Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mehriban Arif qızı Əliyevanın deputat səlahiyyətlərinə xitam verilməsi barədə

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 1/1

 

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən, Azərbaycan Respublikası Milli Məclisinin deputatı dövlət orqanlarında vəzifə tutduqda onun deputat səlahiyyətlərinə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 175.3-cü maddəsinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının qərarı ilə xitam verilir.

Həmin maddənin tələblərinə müvafiq olaraq Milli Məclisin deputatı M.A.Əliyeva 2017-ci il martın 3-də yazılı ərizə ilə Mərkəzi Seçki Komissiyasına müraciət edərək ölkə Prezidentinin 2017-ci il 21 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi ilə əlaqədar deputat səlahiyyətlərinə xitam verilməsini xahiş etmişdir.

Beləliklə, qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı M.A.Əliyevanın deputat səlahiyyətlərinə xitam verilməsi üçün əsaslar yaranmışdır.

 Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək və Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 4-cü bəndinə, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.14-cü, 28.2-ci, 28.4-cü, 175.3-cü və 176.3-cü maddələrinə uyğun olaraq qərara alır:

1. Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı  Mehriban Arif qızı Əliyevanın deputat səlahiyyətlərinə xitam verilsin.

2. Bu qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                Məzahir Pənahov

Katib               Arifə Muxtarova

Katib               Mikayıl Rəhimov

 

06.03.2017

 

Azərbaycan.- 2017.- 7 mart.- S.6.