Azərbaycanın müstəqilliyinin
qorunması, ölkəmizin hərtərəfli
inkişafı üçün tam gücümlə
çalışacağam
Deputat fəaliyyətinə
xitam verən Mehriban xanım Əliyeva Milli Məclisdə 12
illik fəaliyyətini böyük ömür məktəbi
kimi qiymətləndirdi
Martın 7-də Azərbaycan
Respublikası Milli Məclisinin yaz sessiyasının növbəti
plenar iclası keçirilib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva iclasda iştirak edib.
Mehriban Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi münasibətilə parlamentin adından təbrik edən Milli Məclisin sədri Oqtay ƏSƏDOV deyib:
-Mehriban Əliyeva 12 ilə yaxın bir müddətdə Milli Məclisin deputatı kimi fəaliyyət göstərib, xalqımıza, dövlətimizə xidmət edib. Mehriban Əliyeva ölkəmizdə parlament mədəniyyətinin inkişafına çox böyük önəm verib, dövlətimizin qanunvericilik bazasının təkmilləşdirilməsində yaxından iştirak edib. Xanım Mehriban Əliyeva bir sıra qanunvericilik aktlarının təşəbbüskarı olub. Eləcə də dörd amnistiya aktının müəllifidir. Hər amnistiya aktı on min məhbusa şamil olunurdu. Həm amnistiyaya düşmüş insanların, həm də onların yaxınlarının sayını nəzərə alsaq, Mehriban xanım Əliyevanın nə qədər insana, ailəyə sevinc bəxş etdiyini görmək mümkündür.
Milli Məclisdəki fəaliyyəti dövründə Mehriban Əliyeva ABŞ, Fransa parlamentlərarası dostluq qruplarının rəhbəri, Türkiyə, Rusiya parlamentlərarası dostluq qruplarının üzvü olub. Beləliklə, Mehriban xanım Əliyeva Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafında böyük işlər görüb, Azərbaycan parlamentini xaricdə layiqincə təmsil edib. O, xalqımızı düşündürən problemləri beynəlxalq ictimaiyyətə çatdırmaq üçün mümkün olan hər şeyi edib. Bir sıra digər ictimai-siyasi vəzifələrlə yanaşı, Mehriban Əliyeva həm də Yeni Azərbaycan Partiyası sədrinin müavinidir. Bu partiyanın möhkəmlənməsi, sıralarının artması üçün çox böyük əmək sərf edir.
Mehriban Əliyevanın geniş xeyriyyəçilik fəaliyyəti hər kəsə məlumdur. Mehriban xanım Əliyeva həm də Heydər Əliyev Fondunun prezidentidir. Dara düşən, yardıma ehtiyacı olan insanlar bir çox hallarda Mehriban Əliyevaya üz tuturlar. O da həmişə insanların harayına çatır, onlara hayan durur. Buna görə də Mehriban Əliyeva sözün həqiqi mənasında millət vəkilidir. Mən əminəm ki, o, yeni vəzifəsində də millətimizin, xalqımızın vəkili olaraq qalacaq. Biz əminik ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə Mehriban Əliyevanın təyin edilməsi ölkəmizin ictimai-siyasi həyatına yeni bir nəfəs gətirəcək. Bizim üçün ikiqat fərəhlidir ki, bu məsul dövlət vəzifəsinə bizim həmkarımız Mehriban Əliyeva məsləhət bilinib. Bu qərarına görə möhtərəm Prezident İlham Əliyevə Milli Məclis adından dərin minnətdarlığımızı bildiririk. Əminik ki, bu vəzifəsində də Mehriban xanım Əliyeva hər zaman olduğu kimi xalqına, dövlətinə xidmət edəcək.
Xanım Mehriban Əliyeva iclasda çıxış edib.
Birinci
vitse-prezident Mehriban Əliyevanın çıxışı
-Hörmətli Oqtay müəllim.
Hörmətli millət vəkilləri.
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin 2017-ci il
21 fevral tarixli Sərəncamına əsasən yeni vəzifəyə
təyin edilməyimlə əlaqədar olaraq Azərbaycan
Respublikası Milli Məclisində fəaliyyətimi
dayandırmalı oluram. Mən on ildən
artıq parlament üzvü olmuşam. Bu
illər ərzində Azərbaycan Milli Məclisinin
deputatı adını daşımaq mənim
üçün böyük şərəf idi.
