Tibbi xidmətlərdə son ümid yeri - Mərkəzi
Klinika
Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin tabeliyindəki Mərkəzi Klinika xəstəliklərin erkən diaqnostika və müalicəsi sahəsində peşəkar kadrlarına və texnoloji imkanlarına görə nəinki respublikamızın, hətta bəzi inkişaf etmiş ölkələrin klinikalarından üstün səviyyədədir. Klinikanın peşəkar tibbi heyəti bütün sutka ərzində xəstələrin müayinə və müalicəsini həyata keçirir.
Dövlət müstəqilliyini bərpa edən ölkəmizin çağdaş tarixi müasir Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyevin əvəzolunmaz xidmətləri ilə yazılıb. Yeni Azərbaycanın həyatının elə bir sahəsi yoxdur ki, orada bu dahi AZƏRBAYCANLININ qurub yaratdıqlarının möhtəşəm izləri olmasın. Bizim çalışdığımız səhiyyə sahəsi də məhz ulu öndərin müdrik siyasətinin, yüksək diqqət və qayğısının real nəticəsi olaraq dinamik inkişaf mərhələlərini yaşayır. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan inkişaf və islahatlar siyasətini Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir.
Bu siyasətin nəticəsidir ki, son illər səhiyyə infrastrukturu inkişafın yeni mərhələsini yaşayır. Mövcud xəstəxanaların müasir standartlar səviyyəsində qurulması, yeni tibb müəssisələrinin istifadəyə verilməsi, ən müasir cihaz və avadanlıqla, peşəkar kadrlarla təmin edilməsi nəticəsində bu gün cəsarətlə demək olar ki, səhiyyəmiz özünün intibah mərhələsini yaşayır.
Bu inkişaf mərhələsini bizim Mərkəzi Klinik Xəstəxananın timsalında görmək olar. Məhz ulu öndər ölkəmizin paytaxtında Mərkəzi Klinik Xəstəxananın yaradılması kimi müdrik qərarı ilə bu gün uğurları Azərbaycanın hüdudlarından kənarda belə tanınan fundamental səhiyyə ocağının fəaliyyətinə xeyir-dua vermiş oldu.
Ümummilli liderin şəxsi səyləri ilə xəstəxananın binası qısa müddətdə beynəlxalq standartlara uyğun yenidən qurulub və həmin dövrdən Səhiyyə Nazirliyinin tam təsərrüfat hesablı Mərkəzi Klinik Xəstəxanası adı ilə fəaliyyətə başlayıb.
Xəstəxananın açılış mərasimindəki çıxışında ulu öndər kollektiv qarşısında duran məqsədləri və vəzifələri belə müəyyən etmişdir:
- Xalqımıza yüksək keyfiyyətli və beynəlxalq standartlara cavab verən səhiyyə xidmətlərinin təşkilinə nail olmaq;
- Azərbaycan vətəndaşlarına xarici ölkələrdə deyil, məhz öz vətənlərində indiyədək həyata keçirilməmiş hər növ tibbi xidmətlər göstərilməsini, həmçinin müalicə məqsədilə xaricə aparılan valyuta axınının qarşısını almaqla, onun xalqın mənafeyi naminə istifadəsini təmin etmək;
- Müasir səviyyəli tibbi biliyə və bacarığa malik milli səhiyyə kadrları hazırlamaq.
2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən xəstəxananın fəaliyyətinə ən ali səviyyədə yüksək etimad göstərilib və Mərkəzi Klinika adı altında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin tabeliyinə verilib.
Bu gün 213 ümumi çarpayı fonduna,
o cümlədən 139 stasionar, 19 reanimasiya,
9 ürək-damar cərrahiyyəsi reanimasiyası,
8 kardioreanimasiya, 11 uşaq
reanimasiyası, 8 təcili yardım, 10 əməliyyat, 6 əməliyyatdan
sonra müşahidə (rekoveri) çarpayısı, 60-dan
çox poliklinika və diaqnostika otağına malik olan,
stasionar yüklü xidmətlərin həyata keçirilməsi
nəzərdə tutulan Mərkəzi Klinikada bütün
növ tibbi xidmətlər və mürəkkəb cərrahi
əməliyyat və müdaxilələr həyata
keçirilir.
