir”.
Ümumilikdə, Heydər
Əliyevin dövlətçilik, azərbaycançılıq,
vətənpərvərlik fəlsəfəsinin davam etdirilməsini
ali məqsədlərdən biri kimi müəyyənləşdirmiş
Mehriban xanım Əliyevanın mövqeyi bundan ibarətdir ki,
hər bir insanı, təşkilatı, təmtəraqlı
sözlər, parlaq epitetlər yox, gördüyü işlər,
əldə edilən nəticələr xarakterizə etməlidir.
Hər bir insanın həyatda öz yaşam fəlsəfəsinin
olduğunu deyən Mehriban xanım Əliyevanın fikrincə,
heç də vacib deyil ki, şəxs bu fəlsəfəni
sözlərlə izah etsin. Bu həyat fəlsəfəsi, istər-istəməz,
onun hərəkətlərində, əməllərində
özünü büruzə verəcəkdir. Azərbaycanın
birinci xanımı hesab edir ki, xoş əməllərlə,
mərhəmətli və humanist yanaşma ilə dünyada
çox şeyi yaxşılığa doğru dəyişdirmək
mümkündür.
Bu da təsadüfi deyildir ki, Heydər
Əliyev Fondunun nəcibliyə, insanpərvərliyə və
humanizmə əsaslanan çoxşaxəli fəaliyyəti
ilk gündən həyatın bütün sahələrində
milli-mənəvi və intellektual tərəqqini təmin etməyə
yönəlmişdir. Qurumun uğurlarını təmin edən
başlıca amillərdən biri də ictimai dəstəyə
ehtiyac duyan sahələri dəqiqliklə müəyyənləşdirərək
dövlət səviyyəsində gerçəkləşdirilən
layihələrə əlavə təkan verməsi olmuşdur.
Fond, bu mənada, həm də cəmiyyətin müxtəlif
təbəqələrini milli məqsəd və ideallar
uğrunda səfərbər edən, ümumi səyləri
bir nöqtədə birləşdirən əlahiddə
statuslu mərkəzə çevrilmişdir.
Rusiyada təhsil alan azərbaycanlı
kimi onun da şahidiyəm ki, Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva beynəlxalq səviyyədə
tanınan və hörmət bəslənilən xanım
siyasətçidir. Heydər Əliyev Fondunun prezidenti ötən
illərdəki fəal təşəbbüsləri həm də
Azərbaycanın bəşəri miqyasda tanınmasına,
ölkəmiz haqqında obyektiv rəyin formalaşmasına, həmçinin
respublikamızın beynəlxalq miqyaslı tədbirlərin təşkilatçısına
çevrilməsinə xidmət etmişdir. Azərbaycanın
birinci xanımı ingilis dilində səlis nitq söyləməklə,
Avropanın siyasi leksikonunda ölkə həqiqətlərini
dünyaya çatdırır. Çıxışlarında
bəşəriyyəti sülhə, sabitliyə,
qarşılıqlı faydalı əməkdaşlığa,
qlobal problemlərin birgə həllinə səsləyən
qlobal çağırışların yer alması ölkənin
birinci xanımının timsalında Azərbaycan
qadını haqqında dolğun təsəvvür formalaşdırır.
Yüksək vəzifə tutan hər
bir dövlət məmurunun uğurlarını şərtləndirən
vacib amillərdən biri də onun yüksək təşkilatçılıq
qabiliyyətidir. Heydər Əliyev Fondunun prezidentinin təşəbbüsü
ilə son illərdə Bakıda təşkil edilmiş beynəlxalq
tədbirlərin miqyası və əhəmiyyəti bu
baxımdan xüsusilə diqqətəlayiqdir. UNESCO, ISESCO,
UNİSEF və digər beynəlxalq qurumlarla birgə
keçirilən beynəlxalq tədbirlər Azərbaycanın
qlobal sferada sülh, tərəqqi və iqtisadi əməkdaşlıq
mərkəzi kimi tanındığını, nüfuzunun
yüksəldiyini göstərir. Həmin tədbirlərdə
dini-etnik ayrı-seçkiliyin, gender bərabərsizliyinin,
savadsızlığın aradan qaldırılması məsələləri,
habelə səhiyyə, elm, təhsil, mədəniyyət sahəsindəki
qlobal problemlərin aradan qaldırılması yolları
geniş müzakirə olunur.