Müstəqillik illərində
ölkəmizin nüfuzlu dövlət kimi
formalaşmasında Milli Məclisin deputat korpusunun da
böyük rolu olmuşdur. Azərbaycanda həyata
keçirilən islahatların hüquqi bünövrəsini
millət vəkillərinin birgə əməyi nəticəsində
hazırlanan, müasir reallıqlara və
çağırışlara cavab verən qanun layihələri
təşkil edir.
Əziz həmkarlar, millət
vəkili kimi çalışdığım müddət ərzində
burada daim xoş ab-havanın şahidi olmuşam. Təbii ki,
belə mühitin yaradılmasında Milli Məclisin sədri
Oqtay müəllimin böyük əməyi vardır.
O, on ildən artıqdır ki, Milli Məclisin sədri vəzifəsini
layiqincə icra edir. Hörmətli Oqtay müəllim,
sizə gələcək fəaliyyətinizdə uğurlar
arzulayıram.
Hörmətli millət vəkilləri,
namizədliyimin irəli sürüldüyü Xəzər
rayonunun ərazisində 2005-ci ildən bu günədək
aparılmış işlər barədə qısa məlumat
vermək istərdim. Bu müddət ərzində rayonda 42 məktəb, 44
uşaq bağçası, 16 uşaq evi və internat məktəbi,
o cümlədən 3 uşaq evi üçün yay
düşərgəsi inşa olunub və ya əsaslı təmir
edilib. 17 səhiyyə müəssisəsi, 10 idman obyekti, o
cümlədən 6 stadion, mədəniyyət evləri, kitabxanalar,
muzeylər daxil olmaqla 28 mədəniyyət obyekti, 7 məscid
və ziyarətgah istifadəyə verilib. Bundan əlavə,
rayonun Şüvəlan, Binə, Türkan və Zirə qəsəbələrində
əhalinin qaz və elektrik enerjisi ilə təminatı
yaxşılaşdırılıb, Şüvəlan, Binə
və Qala qəsəbələrində su xətləri
çəkilib, rayon ərazisində ümumi uzunluğu 93
kilometr olan yollar salınıb. Bu illər ərzində
irimiqyaslı, uzunmüddətli layihələrlə
yanaşı, gündəlik həyatda insanları narahat edən
problemlərin araşdırmasını daim ön plana
çıxarmışam. Mənə
müraciət edən insanlara dəstək olmağa
çalışmışam. Fəaliyyətimin
bütün mərhələlərində mən rayon sakinlərinin
dəstəyini hiss etmişəm. Bizim ünsiyyətimiz
formal yox, hər zaman çox səmimi olub. Mən tam əminliklə deyə bilərəm ki, əldə
etdiyimiz bütün nailiyyətlər bizim birgə fəaliyyətimiz
nəticəsində həyata keçirilib. Bu illər ərzində məni dəstəkləyən
hər kəsə dərin minnətdarlığımı
bildirirəm. Əminəm ki, gələcəkdə
də Xəzər rayonunun inkişafı üçün tam
gücümlə çalışacağam.
Azərbaycan
Respublikasının Milli Məclisində təmsil olunduğum
müddət ərzində bir sıra təkliflər irəli
sürmüşəm. Humanizm və ədalət ideallarına əsaslanaraq
2007-ci, 2009-cu, 2013-cü və 2016-cı illərdə irəli
sürdüyüm amnistiya aktlarının qəbul edilməsi
təşəbbüsü həmkarlarım tərəfindən
daim dəstəklənib. Nəticə etibarilə
amnistiya elan edilməsi haqqında qərarlar əsasında,
ümumilikdə, 39 min 887 məhkum cəzadan azad edilib. Mən amnistiya təşəbbüslərini dəstəkləmiş
və bununla da on minlərlə insana azadlıq bəxş
etmiş deputatların hər birinə dərin minnətdarlığımı
çatdırıram. Ümidvaram ki, belə
təşəbbüslər deputatlarımız tərəfindən
bundan sonra da irəli sürüləcək və bu xoş ənənə
davam edəcək.
