Mütərəqqi islahatlar kursu yeni keyfiyyət mərhələsinə
qədəm qoyur
Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyinatı
sosial-iqtisadi inkişafın
davamlılığına və humanizm
ideyalarının daha geniş
yayılmasına yeni dinamizm
verəcək
Hər bir ölkənin dinamik inkişafını təmin edən amillərdən biri də dövrün tələblərinə cavab verən kadr potensialının formalaşdırılması və səmərəli mexanizmlər üzərində çevik dövlət idarəçiliyi sisteminin yaradılmasıdır. Tarixən xalqla hakimiyyətin möhkəm mənəvi birliyi də məhz hər bir vətəndaşın mənafeyinin uca tutulduğu cəmiyyətlərdə mümkün olmuşdur. Təcrübə göstərir ki, ictimai maraqların ifadəçisi olan hakimiyyət fəaliyyətində daim mütərəqqi ruhlu qanunlara əsaslanaraq xalqa təmənnasız xidməti başlıca məqsədə çevirir.
Bu məqsədin reallaşdırılması üçün monolit, güclü, peşəkar komandanın formalaşdırılması, habelə dövlət idarəçiliyinə müasirlik, dinamizm və təşəbbüskarlığın gətirilməsi obyektiv zərurətə çevrilir. Qlobal maliyyə böhranı şəraitində bu və digər mütərəqqi meyarlara söykənən çevik idarəetmə modelinin formalaşdırılması Azərbaycan üçün də kifayət qədər aktualdır. Yeni dünya nizamının reallıqlarını obyektiv dəyərləndirən Azərbaycan Prezidenti İlham Əliyevin son iki ildə yürütdüyü məqsədyönlü siyasət bu mənada təkcə qlobal iqtisadi böhranın ölkəmizə mənfi təsirlərinin maksimum dərəcədə azaldılmasına deyil, həm də dövlət idarəçiliyində sistem xarakterli keyfiyyət dəyişikliklərinin təmin edilməsinə yönəlmişdir. Ölkədə və regionda ümumilikdə qlobal planda cərəyan edən mürəkkəb siyasi, iqtisadi və humanitar proseslər müasir islahatçı baxışın və idarəetmə formalarının tətbiqini aktuallaşdırdığından, dövlət başçısı rəhbərlik etdiyi komandanın bu çağırışlara hazır olmasını vacib sayır. Cənab İlham Əliyevin təşəbbüsü və xalqımızın azad siyasi iradəsinin təntənəsi kimi tarixiləşmiş 2016-cı ilin 26 sentyabr referendumu ilə Azərbaycan Respublikasında vitse-prezident vəzifələrinin təsis edilməsi də bu mənada postneft dövründə Azərbaycanda həyata keçirilən çoxşaxəli islahatların davamlılığını və dövlət idarəçiliyinin səmərəliliyini yüksəltmək məqsədinə xidmət etmişdir.
Makroiqtisadi sabitliyin qorunub saxlanılması məqsədilə böhrana qarşı səmərəli tədbirlər sistemi müəyyənləşdirən və qeyri-neft sektoruna əsaslanan ixracyönümlü inkişaf modelinin formalaşdırılması yönümündə ardıcıl islahatlar həyata keçirən dövlət başçısı keyfiyyətcə yeni mərhələdə hakimiyyət komandası qarşısında aydın hədəflər müəyyənləşdirmişdir. Bu da təsadüfi deyildir - dövlət məmurlarının etik-mənəvi davranışları təkcə dövlət idarəçiliyinin mahiyyətinə deyil, ümumilikdə cəmiyyətdəki mənəvi ab-havaya, ictimai münasibətlər sisteminin xarakterinə təsirini göstərir. Dövlət və xalq təəssübkeşliyi olmayan dövlət məmurunun şəxsi maraqlara köklənən fəaliyyəti bəzən idarəçilikdə sağlam harmoniyanı pozaraq sosial ədalət prinsipinin, humanist dəyərlərin və milli-mənəvi dəyərlərin aşınmasına, ictimai münasibətlərdə problemlərin yaranmasına gətirib çıxarır.
