Azərbaycan müsəlman ölkələri arasında həmrəyliyə xüsusi əhəmiyyət verir

 

Prezident İlham Əliyev İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammitində iştirak edib

 

Martın 1-də Pakistan İslam Respublikasının paytaxtı İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammiti keçirilib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sammitdə iştirak edib.

Sammitdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri əvvəlcə rəsmi foto çəkdirdilər.

Zirvə görüşü “Qurani-Kərim”dən ayənin oxunması ilə başladı.

Sammiti İqtisadi Əməkdaşlıq Təşkilatının XII Zirvə görüşünə evsahibliyi edən və təşkilata sədrliyi həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq elan etdi.

Dövlətimizin başçısı Zirvə görüşündə çıxış etdi.

 

Prezident İlham Əliyevin çıxışı

 

- Zati-aliləri, əziz dostlar.

Əvvəlcə qonaqpərvərliyə və İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün yüksək səviyyədə təşkil edilməsinə görə Zati-aliləri Pakistan İslam Respublikasının Baş naziri cənab Məhəmməd Nəvaz Şərifə minnətdarlığımı bildirmək istərdim. Azərbaycan 2006-cı və 2012-ci illərdə İqtisadi Əməkdaşlıq Təşkilatının iki Zirvə görüşünə evsahibliyi edib. İqtisadi Əməkdaşlıq Təşkilatının 2012-ci ildə Bakıda keçirilmiş sonuncu Zirvə görüşündə ölkəmiz sədrliyi öz üzərinə götürmüşdür. Bu, bizim İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığa olan qəti sadiqliyimizin göstəricisidir. İqtisadi Əməkdaşlıq Təşkilatı xalqlarımızın mənafeyi naminə əməkdaşlıq üzrə siyasi iradəmizin məhsuludur. İqtisadi Əməkdaşlıq Təşkilatının uğurlu fəaliyyəti birgə maraqlarımıza cavab verir. Ölkələrimizin xalqlarını birgə tarix, mədəniyyət, ənənələr və din birləşdirir.

Sədrliyimiz dövründə Azərbaycan təşkilatımızın inkişafına və regional əməkdaşlığın dərinləşdirilməsinə böyük töhfə verib. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan bütün dövlətlərlə gözəl münasibətə malik olduğundan Azərbaycan tərəfdaşları ilə istər ikitərəfli, istərsə də çoxtərəfli müstəvidə iqtisadi əlaqələrini möhkəmləndirib. Biz İqtisadi Əməkdaşlıq Təşkilatını yalnız Şərq və Qərb, Şimal və Cənub arasında fiziki körpü deyil, müxtəlif sivilizasiyaları və mədəniyyətləri birləşdirən məkan kimi təşviq etməkdə səylərimizi əsirgəməmişik.

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatını əhəmiyyətli beynəlxalq qurum hesab edir. Əminəm ki, gələcəkdə beynəlxalq iqtisadi əməkdaşlıqda İqtisadi Əməkdaşlıq Təşkilatının rolu artacaq. 2013-cü ildə biz Qəzvin-Rəşt-Astara (İran)- Astara (Azərbaycan) dəmir yolu layihəsi üzrə İqtisadi Əməkdaşlıq Təşkilatının birinci yüksək səviyyəli işçi qrupunun iclasını təşkil etmişik. Bu, “Şimal-Cənub dəhlizi” layihəsinə olan yüksək səviyyəli marağın və siyasi dəstəyin göstəricisidir. Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının digər dövlətlərinə əlavə əməkdaşlıq imkanları yaradan bu layihənin öz üzərinə düşən hissəsini artıq başa çatdırıb. Həmin strateji istiqamətdə əməkdaşlığımızın davam etdirilməsi məqsədilə biz bu il İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin dəmir yolu üzrə məsul nazirlərinin toplantısını təşkil edəcəyik.

Biz, həmçinin 2013-cü və 2014-cü illərdə enerji, regional inteqrasiyasosial-iqtisadi inkişaf üzrə birinciikinci beynəlxalq konfransların təşəbbüskarı olmuşuq. Həmin konfranslarda İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığa xüsusi diqqət yetirilib. Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı regionunda informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığa da sadiqdir və səylərimizin davamı olaraq ölkəmiz bu il aidiyyəti nazirlərin toplantısını təşkil etməyi planlaşdırır. Əminəm ki, həmin toplantının nəticələri ümumi məqsədlərimizə nail olunmasına töhfə verəcək.