Bu müalicə ocağı
dünyanın tibbi texnika istehsalçısı nəhəngləri
kimi tanınan firmaların (Siemens, GE, Toshibo, Karl Storz və s.)
son nəsil avadanlıqları ilə dövlətin daimi
qayğısı nəticəsində təchiz olunmaqla, xəstəliklərin
erkən diaqnostika və müalicəsi sahəsində
texnoloji imkanlarına görə nəinki
respublikamızın, hətta bəzi inkişaf etmiş
ölkələrin klinikalarını belə qabaqlayır.
Ümumiyyətlə, 16 tibbi, 8
qeyri-tibbi şöbənin fəaliyyəti elə səviyyədə
təşkil edilib ki, burada müvafiq profilli xəstəliklərin
poliklinik və diaqnostik müayinələrindən tutmuş,
mürəkkəb cərrahi əməliyyatlarınadək
geniş tibbi xidmətləri həyata keçirmək
mümkündür. Xəstəxananın ən öndə
gedən şöbələrindən olan kardiologiya və
kardiocərrahiyyə şöbələrində əvvəllər
respublikamızda əlçatmaz hesab edilən tibbi xidmətlər,
o cümlədən müasir ürək əməliyyatları,
angioqrafiya, angioplastika, aritmiyaların müalicəsində
kateter ablyasiyası, süni ritm aparıcılarının
implantasiyası, süni ürək köçürülməsi
və sair kimi çoxsaylı mürəkkəb əməliyyatlar
uğurla nəticələnib, statistik faktlara görə, bu
günədək 11 mindən çox ürək-damar əməliyyatı,
30 mindən çox angioqrafiya və angioplastika əməliyyatları
həyata keçirilib.
Ginekologiya və pediatriya
şöbələrinin də fəaliyyəti diqqətəlayiqdir. Ginekoloji xəstəliklərin,
sonsuzluğun, riskli hamiləliklərin və bu sahədə
genetik xəstəliklərin müalicəsində tibbin ən
son texnika və texnologiyalarından istifadə olunmaqla
böyük uğurlar əldə edilib. Süni
mayalanma və bununla əlaqədar genetik xəstəliklərin
araşdırılması, perinatal diaqnostika-hamiləlik
dövründə müxtəlif invaziv müdaxilələr,
qadın cinsi hüceyrələrinin dondurulması kimi ən
müasir və mürəkkəb ginekoloji xidmət və əməliyyatlar
ölkəmizdə ilk dəfə məhz xəstəxanamızda
həyata keçirilib.
Xüsusi qeyd etmək lazımdır
ki, pediatriya şöbəsində yaradılmış şərait
əsasında neanatoloji reanimasiyada ekstremal azçəkili
(500 qramdan başlayaraq), iki və daha çox döllü
hamilələrdən doğulmuş uşaqların süni
ventilyasiyanın bütün rejimlərində izlənilməsi,
yeni doğulmuşlarda ürək patologiyalarının
araşdırılması, müalicəsi və respirator dəstəyinin
aparılması, PDA-nın bağlanmasının konservativ və
operativ yolla uğurla həyata keçirilməsi, böyrək
çatışmazlığı zamanı periton dializinin,
yeni doğulmuş körpələr üzərində
geniş çərçivədə genetik-metobalik
araşdırmanın aparılması kimi əvvəllər
respublikamızda həyata keçirilməyən xidmətlər
reallaşdırılır.