Dövlət başçısı İlham Əliyev 2017-ci il yanvarın 30-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ildönümü ilə bağlı keçirilən konfransda haqlı olaraq demişdir: “Mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə demişəm, bu gün də deyirəm, bunu hər kəs bilsin, eşitsin və nəticə çıxarsın. Məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək göstərməlidir, yekəxanalıq etməməlidir. Hansısa qanunsuz tələb irəli sürməməlidir. Özünü təvazökar aparmalıdır. Özü və ailə üzvləri nümunə olmalıdır. Rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır. Məmur bax belə olmalıdır, dediyim kimi. Mən hər bir dövlət məmurunu ya icra başçısı, ya başqa vəzifəyə təyin edəndə göstəriş verirəm ki, get insanlara qulluq et, xidmət göstər, dövlətə xidmət et, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar. Onların da cəzası verilir və veriləcək”.
Müasir dövrdə hər bir dövlətin tərəqqisi “insan meyarı”, yəni həyat keyfiyyətinin, şəxsiyyətin dövlət tərəfindən təmin olunan vəziyyətinin önə çəkilməsi ilə ölçülür. Bu mənada əminliklə demək olar ki, Azərbaycan cəmiyyəti tarixin heç bir mərhələsində son illərdəki kimi sürətli dəyişikliklərə uğramamış, insan amili belə aktual, öncül məsələ kimi gündəmə çıxmamışdır. Belə məsuliyyətli mərhələdə dövlət məmurları qarşısında vətəndaşların mənafeyi naminə daha səy və bacarıqla işləmək, islahatların düzgün, vaxtında reallaşdırılmasını təmin etmək, xalqın xidmətçisi olmaq kimi ümdə vəzifələr müəyyənləşdirilmişdir. Bir sözlə, son illər həyata keçirilən islahatlar paketinin əsas məqsədini əhalinin sosial rifahının yaxşılaşdırılması, neftdən asılı olmayan dayanıqlı inkişaf strategiyasının formalaşdırılması ilə yanaşı, ümumilikdə idarəçilik fəlsəfəsinin dəyişdirilməsi və müasirləşdirilməsi təşkil edir.
İqtisadçı alim olaraq hesab edirəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi də ölkədəki sistem xarakterli islahatların tələbindən irəli gələn və cəmiyyətin mənafeyini özündə əks etdirən tarixi qərardır. Cəmiyyətdə mütləq çoxluğun ilkin qənaəti də məhz bundan ibarətdir ki, Heydər Əliyev Fondunun prezidenti kimi son 13 ildə vətənpərvər fəaliyyəti, humanizmə, mərhəmətə, nəcibliyə söykənən layihələri ilə böyük nüfuz qazanmış, yüksək idarəçilik keyfiyyətlərini təsdiqləmiş Mehriban xanım Əliyeva üzərinə götürdüyü yeni məsuliyyətli missiya ilə ölkə başçısının və xalqın etimadını doğruldacaqdır.
Rusiyanın nüfuzlu “Rossiya-1” telekanalına müsahibəsində Mehriban xanım Əliyeva yeni vəzifəsində də insanlara layiqli xidmət prinsipini rəhbər tutacağını, xalqın və ölkə Prezidentinin etimadını doğrultmağa çalışacağını bir daha bəyan etmişdir: “Mən əsas diqqəti sosial problemlərin, əhalinin aztəminatlı təbəqələrinin problemlərinin həlli üzərində cəmləşdirmək istəyirəm. Həqiqi mərhəmət real işlər görülməsini, real məsələlərin həllini, konkret addımlar atılmasını tələb edir. Biganəlik və laqeydlik ən dəhşətli xüsusiyyətdir. Bunlar olmamalıdır - istər ictimai xadim ol, istərsə də dövlət qulluğunda işləyən adam. İnsanlıq hissini qoruyub saxlamaq lazımdır”.
