Azərbaycanın siyasi-iqtisadi
inkişafında yeni mərhələ
Bazar iqtisadiyyatı yolunu seçmiş istənilən dövlətin müstəqil yaşaması və inkişafı prosesində orta təbəqənin - iqtisadi inkişaf və sabitliyin təminatçısı sayılan sahibkarlar sinfinin rolu müstəsnadır. Bu reallığı böyük müdrikliklə nəzərə alan ümummilli ilder Heydər Əliyev milli iqtisadi inkişaf modelinin formalaşdırılmasında özəl sektorun həlledici rolunu daim önə çəkir, güclü sahibkarlar təbəqəsinin bərqərar olmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışırdı.
Hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın hərtərəfli inkişafında yeni mərhələ yaşanır. Dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadi aspektin mövcudluğunun ön plana çəkilməsidir. Dövlət proqramlarının, fərman və sərəncamların icrası ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsini təmin edir, tərəqqi prosesində özəl sektorun payı və rolunu artırmaqla sahibkarlığın inkişafına güclü təkan verir.
Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində müasir dövrdə hüquqi dövlətin inkişafının konstitusion islahat modeli uğurla həyata keçirilərək səmərəli islahatların nəticəsi kimi müasir hüquqi dövlətin hərtərəfli inkişafının və dövlət hakimiyyətinin xalqa mənsubluğunun Azərbaycan modeli formalaşmışdır. Dövlət başçısının təşəbbüsü ilə irəli sürülən və 2016-cı ilin sentyabrın 26-da ümumxalq səsverməsinə çıxarılmış “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktında aparılmış dəyişikliklər də bunu deməyə əsas verir.
Azərbaycan Respublikası Konstitusiyasına aparılmış dəyişikliklərdən biri də siyasi idarəetmənin təkmilləşdirilməsi məqsədilə Birinci vitse-prezidenti və vitse-prezidentlər institutunun təsis edilməsidir. İstisnasız olaraq bütün dövrlərdə cəmiyyətin mütərəqqi yolla inkişafı məhz sağlam əqidəli, xalqa, dövlətə təmənnasız xidməti başlıca həyat amalına çevirən nəcib insanların fəaliyyəti ilə bağlı olmuşdur. Belə insanlar qısa zamanda cəmiyyətin sayılıb-seçilən şəxsiyyətlərinə çevrilmiş, üzərlərinə düşən sosial məsuliyyəti düzgün dəyərləndirmiş, xoş məram və məqsədləri ilə milyonların rəğbətini qazanmışlar. Bütün dövrlərin belə parlaq simaları üçün səciyyəvi keyfiyyətlərdən biri də onların qlobal miqyasda insanlığın nicatına xidmət edən ictimai təşəbbüslərlə çıxış etmələri olmuşdur. Bu baxımdan deyə bilərik ki, narahat dünyamızda nəcib və ali məqsədlər, bəşəri ideyalar naminə əzmlə çalışan, insan amilini daim uca tutan sülh elçiləri sırasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adı xüsusi çəkilir.
Azərbaycanın birinci xanımının çoxşaxəli fəaliyyətinin nəinki Azərbaycanda, ölkə hüdudlarından kənarda da rəğbətlə qarşılanmasının səbəbləri kifayət qədər sadədir: Mehriban xanım əzmkar fəaliyyəti ilə təkcə milli-mənəvi dəyərlərin, mənəvi və qeyri-maddi irsin dünya miqyasında təbliğini deyil, həm də sivil dünyada sülhü, sabitliyi, sivilizasiyalararası dialoqu, multikulturalizmi, bir sözlə, insanlığın tərəqqisinə yönələn ali ideyaların reallaşdırılmasını, bu sahələrdə səylərin birləşdirilməsini hədəfə almışdır.
Mehriban xanım Əliyevanın Milli Məclisin deputatı kimi ölkədə iqtisadi islahatların hüquqi bazasının təkmilləşdirilməsi, sahibkarların qanuni mənafelərinin qorunması və işgüzar fəaliyyətinin gücləndirilməsi istiqamətində Milli Məclisdəki fəaliyyəti aktual problemlərə olan həssas münasibətin ifadəsidir.
