Cəza siyasətinin humanistləşdirilməsinə etibarlı hüquqi təminat mexanizmi

 

İnsan hüquq və azadlıqlarının təminatı sahəsində həyata keçirdiyi ardıcıl islahatlarla demokratik idarəetmə prinsiplərinə sadiqlik nümayiş etdirən Azərbaycan bu siyasətin mühüm tərkib hissəsi kimi ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsi və cəza siyasətinin humanistləşdirilməsi məsələlərinə də ciddiliklə yanaşır. Respublikamızın iqtisadi inkişaf dinamikasına adekvat şəkildə gerçəkləşdirilən bu islahatlar liberal mahiyyəti ilə insan amilinin cəmiyyətdə ali meyar kimi qəbulunu şərtləndirmişdir.

Bu nöqteyi-nəzərdən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixliPenitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamı keyfiyyətcə yeni mərhələdə məhkəmə-hüquq islahatlarının səmərəliliyinin daha da yüksəldilməsinə xidmət edir. Dövlət başçısının humanizmin təntənəsinə xidmət edən bu sərəncamı ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi ədliyyə və məhkəmə-hüquq islahatlarının keyfiyyətcə yeni mərhələdə uğurlu davamı kimi cəmiyyətdə yüksək qiymətləndirilir.

Xatırlatmaq yerinə düşər ki, ulu öndər müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə ciddi siyasi iradə nümayiş etdirərək cəza siyasətinin humanistləşdirilməsi sahəsində inqilabi islahatların gerçəkləşdirilməsini təmin etmişdir. Yeni dünya nizamının reallıqlarını nəzərə alan ulu öndərin nəcib təşəbbüsü ilə respublikamız insan hüquq və azadlıqlarının təminatı sahəsində əsas beynəlxalq konvensiyalara qoşulmuşdur.

1995-ci ildən ulu öndərin rəhbərliyi altında hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk müstəqil Konstitusiya hüquqi islahatların daha sürətli, ardıcıl və çevik mexanizmlər üzərində aparılmasını təmin etmişdir. Bu mərhələdən Avrostrukturlara inteqrasiya prosesinə fəal surətdə qoşulan respublikamız Avropa Şurası ilə əməkdaşlığa ciddi önəm verərək ölüm hökmünün ləğvi istiqamətində zəruri tədbirlər həyata keçirmişdir. Bu baxımdan 1995-ci ildən ölüm hökmü cəzası üzərində moratoriumun qoyulmasını, 1998-ci ilin 10 fevralında isə bu cəzanın tamam ləğv edilməsini xüsusi vurğulamaq lazımdır.

Avropa Şurasının 1983-cü ildə qəbul etdiyi İnsan Hüquqlarına dair Konvensiyanın 6 saylı Protokolunda ölüm hökmünün yolverilməzliyi birmənalı əksini tapmışdır. Dünyanın ali varlığı, əşrəfi sayılan insanın hər hansı səbəbdən ölümə məhkum edilməsi humanizm və insanpərvərlik prinsipləri baxımından qətiyyən qəbul olunmur. Araşdırmalar göstərir ki, ölüm hökmü tam ləğv olunmazdan əvvəl cəmiyyətdə geniş ictimai müzakirəyə çıxarılmış, Avropa Şurası ilə məsləhətləşmələr aparılmışdır. Ulu öndər 1998-ci il fevralın 3-də Milli Məclisə ölüm hökmünün ləğvi ilə bağlı müraciətində cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək idealları rəhbər tutmaqla ölkədə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəldiyini bildirmiş, bu tarixi bəyanatın zəruriliyini əsaslandırmışdır. Gərgin müzakirələrdən sonra Milli Məclis ölüm hökmünün ləğvi ilə bağlı ölkə Prezidentinin təklifini dəstəkləmiş, 10 fevral 1998-ci ildə belə bir tarixi qərar qəbul etmişdir (ölkə başçısının son sərəncamının 10 fevral tarixində imzalanması da, görünür, tarixi humanizmi simvolizə edir).

