Şəhid hərbçimizin nəşi Beyləqanda torpağa tapşırılıb

 

Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu Ağdam rayonu Mərzili kənd sakini Qədimov Zülfü Rəhim oğlu Beyləqanda son mənzilə yola salınıb.

AZƏRTAC xəbər verir ki, dəfn mərasimində şəhidin doğmaları, Ağdam, Beyləqan və Xocavənd Rayon İcra hakimiyyətlərinin, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, ictimaiyyətin nümayəndələri, N saylı hərbi hissənin zabit və əsgərləri, Qarabağ müharibəsi veteranları, gənclər iştirak ediblər.

Mərasimdə çıxış edənlər Beyləqanda məskunlaşan şəhidin ailəsinə dərin hüznlə başsağlığı verib, bütün şəhidlərə Allahdan rəhmət diləyib, onların əziz xatirəsinin daim qəlblərdə yaşayacağını vurğulayıblar.

Şəhidin atası Rəhim Qədimov oğlu ilə fəxr etdiyini və qəhrəman əsgərlərimizin oğlunun qisasını yerdə qoymayacağına əminliyini bildirib.

Şəhidin nəşi Həzrəti Cərciz Peyğəmbər ziyarətgahındakı Şəhidlər xiyabanında əsgəri ənənələrə uyğun olaraq yaylım atəşi altında torpağa tapşırılıb, məzarı üstünə əklil və tər qərənfillər qoyulub. Zülfü Qədimovun tabutu üzərinə çəkilmiş üçrəngli Dövlət bayrağı əbədi xatirə olaraq ailəsinə təqdim edilib.

 

Azərbaycan. - 2017.- 1 mart.- S. 7.