İqtisadiyyatın şaxələndirilmiş
inkişafı prioritetdir
Əlverişli biznes mühitinin formalaşdırılması
istiqamətində aparılan islahatlar beynəlxalq
təşkilatların hesabatlarında yüksək qiymətləndirilir
Qlobal miqyasda mürəkkəb siyasi və iqtisadi proseslərin davam etdiyi, iqtisadiyyata xarici neqativ təsirlərin gücləndiyi hazırkı şəraitdə ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən sistemli tədbirlər böyük əhəmiyyət kəsb edir.
Respublikanın investisiya və sosialyönümlü mahiyyət daşıyan milli inkişaf modeli tərəqqi prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, faydalı məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması milli sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məsələləri özündə ehtiva edir.
Azərbaycanda əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində aparılan islahatlar beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapır. Davos Dünya İqtisadi Forumu Azərbaycanla bağlı verdiyi hesabatda yenə də müsbət rəy bildirmişdir. Beləliklə, ölkələrin rəqabətqabiliyyətliyinə görə Azərbaycan üç pillə irəliləyərək 37-ci yerdə qərarlaşmışdır. Dünya Bankının 190 ölkənin biznes mühitini qiymətləndirən “Doing Business 2017” hesabatında isə ölkəmiz 65-ci pillədə qərarlaşıb. Hesabata əsasən, Azərbaycan dünyada üç və daha çox islahat aparan 29 ölkədən biridir. Belə ki, “Xarici ticarətin aparılması” göstəricisi üzrə beynəlxalq ticarət zamanı idxal və ixrac bəyannamələrinin elektron qaydada verilməsi sisteminin tətbiq edilməsi, “Vergilərin ödənilməsi” göstəricisi üzrə nəqliyyat vasitələrinə tutulan vergi üzrə sadələşdirilmənin aparılması və “Elektrik təchizatı şəbəkələrinə qoşulma” meyarı üzrə yeni qoşulmalar prosesi zamanı yeni istifadəçilərin qoşulma nöqtələrinin müəyyən edilməsi üçün sərf olunan vaxta qənaət edən məlumat bazasının yaradılması hesabatda mühüm islahatlar kimi vurğulanıb.
Prezident İlham Əliyev Azərbaycanı enerji resurslarından asılı olmayan güclü dövlətə çevirmək məqsədini sadəcə deklorativ bəyanatlarla ifadə etmir, onun konkret icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində də konkret addımlar atır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərmanında qeyd olunduğu kimi, “Dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması qarşıda duran əsas prioritet vəzifələrdəndir”.
Bu strateji sənəd deməyə əsas verir ki, ölkə başçısı Azərbaycanın hazırkı uğurları ilə arxayınlaşmağı düzgün saymayaraq uzunmüddətli inkişafı dərin elmi proqnozlar əsasında təmin etmişdir. Konsepsiya 2025-ci ilədək Azərbaycanda neftdən asılı olmayan dayanıqlı inkişaf modelinin formalaşdırılmasını əsas hədəflərdən biri kimi önə çəkir. Qlobal böhran şəraitində reallaşdırılan inkişaf strategiyası özündə həm də ictimaiyyətin müəyyən gözləntilərini, arzu və istəklərini təcəssüm etdirir.
Dünya bazarında neftin qiymətinin siyasi konyunktura əsasında müəyyənləşdiyi son siyasi-iqtisadi reallıqlar bir daha təsdiqləyir ki, Azərbaycanın uğurlu gələcəyi yeni çağırışlara adekvat olaraq bütün sahələrdə davamlı islahatların aparılmasıdır. Ötən ildə qlobal böhranın mənfi təsirlərinin azaldılması məqsədilə imzalanmış fərman və sərəncamlar da göstərir ki, ölkə başçısı orta və uzunmüddətli perspektivdə hökumətin həyata keçirəcəyi iqtisadi islahatların innovasiyayönümlü olmasını, dərin elmi əsaslara, proqnozlara, habelə mütərəqqi dünya təcrübəsinə əsaslanmasını vacib sayır. İqtisadi inkişaf strategiyasını elmi əsaslar üzərində qurmaqla dövlət quruculuğu prosesində innovativ yeniliklərə istinad edən dövlətlər milli tərəqqiyə nail olur, iqtisadi, sosial və intellektual inkişaf müstəvisində rəqabətə davam gətirirlər. Reallıq göstərir ki, iqtisadi modernləşmə və demokratikləşməni təmin edən mühüm faktorlardan biri də məhz elmin, təhsilin, nanotexnologiyaların səviyyəsinin durmadan yüksəldilməsi yolu ilə insan kapitalının formalaşdırılmasıdır.
