Azərbaycanın xarici işlər
nazirinə Rusiya Federasiya
Şurasının medalı təqdim edilib
Rusiyada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın 7-də Rusiya Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov ilə görüşüb.
İ.Umaxanov Azərbaycan ilə Rusiya arasında əlaqələrin intensiv inkişaf etdiyini, parlamentlərarası münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. Azərbaycanda keçirilən ümumxalq referendumunda MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının rəhbəri kimi iştirak etməsini xatırladan İ.Umaxanov səsvermənin yüksək səviyyədə keçirildiyini, Azərbaycan xalqının öz iradəsini sərbəst ifadə etdiyini diqqətə çatdırıb. Rusiyalı siyasətçi Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşlərini məmnunluqla xatırlayaraq Rusiya-Azərbaycan əlaqələrinin inkişafında iki ölkə prezidentlərinin dostluq münasibətlərinin əhəmiyyətini vurğulayıb. İlyas Umaxanov Azərbaycan Respublikası ilə Rusiya Federasiyası regionlarının əməkdaşlığının iqtisadi əlaqələrimizin möhkəmlənməsində vacibliyini vurğulayıb. İ.Umaxanov, həmçinin ölkələrimizin beynəlxalq müstəvidə də uğurla əməkdaşlıq etdiklərini bildirib.
Elmar Məmmədyarov Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə Moskvaya səfərindən məmnunluğunu ifadə edib, Azərbaycan ilə Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illik yubileyi ilə əlaqədar geniş tədbirlər planının hazırlandığını bildirib. Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə həm ikitərəfli müstəvidə, həm də çoxtərəfli formatda əlaqələrinin inkişafından danışan nazir Prezident İlham Əliyevin bu yaxınlarda İran İslam Respublikasına səfərinin uğurlu nəticələri barədə məlumat verib.
Sonda Rusiya Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illik yubileyi münasibətilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova Rusiya Federasiya Şurasının medalını təqdim edib.
AZƏRTAC
Azərbaycan.- 2017.- 8 mart.- S.9.