Novruz türk
xalqlarının bayramıdır
Günəş öz isti
şüaları ilə torpağı oyadır,
çayların suyu artır, kol dibindən bənövşə
baş qaldırır, quşların səsi ətrafı
bürüyür. Təbiətdəki bu əhvali-ruhiyyə -
bahar nəfəsinin duyulması yaddaşlardan
süzülüb bu günümüzə çatmış
Novruzun gəlişindən xəbər verir.
Novruz mərasimi yalnız Azərbaycanda
deyil, soydaşlarımızın yaşadıqları müxtəlif
xarici ölkələrdə, o cümlədən türk
xalqları arasında geniş şəkildə qeyd olunur.
Özbəkistanda sovet hakimiyyətinin
ilk illərində Novruzun yaz və kəndli, əkinçi,
maldar bayramı kimi keçirilməsinə müəyyən
müddət icazə verilsə də, sonralar ona “dini bayram”
damğası vuraraq ciddi qadağalar qoyuldu. Lakin xalq gizli şəkildə
olsa da, bu bayramı qeyd edirdi. Novruzun keçirilməsinə
ilk dəfə Özbəkistanda 1963-cü ildə rəsmi
şəkildə icazə verildi. Lakin bir neçə ildən
sonra bayram yenidən yasaq edildi. 1991-ci ildə ölkə rəhbərinin
qərarı ilə 21 mart bayram günü elan olundu. İndi
Özbəkistanda martın 21-dən başlayaraq bir həftə
boyu “Sayıl”, “Xalq sayılı”, “Sayıl əyləncələri”
adlanan el şənliyi keçirilir. Özbək
qadınları səbzəli çuvarə, çelpek,
çözmə, həlim, sırmaynan, meyir, peşmek, samsa
kimi yeməklər hazırlayırlar. Süfrəyə “S” hərfi
ilə başlayan 7 cür yemək qoyulur. Bundan başqa,
çoxlu baharat, yer-yemiş düzülür. Bayrama bir həftə
qalmış qadınlar buğda cücərdir, ondan xüsusi
Novruz yeməyi olan sümələk bişirirlər. Bayram
süfrəsi üçün ayrıca “aşurə” də
hazırlayırlar. Bu yemək 7 nemətin
qarışığından əmələ gəlir. Adətən,
süfrənin üstünə böyük bir çörək,
ətrafına boyanmış yumurtalar, içində yaşıl
yarpaq olan qabda su da qoyulur.
Novruz günlərində meydan
tamaşalarına geniş yer verilir. Darvozlar (kəndirbazlar),
çalğıçılar, şairlər öz məharətlərini
göstərir, aşurəçilər aşulə oxuyur,
baxşılar dastan söyləyir, cavanlar at
yarışına çıxır, güləşir, bazar
meydanında həvəskarlar xoruz və qoç
döyüşdürürlər.
Mərasimin əsas
iştirakçısı Baba Dehqandır. O, yaşıl
çapan geyinir, el-el, oba-oba gəzib xalqı təbrik edir.
Tacikistanda isə Novruz martın əvvəlindən
21-dək baharın gəlişini və təbiətin
canlanmasını qarşılamaq məqsədilə qeyd
edilir. Adətə görə, süfrəyə qoyulan süd
təmizliyi, şirniyyat yaşama sevincini, şəkər sərinlik
və istirahəti, şam atəşə sitayişi, daraq
qadının gözəlliyini təmsil edir. Uşaqlar
qapı döyüb bayram payı istəyir, yaz çiçəkləri
yığır, ev sahiblərinə çiçəklərdən
hədiyyə edirlər. Ev sahibi isə onlara şirniyyat,
yumurta, ya da pul verir.
Qazaxıstanda isə Novruza “Navruz”
və ya “Ulıstın Uli Küni”, yəni, El-Ulusun ulu
günü deyirlər. Qazaxlar bu bayramı elliklə
keçirirlər. Evlər təmizlənir, ən gözəl
paltarlar geyilir, alqışlar söylənilir. Küsənlər
barışır, yetimlər evləndirilir,
fağır-füqəraya paylar verilir. Novruz günü
bağışlanmaq istəyəni mütləq
bağışlayırlar. Keçmişdə gənc
oğlanlar gecə yarısı vəhşi bir buğanın
üstünə yəhər qoyur, onun da üstünə
uyuğ bərkidilir, boynundan zınqırov asır,
başına quş lələyi qoyur, sonra da onu kəndin
içinə buraxırdılar. Buğa zınqırovun səsindən
vahimələnərək atılıb-düşdükcə
kənd əhalisi səs-küyə oyanır və yeni
günün gəldiyindən xəbər tuturdu. “Otağ”
deyilən çadırlar qurulur, təndirdə çörəklər,
loğmalar, külçələr, katırmalar, katlamalar
bişirilirdi. Gənclər müxtəlif oyunlar
nümayiş etdirirdilər. Bu adətlərin əksəriyyətinə
indi də əməl olunur.