Səhiyyə ilə
bağlı bəzi məsələləri xüsusi
vurğulamaq istərdim. Bildiyiniz kimi, səhiyyə sahəsi rəhbərlik
etdiyim Heydər Əliyev Fondunun fəaliyyətində prioritet
istiqamətlərdən biridir. Fondun 2005-ci
ildən həyata keçirməyə başladığı
“Talassemiyasız həyat naminə” proqramı tez bir zamanda
geniş vüsət aldı. Bizim təşəbbüsümüzlə
məsələ parlamentdə müzakirəyə
çıxarıldı və qısa müddət ərzində
“Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə
düçar olmuş şəxslərə dövlət
qayğısı haqqında” Azərbaycan Respublikasının
Qanunu Milli Məclis tərəfindən qəbul edildi. Fondun təşəbbüsü ilə Bakıda
inşa edilmiş Talassemiya Mərkəzi regionda sümük
iliyinin köçürülməsini mümkün edən ən
müasir avadanlıqla təchiz edilmiş yeganə tibbi müəssisədir.
Mərkəz fəaliyyətə
başladığı gündən burada 40-dan çox
uşaq üzərində sümük iliyi transplantasiyası əməliyyatı
aparılıb.
Ümumiyyətlə, ölkəmizdə
irsi qan xəstəliklərinin yayılması məni bir həkim
kimi narahat edir.
Azərbaycanda sağlam ailənin
formalaşması və bu istiqamətdə risklərin
azaldılması məqsədilə mən 2014-cü ildə
nikaha daxil olmaq istəyən şəxslərin məcburi
tibbi müayinədən keçməsi təşəbbüsü
ilə çıxış etdim. Həmkarlarımla
ətraflı müzakirədən sonra Ailə Məcəlləsinə
müvafiq dəyişikliklərin edilməsi haqqında qanun qəbul
olundu.
Mənim təşəbbüsümlə
dünyada Azərbaycanı çoxmillətli, tolerant,
çoxkonfessiyalı ölkə kimi tanıtmaq
üçün bir çox tədbirlər keçirilib. Bütün
çıxışlarımda Azərbaycanın ayrılmaz
hissəsi olan Dağlıq Qarabağ və onun ətrafında
yerləşən yeddi rayonun - ərazimizin 20 faizinin
işğal olunması, bir milyondan çox azərbaycanlının
qaçqın və məcburi köçkün şəraitində
yaşaması haqqında həqiqəti dünya ictimaiyyətinə
çatdırmışam. Heydər Əliyev
Fondu tərəfindən Xocalı faciəsi haqqında
hazırlanan nəşrlər bütün dünyaya
yayılıb.
Əziz həmkarlar, mən
Milli Məclisdə 12 illik fəaliyyətimi böyük bir
ömür məktəbi kimi qiymətləndirirəm. Millət vəkili
kimi əldə etdiyim təcrübə əvəzsizdir.
Vəzifəmdən, fəaliyyətimin istiqamətindən
asılı olmayaraq mən həyatda sadə prinsiplərə
arxalanmışam. Çalışmışam heç
zaman unutmayım ki, vicdan və ləyaqət, mərhəmət
və xoş niyyət, ədalət və
qarşılıqlı hörmət Tanrının insana
verdiyi ən ali, ən gözəl
xüsusiyyətlərdir. Mənə inanan hər
bir insanı bu yüksək tribunadan əmin etmək istərdim
ki, gələcək fəaliyyətimdə də mənəvi
dəyərləri üstün tutacağam. Azərbaycanın müstəqilliyinin qorunması,
ölkəmizin hərtərəfli inkişafı
üçün tam gücümlə
çalışacağam. Bu son günlər
mənim ünvanıma soydaşlarımızdan
çoxsaylı təbrik məktubları gəlir. Sadə insanlardan aldığım hər bir məktub,
hər bir təbrik mənim üçün çox dəyərlidir.
Fürsətdən istifadə edərək, səmimi
ürək sözlərinə və dəstəklərə
görə mən onların hər birinə dərin minnətdarlığımı
bildirirəm.