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin səlahiyyətlərinin icrasına başladığı ilk günlərdən cəmiyyətin həssas təbəqələrinin problemlərinin həllinə diqqət göstərməsi - martın 1-də Sabunçu və Xəzər rayonlarında fiziki imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş internat məktəblərdə yaradılmış şəraitlə tanış olması deyilənləri bir daha təsdiqləyir. İndiyə qədər cəmiyyəti narahat edən məsələlərin həlli naminə əzmkarlıqla çalışan, səmərəli təşəbbüslərin müəllifi kimi çıxış edən Azərbaycanın birinci xanımının dövlət idarəçiliyində də ilkin addımları cəmiyyətin sosial-mənəvi tərəqqisinə xidmət edən islahatlara yeni nəfəs verəcəyini əminliklə söyləməyə əsaslar verir. Bu təyinatın cəmiyyətdə birmənalı olaraq dəstəklənməsi və rəğbətlə qarşılanması həm də onunla şərtlənir ki, Mehriban xanım Əliyeva istər ictimai, istərsə də parlamentarizm fəaliyyəti ilə insan amilini daim önə çəkmiş, cəmiyyətin mövcud resurslarının bu yöndə səfərbər olunmasına çalışmışdır.
Azərbaycan xalqının milli təfəkküründə xeyirxahlıq, mərhəmət, humanizm, nəciblik kimi dəyərlər daim xüsusi yer tutmuşdur. Sərbəst bazar münasibətlərinə, özünütənzimləməyə əsaslanan iqtisadi sistemdə insanların sosial müdafiəsinə və rifahına hesablanmış müxtəlif layihələrin, xeyriyyəçilik aksiyalarının həyata keçirilməsi, ən başlıcası, mənəvi-etik dəyərlərin yad təsirlərdən qorunması xüsusilə aktualdır. Bu aktuallıq ilk növbədə onunla şərtlənir ki, elmi-texniki inqilabın məhsulu olan müasir informasiya-kommunikasiya texnologiyaları müsbət tərəfləri ilə yanaşı, bəzi hallarda insanlar arasında mənəvi uçurumu, psixoloji səddi dərinləşdirir, mənəvi idealları ifrat maddiləşmənin mənfi təsirlərinə məruz qoyur. Bu təsirləri zərərsizləşdirmək, ictimai düşüncədə humanizm və mərhəmət kimi ali keyfiyyətlərin möhkəmlənməsinə nail olmaq missiyası isə yalnız yüksək mənəviyyatlı şəxsiyyətlərin üzərinə düşür.
Ümumi şəkildə deyilsə, fondun başlıca məqsədləri həm də xalqın rifahının yüksəldilməsinə yönəlmiş faydalı təşəbbüsləri dəstəkləmək; elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq; milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə çalışmaq; respublikanın beynəlxalq nüfuzunu daha da artırmaq; milli həqiqətləri dünyaya çatdırmaq kimi strateji əhəmiyyətli vəzifələrdən ibarətdir. Yerli əhəmiyyətli sosial problemlərin həllinə, insanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardımçı olmaq qurumun məqsədləri sırasında mühüm yerlərdən birini tutur.