Novruzun əsas
hazırlıqları mətbəxdə gedir. Qazaxlar bayramda
xüsusi Novruz şorbası hazırlayırlar. Bu şorba ən
azı 7 nemətdən hazırlanır: buğda, düyü,
un, yağ, kazi, süd, soğan və s. Çox vaxt bu bayramda
doğulan uşaqlara Nevruzbay, Meyrambek adlarını verirlər.
Tatarlarda yaz bayramı “Karqa
butkası” adlanır. Bu bayram yazın gəlişi münasibətilə
keçirilir. Bayramda gənclər idman yarışları təşkil
edir, oxuyur, oynayırlar. Tatarıstanda “yaz işləri ilə
bağlı bayramların ən böyüyü Sabantuy və
ya “Səpin toyu”dur. Bu bayram yazdakı səpin ilə
bağlıdır. Müasir dövrdə yaz şumu
çıxarıldıqdan və torpaq əkin
üçün hazırlandıqdan sonra keçirilir. Sabantuy
xalqın könüllü şəkildə bir yerə
toplanaraq qeyd etdikləri musiqili-dramatik tamaşadır. Kənddə
keçirilən bu bayram sonralar şəhərlərə də
yayılmış və təntənəli şəkildə
qeyd olunmağa başlanmışdır.
Dağıstan xalqlarında yaz
mövsümü ilə bağlı bahar bayramlarına
geniş yer verilir. Həmin xalqların bəzilərində
bu, Novruzdur, bəzilərində “Al bayram”, “Qırmızı
gün”dür. Bayramlarda dağlarda, həyətlərdə
tonqallar qalanır.
Kalmıklarda yazın ilk ayı
keçirilən mərasim “Çaqan sar”dır. Kalmık
dilində bunun mənası “ağ ay” deməkdir.
Türkmənistanda bu bayram ərəfəsində
türkmənlər arasında “semene” adlanan şirniyyatın
bişirilməsi, qonaq getmək, bayramlaşmaq, pay vermək,
fal açmalar geniş yayılmışdır.
Keçmişdə qız-gəlinlər bir yerə
yığışaraq “Muncuq atdı” oynayırdılar.
Novruz bayramı türkmən
xalqı üçün qardaşlıq, mehribanlıq
günüdür. Həmin gün hamı kin-küdurətdən,
pis niyyətdən, yaman sözdən, pis gözdən uzaq
durmağa, yaxşı söz danışmağa, gülərüz,
qonaqpərvər olmağa çalışır, süfrənin
bol, canının sağlam olmasını arzulayır. Dəvə,
at yarışları, güləş, kəməndatma kimi
oyunlar keçirilir, uşaqlar öz aralarında maraqlı
yarışlar təşkil edirlər. Dövlət səviyyəsində
Novruz Aşqabadın küçə və meydanlarında
böyük təntənə ilə qeyd olunur.
Qırğızıstanda el
bayramı olan Novruzdan bir həftə öncə 7 qazanda 7
cür yemək asılır. Onların içərisində
“sümölök” adlı bayram yeməyinin ayrıca yeri var.
Yeməkdən sonra qız-gəlinlər arabaya qoşulmuş
öküzün buynuzlarına ərik ağacının
budaqlarını bağlayır, bununla da
yaşıllığın bol olmasını arzulayırlar.
Novruzda hamı tonqalın
üstündən tullanaraq “haramlardan” təmizlənir,
“qırmızı nurun mənə gəlsin, sarı xəstəliyim
sənə getsin!” deyirlər. Tonqal sönəndə hər kəs
öz evinə gedir, boş su qablarını pəncərədən,
qapıdan çölə atır, açıq rəngli
paltar geyinir, dadlı yeməklər bişirirlər. Gecə
yarısı arpa və buğdadan hazırladıqları
“köçö-bodko” yeməyini paylayırlar... Sonra
bütün ailələr şam ağacının
budağını yandırıb tüstüsünü evə
yayır və ovsun oxuyurlar. Ertəsi gün çayın,
arxın yanına gedib əllərindəki çiçəkləri
və saxsıları suya atırlar. Bilicilər çiçəkləri
atmamışdan əvvəl onların saplarına və
köklərinə baxaraq payızda məhsulun necə
olacağını xəbər verirlər. Bayram günü
müxtəlif oyunlar keçirirlər.
Nübar
İSAZADƏ
Azərbaycan.-
2017.- 5 mart.- S. 5.