Bu gün parlamentdə təmsil
olunan qadın həmkarlarımı və bütün Azərbaycan
qadınlarını qarşıdan gələn 8 Mart -
Ümumdünya Qadınlar Günü münasibətilə təbrik
edirəm. Mən sizin hər birinizə möhkəm
cansağlığı, şəxsi həyatınızda xoşbəxtlik
və işlərinizdə uğurlar arzulayıram. Bu illərdə birgə fəaliyyətə görə
sizə dərin minnətdarlığımı bildirirəm və
ümidvaram ki, gələcəkdə bizim əməkdaşlığımız
davam edəcək. Qoy Tanrı Azərbaycanı hər
zaman qorusun! Diqqətinizə görə çox sağ olun.
***
Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban
Əliyevanın nitqindən sonra deputatlar
çıxış etdilər. Milli Məclisin Sədr
müavini Ziyafət Əsgərov xatırlatdı ki,
2016-cı ilin sentyabrın 26-da referendum keçirildi, Azərbaycan
Konstitusiyasına əlavə və dəyişikliklər
edildi. Nəticədə Azərbaycanda
vitse-prezidentlik institutu yaradıldı. Bu,
idarəetmə mexanizmini təkmilləşdirəcək.
Azərbaycan demokratik, dünyəvi dövlət
olduğu kimi, eyni zamanda, sosial bir dövlətdir. Xanım Mehriban Əliyevanın özünün də
dediyi kimi o, əsasən sosial problemlərin həlli ilə məşğul
olacaq və Azərbaycanda sosial dövlətin daha da gücləndirilməsinə
çox böyük töhfə verəcək.
Z.Əsgərov Mehriban
Əliyevanın çox peşəkar siyasətçi,
işgüzar, təcrübəli, prinsipial bir insan olduğunu
vurğuladı. Onun sözlərinə görə,
xanım Mehriban Əliyevanı xarakterizə edən insani
keyfiyyətlərindən biri humanistliyi ilə
bağlıdır. Amnistiya
aktlarının verilməsi təkcə hüquq ilə
bağlı olan məsələ deyil, on minlərlə
insanın öz ailəsinə qovuşmasının, eyni
zamanda, bütövlükdə dövlətin humanist
xarakterinin göstəricisidir. Ümumiyyətlə,
Azərbaycan dövləti mahiyyət etibarilə humanist
dövlətdir. Cəza siyasətinin
humanistləşdirilməsi isə dövlətimizin humanist
xarakterinə uyğunlaşdırılmasını
özündə ehtiva edir. Sözsüz
ki, bu sahədə Mehriban xanımın töhfələri
daha da çox olacaq. “Mən fürsətdən
istifadə edib, Mehriban xanım, bir daha Sizi bu yüksək
dövlət vəzifəsinə təyin
olunmağınız münasibətilə ürəkdən təbrik
edirəm, Sizə möhkəm cansağlığı və
gələcək fəaliyyətinizdə uğurlar və
müvəffəqiyyətlər arzulayıram” - deyə,
Z.Əsgərov əlavə etdi.
Milli Məclisin Sədr
müavini Bahar Muradova da Mehriban xanım Əliyevanı təbrik
etdi. Qeyd etdi ki, Mehriban xanım bu gün Milli Məclisin
qarşısında bir millət vəkili olaraq hesabatla
çıxış etdi. Mən belə hesab edirəm
ki, Birinci vitse-prezident səlahiyyətinə
başlamamışdan əvvəl o, deputat kimi həm xalqa, həm
dövlətə, həm də Milli Məclisə
hesabatını verdi. Bu,
çox gözəl bir ənənədir. Bura deputat kimi gəlmiş, bu binadan Birinci vitse-prezident
kimi gedən Mehriban xanım tarixin, zamanın və dövlətimizin
onun üzərinə qoyduğu bu missiyanı çox
böyük ləyaqətlə, çox böyük nailiyyətlərlə
həyata keçirəcək. Belə
olacağına tam əminik. Çünki
biz ondan yalnız belə fəaliyyət, xalqa, vətənə
belə xidmət görmüşük. Hesab edirəm
ki, Mehriban xanımın Heydər Əliyev ideyaları ilə
milli-mənəvi dəyərlərimizə söykənərək,
peşəkarlığı, işgüzarlığı və
prinsipiallığı üz-üzə dayanmış iki
dünyanın - Qərblə Şərq
sivilizasiyalarının, mədəniyyətlərin bir araya gətirmək
istiqamətindəki səyləri dünyada olan düzənin,
nizamın yaxşılaşması və harmoniyanın
olması üçün çox faydalı bir fəaliyyətdir.