Ümumbəşəri dəyərlərə, hər bir fərdin mənafeyinin əsas götürüldüyü hüquqi dövlət quruculuğu prinsiplərinə həssas münasibətin əyani təcəssümü olaraq Azərbaycanda məhkumların əfv edilməsi - bağışlanması da təqdirəlayiq ənənəyə çevrilmişdir. Əfvetmə institutunun bərpası və Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının yaradılması bu istiqamətdə atılmış mühüm addım kimi vurğulanmalıdır. 1995-2003-cü illərdə ümummilli lider Heydər Əliyev tərəfindən 32 əfv fərmanı imzalanmış, bu fərmanlar 3104 məhkuma şamil edilmişdir.

Ulu öndərin təşəbbüsləri ilə Azərbaycanda amnistiya aktlarının qəbulu da mütərəqqi ənənəyə çevrilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 1.19 bəndinə əsasən, amnistiya haqqında qərar layihəsi qəbul etmək hüququ Azərbaycan Respublikası Milli Məclisinə məxsusdur. Amnistiya aktı dövlətin cəza siyasətinin humanistləşdirilməsi siyasətindən irəli gəlməklə yanaşı, Azərbaycan Cinayət Məcəlləsinin 41-ci maddəsində də əksini tapmışdır. Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis 1996-2003-cü illərdə 8 amnistiya haqqında qanun imzalamış, bu amnistiya aktları ümumilikdə 77 mindən artıq məhkuma şamil edilmişdir.

Bu istiqamətdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi xidməti xalqımız və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.

Mehriban xanım amnistiya aktlarının qəbul olunması ilə bağlı indiyədək 4 dəfə Milli Məclisə müraciət etmiş, minlərlə ailənin, vətəndaşımızın sevincinə səbəb olan amnistiya aktlarının qəbul və icra edilməsinin təşəbbüskarı olmuşdur. Birinci xanımın xeyirxah təşəbbüsü ilə 2007-ci il mayın 8-də qəbul olunmuş qərarla 9877, 2009-cu il 17 mart tarixli qərarla 9564, 2013-cü il mayın 20-də ümummilli lider Heydər Əliyevin 90 illiyi münasibətilə 10 min, 2016-cı il mayın 20-də 28 May - Respublika Günü münasibətilə 10 min məhkum barəsində amnistiya aktı qəbul olunmuşdur.

Ulu öndər Heydər Əliyevin “İslah-əmək müəssisələrində və istintaq təcridxanalarında qanunçuluğun möhkəmləndirilməsi, cəzaların icrasının təmin edilməsi və hüquqi islahatların həyata keçirilməsinə dair tədbirlər haqqında” 1999-cu il 11 fevral tarixli, “Azərbaycan Respublikasında hüquqi islahatların həyata keçirilməsi, məhkəmələrin, islah-əmək müəssisələrinin və istintaq təcridxanalarının işinin yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında”, eləcə də “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin istintaq təcridxanalarının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin tərkibinə verilməsi haqqında” 1999-cu il 9 oktyabr tarixli fərmanları respublikamızda cəza siyasətinin humanistləşdirilməsi sahəsində köklü islahatların aparılmasında dönüş nöqtəsi olmuşdur. Cəzaçəkmə müəssisələrinin, istintaq təcridxanalarının Ədliyyə Nazirliyinin tərkibinə verilməsi MDB məkanında ilk dəfə məhz Azərbaycanda həyata keçirilmiş, bununla da Azərbaycanda vahid islah-təsir siyasətinin gerçəkləşdirilməsinə, penitensiar müəssisələrin fəaliyyətinin Avropa Şurası standartlarına uyğunlaşdırılmasına təkan verilmişdir.

Ulu öndərin möhkəm təməllər üzərində əsasını qoyduğu humanist və insanpərvər siyasəti bütün sahələrdə uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev son 14 ildə əfvetmə institutunun çevik və işlək mexanizmlər əsasında fəaliyyətini təmin etmişdir. Cənab İlham Əliyevin ötən müddətdə ölkədə siyasi barışığın, vətəndaş həmrəyliyi və sülhünün təmin olunması istiqamətində atdığı addımlar onun ədalətli və humanist rəhbər obrazını şərtləndirən amillər sırasında xüsusi vurğulana bilər.

