Zəngilanlıların Novruz tonqalı

 

Məcburi köçkünlər əmindirlər ki, İlham Əliyevin Qarabağ siyasətinin icrasına Mehriban xanım Əliyeva böyük töhfə verəcək

 

Yurdumuza, elimizə bolluğun, bərəkətin, xeyirxahlığın təcəssümü olan Novruz gəlir. Xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran bu qədim el bayramı həmişə xüsusi təntənə ilə qeyd edilir. Çünki təbiətin, həyatın oyanması Novruzdan başlanır və Azərbaycan xalqı bunu bir ay əvvəldən qeyd etməyə başlayır. Belə ki, bir ay ərzində hər həftənin ikinci günləri Su, Od, YelTorpaq çərşənbələri bayram ovqatı ilə keçirilir.

Budəfəki bayramın sevinci isə əvvəlkilərdən fərqlənir. Çünki 23 ildən sonra qədim yurdumuzda, Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində ilk Novruz tonqalı qalandı. Neçə ildən sonra məhz bu kənddə Novruz tonqalının yandırılması böyük məna kəsb etdi. Bu, elə yayılan xoş xəbər, Novruzun gətirdiyi müjdə və düşmənə verilən göz dağı idi. Bu, öz yurdundan didərgin düşərək Azərbaycanın müxtəlif şəhər və rayonlarında məskunlaşan bir milyondan artıq soydaşımızın hər birinin könlündəki ən böyük arzusunun gerçəkləşəcəyinin təsdiqi idi. İndi hər kəsdə böyük inam hissi var. Hər kəs inanır ki, 25 ildir qəlbimizdə, könlümüzdə yandırdığımız bu tonqalların Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Xocalı, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda yandırılacağı gün uzaqda deyil.

 

Əsl bayram ovqatı, qələbəlik...

 

Qərara gəldik ki, Novruz bayramını məcburi köçkünlərin məskunlaşdığı bir qəsəbədə onlarla birgə qeyd edək. Üz tutduq Abşeron rayonu Masazır qəsəbəsində inşa olunmuş Zəngilan qəsəbəsinə. Qəsəbədə rayon icra hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə çox maraqlı şənlik təşkil olunmuşdu. Burada əsl bayram ovqatı, qələbəlik və böyükdən-kiçiyə hər kəsin çöhrəsində bir sevinc hissi var idi. Sazqara zurnanın sədaları ətrafa yayıldıqca könül oxşayırdı. Rəqs edən körpələr isə bayrama gözəllik qatırdılar. İnsanlar bir-biri ilə bayramlaşır, xoş sözlər söyləyib niyyətlərinin çin olmasını arzu edirdilər.

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov bizimlə söhbətində bildirdi ki, 2013-cü ildə istismara verilmiş məhəlləyə Azərbaycan Dövlət Neft Akademiyasının tələbə şəhərciyində müvəqqəti məskunlaşmış 760 ailə (3420 məcburi köçkün) köçürülüb. 12 hektar sahəni əhatə edən yeni məhəllədə rayon icra hakimiyyətinin binası, 13 ədəd beşmərtəbəli bina, 540 şagirdlik məktəb, 280 yerlik uşaq bağçası, klub-icma mərkəzi, tibb məntəqəsi və s. tikilib. Azərbaycan Prezidenti İlham Əliyev 2013-cü il aprelin 1-də qəsəbənin açılışında iştirak etmiş və yaradılan şəraitlə tanış olmuşdur. Dövlət başçısı həmin zaman demişdir: “Bu, müvəqqəti yaşayış yeridir. Torpaqlarımız işğalçılardan azad olunandan sonra biz bundan da gözəl binalar, evlər tikəcəyik. O cümlədən, Zəngilanda və işğala məruz qalan digər rayonlarda bundan da gözəl şərait yaradacağıq. Yəni məcburi köçkünlərin yerləşdirilməsi və köçürülməsi prosesi onu göstərir ki, biz bu imkanlara malikik. Əgər biz 140 min köçkünü artıq yerləşdirə bilmişiksə və hər il 20 min köçkün yeni evlərlə təmin edilirsə, deməli, torpaqlarımız işğaldan azad olunandan sonra tezliklə bütün şəhərləri, kəndləri bərpa edəcəyik, evləri tikəcəyik, şərait yaradacağıq”.

