Azərbaycanın Birinci vitse-prezidenti Mehriban
Əliyevanın “Rossiya 24” telekanalına müsahibəsi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva fevralın 27-də “Rossiya 24” kanalına müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir.
X X X
- Mehriban xanım, Sizi Azərbaycanın Birinci
vitse-prezidenti vəzifəsinə təyin
olunmağınız münasibətilə təbrik edirəm.
Bir həftədən az vaxt keçib. Fevralın 21-də
Prezident İlham Əliyev Sizi Azərbaycanın Birinci
vitse-prezidenti təyin etmək barədə qərarını
elan etdi. Biz bu kadrları - Təhlükəsizlik
Şurasının kadrlarını gördük. Bəs Sizə
bu təklif necə gəldi? Hansısa ailə şurası
olubmu? Siz bunu nə qədər müzakirə etmisiniz? Bəlkə
Siz dərhal razılaşmamısınız, uzun müddət
düşünmüsünüz? Bu, necə olub?
- Denis, mən ilk növbədə, təbriklərə görə təşəkkürümü bildirmək istəyirəm. Həqiqətən hadisə yenicə baş verib. Mənim üçün çox həyəcanlı hadisədir. Mən bu barədə təbii ki, rəsmi xəbər elan olunmazdan bir qədər əvvəl xəbər tutmuşdum. Mənim ölkənin Birinci vitse-prezidenti təyin olunmağım barədə qərar Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü idi. Əlbəttə, mənim artıq uzun illər Prezidentin təkcə həyat yoldaşı deyil, deyə bilərəm ki, həmməsləki olmağım yəqin ki, öz rolunu oynayıb. Lakin düşünürəm ki, onun belə qərara gəlməsinin səbəbi bu deyildi. Əsas budur ki, rəhbər vəzifədə - Azərbaycan Respublikasının Prezidenti kimi İlham Əliyev ilk növbədə ölkənin və Azərbaycan xalqının maraqlarına istinad edir. Düşünürəm ki, bu qərarı da o, bu prinsiplərə istinad edərək qəbul etmişdir. Buna görə də, əlbəttə, üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam. Mən də buna nail olmağa çalışacağam.
- Siz dərhal razılaşdınız?
- Əlbəttə ki, biz bu barədə danışmışdıq, diskussiya aparmışdıq, ölçüb-biçmişdik və mənim əsas şübhələrim üzərimə qoyulan məsuliyyəti nə qədər doğruldacağımla bağlı idi. Ümid edirəm ki, mən öhdəsindən gələcəyəm. İnanmaq istəyirəm ki, öhdəsindən gələcəyəm.
- Azərbaycan
üçün vitse-prezidentlik yeni təsisatdır. Həmçinin Birinci vitse-prezident vəzifəsi.
Bu, mahiyyətcə ölkədə əhəmiyyətinə
görə ikinci vəzifədir. Sizin vəzifə
öhdəlikləriniz – nə ilə məşğul
olacaqsınız?
- Bilirsiniz, iş belə gətirib
ki, artıq uzun illər ərzində mən Azərbaycanın
ictimai-siyasi həyatında fəal iştirak edirəm. Mən artıq bir neçə ildir ki, ölkəmizin
700 minə yaxın vətəndaşını birləşdirən
ən böyük partiyanın - Yeni Azərbaycan
Partiyasının sədr müaviniyəm. Mən artıq 12 ildən çoxdur ki, milli
parlamentin deputatıyam. Yeri gəlmişkən,
düşünürəm ki, fəaliyyətimin bu sahəsi gələcəkdə
mənə çox kömək edəcək. Çünki bu, seçicilərlə, insanlarla
ünsiyyətin, problemlərin həllinə necə nail
olmağın, hər hansı bir problemin həlli
yollarının tapılmasının böyük təcrübəsidir.
Bununla yanaşı, mən 13 ildir ki, Heydər
Əliyev Fonduna rəhbərlik edirəm. Bu,
qeyri-hökumət təşkilatıdır. O, təkcə
Azərbaycanda deyil, bütün regionda ən iri fonddur. Fondun fəaliyyəti o qədər əhatəlidir
ki, biz bu illər ərzində ölkə miqyasında iri və
mühüm layihələr həyata keçirmişik. Bu da çox böyük təcrübədir.