Neanatoloji reanimasiya və əməliyyat
otağının geniş imkanları sayəsində
yarımçıq doğulmuş, azçəkili körpələr
üzərində həcmli cərrahi əməliyyatlar, Azərbaycanda
ilk dəfə 700 qramlıq körpə üzərində
uğurlu cərrahi əməliyyat, 1500 qramlıq körpə
üzərində qida borusu atreziyası+traxeoözofagial
fistula,1200 qramlıq körpə üzərində aksesuar
bronx səbəbi ilə lobektomiya,1300 qramlıq körpə
üzərində pilor atreziyası səbəbi ilə
piloroduodenostomiya əməliyyatı həyata keçirilib, xəstələr
tam sağlam vəziyyətə gətirilib. Klinikamızda
bronxoskopik və torakoskopik alətlərin və
reanimasiyanın mövcudluğu uşaqlarda bütün
növ əməliyyatların endoskopik və açıq
müasir üsullarla, eyni zamanda onlarda mürəkkəb
döş qəfəsi əməliyyatlarının
açıq və qapalı üsullarla həyata keçirilməsinə
tam şəkildə imkan verir.
Qeyd etmək lazımdır
ki, respublikamızda ən güclü və etibarlı
reanimasiya və intensiv terapiya xidmətləri Mərkəzi
Klinikada həyata keçirilir. Belə ki, müalicə
olunduqları səhiyyə müəssisələrinin belə
sağalmalarına ümidlərini itirdikləri minlərlə
xəstənin məhz xəstəxanamızın reanimasiya və
intensiv terapiya şöbəsində sağlamlıqları bərpa
edilir və onlar həyata qaytarılır. Burada mövcud olan maddi texniki baza nəinki
respublikamızın, hətta ən inkişaf etmiş ölkələrin
reanimasiya şöbələri ilə müqayisə oluna bilər.
Belə ki, hər biri tənəffüs aparatı və
monitorizasiyaya uyğun monitorlarla təchiz olunmuş 19
reanimasiya çarpayısı, həmçinin hemodializ,
hemofiltrasiya, plazmafarez, MARS, ECMO, CPFA cihazları istənilən
təcili hallarda istifadəyə hazır vəziyyətdədir.
Əlavə edək ki, hepafiltrli havalandırma ilə xəstə
otaqlarının havasının hər saatda 6 dəfə dəyişdirilməsinə,
həmçinin hər bir reanimasiya otağını mənfi
və müsbət təzyiqli hala gətirməyə və
temperaturu +18-25 C0, rütubəti 30-60 faiz tənzimləməyə
imkan verən avadanlıqlar sayəsində ölkəmizdə
ilk dəfə hemofiltrasiya, ciddi ürək
çatmazlığı olan (kardiomiopatiya) xəstəyə
ECMO qoşularaq xarici ölkəyə transferi, qaraciyər
çatışmazlığında MARS (Molekulyar absorban
resirkulyasyon sistem) və ya qaraciyər dializi proseduru məhz bu
şöbədə həyata keçirilməkdədir.
Mərkəzi Klinikanın cərrahiyyə
şöbəsinin peşəkar kadr heyəti yüksək
nailiyyətlər əldə edib. Burada ən mürəkkəb
endoskopik və laparoskopik əməliyyatlar, hepatobilyar sistemdə
edilən bütün cərrahi əməliyyatlar, o cümlədən
orqan (böyrək) transplantasiyası kimi mürəkkəb əməliyyatlar
aparılır.
Urologiya şöbəsində
də bütün əməliyyatlar, o cümlədən
prostat xəstəlikləri, sidik daşı, böyrək
şişləri və sair kimi əməliyyatlar, həmçinin
respublikamızda ilk dəfə olaraq ən müasir metodlarla
aparılan endoskopik uroloji əməliyyatlar həyata
keçirilir.