“Rossiya-24” telekanalına müsahibəsində Azərbaycanın birinci xanımı rəhbəri olduğu fondun insanların müraciətlərinə xüsusi həssaslıqla yanaşdığını demişdir: “Biz bu və ya digər problemin həllinə kömək göstərmək barədə xeyli sayda məktublar alırıq. Sizə deməliyəm ki, biz fondun fəaliyyətinin bu sahəsini qabartmırıq və təbliğ etmirik. Çünki bəzən şəxsi xahişlər, bəzən də insanların səhhətindəki problemlərlə bağlı çoxlu müraciətlər olur. Biz azacıq imkan olan yerdə kömək etməyə çalışırıq. Bilirsiniz həm də ən vacibi nədir? Ən vacibi əlaqədir. İnsan məktublar göndərir. Bilmirəm, yəqin təbii ki, administrasiyada da bu məktublar nəzərdən keçirilir. Bu məktubların haraya və necə daxil olması ilə bağlı hansısa xüsusi mexanizm var. Bizdə bu mexanizm minimuma endirilib. Əgər insan məktub yazırsa, elə ertəsi günü, yaxud hansısa qısa müddətdən sonra onunla əlaqə saxlamağa və öyrənməyə çalışırıq. Çünki biz öyrənməliyik. Bəzən elə olur ki, məktubda yazılanlar həqiqətə uyğun gəlmir. Əgər həqiqətən köməyin lazım olduğunu görürüksə, çalışırıq kömək edək. Hesab edirəm ki, Heydər Əliyev Fondu məhz bunun sayəsində insanların sevgi və hörmətini qazanıb”.
Cəmiyyətdə könüllü sosial müdafiə, xeyriyyəçilik, sosial tərəfdaşlıq, korporativ sosial məsuliyyət və s. prinsiplərin möhkəmlənməsinə çalışan Heydər Əliyev Fondu ötən 13 ildə bu məqsədlərə xidmət edən strateji əhəmiyyətli layihələri inamla həyata keçirmişdir. UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri haqlı olaraq qeyd edir ki, xeyriyyəçilik cəmiyyətdə mənəvi-psixoloji ab-havanın yaxşılaşmasına şərait yaradır, insanlar arasında münasibətləri humanistləşdirir, onların daha xeyirxah, səmimi və həssas olmasına müsbət təsir göstərir. Çətin məqamda başqalarından dəstək almış insan imkanı daxilində başqalarına kömək göstərməyə daha çox meyil edir. Beləliklə, cəmiyyətdə xeyirxah işlərin dairəsi genişlənir, qarşılıqlı kömək və dəstək sistemi yaranır. Bütün bunlar isə son nəticədə insanların qarşılıqlı münasibətlərinə, onların ovqatına və əhvali-ruhiyyəsinə müsbət təsir göstərir.
Azərbaycanın birinci xanımının həyata keçirdiyi layihələr ölkə hüdudları ilə məhdudlaşmayıb ümumbəşəri mahiyyəti ilə də diqqəti cəlb edir. Xüsusən də Şərqlə Qərb arasında mədəni dialoqa nail olmaq, fərqli sivilizasiyaları bəşəri ideallar naminə bir araya gətirmək, dini tolerantlığı, multikulturalizmi gücləndirmək, gender bərabərliyini təmin etmək istiqamətindəki əzmkar fəaliyyət bəşəri miqyasda rəğbətlə qarşılanır. Son illər UNESCO, ISESCO, UNİSEF və digər beynəlxalq qurumlarla birgə keçirilən tədbirlər Azərbaycanın qlobal sferada sülh, tərəqqi və iqtisadi əməkdaşlıq mərkəzi kimi tanındığını, nüfuzunun yüksəldiyini göstərir.
Bu da təsadüfi deyildir ki, Mehriban xanım Əliyeva 2004-cü ildə UNESCO-nun, 2006-cı ildə ISESCO-nun xoşməramlı səfiri adına, 2007-ci ildə “Qızıl ürək” və Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı adına Ailə Sağlamlığı Fondunun mükafatlarına, “Əsrlərin xeyriyyəçiləri” Beynəlxalq Fondunun Yaqut Xaç ordeninə, 2009-cu ildə “XXI əsrin böyük qadını” laureatına, 2010-cu ildə isə Fransanın “Fəxri Legion” ordeninə, UNESCO-nun “Qızıl Motsart” medalına, 2011-ci ildə Krans Montana Forumunun Qızıl medalına və digər nüfuzlu mükafatlara layiq görülmüşdür. Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla Azərbaycanın birinci xanımının 2009-cu ildə “Heydər Əliyev mükafatı”na, 2015-ci ildə “Heydər Əliyev ordeni”nə layiq görülməsi də onun dövlət və xalq naminə fəaliyyətinin yüksək dəyərləndirildiyini göstərir.