Hazırkı qlobal böhran şəraitində iqtisadi inkişaf tempini qoruyub saxlayan Azərbaycan insan hüquq və azadlıqlarının aliliyinin təminatına xidmət edən mütərəqqi hüquq islahatlarının daha da genişləndirilməsini mühüm vəzifə olaraq qəbul edir. İnsan amilinin ölkədə həyata keçirilən çoxşaxəli islahatların əsasında yer alması ölkənin məhkəmə-hüquq sisteminin davamlı şəkildə müasirləşdirilməsini, habelə cəmiyyətin dinamik inkişafından irəli gələn mütərəqqi yeniliklərin ali hüquqi qüvvəyə malik Konstitusiyaqanunlarda əksini tapmasını da qaçılmaz zərurətə çevirir. Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərə ictimai münasibəti öyrənən 2016-cı ilin 26 sentyabr referendumu digər mühüm sahələrlə yanaşı, məhkəmə orqanlarının fəaliyyəti ilə bağlı bəzi məsələləri də özündə ehtiva etmiş, ümumən ədalət mühakiməsinin keyfiyyətinin yüksəlməsinə yeni təkan vermişdir.

Qazanılan nailiyyətlər penitensiar sistemin müasirləşdirilməsini, cəzanın adekvatlığının və humanistliyinin təmin edilməsi məsələlərini də ön plana çəkmişdir. Azərbaycan Prezidentinin 10 fevral 2017-ci il tarixliPenitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamı ötən illərdən davam etdirilən islahatların keyfiyyətcə yeni mərhələdə uğurlu davamını təmin etmək məqsədi güdür. Sərəncamın preambula hissəsində qeyd olunduğu kimi, “...Dövlət idarəçilik sisteminin müasirləşdirilməsi və məhkəmə-hüquq islahatları sahəsində həyata keçirilən tədbirlər penitensiar xidmətin, habelə bütövlükdə cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulmasını və səmərəli idarəetmənin təşkilini zəruri edir”.

Son illər cəzaların icrası prosesinin müasirləşdirilməsi məqsədilə həyata keçirilən mütərəqqi islahatlara baxmayaraq, ibtidai istintaq və məhkəmə orqanlarının cinayət təqibinin gedişində son zərurət olmadan qətimkan tədbiri seçmələri narahatlıq doğuran məqam kimi qiymətləndirilir. Barəsində ittiham irəli sürülmüş şəxslərin azadlıqlarının məhdudlaşdırılması hallarına geniş rast gəlindiyi halda, təcridetmə ilə əlaqədar olmayan cəzaların, xüsusilə ictimai işlərin icrasına formal yanaşma da bu sırada xüsusi qeyd oluna bilər. Məntəqə tipli cəzaçəkmə müəssisələrinin normal fəaliyyətinin təmin olunmaması, ictimai işləri nəzərdə tutan cəzaların icrası prosesində çətinliklərin mövcudluğu, habelə cəzanı icra edən orqan və müəssisələrdə müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından kifayət qədər istifadə edilməməsi də mövcud çatışmazlıqlar sırasındadır.

Təcrübə göstərir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən, az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiqi və həmin cinayətlərə görə azadlıqdan məhrumetmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Bu vəziyyət təkcə insan hüquqları baxımından deyil, iqtisadi nöqteyi-nəzərdən də dövlət üçün əlverişli deyildir.

Ölkə rəhbərinin imzaladığı sərəncamın qayəsində yer alan strateji məqsəd də məhz cinayət-hüquq siyasətinin liberallaşdırılması, böyük ictimai təhlükə törətməyən, az ağır cinayətlərə görə həbs və azadlıqdan məhrumetmə tədbirlərinin tətbiqinin məhdudlaşdırılmasıdır. Sərəncam, eyni zamanda cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasına, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üçün kompleks institusional, qanunvericipraktiki tədbirlərin görülməsinə xidmət edir. Bu sahədə fəaliyyət göstərən dövlət orqanları üçün bir növ Strateji Yol Xəritəsi rolunu oynayan sərəncam penitensiar sahənin inkişafı və cəza siyasətinin humanistləşdirilməsi baxımından bir sıra vəzifələri önə çəkir.

Sərəncamla penitensiar müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi, cəzanı icra edən orqan və müəssisələrdə mövcud nöqsanların aradan qaldırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyanı istisna edən şəraitin təmin olunması, müasir texnoloji vasitələrin tətbiqi və cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi sistemində Probasiya Xidməti yaradılması nəzərdə tutulmuşdur. Yeni xidmətin yaradılmasında məqsəd cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına səmərəli nəzarətin təşkili və bu sahədə idarəetmənin təkmilləşdirilməsidir.