Prezident İlham Əliyev Azərbaycanın davamlı inkişafı üçün bütün imkanlardan istifadə ediləcəyini bildirib: “Biz inkişaf, müasirləşmə yolu ilə getməyə davam edəcəyik. Azərbaycanın davamlı inkişafı neft və qaza deyil, bilik, texnologiya, təhsil, qeyri-neft sektoruna əsaslanmalıdır. Biz regionun enerji və nəqliyyat xəritəsini tamamilə dəyişəcəyik ki, bu da öz növbəsində region xalqları üçün böyük imkanlar yaradacaq. Çünki bizim istər nəqliyyat, istərsə də enerji sahəsində təşəbbüskarı olduğumuz layihələr təkcə Azərbaycanda yox, bütün bu layihəyə cəlb olunmuş ölkələrdə minlərlə, on minlərlə iş yeri yaradır. Biz ənənəvi dəyərlərimizə, əcdadlarımızdan bizə miras qalan dəyərlərə sadiq olmağa davam edəcəyik. Budur bizim gücümüzün mənbəyi və biz ənənəvi dəyərlərimizi istənilən xarici müdaxilədən, qloballaşma vasitəsilə Azərbaycanın siyasi və ya iqtisadi inkişafına təsir etmək cəhdlərindən çox fəal şəkildə qoruyuruq. Biz kimliyimizi, müstəqilliyimizi qorumağa davam edəcəyik və rəyi hətta bu gün olduğundan da mühüm olan daha güclü ölkə quracağıq. Baxmayaraq deyə bilərəm ki, hətta bu gün regionumuzda Azərbaycanın iştirakı və ya razılığı olmadan heç bir layihə həyata keçirilə bilməz. Bu, təkcə coğrafi mövqeyə görə deyil. Düşünürəm ki, ən çox beynəlxalq birliyin hörmətli üzvü olduğumuza görədir. Tərəfdaşlarımız bilir ki, bizim sözümüzlə imzamız uyğun gəlir və biz tərəfdaşlarımızı heç vaxt pis vəziyyətdə qoymarıq. Bizimlə danışıqlar aparmaq o qədər də asan məsələ deyil, lakin biz razılaşırıqsa, bu, o deməkdir ki, bu, 100 faiz həyata keçiriləcək. Biz ləyaqətlə yaşayırıq. Biz ölkəmizlə fəxr edirik və gələcəkdə bu müsbət tendensiyaları daha da gücləndirmək istəyirik”.
Rəqabətqabiliyyətli müəssisələrin yaradılması, qeyri-neft ixracının və idxalı əvəz edən məhsul istehsalının artırılması, yerli və xarici investisiyaların cəlb edilməsi regionların davamlı inkişafına öz töhfəsini verir. Azərbaycanda daha dayanıqlı, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın inkişafı, sosial sahələrin tarazlı inkişafının təmin edilməsi üçün səmərəli milli icra mexanizminin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması ilə bağlı fərman imzalaması da həmin məqsəddən irəli gəlir. Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının əsas məqsədi 2030-cu ilədək Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetləri və onlara dair göstəriciləri müəyyənləşdirməkdən, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasını təmin etməkdən ibarətdir.
Prezident İlham Əliyev qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması, bu sahədə əlverişli şəraitin daha da genişləndirilməsi məqsədilə 18 yanvar 2016-cı il tarixində “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Bu gün qarşıda duran ümdə vəzifələrdən biri ixracın həm məhsulların çeşidi, həm də coğrafiyası baxımından şaxələndirilməsidir. Bu məqsədlə “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlərin alınmasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin bir hissəsinin dövlət büdcəsi hesabına ödənilməsi məqsədilə işlər aparılır. Yeni bazarlar olan Çinə şərab, Birləşmiş Ərəb Əmirliklərinə ərzaq məhsullarının ixracına başlanılıb. Ötən ilin noyabrından etibarən şərab, pambıq ipliyindən məmulatlar, konservlər, su və şirələr, fındıq və digər məhsulların Rusiya, ABŞ, Çin, Almaniya, Türkiyə, Belarus və sair ölkələrə ixracı ilə əlaqədar ixrac təşviqinin ödənilməsinə dair qərarlar qəbul edilib. 2004-cü ildən bu günə qədər Azərbaycan sahibkarlarına təxminən 2 milyard manat dəyərində güzəştli şərtlərlə kreditlər verilmişdir. Ötən il Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2500 sahibkara 190 milyon manatadək güzəştli kredit verilib və nəticədə 8100-dən çox yeni iş yerinin açılması imkanı yaranıb. Kreditlərin 74 faizi regionların payına düşür. Cari ildə də sahibkarlıq subyektlərinə qaytarılmış vəsaitlər hesabına güzəştli kreditin verilməsi nəzərdə tutulub.
Xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, ölkədə əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması kimi vacib məqamlar cənab
İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətləri sırasında xüsusi vurğulanmalıdır. Qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması, regionların tarazlı və davamlı inkişafı, yerlərdə yeni istehsal müəssisələrinin açılması, işsizlik probleminin aradan qaldırılması, əhalinin sosial rifahının gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Azərbaycanda özəl sektor yeni inkişaf dönəminə qədəm qoyub və bu istiqamətdə görülən davamlı tədbirlər cari ildə də mühüm nəticələrin əldə olunmasına imkan yaradacaq.
Elnur HACALIYEV,
Azərbaycan.-
2017.- 4 mart.- S. 1, 4.