Ürəyinin hərarətini yaratdığı sənət
əsərlərinə köçürən rəssam
Həyatda elə insanlar olur ki, təmsil etdiyi millətin tarixi keçmişini yaşatmağı özünün vətəndaşlıq borcu hesab edir. Şaiq Məmmədov da belələrindəndir. Yaşı 60-ı haqlasa belə, hələ də el sənətinin metalişləmə kimi qədim növündə yaradıcılıq axtarışlarını davam etdirir.
Gəncə Dövlət Universitetinin Təsviri incəsənət kafedrasının professoru, pedaqogika üzrə fəlsəfə doktoru Şaiq Məmmədovu nəinki Gəncədə, eləcə də Azərbaycanda yaxşı tanıyırlar. Onun yaratdığı sənət əsərləri bir çox sərgilərdə maraqla izlənilib. Qazandığı uğurlar bu sahədə onu yeni axtarışlara ruhlandırıb.
Universitetdə təsviri incəsənət, rəsmxət və əmək təlimi ixtisası alan Şaiq Məmmədov əmək fəaliyyətinə Gəncə pedaqoji məktəbində başlamışdır. İşlədiyi ilk illərdən yaradıcılıq axtarışları apararaq maraqlı əsərlər yaradıb və bir çox sərgilərdə nümayiş etdirib. Onun yaradıcılığı diqqətdən yayınmayıb və 1989-cu ildə “Qobustan” jurnalının 4-cü nömrəsində “Şaiqin sənət yanğısı”ndan bəhs edən yazı dərc edilib.
Həmin vaxtdan illər keçir. Ötən müddət ərzində Şaiq daha da püxtələşib, yeni yaradıcılıq axtarışları apararaq bir çox uğurlara imza atıb. Əsərləri dünyanı gəzməklə, şəxsi kolleksiyaları bəzəyib. Ən maraqlısı isə rəssamın yaradıcılığında miniatür janrın geniş yer almasıdır. Bu baxımdan onun “Babaların söhbəti”, “Ləpələr”, “Yaylaqda”, “Nizami dünyası”, “Kərəm yanğısı” və sair əsərləri çox maraqlıdır.
Şaiq Məmmədov ötən illər ərzində təkcə metalişləmə sənəti ilə məşğul olmayıb. Sərgilərdə rəsm əsərləri ilə yanaşı, qrafika əsərlərini də nümayiş etdirib və böyük uğur qazanıb. Əyri qılınc, samuray qılıncı, milli qılınc, qaradəstə xəncər, dəstəyi cüyür ayağından olan qamçılar, qiymətli daşlarla bəzədilmiş qadın zinət əşyaları, üzüklər, Quran qabları, buynuz-badələr, alışqanlar, milli qəlyanlar və sair əsərlərə baxdıqca hiss edirsən ki, bütün bunlar sənətkarın gərgin axtarışlarının bəhrəsidir. Xəncər və qılıncların dəstəyində simlərdən düzəldilmiş şəbəkəyə baxdıqca adam heyran olur.
Hamıya yaxşı məlumdur ki, gümüş çox plastik və zərif metaldır. Onu istənilən hala salmaq və üzərində müxtəlif bəzək işləri görmək mümkündür. Şaiq Məmmədov gümüşün bu xüsusiyyətindən böyük məharətlə, zovqlə istifadə edərək özünün fantaziyalarını yaradıb. Bəzəklərin dekoru gül-çiçək və nəbati ornamentlərdən istifadə etməklə hazırlanması əsərlərə xüsusi çalar gətirib.
Şaiq Məmmədovun ömür yolunu belə fərəhli, bir-birindən dəyərli naxışlar bəzəyib. Onun əsərləri 1993-cü ildə “Azərbaycan folkloru” müsabiqə-sərgisində həvəsləndirici diploma layiq görülüb. 1995-ci ildə Bakıda fərdi yaradıcılıq sərgisi açılıb. 1996-cı ildə “Xalq sənəti və özünüməşğulluq” adlı I sərgi-yarmarkada qalib olub. 1997-ci ildə Azərbaycan Rəssamlar İttifaqına üzv seçilib.
Şaiq Məmmədov hazırda ömrünün ən məhsuldar illərini yaşayır. Yeni əsərlər yaratmaq üçün axtarışlar aparmaqla elmi pedaqoji fəaliyyətini də davam etdirir. Onlarla dərs vəsaitinin, monoqrafiyanın, metodiki dərsliyin müəllifidir. Şaiq Məmmədovu hər vaxt şəxsi emalatxanasında görmək olar. Boş vaxtlarında burada metal parçalarından hazırladığı müxtəlif əşyaların üzərinə bədii təxəyyülünün məhsulu olan ornamentlər vurur. Özü də elə ornamentlər ki, bir-birinə bənzəmir.
Sabir ƏLİYEV,
Azərbaycan.- 2017.- 8 mart.- S.12.