Təkcə buna görə Mehriban
xanımın adı bütün dünyanın ictimai siyasi
tarixinə parlaq hərflərlə yazılıb.
B.Muradova qeyd etdi ki, Mehriban
xanım Azərbaycan qadınlarının tarix boyu əldə
etdiklərinin üzərinə çox böyük bir
uğur gətirdi. O, ali icra hakimiyyəti orqanında
yüksək bir vəzifə
daşıyıcısıdır və bununla da Azərbaycan
qadınının ölkənin ictimai-siyasi və dövlət
həyatında nəyə qadir olduğunu göstərdi. “Siz burada bir vəd verdiniz ki, bundan sonra da Xəzər
rayonundan seçildiyiniz dairəyə xidmət göstərəcəksiniz.
Bizim də Sizə bir vədimiz var - nəinki Xəzər
rayonu, bütün dairələrdə, bütün regionlarda
Sizin adınızla göstərilən fəaliyyətdə həmişə
yanınızda olacağıq, uğurlarınızdan sevinəcək,
problemlərin həllinə birgə qoşulacağıq. Biz
Sizə arxayın olduğumuz kimi, Siz də bizə arxayın ola bilərsiniz” - deyə B.Muradova əlavə
etdi.
Milli Məclisin İctimai
birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş
Novruzov isə xanım Mehriban Əliyevanın Birinci
vitse-prezident seçilməsini cəmiyyətin sosial
sifarişi kimi qiymətləndirdi. Onun sözlərinə görə,
bu təyinat eyni zamanda, Yaxın Şərqdə ilk dəfə
qadınlara seçmək və seçilmək hüququ verən
Azərbaycan dövlətinin müasir demokratiyasının təcəssümüdür:
“Bu təyinat YAP üçün ikiqat sevinclidir. Çünki 2013-cü ildə Mehriban
Əliyevanın hakim partiyanın sədr müavini seçilməsi
YAP-ın fəaliyyətinə yeni impuls verib”.
Deputatlardan Fəzail
İbrahimli, Sahibə Qafarova, Azay Quliyev, Məlahət
İbrahimqızı, Rauf Əliyev də
çıxış edərək Mehriban Əliyevanın
çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirdilər. Bildirildi ki, Mehriban
Əliyevanın ali dövlət vəzifəsinə
təyin olunması ölkə vətəndaşları,
dünyada yaşayan soydaşlarımız tərəfindən
də böyük sevinc hissi ilə qarşılanıb. Ona görə ki, Mehriban Əliyeva geniş
ictimai-siyasi və beynəlxalq fəaliyyəti ilə həm
ölkə daxilində, həm də ölkə
hüdudlarından kənarda çox böyük rəğbət
qazanıb. Onun I Avropa Oyunları Təşkilat
Komitəsinin sədri kimi üzərinə düşən vəzifənin
öhdəsindən çox məharətlə gəldiyi də
xüsusi vurğulandı.
Çıxışların
sonunda Birinci vitse-prezident Mehriban Əliyeva ona göstərilən
rəğbətə və etimada görə hər kəsə
təşəkkür etdi.
Sonra iclasda Azərbaycan
Respublikası Milli Məclisi komitəsinin üzvünün
seçilməsi haqqında məsələyə
baxıldı.
Sənədə əsasən, deputat İqbal Nəriman
oğlu Məmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye
və sahibkarlıq komitəsinin üzvü seçildi.
İclasda A.S.Quliyevin,
V.Ə.Xubanovun və A.Q.Babayevin Mərkəzi Bankın
İdarə Heyətinin üzvləri təyin edilməsi
haqqında məsələlər də səsə qoyularaq qəbul
edildi.
