Rusiya Diplomatik Akademiyasının müəllim
və tələbə heyətinə Azərbaycan həqiqətləri
barədə məlumat verilib
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvaya rəsmi səfəri çərçivəsində Rusiya Xarici İşlər Nazirliyi yanında Diplomatik Akademiyanın müəllim və tələbə heyəti ilə görüş keçirib.
Diplomatik Akademiyanın rektoru Yevgeni Bajanov görüşü açaraq bildirib ki, Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır, ölkələrimiz bütün sahələrdə uğurlu əməkdaşlıq edirlər. Rektor qeyd edib ki, son illər akademiyada Azərbaycan Xarici İşlər Nazirliyinin göndərişi ilə 44 nümayəndə təhsil alıb, hazırda daha 20 nəfər akademiyanın tələbəsidir. O vurğulayıb ki, akademiya Azərbaycan ilə müştərək elmi konfranslar təşkil edir, professor-müəllim mübadiləsi həyata keçirir.
Elmar Məmmədyarov çıxışında 1990-cı illərin əvvəllərində Diplomatik Akademiyada təhsil aldığı və dissertasiya müdafiə etdiyi illəri xatırlayıb. O, həmçinin ölkəmizin xarici və daxili siyasətinin əsas istiqamətləri barədə məlumat verib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan nazir qeyd edib ki, bu münaqişənin nizama salınması Azərbaycan üçün prioritet məsələdir. Azərbaycanın münaqişənin siyasi yolla həllinə tərəfdar olduğunu vurğulayan nazir deyib ki, Ermənistanın ötən il bu problemin həllinə dair sənədləri imzalamaqdan imtina etməsi danışıqlar prosesini yenidən ləngidib. Rusiyanın münaqişənin həllində rolunun əhəmiyyətini vurğulayan nazirin fikrincə, təmas xəttində qarşıdurmanı dayandırmaq və qan axıdılmasının qarşısını almaq, danışıqları intensiv şəkildə davam etdirmək lazımdır.
Azərbaycanda aparılan iqtisadi islahatlardan danışan E.Məmmədyarov bildirib ki, hazırda hökumət sahibkarlığın inkişafı, investisiyaların artırılması istiqamətində mühüm addımlar atır.
Görüşün sonunda Azərbaycan xarici siyasət idarəsinin rəhbəri jurnalistlərə müsahibəsində bildirib ki, Moskvaya səfərinin nəticələrini yüksək qiymətləndirir. Diplomat Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə tərəfləri narahat edən bütün məsələlərin müzakirə olunduğunu qeyd edib. O, Rusiya hökuməti sədrinin müavini Dmitri Roqozinlə də məhsuldar danışıqlar aparıldığını, hökumətlərarası komissiyanın fəaliyyəti, hərbi-texniki əməkdaşlıqla bağlı məsələlərin nəzərdən keçirildiyini diqqətə çatdırıb. Nazir deyib ki, Azərbaycan ilə Rusiya arasında əmtəə dövriyyəsinin həcminin iki milyon dollar olması tərəfləri razı salmır və bu rəqəmi azı iki dəfə artırmaq mümkündür. “Bu baxımdan biz bütün səviyyələrdə əlaqələrimizi intensivləşdirmək barədə razılığa gəldik”, - deyə nazir bildirib.
AZƏRTAC
Azərbaycan.- 2017.- 8 mart.- S.9.