2013-cü və 2014-cü illərdə biz iqtisadiyyat üzrə ixtisaslaşan elm adamlarının bir araya gələrək iqtisadi inkişaf və əməkdaşlıq məsələlərini müzakirə etmələri məqsədilə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin iqtisadi beyin mərkəzlərinin I və II Bakı forumlarını təşkil etmişik. Bundan əlavə, biz səhiyyə, bərpaolunan enerji, neftqaz, vergi, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün müxtəlif tədbirlərə evsahibliyi etmişik. 2012-ci ildən etibarən İqtisadi Əməkdaşlıq Təşkilatının sədri qismində Azərbaycan qurumun möhkəmləndirilməsi, beynəlxalq iqtisadi əməkdaşlıqda iştirakı və üzv dövlətlər arasında çoxtərəfli əlaqələrin təşviqi üçün səylərini əsirgəməyib.

İndi isə biz İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Zirvə görüşünün sədrini seçəcəyik. Təklif edirəm Pakistan İslam Respublikasının Baş naziri, Zati-aliləri cənab Məhəmməd Nəvaz Şərif İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Zirvə görüşünün sədri seçilsin.

Pakistan İslam Respublikasının Baş naziri, Zati-aliləri cənab Məhəmməd Nəvaz Şərif İqtisadi Əməkdaşlıq Təşkilatının sədri seçilmişdir.

Cənab sədr, Sizi təbrik edir, uğurlar diləyir və sədrliyi qəbul etməyə dəvət edirəm.

* * *

Sonra Pakistanın dövlət himni səsləndi.

Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərif İqtisadi Əməkdaşlıq Təşkilatının XII Sammitindən ötən müddətdə görülən işləri yüksək qiymətləndirərək Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Budəfəki sammitin təşkilatın genişləndirilməsinin 25 illiyinə təsadüf etdiyini deyən Baş nazir hazırkı Zirvə görüşünün ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayacağını bildirdi. O, Pakistanın bu quruma sədrliyi dövründə üzv ölkələr arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün səylə çalışacaqlarını vurğuladı.

İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Xəlil İbrahim Akça da 2012-ci ildən bəri quruma yüksək səviyyədə sədrlik etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. O, bu sammitin ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün mühüm fürsət olduğunu vurğuladı. Ticarət, nəqliyyat, enerji, turizm, ərzaq təhlükəsizliyinin təmin olunması və digər sahələrdə əməkdaşlığın gücləndirilməsinin təşkilatın gündəliyində yenə də vacib yerdə dayandığını deyən baş katib BMT-də müşahidəçi statusuna malik olan İqtisadi Əməkdaşlıq Təşkilatının bu Zirvə görüşünün nəzərdə tutulan layihələrin həyata keçirilməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirdi.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdi.

Dövlətimizin başçısı İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə dəvət edildiyinə və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə, həmçinin sammitin yüksək səviyyədə təşkil edilməsinə görə Pakistan İslam Respublikasına təşəkkür etdi. Azərbaycan ilə Pakistanı dostluq və qardaşlıq əlaqələrinin birləşdirdiyini vurğulayan Prezident İlham Əliyev dedi:

- Qarşılıqlı etimad və dəstəyə arxalanan münasibətlərimiz uğurla inkişaf edir. Qardaşlıq və həmrəyliyin göstəricisi kimi Pakistan ərazimizin 20 faizini işğal etməkdə davam edən Ermənistan dövləti ilə diplomatik münasibətlər qurmamışdır. Azərbaycan xalqı buna görə sizə çox minnətdardır.

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində fəaliyyətə böyük əhəmiyyət verir. 2012-ci ildə başlayan sədrliyimiz dövründə biz təşkilatın daha da gücləndirilməsi istiqamətində bütün üzv dövlətlərlə birgə çalışmışıq. Təhlükəsizliyin və sabitliyin təmin edilməsi regional əməkdaşlığın qurulmasının mühüm elementidir. Təəssüf ki, yeni münaqişələr yarandıqca regionumuzda təhlükəsizlik və sabitlik daha da kövrək olur. Biz insan faciəsinin şahidi oluruq. Çoxlu sayda insanlar həyatlarını itirir, milyonlarla insan doğma yurdlarını tərk edir.

Azərbaycan öz təcrübəsindən bu ağrı və acıları yaxşı anlayır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi - tarixi torpağımız olan Dağlıq Qarabağ və ətraf yeddi rayonumuz işğal altındadır. Bu ərazilərdə etnik təmizləmə aparılmış və bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə bütün tarixi abidələrimiz, məscidlərimiz və qəbiristanlıqlarımız dağıdılmışdır. Ermənistan 1992-ci ildə Azərbaycana qarşı soyqırımı törətmişdir. Xocalı soyqırımı nəticəsində qətlə yetirilən 613 mülki şəxsdən 106-sı qadın, 63-ü uşaq, 70-i isə qoca olmuşdur. Min nəfərdən çox insan itkin düşmüşdür. Bu gün ondan artıq ölkə Xocalı soyqırımını tanımışdır. 2012-ci ildə Pakistan Senatının Xocalı soyqırımını rəsmən tanıdığına görə biz Pakistana təşəkkürümüzü bildiririk.

BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul etmişdir. Həmin qətnamələrdə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılması tələb olunur. İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı və digər mötəbər beynəlxalq təşkilatlar bənzər qətnamə və qərarlar qəbul etmişlər. İslam Əməkdaşlıq Təşkilatının sonuncu Zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və son olaraq 2016-cı ilin aprel ayında Ermənistan tərəfindən Azərbaycana qarşı edilmiş təcavüzlə bağlı nazirlər səviyyəsində kontakt qrupu yaradılmışdır. Ermənistan bu qətnamələrə əməl etməli və ya sanksiyalara məruz qalmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.

Azərbaycan müsəlman ölkələri arasında həmrəyliyə xüsusi əhəmiyyət verir. Azərbaycan 2017-ci iliİslam həmrəyliyi ilielan etmişdir. İki aydan sonra Bakı IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi edəcəkdir. Bu gün islamofobiya dünyada ən ciddi təhlükələrdən biridir. Biz bu tendensiyanı qəti şəkildə pisləyirik. İslamı terrorla əlaqələndirmək yanlış və qərəzli yanaşmadır. Terrordan ən çox əziyyət çəkən məhz müsəlman dövlətləridir. Biz sülh, mərhəmət, dözümlülük və ədalət dini olan İslamın dəyərlərinin təşviqini davam etdirməliyik.

Biz üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə xüsusi əhəmiyyət veririk. Qarşılıqlı ticarət və sərmayələrin artırılması, ixrac imkanlarının genişləndirilməsi və biznes dairələri arasında sıx əməkdaşlığın təşviqi bu məqsədə xidmət edəcəkdir. Beynəlxalq maliyyə institutlarının cəlb olunması da böyük önəm daşıyır. Bu baxımdan İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət və İnkişaf Bankının regional əhəmiyyətli layihələrin maliyyələşdirilməsində daha fəal rol oynaması üçün onun bütün ölkələrimiz tərəfindən dəstəklənməsinə ehtiyac var.

Nəqliyyat sahəsində əməkdaşlığın Azərbaycan üçün böyük əhəmiyyəti var. Azərbaycan ərazisi ilə AvropaAsiya arasında strateji dəmir yolu əlaqəsinin yaradılması yüklərin daşınma vaxtını 30 gündən 15 günə endirəcəkdir. “Şərq-Qərb nəqliyyat dəhlizi” tarixi İpək Yolunun bərpası deməkdir. Daha bir mühüm nəqliyyat layihəsi “Şimal-Cənub dəmir yolu dəhlizi”dir. Azərbaycan hər iki strateji layihənin fəal iştirakçısı və sərmayəçisidir. Biz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətləri bu yeni infrastrukturun imkanlarından istifadə etməyə dəvət edirik. Azərbaycanda inşa edilən, Xəzər dənizinin ən böyük beynəlxalq dəniz ticarət limanı da nəqliyyat infrastrukturuna olan növbəti töhfədir.

Enerji əməkdaşlığı regional əməkdaşlıqda əhəmiyyətli rol oynayır. Azərbaycan yeni enerji strategiyası və enerji əməkdaşlığının yeni baxışını təqdim etmişdir. Azərbaycan daha geniş regionun enerji təhlükəsizliyinin təmin edilməsində mühüm tərəfdaşa çevrilmişdir. Biz Xəzər, Qara və Aralıq dənizlərini birləşdirərək şaxələnmiş boru kəmərləri infrastrukturunu yaratmışıq. Bu gün Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri regional əməkdaşlığın rəmzləridir. Hazırda ölkəmiz tərəfdaşları ilə birlikdə dəyəri 40 milyard dollar olan “Cənub qaz dəhlizi” layihəsini həyata keçirir. Bu, enerji əməkdaşlığı və enerji təhlükəsizliyi layihəsidir. Qeyd etdiyim nəqliyyat və enerji layihələri regionda on minlərlə yeni yeri yaradır. Bu layihələr firavanlıq gətirir. Bu, ölkələr arasında əməkdaşlığı və dostluğu möhkəmləndirir.

Diqqətinizə görə təşəkkür edirəm.

* * *

Sammitdə digər çıxış edənlər İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin qarşıda duran məsələlərin həlli üçün səylərini bundan sonra daha da gücləndirmələrinin, iqtisadi əlaqələri möhkəmləndirməyin, qarşılıqlı investisiya yatırımlarının artırılmasının və səmərəli təkliflərin nəzərə alınmasının vacibliyini vurğuladılar, Pakistana bu təşkilata sədrliyi dövründə uğurlar arzuladılar.

Tədbirin sonunda İslamabad Bəyannaməsi qəbul edildi.

 

Azərbaycan. - 2017.- 2 mart.- S. 1, 2.