Daha sonra Azərbaycan
Respublikası İnsan hüquqları üzrə müvəkkilin
(ombudsman) illik məruzəsi dinlənildi. Məruzəni
ombudsman Elmira Süleymanova təqdim etdi. Onun sözlərinə
görə, Azərbaycanda insan hüquqlarının və
azadlıqlarının təmin edilməsi və müdafiəsinin
vəziyyəti haqqında” 2016-cı il üzrə illik məruzədə
müvəkkilin Azərbaycan Respublikasının
Konstitusiyasında və ölkəmizin tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdə
təsbit olunmuş, dövlət və yerli
özünüidarə orqanları, vəzifəli şəxsləri
tərəfindən pozulan insan hüquqları və
azadlıqlarının bərpası, insan
hüquqlarının müdafiəsi və pozulmasının
qarşısının alınması, habelə insan
hüquqlarının təmin edilməsi sahəsində fəaliyyəti,
hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri,
onun dövlət qurumları, ictimaiyyətlə və kütləvi
informasiya vasitələri ilə əməkdaşlığı,
beynəlxalq əlaqələri, həmçinin insan hüquq
və azadlıqlarının daha etibarlı təmin edilməsinə
yönəlmiş təklif və tövsiyələri öz əksini
tapmışdır.
Hesabatda qeyd edilib ki, 2016-cı ildə ombudsmana 20 minə yaxın müraciət daxil olub. Müvəkkil və onun Milli Preventiv Qrupu (MPQ) tərəfindən 2016-cı ildə saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə mütəmadi olaraq plan üzrə və ya plandankənar olmaqla, əvvəlcədən xəbərdarlıq edilmədən ümumilikdə, 337, o cümlədən plan üzrə 254, plandankənar isə 83 başçəkmə həyata keçirilib. Daxili İşlər Nazirliyinin müvəqqəti saxlanılma yerlərinə 204, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, həbsxana və müalicə müəssisəsi də daxil olmaqla 65, Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq təcridxanası və müvəqqəti saxlanılma yerinə 4, Müdafiə Nazirliyinin intizam xarakterli hərbi hissəsinə və hauptvaxtına 1, Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılma Mərkəzinə 2, Təhsil Nazirliyinin xüsusi təlim-tərbiyə, habelə internat müəssisələrinə və xüsusi peşə məktəbinə 27, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin pansionat , ahıllar və əlilliyi olan şəxslər üçün internat evlərinə 6, Səhiyyə Nazirliyinin psixiatriya xəstəxanalarına, ruhi-əsəb dispanserlərinə, psixonevroloji uşaq evinə, uşaq və körpələr evinə 23, yerli icra hakimiyyətlərinin tabeliyində olan uşaq evlərinə 5 başçəkmə həyata keçirilib. Başçəkmələr zamanı müvəqqəti saxlanılma yerlərində 691, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində 497, şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi digər müəssisələrdə 800-dək saxlanılan şəxslə birlikdə, həmçinin bu müəssisələrdə çalışan 500-dək xidmət əməkdaşı ilə hüquqi maarifləndirici fərdi söhbətlər aparılıb.
Ötən il ədliyyə orqanlarının 28 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 2 nəfər ədliyyə orqanlarından xaric edilib. Müddət ərzində 5 nəfər tutduğu vəzifədən azad olunub. Bundan başqa, Azərbaycanda ötən il ərzində vətəndaşlarla kobud rəftara, polisə əsassız gətirmə və saxlamaya, əsassız cinayət məsuliyyətinə cəlb etməyə və sair əməllərə görə 330 polis əməkdaşı intizam məsuliyyətinə cəlb olunub. Bunlardan 74-ü vətəndaşlarla kobud rəftar etmə, 47-si polisə əsassız gətirmə və saxlama, 64-ü sürücülərin hüquqlarının pozulması, 9-u əsassız cinayət məsuliyyətinə cəlb etmə, 3-ü əcnəbi və vətəndaşlığı olmayanların hüquqlarının pozulması, 2-si qanunsuz axtarış, 54-ü isə digər faktlarla bağlı olub. Onlardan 44-ü daxili işlər orqanlarında xidmətdən xaric edilib, 31-i tutduğu vəzifədən azad olunub, 255 əməkdaş barəsində digər intizam tədbirləri görülüb.
Müzakirələr zamanı deputatlardan Zahid Oruc, Fazil Mustafa və Elmira Axundova ombudsmanın hesabatını müsbət qiymətləndirdilər. Sonra ombudsmanın illik məruzə sənədi səsə qoyularaq təsdiq edildi.
Gündəlikdən qalan digər məsələlər martın 10-da keçiriləcək iclasda müzakirə ediləcək.
Elgün
MƏNSİMOV,
Azərbaycan.- 2017.- 8 mart.- S.1, 2.