Bu cəhətdən penitensiar xidmətdə işləmək üçün kadr hazırlığı da mühüm vəzifə olaraq xüsusi aktuallıq kəsb edir. Sərəncamın ruhundan irəli gələn vəzifələrin icrası müasir tələblərə cavab verən kadrların hazırlanmasına yeni baxış, təzə yanaşmanın zəruriliyini qarşıya qoyur. Bu baxımdan Bakı Dövlət Universiteti Hüquq fakültəsində penitensiar xidmətlə bağlı ixtisaslaşmanın aparılması, eləcə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına təhsilin bakalavr pilləsi üzrə penitensiar xidmət üçün kadr hazırlığına icazə verilməsi qarşıya qoyulan məqsədə çatmağı daha da asanlaşdıra bilər.

Ümumilikdə ölkə rəhbərinin sözügedən sərəncamında cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı müasir informasiya-kommunikasiya texnologiyalarından istifadəni təmin etmək məqsədilə elektron nəzarət vasitələrinin tətbiqi; məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində nəzərdə tutulmuş qaydada çəkilməsi və məhkumlar tərəfindən rejim qaydalarına ciddi riayət olunmasının təmin edilməsi; bu sahədə korrupsiyaya şərait yaradan və digər neqativ halların qarşısının alınması üçün tədbirlərin görülməsi; ictimai işlər cəzasının formal icrası təcrübəsinin qarşısının alınması, ictimai işlər və azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan digər cəzaların icrasına effektiv nəzarətin təmin edilməsi; azadlıqdan məhrum edilmiş şəxslərin ictimai faydalı əməyə cəlb olunması məqsədilə cəzaçəkmə müəssisələrində mövcud istehsal sahələrinin bərpa edilməsi və sair məsələlər əksini tapmışdır. Eyni zamanda ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması; cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi; cinayət qanunvericiliyinin prinsiplərinə və cəza təyinetmənin ümumi əsaslarına ciddi riayət edilməsi; cinayət təqibi və cəzaların icrası zamanı qeyri-prosessual münasibətlərə yol verilməməsi, korrupsiya və vəzifədən sui-istifadə hallarına qarşı mübarizədə daha ciddi tədbirlərin görülməsi fundamental prinsiplər kimi önə çəkilmişdir.

Göründüyü kimi, cinayət törətmiş şəxslərin cəmiyyətdən təcrid edilmədən islah olunmalarına zəruri şəraitin yaradılması sərəncamla ciddi vəzifələrdən biri kimi qarşıya qoyulmuşdur. Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin yaradılması isə bu və digər məqsədlərin gerçəkləşdirilməsinə xidmət edir. Bir sıra inkişaf etmiş dövlətlərdə mövcud olan bu xidmətin Azərbaycanda da fəaliyyətə başlaması, ilk növbədə, azadlığı məhdudlaşdırılmış şəxslərin müəyyən şərtlərə riayət etmələri müqabilində cəzadan azad olunmalarına imkan yaradacaqdır. Probasiya Xidməti şərti məhkumetmə zamanı məhkumun hökmlə müəyyən edilmiş şərtlərə riayət etməsinə nəzarəti həyata keçirən, habelə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrasını təmin edən qurum kimi fəaliyyət göstərəcəkdir. Probasiya Xidmətinin əsas vəzifələri azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmişya şərti məhkum edilmiş şəxslərlə işin təşkilini keyfiyyətcə yeni səviyyəyə qaldırmaq, bu sahədə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin etmək olacaqdır. Sərəncamla həyata keçiriləcək mühüm tədbirlərdən birielektron nəzarət vasitələrinin tətbiqi (məhkumun və ya təqsirləndirilən şəxsin yerləşdiyi yeri müəyyənləşdirməyə, onun yerdəyişmələrini qeydə almağa imkan verən texniki vasitənin həmin şəxsin üzərində yerləşdirilməsi) olacaqdır. Bu vasitələr əsasən, qolbaqya saat formasında hazırlanmaqla xüsusi çiplərlə təchiz edilir və rabitə şəbəkələrinə qoşulur. Elektron nəzarət vasitələrinin zədələnməsi, icazəsiz çıxarılması və ya onlara müdaxilə edilməsi cəhdləri olduqda bu barədə dərhal monitorinq mərkəzinə siqnal ötürülür və həmin şəxslərin qanunazidd davranışının qarşısının alınması üçün müvafiq tədbirlər görülür. Elektron nəzarət vasitələrinin tətbiqi halları, qaydaları və şərtləri ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə NazirliyiBaş Prokurorluğu tərəfindən müvafiq normativ aktların layihələri hazırlanacaqdır.

