Dövlət idarəçiliyində modernləşmə
daha da sürətlənir
Mehriban Əliyeva:
“Mən Prezidentin etimadını, ən başlıcası isə
inamı, ümidləri olan insanların etimadını
doğrultmalıyam”
Hər bir cəmiyyətin demokratik inkişafının əsas şərtlərindən biri də məhz dövrün tələblərinə cavab verən islahatların aparılması, çevik və işlək mexanizmlər üzərində dövlət idarəçiliyi sisteminin yaradılmasıdır. Xalq hakimiyyətinin optimal modeli sayılan demokratiya da məhz hər bir fərdin hüquq və azadlıqlarının uca tutulduğu dövlətdə özünə möhkəm intişar tapır.
İctimai maraqların ifadəçisi olan hakimiyyət sosial sifariş hüdudlarından bir addım da kənara adlamır, fəaliyyətində daim mütərəqqi ruhlu qanunlara əsaslanır, xalqa təmənnasız xidməti ümdə məqsədə çevirir. Bu məqsədin reallaşdırılması ilk növbədə monolit, güclü və peşəkar komanda formalaşdırılması yolu ilə dövlət idarəçiliyinə yeni ruh, müasirlik və demokratizm elementlərinin gətirilməsindən keçir.
Demokratik dəyər və ideallara daxilən bağlı olan
Azərbaycan xalqı yalnız dövlət müstəqilliyini
əldə etdikdən sonra bu istəyi praktiki şəkildə
gerçəkləşdirmək, mütərəqqi tarixi dövlətçilik ənənələrini
idarəçilikdə tətbiq etmək imkanı
qazanmışdır. Əsas Qanuna zaman-zaman bəzi
əlavə və dəyişikliklərin edilməsi, onun müasir tələblərə
uyğunlaşdırılması da demokratik inkişaf yolunda olan bütün
dövlətlər üçün səciyyəvi
haldır. Ötən il sentyabrın 26-da
“Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər
edilməsi haqqında” referendum
aktı layihəsinin ümumxalq səsverməsinə
çıxarılması Konstitusiyanın daha
da təkmilləşdirilməsinə və
müasirləşdirilməsinə xidmət etdi.
Konstitusiyanın 23 maddəsinə dəyişiklik,
həmçinin 6 yeni maddənin əlavə
edilməsi mütərəqqi addım oldu.
Şübhəsiz ki, bu
dəyişikliklər bir sıra
reallıqlarla şərtlənirdi. Əsas Qanuna
edilən 23 dəyişikliyin 16-sının, yəni, dörddə
üçünün sırf insan hüquq və
azadlıqlarının qorunması ilə əlaqədar
olması 26 sentyabr referendumunun
mütərəqqi mahiyyətini qabarıq üzə
çıxardı. Demokratiyanın inkişaf tarixi
onun fasiləsiz bir proses olduğunu
sübuta yetirmişdir.
Bu gün dünyanın
ən demokratik dövlətlərində belə
insan hüquq və azadlıqlarının
inkişafı prioritet
məsələlərdəndir.
Əsas Qanuna edilən əlavələrdən biri
də 1031-ci maddə ilə bağlı olmuşdur. Əlavəyə görə, Azərbaycanda
vitse-prezidentlik institutunun
yaradılması nəzərdə
tutulurdu ki, bu da dövlət
idarəçiliyini daha
da müasirləşdirmək,
səmərəliyini artırmaq
baxımından müstəsna
əhəmiyyət kəsb
edir. Yeni təsisatın yaradılması
ölkə rəhbəri
tərəfindən edilmiş
dəyişikliklərin ümumi
məntiqindən irəli
gəlir. Konkret bu
dəyişikliklərlə qarşıya qoyulan məqsəd prezident üsuli-idarəsinin təkmilləşdirilməsi
və müasir çağırışlara cavab
verməsinin təmin edilməsidir. Əlavəyə
əsasən: “Azərbaycan
Respublikasının Birinci
vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan
Respublikasının Prezidenti
tərəfindən vəzifəyə
təyin və vəzifədən azad edilirlər. Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə
seçkilərdə iştirak
etmək hüququna malik olan, ali
təhsilli, başqa dövlətlər qarşısında
öhdəliyi olmayan Azərbaycan Respublikasının
vətəndaşı təyin
edilir”. Yeni vitse-prezidentlər institutunun yaradılması
Azərbaycanda icra hakimiyyəti şaqulisinin
və icra intizamının möhkəmləndirilməsi
zərurəti ilə
bağlıdır. Bu institutun təsis edilməsi iqtisadi islahatların dairəsinin
genişləndirilməsinə və onların sürətləndirilməsinə də xidmət edir.