Xəstəxanamızda
ortopediya və travmatologiya sahəsində respublikamızda həyata
keçirilən ən mürəkkəb əməliyyatlar -
onurğa sütununun ən mürəkkəb əməliyyatlarından
olan skolioz deformasiyasının cərrahi korreksiyası, boyun fəqərələrinin
çıxarılaraq titan materiallarla əvəz edilməsi,
döş və bel fəqərələrinin bir neçəsinin
çıxarılaraq süni sümüklərlə əvəzlənməsi
peşəkar mütəxəssislərimiz tərəfindən
uğurla həyata keçirilən əməliyyatlardır. Tam amputasiya
olunmuş yuxarı və ya aşağı ətrafların
replantasiyası (yerinə tikilməsi), baldır nahiyələrindən
götürülmüş sinir qreftinin qopmuş qolun həmin
nahiyəsinə replantasiyası da respublikamızda ilk dəfə
məhz bu şöbədə həyata keçirilib.
Müayinə metodları sayəsində
son dərəcə dəqiqliklə diaqnozlar qoymağa imkan
verən şüa diaqnostika şöbəsində
kompüter tomoqrafiya, maqnit rezonans, doppleroqrafiya, ultrasəs və
rentgenoskopiya müayinə metodları gündəlik adət
halı almış işlərə çevrilib. Burada mövcud olan tibbi
cihazlar öz sahələrində ən son istehsal modeli və
onların, o cümlədən 256 dedekter çoxkəsikli
kompüter tomoqrafiya, həmçinin 3 tesla maqnit rezonans
cihazının respublikamızda analoqu yoxdur.
Tibbi laboratoriya şöbəsi
öz spesifikliyi, müasir cihaz və avadanlıqlarla təchizatı
baxımından çox fərqlənir. Belə ki,
burada bütün analizlərin müayinəsinin
mümkünlüyü ilə yanaşı,
respublikamızın laboratoriyalarında aparılmayan əksər
analizlər həyata keçirilir. Vaxt
itkisini və vətəndaşların istəklərini nəzərə
alaraq, analizlərin nəticələri elektron qaydada xəstələrə
göndərilir. Bəzi analizlərin etibarlı həyata
keçirilməsini təmin etmək üçün əməkdaşlıq
etdiyimiz TS EN İSO/İEC 15189 sertifikatına malik Türkiyə
Respublikasının Düzen Laboratuvar Qrupuna göndərilərək,
nəticələri ən qısa müddətdə təmin
edilir. Ən müasir Abbott markalı M 2000 SP-PCR cihazında
virusların (HCV PSR, HBV PCR, CMV PCR və s.) viral yük və
genotipləri təyin edilir. Bunlarla
yanaşı, laboratoriyamız dünya laboratoriya qrupları
arasında keçirilən xarici nəzarət proqramında
iştirak edir və dəfələrlə həmin qrupun
sertifikatı ilə təltif olunub.
Mərkəzi Klinikanın Azərbaycan
Respublikasının Prezidentinin Xüsusi Tibb Xidmətinin
tabeliyinə verilməsi, dünya şöhrətli alim, yüksək
şəxsi və işgüzar keyfiyyətlərə malik
bir ziyalı olan akademik Cəmil Əliyevin xidmətə rəhbərlik
etməsi klinikanın yeni inkişaf mərhələsinə qədəm
qoymasına səbəb olub. Bir-birinin ardınca ən son tibbi
texnika və texnologiyalarla təchiz edilmiş Mərkəzi
Klinikanın ambulatoriyasının, daha sonra
stomatologiyasının istifadəyə verilməsi, xəstəxanamızda
əsaslı yenidənqurma və genişləndirmə
işlərinin aparılması, bu sağlamlıq
ocağının ən son nəsil tibbi texnika və
texnologiyalar hesabına yenilənməsi məhz akademik Cəmil
Əliyevin rəhbərliyi ilə mümkün olub.