Son illər qeyri-neft sektorunun, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının qəbul edilməsi, iri infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı qanunlara dəyişikliklər edilməsində, əhalinin yoxsulluq səviyyəsinin minimuma endirilməsi, kiçik və orta sahibkarlığın, xüsusən fermer təsərrüfatlarının daha da inkişafına şərait yaradan yeni qanunların qəbul edilməsində Mehriban xanımın iştirakı diqqətəlayiqdir.
Bütün bunlarla bərabər, çoxlarının yalnız xeyriyyəçilik yönümündə fəaliyyət göstərəcəyini zənn etdiyi Heydər Əliyev Fondu zaman baxımından qısa müddətdə reallaşdırdığı çoxşaxəli layihələrin miqyası ilə gözlənildiyindən xeyli böyük amalları uğurla gerçəkləşdirmişdir. Ümummilli liderin ideallarını yaşadaraq qısamüddətli fəaliyyəti dövründə elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafına xidmət edən layihələrin reallaşdırılması, milli-mənəvi ideallara, humanist, insanpərvər dəyərlərə sadiq gənc nəslin formalaşdırılması, gender bərabərliyinin təmini, sivilizasiyalararası dialoqun təşviqi, nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması - xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyinin beynəlxalq aləmdə dəstəklənməsi istiqamətində son dərəcə uğurlu nəticələrə imza atmış, dərin ictimai rəğbət qazanmışdır
Çoxşaxəli vətənpərvər fəaliyyəti ilə xalqa və dövlətə böyük faydalar vermiş nəcib bir şəxsiyyətin bu günlər yüksək dövlət idarəçiliyinə təyinatı da ölkəmizin ən yeni tarixinə əlahiddə hadisələrdən biri kimi düşdü. Dövlət başçısı İlham Əliyevin 21 fevral 2016-cı il tarixli sərəncamı ilə Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması ölkənin modernləşməsi prosesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu əminliklə söyləməyə ciddi əsaslar verir. İctimai həyatın bütün sahələri üzrə mühüm yeniliklərə, qlobal böhranın tələblərindən irəli gələn səmərəli iqtisadi islahatlara müəlliflik edən müstəqil respublikamızın bundan sonrakı inkişaf strategiyasının reallaşdırılmasında Azərbaycanın Birinci vitse-prezidentinin də müstəsna rolu və xidmətləri olacaq.
Ümumiyyətlə, Azərbaycan cəmiyyətinin Birinci vitse-prezidentin təyinatı ilə bağlı nikbin ovqatı Mehriban xanım Əliyevanın dövlət idarəçiliyində xalqa və dövlətə daha çox xeyir vermək imkanlarının genişlənməsi ilə bağlıdır. Yeni vəzifəyə təyinatla bağlı ona ünvanlanan çoxsaylı təbriklərlə əlaqədar insanlara təşəkkürünü bildirən Mehriban xanım Əliyeva demişdir: “İndiyədək Heydər Əliyev Fondu bir çox əhəmiyyətli layihələr reallaşdırıb və mən bununla fəxr edirəm. Bu illər ərzində biz Azərbaycanın həyatında baş verən müsbət dəyişikliklərə öz töhfəmizi verməyi bacarmışıq. Amma yeni təyinat qarşıma artıq yeni hədəflər qoyur, yeni imkanlar açır. Mən gələcəyə nikbin baxıram. Çünki bu gün Azərbaycan qüdrətli, özünü təsdiq etmiş bir dövlətdir. Bizim inkişaf üçün böyük potensialımız, ən əsası isə insan kapitalımız vardır. Əziz dostlar, mən öz ölkəmə, sizə, bizim yaradıcılıq enerjimizə inanıram. Ölkəmizin gələcəyi, onun inkişafı və firavanlığı üçün bizim hər birimiz cavabdehik. Bu gün sizin səmimi diləkləriniz və dəstəyiniz mənim üçün çox vacibdir. Mən bu dəstəyi hər zaman, fəaliyyətimin bütün mərhələlərində hiss etmişəm. Hesab edirəm ki, əsl minnətdarlıq özünü yalnız sözdə deyil, konkret əməldə göstərməlidir. Sizi əmin edirəm ki, indiyədək önəm verdiyim prinsiplərə - öz Vətənimə və xalqıma xidmət, mərhəmət və ədalət, tolerantlıq və ümumbəşəri dəyərlərə bundan sonra da sadiq qalacağam”.
