Azərbaycan Ordusunun şəhid olmuş hərbçisi dəfn edilib

 

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçu, Şəki rayon sakini, 1982-ci il təvəllüdlü Abdullayev Aqşin İsmayıl oğlu fevralın 28-də doğulduğu Kiş kəndində torpağa tapşırılıb.

AZƏRTAC xəbər verir ki, şəhidin dəfn mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, şəhidin döyüş yoldaşları, ictimaiyyət nümayəndələri, minlərlə rayon sakini iştirak edib.

İzdihamlı mərasimdə çıxış edənlər şəhidin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızın qanının yerdə qalmayacağını, düşməndən amansız qisas alınacağını, torpaqlarımızın tezliklə işğaldan azad olunacağını bildiriblər.

Şəhidin nəşi Dövlət himninin sədaları və yaylım atəşi altında torpağa tapşırılıb, məzarı üstünə əklil və gül dəstələri qoyulub. Tabut üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı ailəsinə təqdim edilib.

İzdihamlı dəfn mərasimində iştirak edən minlərlə insanQarabağ bizimdir, bizim olacaq!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarlarını səsləndirərək, Kiş kəndinin igid oğlunun xatirəsinə ehtiramlarını bildiriblər.

 

Azərbaycan.- 2017.- 1 mart.- S.7.