Bakı şəhəri, Zərifə
Əliyeva küçəsi 5 ünvanında yerləşən,
3 mərtəbədən, ümumi sahəsi 4200 kvadratmetrdən
ibarət olan Mərkəzi Klinikanın ambulatoriyasında
müasir tibbi texnologiyalar əsasında fəaliyyət
göstərən əməliyyat otağı, diaqnostika,
ginekologiya, pediatriya, terapiya, kardiologiya, travmatologiya, fizioterapiya
və s. kimi tibbi şöbələr vətəndaşlara
yüksək səviyyədə səhiyyə xidməti
göstərir. Yüksək ixtisaslı kadrlar həm
stasionarda, həm də ambulatoriyada rotasiya əsasında daimi
olaraq xəstələrin xidmətindədir. Rəsmi açılış tarixindən - 2009-cu
ildən bu günədək ambulatoriyada 5 milyondan çox
müayinə həyata keçirilib.
Müasir stomatoloji cihaz və
avadanlıqlarla təchiz edilmiş 9 tibbi xidmət, 2
laboratoriya və 1 sterilizasiya otağından ibarət olan Mərkəzi
Klinikanın stomatologiyasında Avropa ölkələrində
təhsil almış və kurslar keçmiş mütəxəssislər
peşəkar tibbi xidmətlə yanaşı, etibarlı
sterilizasiyaya önəm verirlər. Sterilizasiya
Amerika üsulu əsasında 5 mərhələdən ibarət
olmaqla aparılır ki, bu da stomatologiya sahəsində ən
vacib amillərdəndir.
Bundan başqa, 102 ümumi
çarpayı fondu, o cümlədən 6 əməliyyat, 4 təcili
yardım, 16 reanimasiya, 76 stasionar çarpayı, 30 poliklinika
otağına malik olan Gəncə Müalicə Diaqnostika Mərkəzində
bu günədək bölgələrdə aparılmayan tibbi
xidmətlər - cərrahi əməliyyatlar, o cümlədən
750-dən çox ürək-damar əməliyyatı, 200-dən
çox beyin əməliyyatı, böyrək
transplantasiyası, 4500-dən çox angioqrafiya xidmətləri
Mərkəzi Klinikanın keyfiyyət standartları əsasında
həyata keçirilib, yaxın vaxtlarda süni mayalanma və
sair mürəkkəb əməliyyatların
reallaşdırılması planlaşdırılır.
Az əhəmiyyətli olmayan bir fakt da
ondan ibarətdir ki, təkcə ölkə vətəndaşları
deyil, əcnəbilər, diplomatik nümayəndəliklərin,
nüfuzlu xarici şirkətlərin əməkdaşları
da xəstəxanamızda göstərilən tibbi xidmətlərdən
yararlanır, sağlamlıqlarını bizə etibar edirlər.
Akademik Cəmil Əliyevin
şəxsi səyləri və himayəsi ilə milli səhiyyə
kadrlarının hazırlanması, onların dünyanın
bir sıra ölkələrində təkmilləşmə
kurslarında bilik və təcrübə qazanması işi təmin
edilib. Bunun real nəticəsi olaraq, Mərkəzi Klinikada
yüksək bilik, bacarıq və təcrübəyə
malik peşəkarlardan ibarət kadr potensialı toplanıb.
Hazırda xəstəxanada ümumilikdə 1095 nəfər, o
cümlədən 156 həkim, 437 orta və kiçik tibb
işçisi, 336 texniki-inzibati işçi, 69 nəfər
müqavilə əsasında və 97 həkim-rezident fəaliyyət
göstərir. Gəncə Müalicə-Diaqnostika Mərkəzində
isə 310 nəfərdən çox işçi, o cümlədən
54 həkim, 101 orta tibb işçisi və 155 texniki-inzibati
işçi sakinlərə fasiləsiz xidmət göstərir.
Onlarla xarici həkim və tibbi mütəxəssislər
dəvət əsasında xəstəxanada xidmət göstərir.