Mehriban Əliyeva Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvüdür və onun bu fəaliyyəti də təqdirəlayiqdir. Ölkəmizdə keçirilmiş qlobal tədbirlərin təşkilində Mehriban Əliyeva xüsusi rol oynamışdır. 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinin, 2015-ci ildə I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsində Mehriban Əliyevanın fəaliyyəti danılmazdır. İki il yarım ərzində bu qitə idman tədbirlərini Yay Olimpiya Oyunları səviyyəsində keçirmək, əlbəttə ki, böyük nailiyyətdir. I Avropa Oyunları tarixdə ən yüksək səviyyədə keçirilmiş mötəbər idman tədbiri kimi qalacaqdır. Təsadüfi deyil ki, bu il keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının təşkili də Mehriban Əliyevaya həvalə edilib.
Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunması beynəlxalq aləmdə də müsbət qarşılanmışdır. ABŞ-da çıxan “The Huffington Post” qəzetində fəlsəfə doktoru xanım Mellori Moss-Katsın özünü təsdiq etmiş qadınların yüksək vəzifələr tutmalarının vacibliyi barədə məqaləsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkənin Birinci vitse-prezidenti təyin edilməsinə çox gözəl fikirlər bildirmişdir. Müəllif yazır: “Bu il fevralın 21-də Azərbaycanın Birinci vitse-prezidenti təyin edilmiş Mehriban Əliyeva 2005-ci ildən Azərbaycan Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiridir. Mehriban Əliyeva Heydər Əliyev Fondunun başçısı kimi qlobal agentliklər, qeyri-hökumət təşkilatları və humanitar layihələrlə sıx əlaqələr qurub. Fondun tərəfdaşları arasında 32 səfirlik, Dünya İşləri üzrə Amerika Şurası, UNICEF və başqaları var. Fond dini və mədəni tolerantlığın təşviq edilməsi istiqamətində fəaliyyət göstərir, Azərbaycanda və onun hüdudlarından kənarda insanlara yardım göstərir. Mehriban xanımın beynəlxalq aləmdə böyük nüfuzu var. Məhz öz fəaliyyəti nəticəsində bir çox ölkələrin ən yüksək dövlət mükafatları və ordenləri ilə təltif edilibdir. 2015-ci ildə I Avropa Oyunlarının keçirilməsində göstərdiyi xidmətlərə görə Mehriban Əliyeva Azərbaycan dövlətinin ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edilmişdir”.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Rossiya 1” telekanalına müsahibəsində müxbirin “Nə vaxtsa bu ölkəyə rəhbərlik etmək, prezident olmaq barədə düşünmüsünüzmü. Bu, mümkündürmü” sualına cavab olaraq demişdir: “Mən Azərbaycanın mənafelərini müdafiə edəcəyəm, mən Azərbaycan xalqının mənafelərini müdafiə edəcəyəm. Azərbaycan xalqı üçün xeyirxah işlər məhz budur. Odur ki, gələcəkdə nə olacağı barədə indidən fikir söyləmək tamamilə səmərəsiz məşğuliyyətdir”.
Qədim və zəngin tariximizin hər bir səhifəsində Azərbaycan qadınının müdrikliyinin və qəhrəmanlığının parlaq nümunələri olub. Mehriban xanım öz fəaliyyətində Azərbaycanda qadın hərəkatını canlandıraraq onun tarixində yeni bir mərhələ açmışdır.
Biz Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq inanırıq ki, bütün fəaliyyəti boyu ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutan Mehriban Əliyeva Birinci vitse-prezident vəzifəsində də Azərbaycana layiqincə xidmət edəcəkdir.
Sahibkarlarımız
Mehriban xanım Əliyevanı 8 Mart Beynəlxalq Qadınlar Günü
və məsul vəzifəyə təyin olunmağı
münasibətilə səmimi qəlbdən təbrik edir, Azərbaycanın inkişafı naminə
apardığı çətin və şərəfli fəaliyyətində
müvəffəqiyyətlər arzulayırlar.
Məmməd MUSAYEV,
Azərbaycan Respublikası Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyasının prezidenti
Azərbaycan.-
2017.- 8 mart.- S. 4.