Təbii ki, UNESCO-nun və
ISESCO-nun xoşməramlı səfiri kimi, bütün bu illər
ərzində mən öz beynəlxalq fəaliyyətimi
nizamlamalı olurdum. İlk növbədə bu, mənim
üçün dünya ictimaiyyətinə Azərbaycanın
tarixini, mədəni irsini, bununla yanaşı, Azərbaycanın
bugünkü siyasi və ictimai gerçəkliklərini
çatdırmaq imkanı idi. Müasir Azərbaycanın
nə demək olduğunu, onun əhəmiyyətini, siyasi
mövqeyini, bu ölkənin potensialını dünya
ictimaiyyətinə çatdırmaq lazım idi.
Düşünürəm ki, bu istiqamətdə də xeyli
iş görməyə nail olmuşam. Buna
görə də mən gələcəyə nikbin
baxıram. Düşünürəm ki,
bütün bu illər ərzində toplanan təcrübə,
vərdişlər mənə kömək edəcək.
Əlbəttə ki, tamamilə yeni təsisatdır
və mən bu vəzifənin, yaxud, bu vəzifəni tutan
şəxsin əsas rolunu Prezidentin komandasının
üzvü və sadiq həmməsləki kimi görürəm.
Konkret vəzifələri isə əlbəttə,
ölkə rəhbərliyi və cari məqamın tələbləri
müəyyənləşdirəcək.
- Sizə artıq
hansısa tapşırıqlar verilibmi?
- Düşünürəm, dediyim
kimi, bundan əvvəl icra etdiyim fəaliyyətin tutumu yəqin
ki, daha geniş olacaq. Yəqin ki, iş
birmənalı daha çox olacaq. Mənim təsəvvürüm,
istəyim sosial problemlərin, əhalinin aztəminatlı təbəqəsinin
problemlərinin həllinə diqqəti maksimum cəmləşdirməkdir.
Azərbaycanda bir milyondan artıq qaçqın
və məcburi köçkün var. Bütün bu illər
ərzində onların problemləri dövlət və
hökumət səviyyəsində həll olunur. Lakin mən hesab edirəm ki, biz bu sahəyə daha
böyük diqqət yetirməliyik. Mən
də bu işə hazıram.
- Siz deyirsiniz ki,
özünüzü Prezident komandasının bir hissəsi
kimi hiss edirsiniz. Buna baxmayaraq, biz Sizinlə, necə
deyərlər, hökumət binasında, Prezident
Administrasiyasında, Baş nazirin olduğu yerdə söhbət
etmirik. Biz Sizinlə başqa ofis
binasındayıq. Niyə? Siz
prinsipial olaraq, oraya köçməyəcəksiniz, yoxsa hələ
iş yeri hazırlanır?
- Xeyr, burada, əlbəttə ki,
heç bir prinsipial qərar yoxdur. Düşünürəm
ki, bu, prinsiplərin göstəriləcəyi sahə deyil.
Sırf texniki səbəblərə görə.
Belə ki, hadisə yenicə baş verib.
Bu bina mənim iş yerimdir. Burada həm Fondun
ofisi, həm də sıx əməkdaşlıq etdiyimiz digər
ictimai təşkilatların ofisləri yerləşir. Yəni, mən buna hansısa birinci dərəcəli
məsələ kimi baxmıram. Əlbəttə,
vaxtı çatdıqca yəqin aydın olacaq. Əgər Prezident Administrasiyasının
binasında işləmək zərurəti olarsa, niyə də
yox.
- Prezidentin və
Birinci vitse-prezidentin pasportlarında eyni soyad olanda və bu
insanlar nikahdadırlarsa, düşünürəm ki, bu,
hamının xoşuna gəlməyə bilər. Sizin təyinatınızdan sonra ünvanınıza
təbriklərlə yanaşı, Prezidentin bu qərarının
tənqidi də olub. Azərbaycanın
müxalifət axını bunun əleyhinə
çıxış etdi. Onlar Əliyevləri
Prezident hakimiyyəti kursunu gücləndirməkdə ittiham
etdilər. Oxşar bəyanatlar bəzi
xarici dövlətlərdən də gəldi. Təyinatınızın tənqidçilərinə
və əleyhdarlarına Siz nə cavab verərdiniz?