Həkim kadrlardan 30-a yaxını xarici ölkələrdə
(Türkiyə Cümhuriyyəti, Avstriya, İngiltərə,
Almaniya, ABŞ və Rusiyada) təhsil alıb. Digər həkimlərin hər biri, orta tibb
işçilərinin isə bütün məsul vəzifədə
çalışanları müxtəlif xarici ölkələrdə
uzunmüddətli (əsasən 6 aydan 2 ilədək) kurslardan
keçirilərək peşəkar mütəxəssis kimi
hazırlanıblar. Onu da qeyd etməliyik ki, Mərkəzi
Klinikada kadrların ixtisaslaşması və təkmilləşməsi
istiqamətində Elm-Təhsil Komitəsi, xaricdə təhsil
almış və respublikamızda nadir peşəkarlardan
hesab edilən mütəxəssisin rəhbərlik etdiyi
İnfeksiya Nəzarət Komitəsi daimi fəaliyyət
göstərir. Bu komitələrdə
kadrların ixtisaslaşması və təkmilləşməsi,
tibbi təhlükəsizlik və infeksiyaya nəzarət məsələlərinə
xüsusi diqqət yetirilir.
Mərkəzi Klinikada səhiyyə
ixtisasına uyğunluq amilinə xüsusi nəzarət və
diqqət yetirilir. Odur ki, xəstəxanamızda fəaliyyət göstərən
kadrlar, xüsusən də həkim və orta tibb
işçilərinin hər biri tibbi sahədə ali və ya orta ixtisas mütəxəssisləridir.
Yəni işə qəbulla bağlı
müraciət edən mütəxəssis kadrların bu sahədəki
ixtisas sənədləri və bacarıqları əvvəlcədən
yoxlanılır, onların hansı tibbi xidmətləri icra
edə biləcəkləri, yaxud hansıları icra edə
bilməyəcəkləri siyahı şəklində tərtib
olunub rəsmiləşdirilir. Burada
çalışan həkimlər müəyyən edilmiş
peşə yönümü çərçivəsindən
kənara çıxdıqları halda onların barəsində
ciddi intizam tədbiri görülür. Bu
məqsədlə Mərkəzi Klinikada xüsusi olaraq
İntizam və Etika Komissiyası yaradılıb. Bununla bərabər, həkimlərin və digər
tibb işçilərinin fəaliyyətinə Tibbi Ekspertiza
Komissiyası tərəfindən də xüsusi nəzarət
həyata keçirilir. Hər bir tibbi fəsad
və ölüm halları ciddi araşdırılaraq
müzakirə olunur, təqsirkar şəxslər müvafiq
qaydada cəzalandırılır. Görülən
bu tədbirlər nəticəsində kollektivdə mənəvi-psixoloji
iqlimin saflaşdırılması, tibbi heyətin vəzifə
borclarına, xüsusən də xəstələrə
qarşı məsuliyyətlə yanaşması təmin
edilir.
Məlumdur ki, Mərkəzi
Klinika respublikamızda geniş tibbi xidmətləri təqdim
edən ilk təsərrüfat hesablı müəssisədir. Bu sahədə tibbi xidmətlərin
qiymətlərinin və onların maya dəyərinin
formalaşdırılması mürəkkəb bir proses kimi hər
zaman qarşımızda durur. Qiymət
formalaşması bir tərəfdən iqtisadi məsələ
kimi müəssisənin fəaliyyətinin təmin edilməsi
deməkdir, çünki təsərrüfat hesablı müəssisə
olaraq mövcudluğu və inkişafı bundan
asılıdır. Digər tərəfdən
isə tibbi xidmətlərin ödəniş qiymətləri
məsələsi sosial xarakter daşıyır. Etiraf etmək lazımdır ki, ilk dövrlərdə
tibbi xidmətin maya dəyərinə aid bütün təşkiledicilər
(tibbi cihaz, alət, dərman və peşəkar mütəxəssislər)
respublikaya kənardan gətirildiyinə görə xidmətin
ödəniş qiymətinə təsir edirdi və cəmiyyətin
alıcılıq imkanları ilə çox zaman
üst-üstə düşmürdü. Mərkəzi
Klinika vətəndaşlarımızın keyfiyyətli tibbi
xidmətləri xaricdə yox, öz ölkələrində
almalarını təmin etmək, həmçinin ölkədən
çıxan valyutanın qarşısını almaq, onu
milli səhiyyəmizin inkişafına yönəltmək məqsədilə
bir sıra əməli tədbirlər həyata keçirdi.
