Mehriban Əliyeva bu məsuliyyətin öhdəsindən
də şərəflə gələcək
Azərbaycanın Birinci vitse-prezidentini Həştərxanda
dünyanın nüfuzlu ictimai xadimi, humanizm hərəkatının
öncüllərindən biri kimi tanıyır, qəbul edirlər
Həştərxan vilayətinin nüfuzlu “Volqa” ictimai-siyasi qəzetinin 28 fevral nömrəsində Rusiya Federasiyasının fəxri ümumtəhsil işçisi, Heydər Əliyev adına 11 nömrəli şəhər orta ümumtəhsil məktəbinin direktoru Tatyana Tixomirovanın “Həştərxan Mehriban Əliyevanı təbrik edir” sərlövhəli məqaləsi cüzi ixtisarla dərc edilib. Məqalənin tam mətninin tərcüməsini oxucularımıza təqdim edirik.
Bu günlərdə qardaş və dost Azərbaycandan aldığımız xoş xəbər biz həştərxanlılar üçün sevindirici, qürurverici oldu. Son 7 il ərzində vilayətimizin inkişafına, quruculuğuna töhfələr vermiş, real işlərlə özünü Həştərxanın əsl dostu kimi təsdiq etmiş Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilmişdir.
Öncədən qeyd edim ki, Prezident İlham Əliyevin bu sərəncamı Azərbaycandan uzaqlarda, - yalnız Həştərxanda deyil, Avropadan Asiyayadək geniş məkanda böyük əks-səda yaratdı, ictimaiyyətin diqqətini cəlb etdi. Bunun sadə səbəbi var: çünki Mehriban Əliyeva adı Azərbaycan hüdudlarını çoxdan aşaraq qlobal miqyasda uzun müddətdir ehtiramla, rəğbətlə qarşılanır. Onu dünyada nüfuzlu ictimai xadim, humanizm hərəkatının öncüllərindən biri kimi tanıyır, qəbul edirlər. Bu baxımdan Mehriban Əliyevanın yüksək dövlət vəzifəsinə təyinatı öz respublikasında olduğu kimi, xarici ölkələrdə də təsadüfi sayılmadı, təbii qanunauyğunluq kimi anlaşıldı. Bizlər də bu qərarı dünyanın məşhur qadın fəallarından birinə, sivilizasiyalararası əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfələr verən şəxsə öz dövlətində göstərilən etimad kimi qarşılayır və onu təqdir edirik.
SSRİ-nin dağılmasından sonra ittifaq respublikalarının hamısı yeni siyasi mühitə böhranla, çətinliklə, itkilərlə qədəm qoydu. Amma etiraf edək, Azərbaycanın problemləri daha çox idi. Həm üzləşdikləri ədalətsiz müharibə, həm də torpaq itkisi ilə bərabər milyondan artıq qaçqın-məcburi köçkün ordusunun yaranması gənc dövləti böyük sınaqlar qarşısında qoydu. Vətəndaş müharibəsi, sosial-iqtisadi böhran nəticəsində az qala dağılacaq olan Azərbaycanı böyük Heydər Əliyev şəxsiyyəti xilas etdi, qorudu. Təsadüfi deyil ki, Azərbaycan xalqı bu insanı özünə ümummilli lider kimi qəbul edib.
Son 14 il ərzində isə Azərbaycan əldə etdiyi inkişaf dinamikasına, genişmiqyaslı abadlıq və quruculuq prosesinə görə dünyanın tanınmış ölkələrindən birinə çevrilib. Biz daim mətbuatda qonşu respublikanın müxtəlif sosial, iqtisadi, maliyyə hesabatlarına görə dünya reytinqlərində öncül mövqedə olduğunu görürük. Şübhəsiz, bütün bu nailiyyətlər böyük hörmət bəslədiyimiz İlham Əliyevin səmərəli prezidentliyinin nəticəsidir. Amma onu da dəqiq bilirik ki, bu uğurların qazanılmasında, dövlət quruculuğu prosesinin rəvan getməsində Mehriban Əliyevanın da müstəsna xidmətləri var. O, Azərbaycanın birinci xanımı kimi cəmiyyətdə daşıdığı ictimai funksiya ilə kifayətlənməyərək ölkə həyatının çox sahəsində intibahla bağlı təşəbbüslər göstərir, insanların həyatını yüksəldən, onlara mənəvi və sosial rahatlıq bəxş edən layihələrə müəlliflik edir.
Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu Qafqazın ən böyük ictimai təşkilatı olmaqla yanaşı, əksər xarici ölkələrdə də xeyirxahlıq, quruculuq fəaliyyəti göstərdiyindən artıq dünyada böyük nüfuz qazanıb. Təsadüfi deyil ki, Mehriban Əliyeva UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiridir. Maraqlı məqam odur ki, bu iki sivilizasiyanı xoş niyyətli elçilikdə birləşdirən yeganə insan da məhz Mehriban xanımdır.
O, həm də öz ölkəsinin adını təşkilatçısı olduğu möhtəşəm tədbirlərlə də dünyada təbliğ edib. Unudulmaz “Eurovision” musiqi yarışmasının ardınca çox məşhur I Avropa Oyunlarının da Təşkilat Komitəsinə uğurla rəhbərlik edərək mükəmməl Azərbaycan nümunəsi yaratdı. İndi o, daha bir məsuliyyətli prosesə rəhbərlik edir. Ölkəsi bu ilin mayında IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi edəcək.
Mən Azərbaycanda dəfələrlə olmuşam, qonaqpərvər insanları ilə söhbətləşmişəm. Bilirəm ki, Azərbaycanın inkişafına verdiyi əvəzsiz töhfələr xalqının nəzərində Mehriban Əliyevanı böyük zirvələrə yüksəldib. Hər kəs Azərbaycanın son illərdə böyük tərəqqi yolu keçdiyini necə qürurla söyləyirdisə, birinci xanım barəsində eyni razılıqla minnətdarlıq və sevgi nümayiş etdirirdi. Onu da öyrəndim ki, Azərbaycan vətəndaşları hansısa çətinliklə üzləşəndə, problem qarşısında tənha qaldığını düşünəndə, dərhal ona müraciət edir, yaxud məktub yazır, dərdlərini, ürək sözlərini asanlıqla çatdırırlar. O da böyük diqqət və qayğı ilə onlara həmdəm olur, dəstəyini əsirgəmir.
Mən bir pedaqoq kimi daim müşahidələr aparıram, hər yeni məkanda o yerin səciyyəvi xüsusiyyətlərini müəyyənləşdirirəm. Azərbaycan barədə də əsas qənaətim budur ki, böhrandan, xaosdan qurtuluşa, inkişafa ustalıqla keçid edə bilən bu ölkənin xalqa ləyaqətlə xidmət edən Prezidenti və ümummilli etimad qazanmış birinci xanımı var.
Ta uşaqlıqdan inanıram ki, insanın xarakteri ilə onun adı arasında hansısa bağlılıq var və onlar bütün həyat boyu bir-birini tamamlayır. Mehriban xanımın şəxsində, həmçinin bizim Həştərxana bəxş etdiyi sevgi, mərhəmət, xeyirxahlıq timsalında bir daha əmin oluram ki, insan öz adına da layiq həyat sürməlidir. Necə ki, o, Azərbaycandan bütün dünyaya, o cümlədən Həştərxana mehribanlıq yayır, şəfqət ünvanlayır. Mehriban adının tərcüməsi bizim dildə “löbəhaə, dobra, nejnaə, miloserdnaə, drujelöbnaə, sostradatelğnaə, laskovaə” kimi tərcümə olunur. Bəli, bu adla hər şey aydındır.
Mehriban Əliyevanı Həştərxanda çox sevirlər, çünki ona minnətdar olmağımız üçün xeyli səbəblər yaradıb. Təvazökarlığından bunların çoxundan ictimaiyyətin xəbəri olmur, xeyirxahlıq nümunələrinin əksəriyyəti barədə insanlar məlumat bilmir. Bu da onun əsl xeyriyyəçilik, mərhəmət missiyasının mahiyyətindən irəli gəlir. Amma mən bu məqaləmdə bəzi məqamlara toxunmağı, ona olan təşəkkür və ehtiramımızı bir daha bildirməyi özümə borc sayıram.