- İlk növbədə,
bu imkandan istifadə edərək, məni təbrik edib dəstəkləyən
hər kəsə təşəkkürümü bildirmək
istəyirəm. Bilirsiniz, bu, mənim üçün son
dərəcə böyük rol oynayır. Çünki mən indiyə qədər sosial
şəbəkələrdən minlərlə sadə
insandan, bizim həmvətənlərimizdən, bəzən də
Azərbaycanın hüdudlarından kənardakı həmvətənlərimiz
olmayanlardan da çox səmimi arzularla, təbriklərlə
dolu məktub və teleqramlar alıram. Mənim
üçün ən vacibi budur ki, inam duyuram. Bax bu, həqiqətən də mənə real inam,
real güc verən amildir.
Tənqidə gəlincə
isə mən ona tamamilə normal yanaşıram. Siyasi sistemdə
və ümumiyyətlə, həyatda olduğu kimi, hər
şeyin hamının xoşuna gəlməsi mümkün
deyil. Aydındır ki, hansısa obyektiv məqamlar,
çoxlu subyektiv tənqid var. Bu illər ərzində, təəssüf
ki, ölkəmiz dəfələrlə haqsız,
qeyri-obyektiv, qərəzli, ikili standartlı tənqidlə
rastlaşıb və yəqin bizdə artıq özünəməxsus
immunitet yaranıb. Mən sağlam,
konstruktiv tənqidi dinləməyə hazıram, ona tamamilə
açığam və həssasam. Mən
öz işimdə və fəaliyyətimdə təkmilləşməyə
hazıram. Mən həmişə deyirəm
ki, hakimiyyətə qarşı müxalifətdə olmaq
mümkündür, amma öz ölkəsinə qarşı
müxalifətdə olmaq lazım deyil. Ən
dəhşətlisi elə budur, hansısa şəxsi
xırda ambisiyalarına görə sən öz ölkənə,
əslində, xalqına qarşı müxalifətdə
olmağa hazırsan. Bax, bu, dəhşətlidir.
Buna görə də bu halda yenə də mənim
vəzifəm ondan ibarətdir ki, müəyyən vaxtdan sonra,
hətta ən çox tənqid edən təbəqələrin
obyektiv tənqidi üçün əsasları daha da
azalsın. Mən çalışacağam buna nail olum.
- Dediyiniz kimi,
Sizin fəaliyyətiniz və təyinatınızdan sonra gələn
təbriklər dalğası mənə elə gəlir ki,
bir-birinə bağlıdır. Çünki Siz
Azərbaycanda inanılmaz dərəcədə sevilirsiniz.
İlk növbədə, adamlarla söhbətlər
əsnasında belə qənaətə gəlmək olar ki,
Siz bir çox məmurlardan fərqli olaraq, quru insan deyilsiniz.
Məmur peşəsinin tələbi isə sərtlikdir
və bəzən “yox” demək bacarığıdır.
Dövlət qulluğuna keçməklə
indi Siz dəyişəcəksinizmi?
- Bilirsiniz, düşünürəm
ki, rəhbərin mütləq quru insan olması ideyası da
müəyyən dərəcədə stereotipdir. Məsuliyyətli – bəli, prinsipial – bəli, iradəli
– bəli. Quruluq, sərtlik vacib keyfiyyət
deyil. Mənim üçün insanlarla
işləmək bacarığı, sənin
baxışlarını prinsipcə bölüşən, sənin
ardınca getməyə hazır olan həmfikirlər
komandası yaratmaq bacarığı daha vacibdir. Çünki onlar anlayırlar ki, sənin işlərin
xeyirxahlığa yönəlib. Çox
vacibdir ki, bəyan və elan edilənlər həqiqətən
baş verənlərlə üst-üstə
düşsün. Çünki insanlar hər
şeyi görürlər, hər şeyi anlayırlar. Azərbaycan kiçik ölkədir və baş verənlərin
hamısı gec-tez aydın olur. Buna
görə də bu mənada mən öz fəaliyyətimi
çox dəyişmək fikrində deyiləm. Şəfqət təkcə gözəl söz
deyil. Əsl şəfqət real işlər
- real işlərin görülməsini, konkret
addımların atılmasını tələb edir. Bu halda yenə də həmin prinsipiallıq, həmin
iradə lazımdır. Ən əsası
və ən dəhşətlisi biganəlik və laqeydlikdir.