Ötən 13 illik fəaliyyəti ilə Azərbaycanda dinamik iqtisadi inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına etibarlı təminat yaratmış dövlət başçısı cənab İlham Əliyev elm və təhsilin problemlərini də xüsusi diqqət mərkəzində saxlamış, ulu öndərin bu sahədə müəyyənləşdirdiyi prioritetlərin varisliyini təmin etmişdir. Bu da təsadüfi deyildir - ölkə iqtisadiyyatının gələcəkdə davamlı və tarazlı inkişafının təmin edilməsi üçün daxili resurslarla yanaşı, güclü insan kapitalının da formalaşdırılması mühüm şərtdir. Bütün bunlar isə dövlət idarəetməsi üçün müasir təfəkkürlü, kreativ gənc kadrların hazırlanmasını obyektiv zərurətə çevirir.
Fəal maarifçilik xətti yeritməklə klassiklərin mütərəqqi ənənələrini davam etdirən Heydər Əliyev Fondunun 13 illik fəaliyyəti bu baxımdan elmə və təhsilə qayğı nümunələri ilə zəngindir. Fondun təhsil sahəsində gördüyü işlər sırasında respublikamızın müxtəlif bölgələrində reallaşdırılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı müstəsna əhəmiyyət daşımışdır. Proqram təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə - tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənmişdir. İctimai dəstəyi vacib hesab edən Heydər Əliyev Fondu cəmiyyətin müxtəlif təbəqələrinin diqqətini bu məsələyə yönəltmək məqsədilə 2005-ci ilin iyununda müvafiq qurumların, habelə beynəlxalq təşkilatların iştirakı ilə “dəyirmi masa” təşkil etmiş, proqramın həyata keçirilməsi məqsədi üçün 100, 200 və 240 şagird yerlik məktəb layihələri hazırlanmışdır. Layihənin həyata keçirilməsi ilə bağlı fondun prezidentinin cəmiyyətə ünvanladığı əməkdaşlıq çağırışı geniş əks-səda doğurmuş, az sonra Azərbaycanın müxtəlif bölgələrində - hətta ucqar dağ kəndlərində belə, məktəb binasının tikintisi geniş vüsət almışdır. Əslində, “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin ən üstün cəhətləri onun paytaxtla yanaşı, regionlarda da icra edilməsi olmuşdur. İnanılmaz görünsə də, layihənin icrası nəticəsində yalnız ilk 4 ayda ölkədə 132 yeni məktəb tikilərək istismara verilmişdir.
2006-cı ildə Heydər Əliyev Fondu “Yeniləşən Azərbaycana yeni məktəb” proqramının ikinci mərhələsinə başlamış, Bakıətrafı qəsəbələrdə yeni məktəblər inşa olunmuşdur. Bununla da, fond ictimaiyyətin diqqətini növbəti dəfə müasir dünyada hər bir ölkənin inkişafının, onun dünya birliyinə inteqrasiyasının əsasında yalnız mükəmməl təhsilin dayandığına yönəltmişdir. Ümumilikdə, fondun başladığı layihə çərçivəsində son 13 ildə 3000-ə yaxın məktəb əsaslı təmir edirmiş və yenidən qurulmuşdur.
Fondun “Təhsilə dəstək” layihəsi də özünün humanist mahiyyəti ilə diqqəti çəkir. Heydər Əliyev Fondu hər il layihə çərçivəsində Ermənistanın Azərbaycana təcavüzü nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın, məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və məktəb ləvazimatı hədiyyə edir. Gürcüstanda yaşayan azərbaycanlı birinci sinif şagirdlərinə, Qax, Zaqatala, Balakən rayonlarında tədrisin gürcü dilində aparıldığı məktəblərə hər il yeni dərslik və tədris ləvazimatları göndərilir.
