Mikayıl Müşfiqin büstünün sökülməsinə görə məsuliyyət daşıyan şəxslər cəzalandırılıb

 

Bakı şəhərinin Yasamal rayonu ərazisində İnşaatçılar və Nərimanov prospektlərinin kəsişməsində (Statistika dairəsi) aparılan yenidənqurma işləri zamanı 8 N-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin icraçısı “Azəravtoyol” ASC-nin rəhbərliyinə və çalışdığı MMC-nin direktoruna məlumat vermədən görkəmli şair Mikayıl Müşfiqin ərazidə yerləşən büstünü çıxarıb.

“Azəravtoyol” ASC-dən AZƏRTAC-a bildiriblər ki, üzərinə düşən əmək funksiyasını lazımi qaydada yerinə yetirməyərək, kobud qanun pozuntusuna yol verdiyinə görə MMC-nin icraçısı Rəhimov Ramiz Tapdıq oğlu tutduğu vəzifədən azad edilib.

Həmçinin müəyyən edilib ki, 8 N-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin baş mühəndisi və direktoru layihədə nəzərdə tutulan işlərə nəzarəti lazımi qaydada həyata keçirməyiblər. Buna görə də MMC-nin direktoru Şirinov Əliheybət Balakişi oğluna xəbərdarlıq edilib, baş mühəndis Hüseynov Yuris Xələf oğluna isə töhmət verilib.

“Azəravtoyol” ASC görkəmli şair Mikayıl Müşfiqin büstünün çıxarılması ilə bağlı ictimaiyyətə və KİV-ə vaxtında məlumat verilməməsi nəticəsində yaranan haqlı narahatlığa görə üzr istəyir.

 

Azərbaycan.- 2017.- 1 mart.- S.5.