Şəhid əsgər Tovuzda son mənzilə yola salınıb

 

Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan əsgəri, 1997-ci il təvəllüdlü, Tovuz rayonu Yanıqlı kənd sakini Əhmədov Elvin Süleyman oğlu dəfn edilib.

Şəhid Elvin Əhmədov böyüyüb boya-başa çatdığı Tovuz rayonunun Yanıqlı kəndində, kənd qəbiristanlığında torpağa tapşırılıb ruhuna dualar oxunub.

AZƏRTAC xəbər verir ki, mərasimdə rayon rəhbərliyi, Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, N saylı hərbi hissənin əsgər zabitləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda torpaqlarımızın bütövlüyü uğrunda döyüşən əsgər zabitlərimizin şücaəti yüksək qiymətləndirilib, şəhidlərimizin ruhuna dualar oxunub.

Şəhid atası Süleyman Əhmədov övladının Vətən uğrunda şəhid olmasından qürur duyduğunu deyib.

Döyüş yoldaşları Elvini hər zaman vətənsevər, mərd, cəsur bir gənc kimi tanıdıqlarını bildiriblər.

Tabut üzərinə örtülmüş üçrəngli Dövlət bayrağı şəhidin atasına təqdim olunub.

Elvin Əhmədovun nəşi minlərlə insanın müşayiəti ilə əsgəri ənənələrə uyğun yaylım atəşi altında torpağa tapşırılıb, məzarı üstünə əklillər tər qərənfillər düzülüb.

 

Azərbaycan.- 2017.- 1 mart.- S. 7.