Ümumiyyətlə, sözügedən sərəncamla müvafiq qurumlar qarşısında qoyulan təklifləri bu cür qruplaşdırmaq olar: 1) Mövcud qanunvericiliyin icra və tətbiq olunmasına ciddi nəzarətin həyata keçirilməsi və bu zaman əyintilərə yol verilməsinin qarşısının alınması; 2) İnsan hüquq və azadlıqlarının təminatı istiqamətində yeni qanunvericilik aktlarının işlənib hazırlanması, yeni cəza siyasətinin formalaşdırılması; 3) Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə təşkilati tədbirlərin görülməsi.

Qeyd edilən nəzəri məsələlərin gündəmə gətirilməsi ölkə rəhbərinin bir tərəfdən penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsinə, cəza siyasətinin humanistləşdirlməsinin hüquqi bazasını təşkil edən qanunvericilik aktlarının doğrudüzgün tətbiqinə xüsusi fikir verməsinin, digər tərəfdən Azərbaycanda mövcud mühitə uyğun formalaşan yeni cəmiyyət insanlarının hüquq və azadlıqlarının təminatına verdiyi önəmin göstəricisidir.

Qəbul olunmuş hər bir hüquqi aktın ictimaiyyət arasında təbliği, şərhi qanunlarımızın icrası prosesində mühüm mərhələ təşkil edir. Dövlət başçısının 7 may 2014-cü il tarixli fərmanı ilə təsis olunmuş Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun fəaliyyətinin əsas vəzifəsi əhalinin maarifləndirilməsidir. Bununla bağlı fondunHüquqi maarifləndirmə” layihəsi təsdiq olunmuş, Koordinasiya Şurası nəzdində hüquq bölməsi yaradılmışdır. Prezidentin sözügedən sərəncamından dərhal sonra tanınmış hüquqşünasların iştirakı ilə şuranın toplantısı keçirilmiş, hüquqşünaslar qarşısında duran vəzifələr barədə ətraflı müzakirələr aparılmış, bu sərəncam dövlətimizin müstəqillik dövrü məhkəmə-hüquq siyasətində yeni mühüm mərhələnin başlanğıcı kimi dəyərləndirilmişdir. Sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsinə dəstək məqsədilə xüsusi maarifləndirmə tədbirləri müəyyən edilərək icrasına başlanmışdır.

Kütləvi informasiya vasitələrində sərəncamın mahiyyəti, əhəmiyyəti barədə məqalələr dərc olunmuş, müəssisə və təşkilatlarda, cəzaçəkmə yerlərində informasiya, maarifləndirmə xarakterli mühazirələr təşkil olunmuşdur. Bu istiqamətdə silsilə tədbirlərin ardıcıl olaraq həyata keçirilməsi qərara alınmışdır.

Məlum sərəncam bir daha göstərir ki, ölkədə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu istiqamətində inamlı tədbirlər həyata keçirən Azərbaycan Prezidenti cənab İlham Əliyev humanizm prinsipini idarəçilikdə daim önə çəkir. İnanırıq ki, məhkəmə və ədliyyə orqanlarının fəaliyyətinin daha da müasirləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində həyata keçirilən sistemli tədbirlər ölkədə ədalət mühakiməsinin yüksək keyfiyyətini, cəzanın tərbiyəvi əhəmiyyətini və səmərəliliyini təmin edəcək, vətəndaşların hüquq və azadlıqlarının etibarlı qorunmasına, humanizm ideyalarının tam bərqərar olmasına geniş imkanlar açacaqdır.

 

İsaxan VƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun aparat rəhbəri, hüquq üzrə elmlər doktoru,

professor

 

Azərbaycan.- 2017.- 28 fevral.- S.9.