Prezident İlham Əliyevin sərəncamı ilə
Mehriban Əliyevanın
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti təyin edilməsi ölkə vətəndaşları
tərəfindən yüksək
dəyərləndirildi. Bu həmçinin ölkəmizdə
Prezident İlham Əliyev tərəfindən
həyata keçirilən
uğurlu islahatlar çərçivəsində atılan daha bir önəmli addımlardan biridir. Ölkə başçısının yeni
institusional islahatlarının
həyata keçirilməsində
Mehriban xanım Əliyevanın da mühüm rolu olacaq. Mehriban xanım Əliyeva
2004-cü ildən Heydər
Əliyev Fondunun prezidenti vəzifəsində
çalışaraq hansısa
ayrıca götürülmüş
sahənin inkişafı
naminə fəaliyyət
göstərmir - xeyriyyəçilikdən
tutmuş ölkənin
səhiyyə və təhsil sisteminin, mədəniyyət və
incəsənətinin inkişafı,
insan hüquqlarının
qorunması, Azərbaycanın
beynəlxalq aləmdəki
imicinin formalaşmasına
qədər müxtəlif
sferalarda məhsuldar fəallıq nümayiş
etdirir.
Heydər Əliyev Fondu ictimai statusla fəaliyyət göstərməsinə
baxmayaraq, dövlət
başçısı İlham
Əliyevin həyata keçirdiyi çoxşaxəli
siyasətə öz töhfəsini verir, xalqın mədəniyyətinin,
milli-mənəvi dəyərlər
sisteminin yad təsirlərdən qorunmasında,
cəmiyyətdə saflıq,
nəciblik, xeyirxahlıq
kimi dəyərlərin
təbliğində müstəsna
rol oynayır. Fəaliyyət
göstərdiyi son 13 ildə
ulu öndərin mərhəmət, nəciblik
və yüksək humanizmə əsaslanan ali ideyalarının
ictimai şüurda möhkəmlənməsinə çalışan, millətin
gələcəyi naminə
bir sıra strateji əhəmiyyətli
layihələri inamla
həyata keçirən
Heydər Əliyev Fondu cəmiyyətdə yüz minlərlə insanın ümid və pənah yerinə çevrilmişdir.
Fond ümummilli liderin xeyirxah və nəcib əməllərini yaşatmaq
üçün ictimai
həyatın ən müxtəlif sahələrində
fundamental layihələr həyata
keçirir, hər bir vətəndaşın
zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin operativ həllinə maddi-mənəvi
dəstək verir.
Fondun prezidenti, UNESCO-nun və
ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
həyata keçirilən
çoxşaxəli layihələri
birləşdirən ümumi
ortaq xətt məhz milli genefondun qorunması, saf dəyərlərin ictimai şüurda möhkəmlənməsidir. Qarşıya qoyduğu bu kimi xeyirxah məqsədlərlə
Heydər Əliyev Fondu nəinki respublika hüdudlarında,
eləcə də beynəlxalq miqyasda böyük nüfuz və etimad qazana bilmişdir. Heydər Əliyev Fondu yarandığı vaxtdan etibarən Azərbaycan xalqı qarşısında
müstəsna xidmət
və xeyirxah əməllərin daşıyıcısı
olmaqla belə bir ucalığa yüksəlmiş, insanların
səmimi rəğbətini
qazanmışdır.
Prezident İlham
Əliyev Təhlükəsizlik
Şurasının iclasında
bildirmişdir: “2004-cü ildən
bu günə qədər Mehriban Əliyeva ulu öndərin adını
daşıyan Heydər
Əliyev Fondunun prezidentidir. Heydər Əliyev Fondu
onun rəhbərliyi ilə nəinki Azərbaycanın, hesab edirəm ki, regionun ən böyük və nüfuzlu ictimai təşkilatına çevrilmişdir.