Bax, belə olmamalıdır! Fərqi yoxdur,
ictimai xadimsən, yaxud dövlət xidmətində işləyirsən
- insanlığı qorumaq lazımdır. Mənə elə
gəlir ki, bu, heç vaxt səhv ola bilməz,
əksinə bu, həmişə doğru yoldur.
- Azərbaycanın
kiçik ölkə olması və insanların hər
şeyi aydın görməsi barədə söhbətə
gəlincə, bəlkə məhz elə buna görə
kömək haqqında Heydər Əliyev Fonduna gələn məktublar
Prezident Administrasiyasına gələnlərdən daha
çoxdur. Yəqin, Sizə buna görə
müraciət edirlər.
- Bu, elədir. Biz bu və
ya digər problemin həllinə kömək göstərmək
barədə xeyli sayda məktublar alırıq. Sizə deməliyəm ki, biz Fondun fəaliyyətinin
bu sahəsini qabartmırıq və təbliğ etmirik.
Çünki bəzən şəxsi xahişlər,
bəzən də insanların səhhətindəki problemlərlə
bağlı çoxlu müraciətlər olur. Biz azacıq imkan olan yerdə kömək etməyə
çalışırıq. Bilirsiniz, həm
də ən vacibi nədir? Ən vacibi əlaqədir.
İnsan məktublar göndərir. Bilmirəm, yəqin təbii ki, Administrasiyada da bu məktublar
nəzərdən keçirilir. Bu məktubların
haraya və necə daxil olması ilə bağlı
hansısa xüsusi mexanizm var. Bizdə bu mexanizm minimuma
endirilib. Əgər insan məktub
yazırsa, elə ertəsi günü, yaxud hansısa qısa
müddətdən sonra onunla əlaqə saxlamağa və
öyrənməyə çalışırıq. Çünki biz öyrənməliyik. Bəzən elə olur ki, məktubda yazılanlar həqiqətə
uyğun gəlmir. Əgər həqiqətən
köməyin lazım olduğunu görürüksə,
çalışırıq kömək edək. Hesab edirəm ki, Heydər Əliyev Fondu məhz bunun
sayəsində insanların sevgi və hörmətini
qazanıb.
- Fondun
uğurları lap çoxdur. Müvafiq olaraq, artıq kömək
alan, yaxud ola bilər ki, müraciət edəcək
insanlar düşünə bilərlər ki, Siz dövlət
qulluğuna keçəndən sonra Fondun işindən
uzaqlaşmaq təhlükəsi var. Fondun gələcək
taleyi barədə nə deyə bilərsiniz?
- Sözsüz ki, Fond həm sizin
dediklərinizi, həm də böyük təcrübə
topladığını, nüfuzlu olduğunu, insanların
ona inamını nəzərə alaraq, öz fəaliyyətini
davam etdirməlidir. Buna görə də Fondun fəaliyyəti
tam həcmdə davam etdiriləcək.
- Siz işinizi
davam etdirəcəksiniz?
- Mən davam etdirmək fikrindəyəm.
Bundan başqa, sizə deyim ki, xüsusilə iri layihələrin
icrasında iş təcrübəmiz var. Biz dövlət qurumları
ilə birgə işləmək təcrübəsinə
malikik: Fond, dövlət qurumları və özəl sektor. Çox uğurludur. Yeri gəlmişkən,
ən uğurlu layihələrdən biri “Yeniləşən
Azərbaycana yeni məktəb” layihəsidir. Fond bunun təşəbbüskarı olub. Fondun dəstəyi ilə məktəblər tikilib.
Təqribən 500-ə yaxın məktəb
özəl sektorun köməyi və Fondun dəstəyi ilə
inşa edilib. Sonradan bu təşəbbüs dövlət
tərəfindən davam etdirildi və son beş
ildə ölkədə üç mindən çox məktəb
binası inşa və təmir olunub. Buna
görə də düşünürəm ki, burada problem
yaranmamalıdır. Əksinə, bu, layihələrin
Fond tərəfindən gerçəkləşdirilməsi
üçün yeni stimul olacaq və yeni imkanlar açacaq.
