Azərbaycan İqtisadi Əməkdaşlıq
Təşkilatının inkişafına böyük
töhfə verir
İslam aləminin firavanlığına təhlükə yaradan problemlərin həlli üçün bu gün müsəlman ölkələrinin səylərinin birləşdirilməsinə, onların həmrəyliyinə daha dərin və ciddi ehtiyac duyulmaqdadır. Bu mənada hazırkı mürəkkəb və gərgin beynəlxalq proseslərin cərəyan etdiyi vaxta təsadüf edən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XIII Sammiti İslam dünyasının əlaqələrinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi.
Azərbaycanın İslam dünyasına yönəlik siyasəti aydındır. Müsəlman ölkələri arasında birliyin gücləndirilməsini, əməkdaşlığın dərinləşdirilməsini özündə ehtiva edən bu siyasət ölkəmizin hər bir müsəlman ölkəsinə olan münasibətində özünü göstərir. Çünki çoxəsrlik və zəngin tarixi boyu xalqımızın keçdiyi inkişaf yolu müsəlman dünyasında gedən proseslərlə sıx bağlı olub. Bu baxımdan müasir dövrdə Azərbaycan dövlətinin müsəlman aləmi ilə əlaqələri təbiidir. Avropa ilə yanaşı, müsəlman ölkələri ilə bərabərhüquqlu əməkdaşlığın Azərbaycanın xarici siyasət kursunun priortetlərindən biri olması məhz bu səbəbdən irəli gəlir. Azərbaycan İƏT-lə əlaqələrə də bu prizmadan yanaşır.
İƏT 1985-ci ildə İran, Pakistan və Türkiyənin təşəbbüsü ilə yaradılıb. Əsas məqsədi üzv dövlətlər arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi, davamlı iqtisadi inkişafın təmin edilməsi, dünya iqtisadiyyatına inteqrasiya, nəqliyyat və kommunikasiya sisteminin inkişafı, iqtisadiyyatın və ticarətin liberallaşdırılması və regiondaxili ticarətin təşviqi, İƏT regionunun maddi sərvətlərinin səmərəli istifadəsindən ibarətdir.
Azərbaycan İƏT Nazirlər Şurasının 1992-ci ilin 28 noyabr tarixində İslamabadda keçirilmiş növbədənkənar iclası zamanı təşkilatın üzvlüyünə qəbul olunub. Həmin gün Azərbaycanla yanaşı, daha 5 ölkə - Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistan təşkilata daxil olub. İƏT-in bu genişlənməsi hazırda “İƏT günü” kimi qeyd olunur. Genişlənəndən sonra İƏT Avrasiyada əhəmiyyətli bir regional birliyə çevrilib və nüfuzlu beynəlxalq təşkilat kimi təşəkkül tapmağa başlayıb. Təşkilat 1993-cü ildə BMT Baş Assambleyasının 48-ci sessiyasında BMT-də, 1994-cü ildə isə İslam Konfransı Təşkilatında müşahidəçi statusu alıb.
Dünən Pakistan İslam Respublikasının paytaxtı İslamabadda keçirilən İƏT-in XIII Sammitini Prezident İlham Əliyev açıq elan edib.
Respublikamızın 2006-cı və 2012-ci illərdə İƏT-in iki sammitinə evsahibliyi etdiyini deyən Prezident İlham Əliyev bu təşkilata üzv ölkələrin hamısı ilə yaxşı münasibətlərə malik olan Azərbaycanın öz tərəfdaşları ilə həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə iqtisadi əlaqələrinin gücləndirdiyini vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycanın İƏT-i mühüm beynəlxalq təşkilat hesab etdiyini, 2012-ci ildən İƏT-in sədri kimi ölkəmizin bu qurumu gücləndirmək, onun dünya iqtisadi əməkdaşlığında iştirakını artırmaq və üzv ölkələr arasında çoxtərəfli tərəfdaşlığı təbliğ etmək üçün əlindən gələni əsirgəmədiyini bildirib. Onu da qeyd edək ki, İslam dünyası narahat günlərini yaşamaqdadır. Son illər bir sıra müsəlman dövlətlərində qarşıdurmalar güclənib, Qərb ölkələrində islamofobiya meyilləri artıb. Belə vəziyyətdə İslam dövlətlərinin həmrəylik nümayiş etdirməsi olduqca vacibdir. Prezident İlham Əliyevin 2017-ci ili Azərbycanda “İslam həmrəyliyi ili” elan etməsi ölkəmizin müsəlman aləminin birliyi üçün nümayiş etdirdiyi mühüm siyasi iradənin göstəricisidir. Prezident İlham Əliyev sammitdə bu barədə deyib: “Azərbaycan müsəlman ölkələri arasında həmrəyliyə xüsusi əhəmiyyət verir. Azərbaycan 2017-ci ili “İslam həmrəyliyi ili” elan etmişdir. İki aydan sonra Bakı IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi edəcəkdir. Bu gün islamofobiya dünyada ən ciddi təhlükələrdən biridir. Biz bu tendensiyanı qəti şəkildə pisləyirik. İslamı terrorla əlaqələndirmək yanlış və qərəzli yanaşmadır. Terrordan ən çox əziyyət çəkən məhz müsəlman dövlətləridir. Biz sülh, mərhəmət, dözümlülük və ədalət dini olan İslamın dəyərlərinin təşviqini davam etdirməliyik”.
Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərif də İƏT-in XII Sammitindən ötən müddətdə görülən işləri yüksək qiymətləndirərək Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Həmçinin İƏT-in baş katibi Xəlil İbrahim Akça da bu quruma Azərbaycanın sədrliyi dövründə səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyevə təşəkkürünü ifadə edib.
İƏT-ə üzv olan olkələrin strateji coğrafi məkanlarda yerləşməsi, Qərblə Şərqi birləşdirən ən qısa və səmərəli nəqliyyat dəhlizinə malik olması, təbii sərvətlərlə zənginliyi bu təşkilatın əhəmiyyətini artıran amillərdəndir. Qeyd olunan keyfiyyətlər baxımından Azərbaycan bu təşkilatda xüsusi çəkiyə malikdir. Ona görə Azərbaycan İƏT-in iqtisadyönlü təşkilat kimi inkişaf etməsini və bu istiqamətdə layihələr həyata keçirilməsini dəstəkləyir, İƏT üzvləri arasında əməkdaşlığa önəm verir. Bu da onu göstərir ki, Azərbaycan təşkilatın səmərəli fəaliyyət göstərməsində maraqlıdır.
Rəşad CƏFƏRLI,
Azərbaycan.- 2017.- 2 mart.- S. 1, 2.