Şəhid hərbçi Yardımlının Peştəsər kəndində son mənzilə yola salınıb

 

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhəboyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbçi Nəzərov Şahlar Yaşar oğlu fevralın 28-də doğulduğu Yardımlı rayonunun Peştəsər kəndində son mənzilə yola salınıb.

AZƏRTAC xəbər verir ki, dəfn mərasimində şəhidin doğmaları, Yardımlı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, “N” saylı hərbi hissənin əsgər və zabitləri, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları, kənd sakinləri iştirak ediblər.

Vida mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov şəhid zabitin ailəsinə dərin hüznlə başsağlığı verərək, torpaqlarımızın müdafiəsi uğrunda həlak olmuş Şahlar Nəzərovun xatirəsinin yardımlılıların qəlbində daim yaşayacağını diqqətə çatdırıb.

Şəhidin atası Yaşar Nəzərov Vətənə xidmətin hər bir övladın borcu olduğunu, şəhid oğlu ilə fəxr etdiyini bildirib.

Sonra yaylım atəşi altında şəhidin nəşi torpağa tapşırılıb.

 

Azərbaycan.- 2017.- 1 mart.- S. 7.