2005-ci ildən indiyədək
“UNESCO-Azərbaycan: Azərbaycanın təhsil problemləri və
perspektivləri”, “Gender bərabərliyi: de-yure və de-fakto
gender bərabərliyinin təmin olunması”, UNESCO-nun
“Dünyada savadlılığın dəstəklənməsi”,
“Davamlı inkişaf üçün Azərbaycanda təhsil
islahatları”, “Mədəniyyətlərarası dialoqda
qadınların rolunun genişləndirilməsi” və digər
mövzularda keçirilən konfransların əhəmiyyəti
xüsusi qeyd olunmalıdır: Heydər Əliyev Fondunun
prezidenti həmin tədbirlərin
iştirakçılarında Azərbaycan haqqında obyektiv təsəvvür
formalaşdıra bilmiş, onları ölkə həqiqətləri
ilə yaxından tanış etmişdir.
Heydər Əliyev Fondunun
prezidentinin milli mədəniyyətin dünya miqyasında təbliği
və qorunması naminə həyata keçirdiyi nəcib
missiya son illərlə məhdudlaşmır. Xatırlatmaq
lazımdır ki, 1995-ci ildə “Azərbaycan Mədəniyyətinin
Dostları” Fondunu yaratmış Mehriban xanım Əliyeva hələ
o dövrdən məhz bu missiyanı qarşıya qoymuş,
yüksək təşəbbüskarlığı, fitri idarəçilik
keyfiyyətləri ilə milli mədəniyyətin
inkişafına layiqli töhfələrini vermişdir.
Heydər Əliyev Fondu ötən
13 ildə “Azərbaycan Mədəniyyətinin Dostları”
Fondu ilə birgə xalqın milli varlığını
özündə yaşadan maddi-mənəvi, intellektual irsin
qorunması məqsədinə hesablanan müxtəlif layihələr
həyata keçirmişdir. Fondun birbaşa himayəsi ilə
son illər Azərbaycanda muğam sənətinin qorunması,
inkişafı və təbliği sahəsində
böyük işlər görülmüşdür. Azərbaycan
muğamının, aşıq musiqisinin, Novruz
bayramının UNESCO-nun bəşəriyyətin qeyri-maddi
irsinin şah əsərləri siyahısına daxil edilməsi
də məhz bu əzmkar fəaliyyətin nəticəsidir.
Fondun milli mədəniyyətin təbliği sahəsində
həyata keçirdiyi uğurlu layihələrdən biri də
“Qarabağ xanəndələri” albomunun hazırlanması
olmuşdur.
Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə 2005-ci ildən bəri keçirilən, Azərbaycan
televiziyası ilə canlı yayımlanan muğam müsabiqələri
də Azərbaycanın milli sərvəti olan muğamın təbliğinə
layiqli töhfədir. Bakıda dənizkənarı bulvar ərazisində
Beynəlxalq Muğam Mərkəzinin tikilib istifadəyə
verilməsi də fondun qlobal mədəniyyət layihələri
sırasında mühüm yer tutur. 2005-ci il aqvustun 24-də
Azərbaycan Prezidenti İlham Əliyev və UNESCO-nun sabiq
baş direktoru Koişirio Matsuuranın iştirakı ilə əsası
qoyulan Beynəlxalq Muğam Mərkəzinin 2008-ci ilin dekabr
ayında təntənəli açılış mərasimi
olmuşdur.
2011-ci ilin may ayında Azərbaycanın
gənc ifaçılarının Almaniyada keçirilən
“Evrovision-2011” musiqi yarışmasındakı parlaq qələbəsində
fondun fəal dəstəyi, təşkilatçılıq səyləri
mühüm rol oynamışdır. Heydər Əliyev Fondunun
prezidentinin “Eurovision-2012”nin, I Avropa Oyunlarının, İslam
Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi
ilə bağlı yaradılmış təşkilat komitələrinin
sədri təyin edilməsi də təsadüfi deyildir. Onun
yaxından iştirakı ilə reallaşan və
reallaşacaq bu tədbirlər ölkəmizin beynəlxalq
nüfuzunun yüksəlməsini təmin edir.
Qloballaşan dünyada hər bir
dövlətin öncüllüyü, milli inkişaf səviyyəsi
və gələcək taleyi təhsilin mövcud durumu ilə
şərtlənir. Bu baxımdan Azərbaycanda elm və təhsilin
davamlı inkişaf konsepsiyasının uğurla gerçəkləşdirilməsində
ictimai təsisat kimi fəaliyyət göstərən Heydər
Əliyev Fondunun xidmətləri xüsusi
vurğulanmalıdır. Fondun xeyriyyəçilik fəaliyyətinin
prioritet istiqamətləri sırasında təhsilin
mühüm yer tutması təsadüfi deyildir. “Yeniləşən
Azərbaycana yeni məktəb” layihəsi bu baxımdan cəmiyyətdə
ciddi dəstəklə qarşılanmışdır. Ölkə
başçısının da qeyd etdiyi kimi, layihənin
icrasına başlanıldığı 2005-ci ildən bu
günədək 3000-dək yeni məktəb əsaslı təmir
və bərpa edilmiş, yeniləri tikilmişdir.