O, həştərxanlıların böyük dostu, səmimi qayğıkeşidir. Ən əsası isə Mehriban Əliyeva vilayətimizin gənc nəslinin savadlı, dünyagörüşlü yetişməsi üçün, əziz Rusiyamıza layiqli vətəndaş kimi formalaşması məqsədilə elə böyük layihələr həyata keçirib ki, onun şərəfli adı onilliklər sonra da daim həştərxanlıların qəlbində əbədi iftixar və ehtiram mənbəyi kimi xatırlanacaq.
Mən Bakıda olarkən azərbaycanlı pedaqoq həmkarlarım onun maarifçilik missiyasından böyük fəxrlə danışırdılar. Ölkələrində paytaxtdan ucqar kəndlərə qədər yüzlərlə məktəbin tikilməsinin təşəbbüskarı, himayədarı olub. Rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən minlərlə məktəb təmir və bərpa edilib. Yəni bundan sonra formalaşacaq nəsil savadlı təhsilinə, peşəkar kadr kimi formalaşmasına görə hökumətləri ilə yanaşı, onlara ən müasir məktəblər bəxş etmiş Mehriban xanıma da minnətdar olmalıdır.
Necə ki, minlərlə həştərxanlı ailə ona minnətdardır!
Rəhbərlik etdiyim 11 nömrəli orta məktəb Həştərxanın ən müasir, abad, təminatlı, yüksək maddi-texniki təchizata malik məktəbləri sırasında ön yerlərdədir. Bu nailiyyətin əldə olunmasında Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müstəsna xidmətləri var.
Onun xeyir-duası, birbaşa nəzarəti ilə həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri nəticəsində 24 oktyabr 2011-ci ildə şəhərimizin Bakı küçəsində yerləşən məktəbimizin rəsmi açılışı oldu. Biz qədirbilən insanlarıq. Xeyirxahlığa minnətdarlıqla cavab verərək, məktəbə bizim də sevimlimiz olan dahi şəxsiyyətin - Heydər Əliyevin adını verdik.
1937-ci ildə tikilmiş məktəbimizin əsas korpusu Mehriban Əliyevanın təşəbbüsü, dəstəyi ilə genişmiqyaslı rekonstruksiya olundu. Amma o, bununla kifayətlənmədi, tapşırığı ilə müasir standartlara uyğun iki yeni korpus inşa edildi. Şagirdlərin təhsilinin lazımi səviyyədə təşkil edilməsi üçün bütün şərait yaradıldı, mebel və texniki avadanlıqlarla təchiz edildi. Mehriban Əliyeva məktəbi birbaşa hamiliyinə götürdü, şagirdlərimiz üçün təqaüd təsis etdi. Artıq bir neçə ildir ki, məktəbin əlaçı şagirdləri və fərqlənən müəllimlər hər rübün yekununda təqaüdlə mükafatlandırılır, hər il yay və qış tətili günlərində onların Bakıya səfərləri təşkil olunur, paytaxtlarının görməli yerləri, tarixi abidələri ilə tanış olur, istirahət edirlər.
Bizim məktəbdə 19 millətin təmsilçisi təhsil alır. Demək, 19 millət məhz Mehriban Əliyevanın xeyriyyəçiliyi, mərhəməti sayəsində Azərbaycan xalqının yüksək keyfiyyətlərini öyrənir, azərbaycanlılara hörmət edir. O, həqiqətən də Azərbaycana yalnız öz ölkəsində layiqli xidmət göstərməklə kifayətlənmir, həm də dövlətinin və xalqının xaricdə tanınmasına, nüfuzunun artmasına fədakarlıqla töhfə verir.
Mehriban xanımın mərhəmətindən həştərxanlı körpələr də yetərincə bəhrələnib. Məktəbimizin nəzdində orijinal layihə əsasında, müasir memarlıq üslubunda inşa edilmiş 140 yerlik yeni uşaq bağçası onun çoxsaylı təşəbbüslərindəndir və qürur hissi keçirik ki, onun açılışını məhz Prezident İlham Əliyev edib. 2-6 yaş arasında uşaqlar üçün 6 qrupun fəaliyyət göstərdiyi bu məktəbəqədər müəssisə bütün zəruri avadanlıq və inventarla təchiz edilib, uşaqlar üçün yaradılan idman və musiqi zalları, digər otaqlar ən müasir tələblər səviyyəsində qurulub.