Odur ki, bu gün Mərkəzi Klinikada eyni tibbi
xidmətlər xaricdə və ölkəmizdə olan özəl
tibb müəssisələri ilə müqayisədə daha
keyfiyyətli həyata keçirilir, ödəniş qiymətləri
isə daha aşağı tarifdə tətbiq olunur.
Eyni zamanda məlumdur ki,
hazırda respublikamızda icbari tibbi sığorta sisteminə
keçid səhiyyə sahəsində ən aktual
mövzulardan biridir. Bununla əlaqədar qeyd etmək istərdim
ki, xəstəxanamızda hələ 2002-ci ildən etibarən
xəstələr sığorta sistemi ilə qəbul edilir və
bu günədək 300 mindən çox sığortalı xəstələrə
xidmət göstərilib və bu rəqəm getdikcə daha
da artır. Bu sahədə xəstəxanada
xüsusi şöbə - sığortalı xəstələrə
xidmət şöbəsi fəaliyyət göstərir ki,
hazırda respublikamızın tibbi sığorta sisteminin əsasını
təşkil edən 25-dək sığorta şirkəti və
təşkilatı ilə sıx əməkdaşlıq həyata
keçirilir. Artıq sığorta ilə işləyən
və geniş iş təcrübəsinə malik peşəkar
mütəxəssislərdən ibarət heyət
formalaşıb ki, bu da gələcəkdə səhiyyə
sistemində geniş formada tətbiq edilməsi nəzərdə
tutulan icbari sığorta sisteminin tələblərinə Mərkəzi
Klinikanın tam hazır olduğunu göstərir.
Mərkəzi Klinikada xidmət
mədəniyyəti elə təşkil olunub ki, günün
hansı saatında müraciət edilməsindən
asılı olmayaraq, bütün sahələr üzrə
yüksək ixtisaslı mütəxəssislər tərəfindən
müayinə və müalicə təmin olunur. Yəni gecə
saatlarında belə rahatlıqla hər bir mürəkkəb
əməliyyatı, məsələn, beyin, ürək-damar
və s. əməliyyatları təcili formada uğurla həyata
keçirmək və ya istənilən diaqnostik müayinədən
keçmək mümkündür. Bunun
üçün peşəkar tibbi heyət 24 saatlıq
növbəli qrafik əsasında fəaliyyət göstərir.
Yuxarıda qeyd etdiklərimizdən
göründüyü kimi, Mərkəzi Klinika böyük
potensial imkanlara və üstünlüklərə malik bir
şəfa ocağıdır. Ötən dövr ərzində
burada çox böyük işlər görülüb.
Əlbəttə, qarşıda görəcəyimiz
işlər gördüklərimizdən qat-qat çoxdur və
təbii ki, bu həcmdə işlərin görülməsi,
mürəkkəb tibbi xidmətlərin həyata keçirilməsi
xəstəxanamıza xalqın inamını artırır.
Odur ki, Mərkəzi Klinikaya nəinki vətəndaşlarımız,
hətta rəqabət apardığımız səhiyyə
müəssisələri belə son ümid yeri kimi
baxırlar. Belə ki, bu müəssisələr
uzun müddət müalicə etdikləri, lakin nəticə əldə
edə bilmədiklərindən daha ağır vəziyyətə
düşən xəstələrini son nəticədə
müəssisəmizə köçürürlər.