R.Həsənov onu da bildirdi ki, Prezident İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə bağlı imzaladığı sərəncam bütün zəngilanlıların sevincinə səbəb olub. Eyni zamanda doğma yurdunu itirən hər bir zəngilanlının dövlətinə, Ali Baş Komandanına inam hissini daha da gücləndirib. İndi bütün zəngilanlı məcburi köçkünlər inanırlar ki, illərdir qəlblərindəki yurd həsrəti yaxın zamanlarda gerçəkləşəcək və növbəti Novruz tonqalını Şükrətazın, Süsənin və Əsgülümün zirvəsində qalayıb bayram sevinci yaşayacaqlar.

 

Bayram süfrəsi və zəngilanlıların qonaqpərvərliyi

 

Hava qaralmağa başlayırdı və bu anda rayonun Ağsaqqallar Şurasının sədri, 75 yaşlı Xıdış dayı bayram tonqalına od vurdu. Tonqalın ətrafına toplaşmış fidan balalar Kosa və Keçəllə bərabər yallı getməyə başladılar. Milli musiqi sədaları altında tonqalın ətrafında dövrə vuran uşaqlara böyüklər də qoşuldu. Hər kəsə odun istisindən sanki bir pay düşürdü.

Bayram şənliyi davam edirdi. Biz isə qədim Azərbaycan torpağı olan Zəngilanın sakinlərinin özünəməxsus bayram hazırlığının, Novruz çərşənbələrini necə qeyd etdiklərinin şahidi olmaq istədik. Bir qapı döydük və qarşımıza çıxan nurani ağsaqqal bizi evinə dəvət etdi.

Mənzildə əsl bayram sevinci yaşanırdı. Şəkərbura, paxlava, şəkərçörəyi, boyanmış yumurtalar digər nemətlərlə zəngin bir süfrə açılıb. Zəngilanlıların qonaqpərvərliyi elə ilk baxışdan hiss olunur. İki gözəl fidan balanın əlindəki bayram xonçası ilə bizi qarşılaması isə çox xoş təəssürat yaratdı. Bayramlaşıb süfrə arxasına əyləşdik. Məlum oldu ki, bizi evinə dəvət edən ağsaqqal 67 yaşlı Ərşad müəllimdir. Ərşad Piriyev hazırda Zəngilan rayonu 33 saylı orta məktəbin direktorudur. Həyat yoldaşı Kəminə Piriyeva isə ibtidai sinif müəlliməsidir. Ərşad müəllimin 2 ailəli oğlu da bu gün ata evində qonağıdırlar. Bu gözəl ocaqda 6 nəvə böyüyür. Baba nənə isə onların gəlişinə elə sevinirlər...

 

Səhər bulaq başına gedib su gətirərək evin hər bir otağına səpərdik...”

 

Bir qədər keçdikdən sonra süfrədəki nemətləri hazırlayan Kəminə xanımdan doğma Zəngilanında Novruz bayramı çərşənbələrin necə qeyd edildiyini xəbər aldıq. Bayaqdan Kəminə müəllimənin üzündə olan təbəssüm sanki bir anlıq çəkildi. Fikrə getdi. Bir qədər sonra dərindən köksünü ötürüb yavaş-yavaş danışmağa başladı: “Bizdə baharın gəlişi tam başqa cür olurdu. Biz dörd çərşənbənin hər birində gözəl, mənalı günlər yaşayırdıq. Səhər bulaq başına yollanardıq. Bulaqdan su gətirib evin hər bir otağına səpərdik. Sonra daş yığıb hər bir otağın küncünə atardıq ki, evin dirəkləri daha da möhkəm olsun. Qulaq falına çıxardıq, bayram günü bir evə toplaşardıq, hərə evindən yemək gətirərdi səhərə qədər yeyib-içib, deyib-gülərdik. Heyif, çox heyif! 24 ildir o günlərin həsrəti ilə yaşayırıq. Bakıya gələndən sonra bir neçə il bayramları istədiyimiz kimi qeyd edə bilmirdik. Yataqxanada bir otaqda yaşayırdıq. İndi, çox şükür, dövlətimizin bizə göstərdiyi qayğı göz qabağındadır. Gözəl mənzilimiz, hər cür şəraitimiz var. Hər birimiz bu şəraiti yaradan Prezident İlham Əliyevə təşəkkür edirik. Televizorda baxırıq ki, dövlət başçısının tapşırığı ilə işğaldan azad olunan Cocuq Mərcanlı kəndində tikinti-quruculuq işləri aparılır. Cəbrayıllılar öz doğma kəndlərinə qayıdırlar. Çox sevinirik. Çünki əmin oluruq ki, bizim arzularımız ürəyimizdə qalmayacaq. Biz Novruz tonqalımızı Zəngilanda qalaya biləcəyik. Tanrı Prezidentimizə ömür versin”.