Bundan əlavə, Heydər Əliyev parkında yaradılmış “Arzu” uşaq əyləncə şəhərciyi yalnız körpələrimizin mənalı vaxt keçirməsinə xidmət etmir, həm də şəhərimizin estetik görünüşünü zənginləşdirir. Mehriban Əliyevanın himayəsi və nəzarəti altında tikilən 1200 kvadratmetrlik şəhərcikdə çoxsaylı attraksionlar quraşdırılıb, uşaqların istirahəti və təhlükəsizliyi üçün hər bir şərait yaradılıb.
Həmçinin şəhər mərkəzində yerləşən 3,5 hektarlıq parkda onun tövsiyəsilə abadlıq və yenidənqurma işləri aparılmış, döşəmə örtüyü, oturacaqlar dəyişdirilmiş, fəvvarə quraşdırılmış, ətraf ərazidə yerləşən binaların fasadları bərpa edilmiş, dam örtükləri dəyişdirilmişdir. Həştərxanlıların sevimli istirahət mərkəzinə çevrilən bu məkanda Heydər Əliyevin əzəmətli abidəsi xalqlarımız arasında dostluğun rəmzi kimi ucaldılıb.
Mehriban xanımın böyük xeyirxahlığının çoxsaylı töhfələrindən biri də I Pyotr və Heydər Əliyev abidə komplekslərini birləşdirən, 50 metrdən artıq uzunluğa və 6 metr enə malik olan piyada keçid, əslində isə Rusiya-Azərbaycan dostluq körpüsüdür. Bu körpünün necə böyük fayda verdiyini isə bizdən yaxşı heç kəs bilə bilməz.
Digər bir fakt. Mehriban xanımın dəstəyi ilə şəhərimizin mərkəzində - Müqəddəs Vladimir kilsəsinin qarşısındakı meydanda Knyaz Vladimirin abidəsi də ucaldılıb. Bu abidəni o, Rusiyada xristianlığın qəbul edilməsinin 1025 illiyinə və Həştərxanın təməlinin qoyulmasının 455 illiyinə görə şəhərimizə hədiyyə edib. Bəli, müsəlman qadın provaslav xalqa, onun ənənələrinə belə böyük ehtiramla yanaşır. Əslində, bu təsadüfi deyil. Dünyada mükəmməl örnəyə çevrilmiş Azərbaycan tolerantlığının ən canlı tərənnümçülərindən biri məhz Mehriban xanımdır (Yeri gəlmişkən, o, Vatikanda və digər Avropa ölkələrində də çoxsaylı kilsələrin, məbədlərin, muzeylərin bərpasında, təmirində fəallıq edir). Onun istəyilə Knyaz Vladimirin abidəsi ətrafındakı ərazi abadlaşdırılıb, müasir standartlara cavab verən yeni park da salınıb.
Bir vacib məqama da toxunmaq
istərdim.
Bakıda olarkən, belə bir atalar sözünü
eşitdim: “Ot kökü üstə bitər”. Bu misalı Prezident İlham Əliyevin Heydər
Əliyev irsini, ideyalarını layiqincə davam etməsinə
görə xalq işlədir. Mən bu atalar
sözünü həştərxanlıların çox
sevdiyi, bizə olduqca əziz olan Leyla xanım Əliyeva
haqqında da işlətmək istərdim. O, Mehriban
xanımın mərhəmət və xeyirxahlıq
missiyasının layiqli davamçısıdır, bizə
deyildiyi kimi, əsl anasının qızıdır. Anasının verdiyi tərbiyə, örnəyə
çevrilən əməlləri onun kamil insan kimi
formalaşmasına, gənc olmasına baxmayaraq böyük
nüfuz və rəğbət qazanmasına imkan yaradıb.