- Siz artıq
dediniz, amma mən hər halda təkrar edəcəyəm ki,
Fondun prezidenti vəzifəsi heç də Sizin
yeganə vəzifəniz deyil. Siz Azərbaycanın
Birinci vitse-prezidenti olmaqdan başqa, həm də Azərbaycan
parlamentinin deputatısınız. Siz Azərbaycan-Fransa
parlamentlərarası əlaqələr üzrə
işçi qrupunun rəhbərisiniz, Heydər Əliyev
Fondunun və Azərbaycan Mədəniyyət Fondunun
prezidentisiniz, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfirisiniz.
Bütün bunları necə
çatdırırsınız? Siz
gündə neçə saat işləyirsiniz?
- Yeri gəlmişkən,
yaxşı sualdır. Denis, düzgün
tarazlıq tapmaq çox vacibdir. Çünki
bəzən çox işləmək lazım gəlir.
Elə vəziyyətlər olur ki, xeyli gec - saat
9-da, 10-da gəlirsən. Lakin mən həm
bu illər ərzində, həm də indi öz vəzifəmi
yerinə yetirməyi çatdırmaq üçün həmin
tənasübü tapmağa çalışıram. Əlbəttə ki, mən ilk növbədə,
öz həyat yoldaşımın xanımıyam,
uşaqlarımın anasıyam. Mənim beş
nəvəm var və həyatımın bu sahəsinə
göstərdiyim diqqətin ikinci plana keçməsini qətiyyən
istəmirəm. Qətiyyən yox.
İndiyədək mən buna nail olurdum. Ümid edirəm ki, gələcəkdə də
buna nail olacağam. Siz tamamilə doğru
dediniz ki, mən deputatam. Lakin qanunvericiliyə
görə, mən öz səlahiyyətlərimi təhvil
verməliyəm. İndi artıq deputat səlahiyyətlərimin
təhvil verilməsi prosesi gedir. Əlbəttə,
mən bütün bu illəri dərin minnətdarlıqla
xatırlayıram. Çünki əvvəla,
bizim ölkə parlamentində həmkarlarla, ən əsası
isə seçicilərlə ünsiyyətimiz, fəaliyyətimiz
olub. Bu, mənim üçün
böyük təcrübədir.
- Siz işdə və
evdə eyni insansınız, yaxud yox?
- Bəli, mən prinsipcə həmişə
eyni adamam. Mən dəyişməyə ehtiyac
görmürəm. Siz indi sual verdiniz və
mən nəsə fikrə getdim, elə vəziyyət olubmu
ki, mənim bir növ dəyişməyimə ehtiyac olsun?
Xeyr. Ümumiyyətlə, hər
hansı rola girmək gərəksizdir. Taleyimə
təşəkkür edirəm ki, lazım olmayıb. Mən gurultulu sözlər demək istəmirəm.
Mən səmimi insanam, olduğum kimiyəm.
Mən şəraitdən, vəziyyətdən
asılı olaraq dəyişmirəm. Bəli,
müəyyən reqlament, müəyyən öhdəliklər
var. Əlbəttə, aydındır ki, mən onlara riayət
etməliyəm. Mənim şəxsi
prinsiplərim var. Həyat prinsiplərim evdə də, işdə
də eynidir. Düşünmürəm
ki, bundan sonra dəyişəcəyəm. Yəqin ki, artıq belə olacaq.
- Sizin
tanışlarınız bizə danışıb ki,
qadınlara xas olan heç nə Sizə yad deyil və Siz soba
arxasına asanlıqla keçə bilən əla evdar
xanımsınız.
- Bu, belədir. Məmnuniyyətlə. Mən xörək bişirməyi çox sevirəm. Əgər siz mənim necə dincəldiyimi soruşursunuzsa, bu, mənim gözəl istirahət edə biləcəyim sahədir. Ləziz xörəklər bişirmək bir növ həm də yaradıcı işdir. Mən bunu sevirəm, edirəm və bacarıram. Ola bilər, bu, bir qədər təvazökar səslənmir, amma ümid edirəm ki, hazırladığım yeməkləri dadanlar mənim sözlərimi təsdiqləyərlər. Mən demək olar ki, bütün milli Azərbaycan xörəklərini bişirə bilirəm, Avropa yeməklərini bişirməyi xoşlayıram. Bu, tamamilə normaldır. Əvvəla, hesab edirəm ki, bunu hər bir qadın bacarmalıdır. Amma əgər bunu sevirsənsə, niyə də yox.