2005-ci ildən Mehriban xanım
Əliyeva Milli Məclisin fəal deputatı kimi həm də
öz seçiciləri qarşısında verdiyi hər bir vədi
əməli işi ilə doğrultmuşdur. Azərbaycanın
birinci xanımı qısa müddətdə deputatı
olduğu Xəzər rayonunda böyük layihələrin həyata
keçirilməsinə nail olmuşdur. Məhz onun təşəbbüsü
və dəstəyi ilə yaradılan “Xəzər rayonunun
İnkişaf Fondu” Ədliyyə Nazirliyində qeydiyyatdan
keçərək əməli fəaliyyətə
başlamışdır. Bundan əlavə, Azərbaycanın
birinci xanımının təşəbbüsü ilə
Milli Məclisdə 4 dəfə amnistiya haqqında qərar qəbul
olunmuş, minlərlə ailəyə sevinc bəxş
edilmişdir.
Ölkəyə rəhbərlik
etdiyi son 10 ildə milli maraqlara söykənən fəal
xarici siyasət yeridərək, “Biz müdafiədə deyil,
hücumda olmalıyıq!” - deyən Prezident İlham Əliyev
Ermənistanın Azərbaycana təcavüzü ilə
bağlı həqiqətlərin beynəlxalq aləmə
çatdırılmasını,
işğalçının ən müxtəlif səviyyələrdə
ifşasını, bədnam erməni lobbisinə qarşı
effektiv əks-hücumun təşkilini vətəninə
bağlı hər bir azərbaycanlının ümdə vəzifəsi
sayır. Heydər Əliyev Fondunun Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması,
ölkəmizin milli-mənəvi irsinin beynəlxalq miqyasda
tanıdılması istiqamətindəki ardıcıl və
sistemli fəaliyyəti bu baxımdan xüsusi
vurğulanmalıdır.
Fondun prezidenti Mehriban xanım
Əliyeva ötən illərdə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı həqiqətlərin beynəlxalq aləmə
çatdırılması üçün bütün
mövcud imkanlardan istifadə etmiş, mədəniyyət, təhsil,
səhiyyə və digər sahələrdə həyata
keçirilən layihələrin məhz bu məqsədə
yönəlməsinə çalışmışdır.
Fond Ermənistanın ölkəmizə qarşı təcavüzünün
acı nəticələrinin dünya birliyinə
çatdırılması üçün müxtəlif səviyyəli
tədbirlər keçirmiş, Dağlıq Qarabağ
münaqişəsində xalqımızın üzləşdiyi
faciələri əyani şəkildə göstərən
filmlərin, fotosənədlərin, kitabların, digər
kütləvi nəşrlərin çapını və
yayılmasını təmin etmişdir. İngilis,
fransız, ərəb, alman, rus dillərində “Qarabağ həqiqətləri”
bukletlər toplusunun hazırlanması, Azərbaycanın xaricdəki
səfirlikləri, diaspor təşkilatları, habelə yerli
qeyri-hökumət təşkilatları vasitəsilə
yayılması bu istiqamətdə son dərəcə
uğurlu layihələrdən biri olmuşdur.
Heydər Əliyev Fondunun beynəlxalq
əhəmiyyətli quruma çevrilməsi istiqamətində
işlər son illər daha da genişlənmişdir. Rusiyada,
Rumıniyada, Türkiyədə, Böyük Britaniyada,
ABŞ-da filiallarını açan fond fəaliyyətini beynəlxalq
müstəvidə genişləndirmək imkanı
qazanmışdır. Rusiyada ali təhsil alan tələbə
kimi deyə bilərəm ki, fondun Moskva filialının fəaliyyəti
bu baxımdan daha qabarıq hiss olunur. Azərbaycanın
müasir gəncliyinin ən layiqli, vətənpərvər təmsilçisi
kimi bu missiyanı üzərinə götürmüş
Leyla Əliyeva fondun Rusiya nümayəndəliyinə yüksək
səviyyədə rəhbərlik edir. Bu da təsadüfi
deyildir ki, Azərbaycan diasporunun formalaşmasındakı xidmətlərinə
görə Leyla xanım Əliyeva Azərbaycan Prezidentinin 5
iyul 2011-cu il tarixli sərəncamı ilə “Tərəqqi”
medalı ilə təltif olunmuşdur.