 

Gün gələcək, Zəngilanda yenidən həyat qaynayacaq

 

Kəminə müəllimənin fikirlərini Ərşad müəllim davam etdirir: “Vaxt var idi yataqxanada yaşayarkən çox ağrılı günlər keçirdik. O günlər artıq arxada qaldı. Bu gün mən ailəmlə, nəvələrimlə birgə Novruzun Od çərşənbəsini ürəklə, sevinc hissi ilə qeyd edirəm. Bunun üçün biz Prezident İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk. Bu Novruz həm bizə ikiqat sevinc bəxş etdi. Çünki cənab Prezidentin sərəncamı ilə heç vaxt məcburi köçkünləri yaddan çıxarmayan, daim bizim qayğımıza qalan, xüsusi diqqət göstərən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Birinci vitse-prezident təyin edildi. Bu, hər bir azərbaycanlının arzuladığı təyinat idi. Çünki Mehriban xanımın Azərbaycan üçün gördüyü işlər göz önündədir. Mehriban xanım Əliyeva yüksək intellektual səviyyəli, təcrübəli təşkilatçı olmaqla yanaşı, xeyirxah, humanist insandır. Onun ölkəmizin həyatındakı xidmətləri hər kəs tərəfindən yüksək qiymətləndirilir. İnanırıq ki, Mehriban xanım Əliyeva Birinci vitse-prezident postunda xalqımız dövlətimiz üçün daha böyük işlər görəcək, eləcə bu şərəfli məsuliyyətli vəzifədə yeni-yeni uğurlara, nailiyyətlərə imza atacaq”.

Sonra Ərşad müəllim qəsəbənin açılışı zamanı dövlət başçısının söylədiyi fikirləri yada saldı: “2013-cü ildə bu qəsəbənin açılışında hörmətli Prezident demişdi ki, torpaqlarımız işğalçılardan azad olunandan sonra bundan da gözəl binalar, evlər tikəcəyik. O cümlədən, Zəngilanda və işğala məruz qalan digər rayonlarda bundan da gözəl şərait yaradacağıq. Mən buna şübhə etmirdim. İndi görürsünüzmü işğaldan azad olunan Cocuq Mərcanlıda bu gün necə tikinti işləri gedir?! Gün gələcək, Zəngilanda da yenidən həyat qaynayacaqinsanlar firavan ömür sürəcək”.

 

Əsgülümün zirvəsində Novruz tonqalı qalayıb düşmənə göz dağı verəcəyik

 

Keçmişi xatırlamaq nə qədər ağır olsa da, Piriyevlər ailəsi üçün bu gün sevincli bir gün idi. Bütün ailə Novruz ab-havasına köklənmişdi. Ərşad kişinin nəvələrinin yumurta döyüşü, kiçik fidan balaların Novruz xonçasına çox maraqla tamaşa etmələri gözəl və unudulmaz bir səhnə idi. Zəngilanı yalnız baba və nənələrinin o doğma yurdun gözəl mənzərəli yerlərində çəkilmiş şəkillərində görən bu balalar indi xoşbəxt və sakit həyat sürürlər.

Beləcə, Od çərşənbəsində qonağı olduğumuz məcburi köçkün ailəsini bayram əhvali-ruhiyyəsi ilə tərk etdik. Keçdikləri əzablı yolları, yaşadıqları ağrıları ürəklərində daşıyan bu insanlar Masazır qəsəbəsindəki Zəngilan məhəlləsində keçirdikləri Novruz bayramı ilə bir qədər təsəlli tapırlar. Yenə də bir yerdədirlər. Çətin gündə, xoş gündə bir-birlərinin harayına çatırlar. Dərdlərini, sevinclərini bölüşməyə qonşuları, qohumları və isti ocaqları var. Amma ürəklərindəki ən böyük arzuları günlərin birində baharı doğma Zəngilanda qarşılamaq, Novruz tonqalını öz yurdlarında alovlandırmaqdır. O gün isə uzaqda deyil. Əgər bu gün Cocuq Mərcanlıda Novruz tonqalı qalayırıqsa, demək ki, yaxın zamanlarda bu od Əsgülümün zirvəsində də alovlanacaq və düşmənə göz dağı verəcək.

Qoy bu Novruz arzularımızı, niyyətlərimizi çin etsin, AMİN!

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2017.- 7 mart.- S.7.