Bu cür xəstələrin sağalmalarına ümid
çox az olsa da, həmin müəssisələrin
rəhbərlərinin və ya xəstələrin
yaxınlarının xahişi, bəzi hallarda təkidi ilə
onları Mərkəzi Klinikaya qəbul etmək məcburiyyətində
qalırıq. Belə xəstələrdə
isə fəsadlaşma və ölüm riskləri yüksək
olur ki, bəzi hallarda göstərilən peşəkar tibbi
xidmətlər və çalışmalar müsbət nəticə
vermir. Ancaq əminliklə qeyd etmək istəyirəm
ki, fəsadlaşma və ölüm hallarının
statistikasına görə, Mərkəzi Klinikanın göstəriciləri
həm respublikanın, həm də dünyanın qabaqcıl
səhiyyə müəssisələrinin göstəricilərindən
xeyli aşağıdır.
Bir məsələni də vurğulamaq istəyirəm ki, xəstələrin razı qalmalarına nail olunması əsas məqsədimiz olduğundan tibbi xidmətin keyfiyyətinə xüsusi diqqət yetirməklə yanaşı, onların xidmətimizə münasibətlərini öyrənməyi də vacib hesab edir və bu məqsədlə xəstəxanamızda pasiyentlərin öz arzu, təklif və şikayətlərini aşkar və məxfi şəkildə bildirmələri üçün xüsusi şərait yaradılıb. Hər ay bizə edilən belə müraciətlərin və şikayətlərin təhlili aparılır, qaldırılan məsələlərlə bağlı lazımi tədbirlər görülür və bu barədə onlar rəsmi qaydada məlumatlandırılırlar. Çox təəssüflə qeyd etmək istəyirəm ki, bəzi hallarda əməkdaşlarımız arasında da öz şəxsi maraqlarını üstün tutaraq xəstələrlə müəyyən sövdələşmələrə gedənlər, onları müəssisəmizdən yayındıraraq digər səhiyyə müəssisələrində “qaçaq” tibbi xidmətlər göstərənlər tapılır. Xoşagəlməz hal olsa da, qeyd etməliyəm ki, peşə imkanları və bacarıqları baxımından müəssisəmizlə rəqabət aparmaq iqtidarında olmayan “bəzi səhiyyə müəssisələri” Mərkəzi Klinikanın cəmiyyətimizdə get-gedə artan nüfuzuna qısqanclıq və həsəd hisslərindən qaynaqlanan qarayaxma kampaniyaları həyata keçirirlər. Həmkarlarının fəaliyyətini ləkələmək cəhdləri təbii ki, onlara başucalığı gətirmir. Amma bunu da deməliyəm ki, ünvanımıza söylənilən hədyan və cəfəng tənələrə tərəfimizdən dərhal münasibət bildirməməyimiz, təmkinli mövqedə durmağımız onları daha da azğınlaşdırır.
Belələri
bilməlidirlər ki, Mərkəzi Klinikanın yüzlərlə
əməkdaşı öz iş saatlarını, bilik və
təcrübələrini mənasız işlərə yox, əsl
səhiyyə işçisi və vətəndaş olaraq ulu
öndər Heydər Əliyevin və dövlət
başçısı İlham Əliyevin tövsiyə
və tapşırıqlarını həyata keçirməyə,
göstərilən yüksək etimadı doğrultmaq
işinə sərf edir. Azərbaycan Prezidenti İlham
Əliyevin Mərkəzi Klinikanın ambulatoriyasının
açılışı zamanı dediyi bu sözlər
kollektivimizin fəaliyyət devizidir: “Azərbaycan xalqı ən
gözəl tibbi xidmətlər almalıdır. O ki qaldı
xidmətlərin səviyyəsinə, o, artıq sizdən
asılıdır. Bilirəm ki, bu sahədə böyük
uğurlarınız var. İstəyirəm ki, Azərbaycanın
hər bir bölgəsində bu cür yüksək tibbi xidmətlər
göstərilsin”.
İxtiyar SULTANOV,
Mərkəzi Klinikanın Baş direktoru, əməkdar
həkim
Azərbaycan.-
2017.- 3 mart.- S. 6.