“The Washington
Times”: “Azərbaycanın xeyirxah
xanımı”
“The Washington Times” qəzetində
“Caspian Group Holdings”in direktoru
Rob Sübhaninin “Azərbaycanın
xeyirxah xanımı” sərlövhəli məqaləsi
dərc edilib. Materialda Azərbaycanın birinci xanımı və Birinci vitse-prezidenti Mehriban Əliyevanın yüksək insani keyfiyyətlərindən və
xeyriyyəçilik fəaliyyətindən
bəhs edilir.
Müəllif Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanın bu yaxınlarda ölkənin Birinci vitse-prezidenti vəzifəsinə
təyin edilməsinin
mədəni, iqtisadi və siyasi baxımdan əsaslandırılmış
olmasından söhbət
açaraq “Azərbaycanın
Şekspiri” Hüseyn Cavidin aşağıdakı
misralarını sitat
gətirir:
“Gəzdim, dolaşdım, uğradım
hər elə,
Mən böylə bir qadın görmədim hələ.
Böyüklükdə, mərhəmətdə
seçilmiş,
Alicənablıq boyuna biçilmiş”.
Müəllif yazır ki, müsəlman dünyasında
qadınlar gender bərabərliyi
və mühüm qərarlar qəbul edilən masa arxasında yer uğrunda mübarizə apardıqları bir vaxtda Azərbaycan bu yüksək vəzifəyə qadını
təyin etməklə
tarixi əhəmiyyətli
sıçrayış edib.
“Belə bir islahatçının,
ağıllı və
uzaqgörən siyasi xadimin bu vəzifəyə
təyin olunmasını
nə üçün
dəstəkləmək lazımdır?”,
- deyə soruşan müəllif öz sualına özü cavab verir: Əgər
biz islam ekstremizmi problemini uğurla həll etmək istəyiriksə,
onda müsbət və nikbin alternativlər tapmalı və onları dəstəkləməliyik. R.Sübhani
vurğulayır ki, xanım Əliyevanın uğurları bütün
müsəlman dünyasında
ibrət götürülməyə
layiq nümunə ola bilər.
Ekspert yazır ki, Mehriban xanım çox cəhətdən,
mənsub olduğu millətinin əsas dəyərlərini özündə
cəmləşdirir. Adının hərfi mənası “xeyirxah xanım” demək olan Mehriban xanım dini tolerantlığın
fundamental əsasını təcəssüm etdirir.
O, bütün dinlərə
münasibətdə tolerantlığın
tərəfdarıdır. Azərbaycanda müsəlman, xristian, yəhudi və digər konfessiyaların nümayəndələri dinc
yanaşı və həmrəylik şəraitində
yaşayır. Məsələn, yəhudi icması Azərbaycanın paytaxtı
Bakıda yeni sinaqoq tikilməsini qərara alanda Mehriban xanım bu qərarı bütünlüklə dəstəkləmişdi.
Müəllif daha sonra Mehriban
xanımın Heydər
Əliyev Fondunun rəhbəri kimi xeyriyyəçilik fəaliyyəti,
o cümlədən Pakistanda
zəlzələdən sonra
bu ölkənin ucqar bir rayonundakı
məktəbin bərpası
üçün yardım
etməsi barədə
yazır. Məqalədə
həmçinin Merilend
ştatının Montqomeri
dairəsində fiziki
imkanları məhdud olan uşaqlara xidmət edən və Heydər Əliyev Fondundan ianələr alan
“Longview” məktəbində xeyriyyə aksiyasında Azərbaycanın birinci xanımının iştirak
etməsi də qeyd olunur. Vaşinqtonun
ən yoxsul sakinlər yaşayan məhəllələrindəki gənclər məktəbdə
oxuduqları son il ərzində təcrübə keçmək
üçün Mehriban
xanımın sayəsində
təqaüd alırlar.
Bu layihə Heydər
Əliyev Fondu ilə Vaşinqtondakı
“Urban Alliance” təşkilatının tərəfdaşlığı nəticəsində reallaşdırılıb.
R.Sübhani məqalənin
sonunda yazır ki, Yaxın Şərqin çox yerində qadın hüquqlarının tapdalanması
davam etdiyi bir vaxtda Azərbaycanın
“xeyirxah xanımı”nın Birinci vitse-prezident vəzifəsinə
təyin olunması Birləşmiş Ştatlar
tərəfindən alqışlanmalı
və dəstəklənməlidir.
AZƏRTAC
Azərbaycan.- 2017.- 8 mart.- S.3.