Novruz bayramında səməni

 

Əməklə, əkin-biçinlə bağlı ayinlər Azərbaycan şifahi xalq ədəbiyyatının qədim və maraqlı sahələrindən birini təşkil edir. Söz sənətinin inkişafında insanların əmək fəaliyyətinin rolu böyük olmuşdur. Uzun müddət tədqiqatçılar belə hesab etmişlər ki, bütün mənəvi nemətlərin əsasında əməklə bağlı ayin və mərasimlər durur. Əmək mənəvi nemətlərin yaranmasında, incəsənətin, mədəniyyətin formalaşmasında mühüm mərhələ təşkil edir.

Bu baxımdan Novruz bayramının adət-ənənələri tarixən çox qədim köklərə söykənir. Bayrama bir neçə həftə qalmış bütün evlərdə tədarüklər başlayır. Səməni göyərdilir, evlər təmizlənir, torpaq bellənir, insanlar yazın gəlişini toy-büsatla qarşılayırlar. Novruz bayramının əsas mərasimlərindən biri də yazın simvolu olan səməninin göyərdilməsidir. Belə ki, bu ayində göyərdilmiş buğda (səməni), qovrulmuş buğda yəni, (qovurğa) bolluq, bərəkət rəmzi ilə bağlıdır. Nənələrimiz ilk çərşənbədən əvvəl səmənini cücərməyə qoyardı. Bunun üçün buğda təmizlənir, yuyulur, bir qabın içərisinə yığılır. Üzərinə su səpilir, üstü bir balaca kətan parça ilə örtülür. Suyu dəyişmək şərti ilə iki gündən sonra çırtlayan (yəni, cücərən) buğda qabaqcadan isladılmış kətan parçanın içərisinə yerləşdirilir. Kətan parça quruduqca onu su çiləyərək islatmaq və cücərib kök atmış buğdaları qablara yığmaq, üstünə kətan parça salaraq isti yerdə saxlamaq lazımdır. Hər gün buğda yığılan parça isladılmalıdır. Səməni göyərib beş santimetr boy verəndə parçanı üstündən götürərək dibinə su tökmək və elə etmək lazımdır ki, çürüməsin. İnsanlar səməninin üstünə hər gün su çiləyib ondan arzular diləyirlər. Sonra onu sərin yerdə saxlamaq lazımdır. Səməni el-obaya, hər bir ailəyə xeyir-bərəkət, güc gətirir. “Novruz bayramı üçün göyərdilmiş səmənini saralıb solanda axar suya axıdırlar, arxasınca şirni atırlar. Belə etdikdə, deyirlər ki, evdə xeyir-bərəkət olar”. Xalq arasında ilkin inanca görə səmənini il təhvil olan gündən on üç gün sonra ya axar suya, ya da bar ağacının altına qoyarlar. Bu barədə müəyyən bölgələrdə maraqlı adətlər də mövcuddur. Belə ki, ilin on üçüncü günü bayramın qurtarma mərasimidir. Bayramın əsas atributu olan səməni həmin vaxta kimi saralıb-solur. Novruzdan on iki gün keçəndə, yəni, on üçüncü gün qız-gəlin yığışıb mərasim keçirir. Sonra da hər kəs səmənini götürüb aparıb bağda-bağçada torpağın üstünə qoyardılar. İnsanlar bu müqəddəs bitki ilə bağlı ayin-adət icra edirlər:

 

Ay səməni,

Saxla məni.

Ürəyimdə tutduğum

Yara saxla məni

 

Bundan əlavə, xalq arasında “Səməni” nəziri adəti də vardır ki, qəlbində niyyəti olanlar onu xüsusi bişirməyi bacaran insanlara həvalə edirdilər. “Səməni” nəzirini hazırlamaqdan əvvəl niyyət-dilək tuturdular. Bunun üçün böyük tabaqlarda buğdanı göyərdirdilər. Sonra cücərtiləri əzib şirəsini çıxarır, bir az su əlavə edib, iki-üç gün qaynadırlar. “Səməni” nəziri hazır olduqda ona qoz-fındıq ləpəsi qatıb, xonça sinilərə töküb yayardılar. Xonçaları evin həyətində saxlayar və həmin gecəni yatmayıb niyyətlərinin qəbul olması üçün dua edərdilər. Səhər onun dadına baxardılar. Əgər səməni nəziri şirin çıxardısa, deməli, nəzir-niyyəti qəbul olunmuşdur. Yox əgər şirin çıxmasa, qəbul olunmamış nəziri evə aparmazdılar.

 

Bişirmişəm səməni,

Ətri tutub aləmi.

Ay Allah, Xızır gələ,

Nə olar, Xızır gələ,

Əl vura izi qala.

 

Səməni ovsunu ilə bağlı mərasim övladı olmayan qadınlar üçün keçirilərdi. Adətə görə oğul-qız böyütmüş qadın göyərdilmiş səmənini ilaxır çərşənbə günü uşağı olmayan qadının başı üstə saxlayır. Sübh tezdən bulaqdan gətirilmiş “çərşənbə suyu” çilləli qadının başının üstündən axıdılır. Bu zaman oğul-uşaq böyütmüş başqa bir qadın çillənin üstündən axıdılan suyu əlinə aldığı qayçı ilə doğraya-doğraya: “A səmənini göyərdən, bu gəlini də göyərt” ovsun sözlərini söyləyir:

 

Arpa, buğda dənidi,

Göyərən səmənidi.

Kəsdim, gəlin, çilləni,

Övlad vermək dəmidi.

 

Bu ayin-ovsun mərasiminin keçirilməsi yeni həyatın başlanğıcı deməkdir. Bununla da yeni ildə yeni tale yaratmaq, köhnə taleyi dəyişdirmək istəyirdilər.

 

Almara NƏBİYEVA,

filologiya üzrə fəlsəfə doktoru

 

Azərbaycan.- 2017.- 5 mart.- S. 5.