Heydər Əliyev Fondunun
çoxşaxəli fəaliyyəti
Azərbaycan xalqı tərəfindən yüksək
qiymətləndirilir. Fondun təşəbbüsü ilə
bir çox önəmli layihələrə,
proqramlara start verilmişdir.
Onların arasında “Yeniləşən
Azərbaycana yeni məktəb” proqramı xüsusi qeyd edilməlidir. Məhz
bu proqramın başlanması nəticəsində
son 13 il ərzində ölkəmizdə
üç mindən çox məktəb əsaslı təmir olunub və ya yenidən tikilmişdir.
Digər layihələr ölkəmizin
hərtərəfli inkişafına
xidmət göstərmişdir. Heydər Əliyev
Fondunun xətti və dəstəyi ilə minlərlə insan tibbi müalicə
ilə təmin edilmişdir. Bir çox
hallarda bu məsələlər ictimaiyyət
üçün açıqlanmır.
Fondun fəaliyyəti məhz o məqsəd güdür ki, ehtiyacı olan insanlara yardım etsin və ən az müdafiə olunan vətəndaşlara
imkan daxilində öz dəstəyini göstərsin”.
Heydər Əliyev Fondunun beynəlxalq əhəmiyyətli quruma çevrilməsi istiqamətində işlər son illər daha da genişlənmişdir. Fondun müxtəlif ölkələrdə filiallarının açılması bir tərəfdən təşkilatın qlobal miqyasda artan nüfuzunun ifadəsidirsə, digər tərəfdən Azərbaycanı daha yaxından təbliğ etmək, ölkə həqiqətlərini dünya arenasına çıxarmaq, habelə diaspor hərəkatının genişlənməsinə yardımçı olmaq niyyətinin təzahürüdür. Rusiyada, Rumıniyada, Türkiyədə, Böyük Britaniyada filiallarını açan fond fəaliyyətini beynəlxalq müstəvidə genişləndirmək imkanı qazanmışdır. Fondun Moskva filialının fəaliyyəti bu baxımdan daha qabarıq hiss olunur. Azərbaycanın müasir gəncliyinin ən layiqli, vətənpərvər təmsilçisi kimi bu missiyanı üzərinə götürmüş Leyla Əliyeva fondun Moskva filialına yüksək səviyyədə rəhbərlik edir.
Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu mərhəmət və humanizm ruhunda köklənmiş nəcib addımlarını bu gün də inamla davam etdirir. Heydər Əliyev Fondu insan hüquq və azadlıqlarının keşiyində etibarlı dayanmaqla vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu siyasətinə öz töhfəsini verir. Mehriban Əliyeva ölkəmizin ictimai-siyasi, mədəni həyatında mühüm rol oynayır. Tam əminliklə demək olar ki, Mehriban Əliyeva Birinci vitse-prezident postunda da səmərəli fəaliyyət göstərəcək.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti bu günlərdə “Rossiya 1” telekanalına müsahibə verib. Mehriban xanım Əliyeva müsahibəsində bildirib ki, yeni vəzifədə Prezidentin, ən başlıcası isə inamı, ümidləri olan insanların etimadını doğruldacaq: “Məni Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin etmək qərarı Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü olub. Əlbəttə, uzun illər ərzində təkcə Prezidentin xanımı deyil, həm də onun silahdaşı olmağım da yəqin ki, öz rolunu oynayıb”. Azərbaycanın Birinci vitse-prezidenti müxbirin “Siz dərhal razılaşdınızmı?” sualına cavabında deyib: “Biz müzakirələr aparır, götür-qoy edirdik. Mənim əsas tərəddüdüm üzərimə qoyulan bu məsuliyyətin öhdəsindən nə dərəcədə gələ biləcəyim müstəvisində idi. Mən birmənalı şəkildə bilirəm və əminəm ki, dövlətin maraqları ilə həyat yoldaşımın mənə tövsiyələri və deyəcəkləri tamamilə üst-üstə düşəcək. Deməli, yanımda onun simasında birmənalı şəkildə mənə kömək edəcək, hər hansı çətinliyim olarsa, məni dəstəkləyəcək, düzgün yol göstərəcək bir şəxsiyyət var. Mən Prezidentin etimadını, ən başlıcası isə inamı, ümidləri olan insanların etimadını doğrultmalıyam”.
Elnur HACALIYEV,
Azərbaycan.-
2017.- 5 mart.- S. 1, 2.