- Sizin ağladığınız hallar olurmu?
- Nadir hallarda, amma başqalarının yanında heç vaxt. Siz yenə də çox maraqlı sual verdiniz. Mənim 27 yaşım olanda anamı itirdim. Anamı itirəndə onun cəmi 53 yaşı var idi. O, inanılmaz dərəcədə gözəl, güclü, xoşbəxt qadın idi. Azərbaycanda ilk şərqşünas professor, Şərqşünaslıq İnstitutunun rəhbəri idi. Altı ay ərzində gözümün qabağında, qollarımın üstündə bu insanı itirdim. Yəqin ki, ən acı göz yaşlarımı o vaxt axıtmışam. İndi xeyli yaşa dolduqdan sonra mən təhlil edib anlayıram ki, bu, çox ağır idi, amma mənim bundan aldığım dərs indi də mənə həyatda kömək edir. Bu itki, yəqin ki, məni çox bərkitdi.
- Siz həyat yoldaşınızla birgə haradasa olanda
və sonra evə qayıdanda iş və siyasət barədə
söhbətlər davam edir, yoxsa öz evinizin
qapısını örtən kimi yalnız ev
qayğılarından danışırsınız?
- Yox, əlbəttə, əgər ölkənin həyatında istər müsbət, istər mənfi hər hansı ciddi, ölkə üçün mühüm hadisə baş veribsə, onları həmin məqamda müzakirə edə bilərik. Sözsüz ki, biz bunları müzakirə edirik. Deyəndə ki, iş belə gətirib, onu nəzərdə tuturdum ki, mən həyat yoldaşı olmaqdan başqa, həm də yaxşı həmməsləkəm. İnanmaq istəyirəm ki, mən yaxşı həmməsləkəm. Sadəcə, dinləmək lazımdır. Çünki axı necə gəlib demək olar ki, biz kadrı, mövzunu dəyişmişik. Yox, hər şey təbiidir.
- Siz hansı dildə danışırsınız?
- Biz Azərbaycan dilində,
hərdən də rus dilində danışırıq. Bizim
evdə hər iki dildən istifadə olunur. Mənim oğlum
məktəbə gedəndə Azərbaycan dilində pis
danışırdı. Amma o, Azərbaycan məktəbinə
getdi. İndi o, rus dilini
də, Azərbaycan dilini də mükəmməl bilir. Universitetdə isə o, ingilis dilində təhsil
alır.
Yəni, bu da sizin
toxunduğunuz çox vacib mövzudur. Rus dili
mövzusu çox aktualdır. Azərbaycanda
rusdilli təhsil tam həcmdə saxlanılıb. Sovet İttifaqı dağılana qədər fəaliyyət
göstərən bütün məktəblər
saxlanılıb. Bundan başqa, Bakı Slavyan Universiteti,
Rus Mədəniyyət Mərkəzi, Rus Dram Teatrı var və
yəqin ki, siz küçədə elə Azərbaycan dili qədər
rusca danışıqlar eşidirsiniz. Hesab edirəm
ki, bu, bizim millətin, ölkəmizin sərvətlərindən
biridir. Rus dilini qətiyyən itirmək
olmaz. Çünki rus dili təkcə dil
deyil, həm də ədəbiyyat, mədəniyyətdir.
Bu, nəhəng mədəni amildir. Çox gözəldir ki, gənclər həm də
ingilis dilində danışırlar. Bunu
yalnız alqışlamaq lazımdır. Dillərlə
bağlı vəziyyət belədir. Mənim
bu məsələni diqqətə
çatdırmağımın səbəbi odur ki, təəssüf,
əksər postsovet respublikalarında vəziyyət tamamilə
başqadır. Hətta təəccüblüdür
ki, ölkə rəhbərlərində bunun nə dərəcədə
pis tendensiya olmasına dair anlayış yoxdur. İlk növbədə, millətin özü
üçün gərəksiz tendensiyadır. Bu mənada biz fəxr edirik ki, ümumi mədəni
irsimizi qoruyub saxlaya bilmişik.
- Müsahibəyə görə təşəkkür
edirik.
- Sağ olun.
Azərbaycan.-
2017.- 1 mart.- S. 2, 3.