Leyla bizim sevimli qonağımızdır, daha
doğrusu, o, artıq qonaq deyil, elə bizim kimi həştərxanlıdır.
Mehriban xanımın dəstəyi ilə ərsəyə
gələn layihələrin təməl daşını da
o qoyur, açılışını da o edir. Daim bizimlədir. Onun səmimiyyəti,
mənəvi bütövlüyü, həddən artıq mərhəmətliliyi
ona sevgimizi daim artırır.
Biz ona rəğbətimizi
yalnız məhəbbətimizlə bildirmirik. Leyla xanım Əliyeva
Rusiya Prezidenti Vladimir Putin tərəfindən “Puşkin”
medalı ilə təltif edilmiş, həmçinin Həştərxanın
ali mükafatlarına - III dərəcəli “Knyaginya Olqa” və
“Həştərxan vilayəti qarşısında xidmətlərinə
görə” ordenlərinə layiq
görülmüşdür. Belə övladla həqiqətən
də fəxr edilməlidir!
Mehriban Əliyevanın “Həştərxan
vilayəti qarşısındakı xidmətlərinə
görə” ordeni ilə təltif olunmağı vilayət
sakinlərinin ona bəslədiyi ehtiramın yalnız rəsmi
tərəfidir. Bunun mənəvi yönümü isə
ölçüyəgəlməzdir. Müəllifi
olduğu layihələrin icrası ilə tanış
olmaq üçün onun tapşırığı ilə
mütəmadi olaraq vilayətimizə gələn Nərimanov
Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev
və digər şəxslər hər dəfə onun
salamlarını bizə çatdıranda çox xoşbəxt
oluruq. Ümumiyyətlə isə Mehriban
xanım başda olmaqla, Həştərxanın gözəlləşməsinə,
abadlığına, quruculuğuna töhfə verən bütün
azərbaycanlılara əbədi minnətdarıq.
Təəssüf ki,
dünyamız qana boyanıb, bütün qitələrdə
kədər, müharibə, səfalət hökm
sürür.
Problemlər məngənəsində boğulan
kainatda mərhəmət işığı yandıran
azsaylı insanlardan biri də Mehriban xanımdır. Bir ana kimi şəfqətini, sevgisini,
xeyirxahlığını yalnız öz xalqının
uşaqlarına, həştərxanlılara deyil,
bütün dünyaya səpələyir. Xəbərim var ki, Mehriban xanım Pakistanda,
Rumıniyada, Afrika və Asiya ölkələrində onlarla məktəb,
xəstəxana, digər zəruri sosial infrastrukturlar inşa
etdirib. Onun missiyası əslində,
xoşməramlı səfir statusundan daha fövqəl, daha
üstündür. Mehriban Əliyeva
yalnız Azərbaycana məxsus deyil, bəşəri
insandır, bütün dünyanın
ağrılarını, əziyyətlərini qəlbində
yaşadan və qlobal problemlərin həllinə töhfələr
verən kövrək anadır, möhkəm qadındır,
kamil şəxsiyyətdir, bizlərə örnəkdir.
Demək, o, öz xalqı
üçün bundan da artıq mahiyyət kəsb edir. Bu baxımdan
Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti təyin edilməsinin öz xalqı tərəfindən
belə yüksək coşqu ilə
qarşılanmasını da təbii saymaq olar.
Mehriban Əliyevanın şərəfli
fəaliyyəti yeni mərhələyə qədəm qoyur. Artıq o,
dövlət xadimi, yüksək vəzifə sahibidir.
Amma əminik ki, bu ali post yalnız və
yalnız onun mərhəmət, xeyirxahlıq, bütün
dünyaya sülh və inkişaf bəxş etməyə
yönələn missiyasının daha geniş miqyasda
aparılmasına xidmət edəcək.
Tatyana TİXOMİROVA,
Həştərxan şəhərindəki Heydər
Əliyev adına 11 nömrəli orta ümumtəhsil məktəbinin
direktoru,
Rusiya
Federasiyasının fəxri ümumtəhsil işçisi,
Azərbaycanın “Tərəqqi” medalı təltifçisi
Azərbaycan.-
2017.- 2 mart.- S. 1, 4.