“Təhsilə dəstək” layihəsi bir sıra xarici ölkələrdə də uğurla həyata keçirilir. Fond Pakistanda, Hollandiyada, Gürcüstanda, Misirdə, Rumıniyada, Rusiyada yeni məktəblər tikdirmiş və təmir etdirmişdir. Layihə çərçivəsində Pakistanda qızlar üçün yeni orta məktəb binasının inşası bu baxımdan xüsusi vurğulanmalıdır. Xatırlatmaq lazımdır ki, 2005-ci ildə Pakistanda böyük dağıntılara səbəb olmuş zəlzələdən sonra Müzəffərabad şəhərinin Rara ərazisindəki qızlar məktəbi tam yararsız vəziyyətə düşmüşdü. Fondun xəttilə qısa müddətdə inşa edilən 650 şagird yerlik təhsil ocağında müasir tələblərə cavab verən 10 xüsusi sinif otağı, laboratoriyalar, fənn kabinetləri, kompüter otağı, idman meydançası var.
“Təhsilə dəstək” layihəsi çərçivəsində Gürcüstanın Dmanisi rayonunda da yeni elmi-tədris mərkəzinin binası inşa edilərək istifadəyə verilmişdir. Bundan əlavə, bir sıra xarici təşkilat və şirkətlərin fonda hədiyyə etdikləri müxtəlif adda 10 mindən çox kitab ölkənin ali və ümumtəhsil məktəblərinə, uşaq evlərinə, internat məktəblərinə paylanılmışdır.
Layihə çərçivəsində Rusiyanın Ulyanovsk şəhərində bərbad vəziyyətdə olan məktəb binasının ən müasir tələblər səviyyəsində təmir olunması da fondun təhsil layihələrinin Azərbaycan hüdudları ilə məhdudlaşmadığını, beynəlxalq miqyaslı olduğunu göstərir. Həmin məktəbin 2010-cu il sentyabrın 1-də istifadəyə verilməsi Rusiya ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Heydər Əliyev Fondunun bu sahədə başlıca fəaliyyət istiqamətlərindən biri də ölkənin təhsil problemlərinin həllində nüfuzlu beynəlxalq təşkilatlardan sayılan UNESCO-nun geniş imkanlarından səmərəli şəkildə faydalanmaqdır. Bu nüfuzlu beynəlxalq təşkilatın diqqətinin ölkənin təhsil problemlərinin həllinə cəlb olunması, təşkilatla əməkdaşlıq şəraitində keçirilən birgə tədbirlər mövcud əlaqələrin daha da intensivləşməsinə yaxşı imkanlar açmışdır.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Milli Məclisin fəal deputatı kimi ötən illərdə seçiciləri qarşısında verdiyi hər bir vədi əməli işi ilə doğrultmuşdur. Azərbaycanın birinci xanımı qısa müddətdə deputatı olduğu Xəzər rayonunda böyük layihələrin həyata keçirilməsinə nail olmuş, onun təşəbbüsü ilə yaradılan “Xəzər rayonunun İnkişaf Fondu” əməli fəaliyyətə başlamışdır. Fondun məqsədi rayonun potensialından səmərəli istifadə etməklə iqtisadiyyatın davamlı inkişafı, əhalinin məşğulluğunun artırılması, gənclərin ictimai fəaliyyətə cəlb edilməsi, rayonda investisiya qoyuluşunun sürətləndirilməsi, mövcud turizm resurslarından daha səmərəli istifadə edilməsi, tarix və mədəniyyət abidələrinin qorunması və bərpası sahəsində layihələrin həyata keçirilməsidir.
2004-2016-cı illərdə fondun yaxından köməyi ilə Bakının Zirə, Binə, Türkan, Qala və digər qəsəbələrinə yollar çəkilmiş, habelə onların su təchizatı yaxşılaşdırılmış, abadlıq-quruculuq işləri həyata keçirilmişdir. Fondun maliyyə vəsaiti hesabına, həmçinin dini və tarixi-mədəniyyət abidələrinin ətraf ərazisi abadlaşdırılmış, insanların asudə vaxtlarını səmərəli keçirməsi üçün parklarda lazımi şərait yaradılmışdır.