İslam Konfransı Təşkilatının
gənclər forumu ilə birgə “Xocalıya ədalət!”
beynəlxalq kampaniyasına start verilməsi də fondun Rusiya
nümayəndəliyinin fəaliyyəti ilə
bağlıdır. Tunisdə İSESCO-nun Baş
Assambleyasının 10-cu sessiyasında imzalanmış protokol
“Xocalıya ədalət!” Beynəlxalq Məlumat Təşviqat
kampaniyasına dəstək verilməsini və dünya
miqyasında təhsil, elm və mədəniyyət sahələrində
birgə tədbirlərin həyata keçirilməsini nəzərdə
tutur. Aksiyanın əsas məqsədi beynəlxalq birliyi
Xocalı faciəsi haqda ədalətli məlumatlandırmaqdır.
Fondun nümayəndəliyinin
Rusiya ilə Azərbaycan arasında mədəni dialoqunun genişləndirilməsi
istiqamətində həyata keçirdiyi tədbirlər də
bu baxımdan təqdirəlayiqdir. Fond bu cür məktəblərin
açılmasını təşviq edir və onların tədris
ədəbiyyatı, kompüterlərlə təchiz
olunmasına kömək göstərir. Fond indiyə qədər
İvanovo, Tula, Tver və Surqut şəhərlərindəki
bazar günü məktəblərinə kömək edir.
Ümumiyyətlə, Azərbaycan
cəmiyyətinin Birinci vitse-prezidentin təyinatı ilə
bağlı nikbin ovqatı Mehriban xanım Əliyevanın
dövlət idarəçiliyində xalqa və dövlətə
daha çox xeyir vermək imkanlarının genişlənməsi
ilə bağlıdır. Yeni vəzifəyə təyinatla
bağlı ona ünvanlanan çoxsaylı təbriklərlə
əlaqədar insanlara təşəkkürünü bildirən
Mehriban xanım Əliyeva demişdir: “İndiyədək Heydər
Əliyev Fondu bir çox əhəmiyyətli layihələr
reallaşdırıb və mən bununla fəxr edirəm. Bu
illər ərzində biz Azərbaycanın həyatında
baş verən müsbət dəyişikliklərə öz
töhfəmizi verməyi bacarmışıq. Amma yeni təyinat
qarşıma artıq yeni hədəflər qoyur, yeni imkanlar
açır. Mən gələcəyə nikbin baxıram.
Çünki bu gün Azərbaycan qüdrətli,
özünü təsdiq etmiş bir dövlətdir. Bizim
inkişaf üçün böyük potensialımız, ən
əsası isə insan kapitalımız vardır. Əziz
dostlar, mən öz ölkəmə, sizə, bizim
yaradıcılıq enerjimizə inanıram. Ölkəmizin gələcəyi,
onun inkişafı və firavanlığı
üçün bizim hər birimiz cavabdehik. Bu gün sizin səmimi
diləkləriniz və dəstəyiniz mənim
üçün çox vacibdir. Mən bu dəstəyi hər
zaman, fəaliyyətimin bütün mərhələlərində
hiss etmişəm. Hesab edirəm ki, əsl minnətdarlıq
özünü yalnız sözdə deyil, konkret əməldə
göstərməlidir. Sizi əmin edirəm ki, indiyədək
önəm verdiyim prinsiplərə - öz Vətənimə
və xalqıma xidmət, mərhəmət və ədalət,
tolerantlıq və ümumbəşəri dəyərlərə
bundan sonra da sadiq qalacağam”.
Əsl insan üçün ən
dəyərli xəzinə məhz çalışmaq və
başqalarına yaxşılıq etmək
bacarığıdır. Heydər Əliyev Fondunun prezidenti,
UNESCO və ISESCO-nun prezidenti Mehriban xanım Əliyeva da dəyərli
vaxtını, enerjisini məhz insanların nicatına,
rifahına, firavanlığına xidmət edən layihələrə
yönəldir. İnsan amilinin yüksəlişinə xidmət
edən bu layihələr, ilk növbədə, Heydər
Əliyev ideyalarına sədaqətin, Azərbaycan Prezidenti cənab
İlham Əliyevin Vətən, xalq naminə
apardığı məqsədyönlü siyasətə dəstək
vermək istəyinin təzahürüdür.
Şahsultan
HƏSƏNOV,
Rusiya
Federasiyasının Prezidenti yanında
İdarəçilik
və Dövlət Qulluğu Akademiyasının magistri
Azərbaycan.-
2017.- 1 mart.- S. 1, 3.