Regional inkişafa xidmət edən sosial layihələr sırasında Qaradağ rayonunun Lökbatan qəsəbəsində 20 min sakinin su təminatının yaxşılaşdırılmasına imkan verən su kəmərinin çəkilişini, Şamaxı rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün yaşayış binalarının inşasını, zəruri əşya və avadanlıqla təmin edilməsini xüsusi qeyd etmək lazımdır.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ötən illərdə 4 dəfə amnistiya təşəbbüsü ilə çıxış etməsi də yüksək insani dəyərlərin, mərhəmət hissinin cəmiyyətə aşılanmasına, ictimai şüura hakim kəsilməsinə yönəlmişdir. Amnistiya aktlarının qəbulu ilə bağlı ölkədə formalaşmış müsbət ənənənin Heydər Əliyev Fondu tərəfindən geniş miqyasda davam etdirilməsi Azərbaycanda humanist dəyərlərin ictimai şüurda möhkəmlənməsinə xidmət edir.
Heydər Əliyev Fondunun millətin fiziki və mənəvi sağlamlığı, milli-genetik ruhunun qorunması naminə həyata keçirdiyi sosialyönümlü layihələr sırasında səhiyyəyə yardım, bu sahənin infrastrukturunun yeniləşdirilməsi, vətəndaşlara göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi də mühüm yer tutur. İxtisas etibarilə tibb elminin incəliklərinə dərindən bələd olan Mehriban xanım Əliyeva Azərbaycan səhiyyəsində mövcud problemləri daha yaxşı görməklə, ictimaiyyəti həmin problemlərin həlli istiqamətində səfərbər etməyə, ələlxüsus, tibbi yardıma böyük ehtiyacı olan aztəminatlı vətəndaşlara yüksək diqqətlə, həssaslıqla yanaşmağa çalışmışdır. Fondun “Diabetli uşaqlara ən yüksək qayğı” və “Talassemiyasız həyat naminə” layihələri cəmiyyətdə daha böyük rəğbətlə qarşılanmış, bu xəstəliklərdən əziyyət çəkən insanların, ələlxüsus da körpələrin və uşaqların şəfa tapmasına, pulsuz müayinə, müalicə almasına imkan yaratmışdır. Azərbaycanın birinci xanımının dəstəyi ilə ölkədə bir sıra yeni tibb müəssisələri, o cümlədən Talassemiya Mərkəzi inşa olunaraq insanların istifadəsinə verilmişdir.
Azərbaycanda kimsəsiz uşaqlar üçün nəzərdə tutulmuş müəssisələrə sığınan körpələrin problemlərinin həlli də bu gün Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qarşıya qoyduğu əsas vəzifələrdən biridir. “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” bilavasitə fondun prezidentinin təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış, Bakıda və ətraf qəsəbələrdə yerləşən uşaq evi və internat məktəblərdə mövcud problemlər öyrənilmiş, onların aradan qaldırılması üçün konkret işlər görülmışdır.
Beynəlxalq miqyasda fəaliyyət göstərən, Rusiya, ABŞ, Türkiyə, Rumınya və digər ölkələrdə filialları olan fond müxtəlif ölkələrdə təbii fəlakətlərdən ziyan çəkən insanlara da yardım edir. Pakistanda zəlzələdən ziyan çəkən insanlara humanitar yardımın göstərilməsi bu missiyanın Azərbaycan hüdudları ilə məhdudlaşmadığını göstərir.
UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi fərqli mədəniyyətləri bir araya gətirmək missiyasını üzərinə götürmüş Mehriban xanım Əliyevanın bu sahədəki fəaliyyəti hələ 1990-cı illərin ortalarından başlayır. O, hələ 1995-ci ildən “Azərbaycan Mədəniyyətinin Dostları” Xeyriyyə Fondunun rəhbəri kimi ağır böhranla üzləşmiş milli mədəniyyətimizə böyük qayğı və diqqət göstərmişdir. Həmin vaxtdan musiqi təhsili və gələcək nəslin maarifləndirilməsi işi bu fondun daim diqqət mərkəzində olmuş, ardıcıl şəkildə təşkil edilən xeyriyyə konsertləri mədəniyyətimizin zəngin ənənələrinin qorunması işinə töhfə vermişdir.
Mehriban xanım Əliyevanın 2004-cü ilin sentyabrında UNESCO-nun xoşməramlı səfiri seçilməsi ilə fondun milli irsin mühafizəsi sahəsindəki fəaliyyəti bir qədər də genişlənmişdir. Azərbaycanın bir sıra görkəmli alimlərinin, yazıçı və bəstəkarların yubileylərinin keçirilməsi, habelə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd olunması, UNESCO-nun “Dünya irs siyahısı”na İçərişəhərin Şirvanşahlar Saray Kompleksi ilə birgə daxil edilməsi bu fəaliyyətin təqdirəlayiq məqamları kimi vurğulana bilər. Fondun prezidentinin şəxsi səyləri nəticəsində Azərbaycan xalqının milli sərvəti sayılan muğam, Novruz bayramı, kəlağayı UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilmişdir. Mehriban xanım Əliyevanın Azərbaycan muğamların öyrənilməsi və təbliği ilə bağlı fəaliyyəti də onun mənəvi dəyərlərə bağlılığının və yüksək vətənpərvərliyinin bariz göstəricisidir.
Fond müxtəlif ölkələrdəki unikal mədəniyyət abidələrinin bərpası prosesində də yaxından iştirak edir. Fondun təşəbbüsü ilə Fransada Dünya Mədəni İrs siyahısına daxil edilmiş Versal sarayı, Parisdə XIV əsrə aid Notr-Dam, Strasburq Kafedral kilsələri, İkinci Dünya müharibəsində dağılmış Berlin şəhər Sarayı, həmçinin Vatikan arxivlərində saxlanılan Azərbaycan orta əsrlər əlyazmaları bərpa olunmuşdur. Heydər Əliyev Fondu Romanın Kapitoli Muzeyində bərpa işlərinin həyata keçirilməsinə də dəstək vermişdir.
Nəhayət, 2012-ci ildə “Eurovision” mahnı yarışmasının, 2015-ci ildə I Avropa Oyunlarının, 2016-cı ildə “Formula-1” yarışlarının Bakıda yüksək səviyyədə keçirilməsində Heydər Əliyev Fondunun prezidentinin xidmətləri danılmazdır. Hazırda İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinə rəhbərlik edən Azərbaycanın Birinci vitse-prezidentinin yüksək təşkilatçılığı sayəsində respublikamızın bu məsuliyyətli tədbiri də uğurla keçirəcəyinə, milli mədəniyyətin zənginliyini və özünəməxsusluğunu müsəlman dünyasında layiqincə nümayiş etdirəcəyinə qətiyyən şübhə yoxdur.
Bir sözlə, Mehriban xanım Əliyevanın həyata keçirdiyi müxtəlif layihələr, tədbirlər insanlara səmimi yaxşılıq kimi yüksək bir amalın cəmiyyətə təlqin olunmasına və reallaşdırılmasına yönəlmişdir. Şübhə yoxdur ki, Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti statusunda da nəcib fəaliyyətini inamla davam etdirəcək, ulu öndər Heydər Əliyevin ölməz ideyalarına, Azərbaycan Prezidenti cənab İlham Əliyevin müdrik qərarlarına söykənərək milli intibah prosesinə layiqli töhfələrini verəcəkdir.
Qüdrət KƏRİMOV,
“Xəzər” ASC-nin sədri, iqtisad elmləri doktoru
Azərbaycan.-
2017.- 3 mart.- S. 1, 3.